Çiskinli gündə nisgilli gəzinti

 

Səhər-səhər “Baksovet”in qarşısındakı paxlava dükanında görüşdük. Pəncərədən bayıra baxa-baxa adama bir stəkan çay içib qalxırıq. Narın-narın yağsa da, hava çox xoşdur, əsl gəzinti havasıdır. Dörd nəfərik - müdirimiz Süleyman bəy, Osman bəy, Anar bəy və bu sətirlərin müəllifi. Maşına əyləşib Qoşaqala qapısına gəlirik. Şlaqbaum qarşımızı kəsir. İçəri girmək istədiyimizi bildiririk. Boylu-buxunlu bir gənc yaxınlaşır və mədəni şəkildə şərtləri izah edir: əgər xüsusi buraxılışınız yoxdursa, yəni burada yaşamırsınızsa və işləmirsinizsə, maşınla girməyin bir saatı 2 manat, sonrakı hər saat üçün də 1 manat. Mentalitetimizə uyğun bir çözüm. Bu cür mədəni müraciətin qarşısında “mıq” eləmək heç birimizin ağlından da keçmir. Çekimizi alıb, İçərişəhərə giririk və Osman bəy avtomobilin ağzını qala divarları boyunca üzüyuxarı yönəldir...

 

Rabitə Kutusu

 

Hər səhər işə, hər axşam evə... Monoton həyat canınızı sıxırsa, arabir bu ritmdən qaçın, fərqli bir işlə məşğul olun, fərqli yollardan keçin, fərqli adamlarla söhbət edib, gözləriniz önündəki mənzərələri dəyişin... Faydasını görəcəksiniz. Bunu təkcə biz söyləmirik, həkimlər də belə deyirlər, dünyagörmüş adamlar da. Biz də həyatın monotonluğundan qaçıb, gözlərimizi yeni mənzərələrlə şənləndirmək üçün bir neçə gün əvvəlki çiskinli fevral səhərində dörd nəfər bir araya gəlib, Bakının ən qədim ünvanına, daha doğrusu, Bakının özünə, yəni İçərişəhərə başmaqseyrinə çıxdıq. Nə yaxşı ki, İçərişəhər var. Hər kəs burda eyni küçələri, eyni mənzərələri görsə də, hər kəs fərqli duyğular, fərqli düşüncələrlə ayrılır bu ünvandan.

Bu da həminki İçərişəhər. Burada doğulmamışam, yaşamamışam, amma tələbəlik illərində bu dar, bəyaz gecələri xatırladan küçələrdən çox keçmişəm. Bilmirəm, oxuduqlarımdan, ya gördüklərimdənmidir, İçərişəhər deyəndə ağlıma xüsusi bozbaş iyi, dar küçələr, damdan-dama uzanmış zivələrdə yellənən ağ mələfələr və bir də o məşhur filmdə söylənən mənzərə gəlir:

Yaşlı bir kişi əlini divarlara sürtə-sürtə addımlayır. Elə bil, əli ilə daşlara toxunmur, doğmalarının üzünü oxşayır. Hər daşın, hər pillənin yerini əli ilə qoyubmuş kimi bilir. Gözləri görməsə də, əlləri, ayaqları ilə görür, tanıyır bu məkanı. Gəlir, gəlir, əli doğma qapının dəstəyinə çatanda dayanır, qapını açır və ağır addımlarla içəri girib, gözdən itir.

İçərişəhərin daş-divarında hər kəs nəzərə alınıb: gözü görənlər də, görməyənlər də, qulağı eşidənlər də, eşitməyənlər də... Bu dar küçələrdə addımlamaq sanki hər kəs üçün çox rahat, çox asan əyləncədir. Əlbəttə, bu dediklərimin nə olduğunu yeriməyin necə böyük nemət olduğunu bilənlər bilər.

Bu gəzintimizdə də diqqətimi bir şey çəkdi: dar küçələrin bir kənarında əlil arabalarının keçməsi üçün xüsusi yerlər düzəldilib, sağ olsunlar!

Gəzintimizə “Yaşılaptekdən başlayırıq. Çoxdan bu ünvana gəlmədiyim üçün etiraf edim ki, bu yeri tapmaqda bir qədər çətinlik çəkdim. Ətrafda çox şey dəyişib. “Yaşılaptekdə satıcı Adil bizi gülərüzlə qarşılayır. Boynumuzdan asılmış aparatdan, idman stilində geyimimizdən müştəri olmadığımızı o saat anlayır. Amma nə fərqi var ki? Qapısını açmışıq və o da bizə xoş üz göstərir.

