Azərbaycan
korrupsiya ilə mübarizədə
regionda liderdir
Ayrı-ayrı ölkələrdə
korrupsiyanın səviyyəsini öyrənən və bu sahədə
böyük təcrübəyə malik olan Beynəlxalq Şəffaflıq
Təşkilatının (Transparency İnternational) ənənəvi
olaraq açıqladığı hesabatda ölkəmizin
mövqeyinin ötən il ərzində bir qədər də
yaxşılaşdığı görünür. 2008-ci ildə
açıqlanan reytinq göstəricisində korrupsiyanın
səviyyəsinə görə, 180 ölkə arasında
159-cu yerdə olan Azərbaycan 2009-cu ildə 143-cü, ötən
il isə mövqeyini bir qədər də yaxşılaşdıraraq,
134-cü sıraya yüksəlib. Son iki ildə Azərbaycan
Beynəlxalq Şəffaflıq Təşkilatının
hesabatında öz mövqeyini 25 pillə
yaxşılaşdırıb. Qeyd edək ki, bu, region ölkələri
arasında ən yaxşı nəticə hesab olunur. Müqayisə
üçün bildirək ki, 2008-2010-cu illər ərzində
əksər region ölkələrində korrupsiyanın səviyyəsi
bir qədər də pisləşib. Ən acınacaqlı vəziyyət
isə Rusiya və Ermənistanda müşahidə olunub.
Rusiya korrupsiyanın səviyyəsinə görə, son iki
ildə 13 pillə geriləyərək, 149-cu yerdən 162-ci
yerə yüksəlib. Rusiya kimi, Ermənistanın da
mövqeyi 13 pillə aşağı düşüb.
İranın mövqeyində 7 pillə, Ukrayna, Özbəkistan
və Türkmənistanın mövqeyində isə 5 pillə
geriləmə müşahidə olunub. Beynəlxalq Şəffaflıq Təşkilatının
hesabatında Gürcüstanın mövqeyi olduğu kimi
qalıb. Türkiyə korrupsiyanın səviyyəsinə
görə mövqeyini 2, Qırğızıstan isə 1
pillə yüksəldə bilib.
Antikorrupsiya tədbirləri
qiymətlərin 30% azalmasına səbəb olacaq
Məlumat üçün onu da bildirək
ki, son günlər ayrı-ayrı nazirliklərdə, komitələrdə
və yerli icra strukturlarında korrupsiyaya qarşı
mübarizə tədbirləri bir qədər də gücləndirilib.
Artıq müxtəlif dövlət qurumlarında ciddi kadr
islahatlarının həyata keçirildiyi müşahidə
olunur. Gömrük və vergi sistemlərində
korrupsiyanın aradan qaldırılması istiqamətində sərt
tədbirlər görülür. Korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsinə
münasibət bildirən İqtisadi və Sosial
İnkişaf Mərkəzinin rəhbəri,
iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, korrupsiyaya
qarşı mübarizə Azərbaycanın prioritet məsələlərindən
hesab edilir: “Antikorrupsiya tədbirləri iqtisadiyyatın
sağlamlaşdırılmasına xidmət edə bilər.
Korrupsiya və rüşvətxorluq birmənalı şəkildə
vətəndaşların sosial vəziyyətinə təsir
göstərir. Bu yalnız onunla bağlı deyil ki, vətəndaşlardan
bir sıra hallarda ödənişlər tələb edilir və
ya korrupsiya əlavə xərclər yaradır. Korrupsiya
iqtisadiyyatın, xüsusilə kiçik biznesin
inkişafını tormozlayır. Eyni zamanda korrupsiya real
sektorda istehsal edilən məhsulların maya dəyərinin
süni şəkildə yüksəlməsinə gətirib
çıxarır”. Mütəxəssisin fikrincə,
antikorrupsiya tədbirləri
davam edərsə və
bu proses sistemli şəkildə aparılarsa, o zaman istehlak bazarında qiymətlər
kəskin azalacaq: “Bir sıra məhsulların istehsalında
korrupsiya və rüşvətin payı 50%-ə
yaxındır. Korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi, qeyri-rəsmi ödənişlərin
aradan qaldırılması istehsal edilən məhsulların
maya dəyərinin azalmasına, süni şəkildə
yaranan xərclərin aradan qalxmasına gətirib
çıxarar. Nəticədə ölkə daxilində qiymətlər
azalar. Eyni problem idxal edilən məhsullarla da
bağlıdır. İdxal edilən məhsullarda qeyri-rəsmi
ödənişlərin payı kifayət qədər
yüksəkdir. Bu da istehlak bazarında xaricdən gətirilən
məhsulların qiymətinin baha olmasını əsaslandırır”.
V. Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizə həm
idxal, həm də yerli istehsal məhsullarının qiymətinin
30% azalmasına səbəb olacaq.
ALLAHVERDİ CƏFƏROV
Zaman.-
2011.-10-11 fevral.- S.9.