Bir vaxtlar “Yaşıl” aptek Bakıda adla tanınırdı. İndiki vəziyyəti ilə maraqlanıram. Adil məmnun danışır. Deyir ki, adamlar gəlirlər, bizdən cürbəcür müalicəvi otlar, çay bitkiləri alırlar. Yan tərəfdən xoş qoxular gəlir. Adil: “Çay otlarının iyidir, əgər çayçımız burada olsaydı, sizi çaya da qonaq edərdik”, -  deyir. Osman bəy də bu arada fürsətdən istifadə edib, Adilin şəkillərini çəkir, əlbəttə, özünün icazəsi ilə. Sağollaşıb gəzintimizə davam edirik.

İçərişəhərin bugünkü durumunu bir cümlə ilə xarakterizə edəsi olsaq, mənə belə gəlir ki, ən doğru ifadə “keçmişlə gələcəyin qovuşduğu ünvan” olar. Dar küçənin bir üzündə yaşı minə çatan tarixi məscid, qarşı tərəfdə isə gürcü yeməkləri restoranı.

Dar küçələrdən çıxıb, Qız qalasına doğru addımlayırıq. Özü də heç tələsmirik. Narın yağan yağış, tarixin qəribə mozaikası bizi duyğudan-duyğuya, tarixdən-tarixə daşıyır.

Bir vaxtlar buralarda çoxlu sənətkar dükanları sıralanırdı: papaqçılar, fəs ustaları, dərzilər, misgərlər, antikvar dükanları, ağlınıza gələn və gəlməyən çeşid-çeşid sənət mozaikası. İndi onların yerində qədim əşyalar satılan dükanlar durur.

Dörd nəfərin küçədə qayğısız-qayğısız dolaşdığını görən dükançılar bizi içəri dəvət edirlər. Bizə də elə bu lazım deyilmi? Qarşımıza çıxan ilk dükana giririk. Yaraşıqlı, hündürboylu bir gənc söhbətə başlayır. Milli geyimlərimizi nümayiş etdirir, qədim məişət əşyalarını göstərir, hamısının da münasib qiymətə satıldığını deyir. Üzündəki təbəssüm, danışığında nəzərə çarpan toxluq, səmimiyyət çox xoşuma gəlir. Əslində millətimin balalarında axtardığım, görmək istədiyim əsas keyfiyyətlərdən biri və bəlkə də, birincisi elə budur: sən işini doğru-düzgün yerinə yetir, gözün-könlün tox olsun, özü də heç bədgüman olma, görəcəksən ki, ruzin haradansa gəlib səni tapdı.

Doğrusu, bu cür yaraşıqlı, qabiliyyətli, başlıcası isə işini bilən gənclərin yetişdiyindən çox məmnun oluram. Həm ədəb-ərkanı yerindədir, həm də tarixdən, mədəniyyətdən xəbərdar olduğu o saat bilinir.

Bu da məşhur Karvansara. Hələ sovetlər dövründən bu ünvan hər kəsin əlinin çatdığı bir yer deyildi. Təbii ki, yemək-içmək məqsədi ilə getsən, elə indinin özündə də buranın nə qədər “bərkgedən” olduğunu görəcəksən. Amma səhər saat 10-da nə bizim yeyib-içmək həvəsimiz vardı, nə də yuxarıdan baxanda böyük meydanda düzülmüş masalar ətrafında kimisə görə bildik. Sadəcə, dükanlara, daha doğrusu, buradakı tarixi əşyalara, bizə keçmişimizi, mədəniyyətimizi xatırladan eksponatlara baxmaq istəyirdik. Burada da bir neçə dükana baş çəkdik. Müdirimiz Süleyman bəy satıcılarla səmimi söhbətə başlayır, bilmədiyi şeylər haqqında soruşur, öyrənir, insafən də satıcılar onun türkiyəli olduğunu bilən kimi: “Abi, şu budur, şu bu” deyə-deyə bildiklərini əsirgəmirlər. Gənc bir satıcı dedi ki, üç gün bundan əvvəl dükanda nə vardısa, hamısını Türkiyədən gələn turistlərə satıb. Bu gördükləriniz isə yenicə sərgiyə düzülüb. Hiss elədim ki, Süleyman bəy də səhər-səhər bu qardaşımıza bir “siftə” vermək istəyir. Seçim edəndən sonra şərf götürdü və bazarlaşma başladı. Bu arada biz başqa dükanlara baş çəkdik. Bayırda həmin şərfi Süleyman bəyin əlində gördüm. Qiymətini söyləməsə də, hər halda narazı deyildi. Artıq neçənci dəfə şahid oluram ki, müdirim özü haqqında “mən safam  desə də, hesab-kitabı yaxşı bilən adamdır. Yeri gəlmişkən deyim ki, əgər şərf almaq istəsəniz, ən ucuzunu və keyfiyyətlisini Karvansarada tapa bilərsiniz.

Çoxdan axtardığım bir gözəlliyi burada gördüm: ağappaq, kənarları butalarla bəzədilmiş Şəki kəlağayısı. Nədənsə el arasında ona Şamaxı da deyirlər. Amma adı nə olursa-olsun, uşaqkən anamın, qohumlarımın başında çox gördüyüm üçün bu örtük mənə çox şirin, çox doğma gəlir. Başqa yerləri bilmirəm, amma yetmişinci illərdə bizim aran Qarabağ tərəflərdə bu kəlağayı çox geniş yayılmışdı və bu kəlağayılı qadınlar bir növ xoş müjdəli göyərçinlər kimi qalıb yaddaşımda.

 Satıcı oğlan dedi ki, bu kəlağayının özəlliyi ondadır ki, üzüyün içindən keçir. Sonra da üzük axtardı ki, əlindəki kəlağayını onun ortasından keçirsin. Amma biz razı olmadıq, təşəkkür edib, dükandan çıxdıq.

Çox şeylər gördük bu gəzintidə. Yeni üslubda tikilmiş binaların qarşısındakı qədim məzar daşlarını, evlərin damında qırmızı qutularda əkilmiş və çardaq halına salınmış müxtəlif bitkiləri, mərtəbədən-mərtəbəyə sallanmış üzüm tənəyini, onun gövdəsində sıra ilə oturub şəkil çəkdirirmiş kimi diqqətlə obyektivə baxan pişikləri, müxtəlif ölkələrin səfirliklərini, divarlarda xarici dildə yazılmış lövhələri... Əksər küçələrə döşənmiş paxlava şəkilli daşlar çox xoşuma gəldi. Bu daşlar yeni olsalar da bu tarixi mənzərələr fonunda uyumlu görünürlər.

Bəzi küçələrdə qazıntı işləri gedir, bu üzdən o üzə keçə bilmək üçün qazıntıların üstünə taxta körpülər atılıb, eynən kənd yollarında olduğu kimi.

Əl arabası ilə qum daşıyan işçilər diqqətimi çəkdi və başa düşdüm ki, burda hər şey niyə belə bahadır: maşın girə bilmədiyi üçün bu dar küçələrdə hər şeyi əllə daşımalı olursan axı.

Diqqətimi çəkən başqa bir mənzərə isə divarlara vurulmuş xüsusi qablardan dənləyən göyərçinlər oldu. Həqiqətən, belə mənzərələr insana insan olduğunu xatırladır. Düşündüm ki, təkcə İçərişəhərdə deyil, kaş Bakının hər məhəlləsində, hər küçəsində divarlara bu cür qurğular asalar ki, baxan adam düşünsün.

Səfərimizi tamamlayıb maşınımızı saxladığımız yerə gəlmək istəyirdik ki, bir nəfər bizə yaxınlaşıb mədəni şəkildə burada şəkil çəkmək üçün icazə almalı olduğumuzu bildirdi. Biz isə artıq gəzdiyimizi gəzmiş, çəkdiyimizi çəkmişdik. Amma gəzintimizin sonunda öyrəndik ki, İçərişəhərdə şəkil çəkmək və ya çəkiliş aparmaq üçün Qız qalasının yanında hansısa idarədən rəsmi icazə almaq lazım imiş.

İnşallah, gələn dəfə icazə ilə dolaşarıq.

 

 

Əli Çərkəzoğlu

             

Zaman.- 2011.- 12-14 fevral.- S.2.