“Aramızda
qalsın” yaddaşlarda da
qalacaq”
Yanvarın 12-dən “Xəzər” TV “Aramızda qalsın” adlı televiziya serialını tamaşaçılara
təqdim edir. Artıq serialın 8 seriyası
nümayiş olunub.
Ailə-məişət mövzusunda olan
bu filmin bəzi səhnələrinin
çəkiliş prosesini
“Xəzər” TV-nin “Azərbaycan” nəşriyyatındakı
pavilyonunda izlədik.
Fasilələrdə isə bizi düşündürən suallarla
yaradıcı heyətin
bir neçə üzvünə müraciət
etdik.
Əvvəlcə, monitor arxasında oturmuş teleserialın rejissoru Rüfət Şahbazova yaxınlaşdıq. Teleserialın adına işarə edərək, “Niyə məhz “Aramızda qalsın?” sualını ona ünvanladıq. Rejissor yarızarafat, yarıgerçək: “Bu söhbətimizin
heç bir detalının aramızda
qalmasını istəməzdim”,
- sözləri ilə
cavabına giriş verərək dedi: “Hər bir ailədə,
ailə üzvlərinin
arasında anlaşılmazlıqlar
olur. Bu anlaşılmazlıqların
danışıqlarla, daha
doğrusu, mədəni
formalarda həll edilməsini, aradan qaldırılmasını və
onların ailə üzvlərinin arasında
qalmasını tamaşaçıya
təqdim etmək həm yumor, həm də dramatik janrda çəkilən teleserialımızın
əsas qayəsidir.
Cəmiyyətdə, ailə daxilində
baş verən hadisələr əsasən
teleserialın baş qəhrəmanı Mehman və onun ailəsinin
dilindən tamaşaçıya
təqdim edilir. Onu da deyim ki,
Mehman keçmiş adət-ənənələri mühafizə
edən bir obrazdır. Onun həyat yoldaşı
Yeganə isə, əksinə, müasirliyin
tərəfindədir. Bu üzdən ər-arvad
arasında tez-tez mübahisələr düşür.
Lakin onlar öz aralarında
danışaraq bu məsələləri həll
edirlər. Bir sözlə,
bu cütlüyün arasında baş verən münaqişələrdən
övladları, ata-anaları
belə hali olmurlar. Elə filmin adı
da bu məntiqə
əsaslanaraq, “Aramızda
qalsın” adlandırılıb”.
Həmsöhbətimiz bu ideyanın
“Xəzər” TV-yə
məxsus olduğunu söylədi.
“Tənqid yaxşı şeydir...”
“Aramızda qalsın” serialı, demək olar ki, Türkiyə
kanallarında yayımlanan
“Çocuqlar duymasın”
teleserialının “kopirovka”sıdır”
kimi fikirlərə aydınlıq gətirən
rejissor bildirdi ki, tənqid yaxşı şeydir və o da tənqidlərə
müsbət yanaşır:
“Tənqid işimizin xeyrinədir. O olmasa, inkişaf olmaz ki... Məhz belə fikirlər
işimizə daha məsuliyyətlə yanaşmağımızı
birə-beş artırır.
Amma unutmayın ki, “Aramızda qalsın” efir məkanımızın
ilk sitkomudur. Onu da deyim ki, sitkom
dedikdə, filmlə teatrın sintezi, başqa sözlə, onların ortaq məxrəci başa düşülür. Bir də,
yeniliyin bu şəkildə qəbul
olunması, zənnimcə,
təbiidir. Amma gün
gələcək bu filmə yeni çəkiləcək teleseriallarla
müqayisədə üstünlük
veriləcək. Əbəs
yerə deyilməyib ki, hər şeyin
zamana ehtiyacı var. Söhbətarası rejissor
Elxan Cəfərovdan dərs aldığını
və “Bacanaqlar”, “Qonşular” teleseriallarında
ikinci rejissor kimi çalışdığını
vurğulayan R. Şahbazov
daha sonra dedi: “Bilirsinimi, sənət aləmi həmişə öyrənməyi
tələb edir. Özü də bu öyrənmək
beynəlxalq səviyyədə
olanda daha effektli olur. Bu mənada türklər
də “Çocuqlar duymasın”ı xaricdən
- Fransadan götürüblər.
İndi deyək ki, “kopirovka”dır? Bu aspektdən çıxış
etsək, bizim film də heç “kopirovka” deyil. Əvvəla,
ona görə ki, teleserialımızın
mövzusu sırf Azərbaycanla bağlıdır.
Filmimizdəki iştirakçıların sayı da çoxdur,
tamaşaçıya çatdırmaq
istədiyimiz mesaj da başqadır. Zənnimcə, oxşarlıq yalnız
onların hər ikisinin də sitkom janrında olmasındadır”. Bu janrda
ilk teleserialın onun tərəfindən çəkildiyini
vurğulayan, çəkiliş
prosesində müəyyən
çətinliklərin yaşanmasını
təbii sayan rejissor aktyor seçiminin xarakterlərə
görə aparıldığını
və bu prosesdə yanılmadıqlarını
dilə gətirdi: “Yəni biz məşhurların
axtarışında olmadıq.
Məsələn, serialda psixoloq
surəti var. Biz həmin
rola elə psixoloq çəkdik”.
Teleserialın neçə bölümdən
ibarət olacağına
gəlincə, o bildirdi
ki, bu barədə
danışmaq hələ
tezdir. Onun 80-dən çox bölümünün olacağı
gözlənilir.
“Aramızda qalsın”ın “Antikvar”ı
Musiqili Komediya Teatrının
aktyoru Əzizağa Əzizov “Aramızda qalsın”da Əjdər - Yeganənin atası rolundadır.
Qızının yanına tez-tez
gələn Əjdər
danışanda hər
şeyi şişirdir.
Hər işə baş qoşmaq istəyir, ancaq heç nə alınmır.
Ona görə də həyat yoldaşı Dilbər xanım (əməkdar artist Səidə
Quliyeva) ona hirslənəndə “Antikvar”
deyir. Əzizağa
müəllim bizimlə
söhbətində elə
həyat yoldaşı
Aybəniz xanımın
da bu filmə
qədər də ona belə müraciət
etdiyini dedi: “Bu mənada mənə həvalə edilən rol təbiətimə çox yaxındır, odur ki, onu
sevə-sevə tamaşaçılara
çatdırmağa çalışıram”.
Dediyinə görə, 52 yaşlı
sənətkar aktyor heyəti arasında ən qocaman aktyordur.
Hələ ki...
Dilbər xanım
- Akademik Milli Dram Teatrının əməkdar
artisti Səidə Quliyevaya: “Deyəsən, bir qadın kimi, bu Antikvarın
öhdəsindən gələ
bilmirsiniz?” sualı ilə müraciət etdik. O: “Hələ ki...”- dedi və
əlavə etdi: “İnşallah, gələcəyəm,
unutmayın ki, qadınlar həmişə
qalib gəlirlər”. Sonra gülə-gülə
pıçıldadı: “Amma
bu sirr aramızda
qalsın a...” O, bu rolun indiyədək yaratdığı obrazlara
bənzəməməsi üçün
bütün aktyor imkanlarından istifadə etdiyini bildirdi. Çəkiliş zamanı da
biz onun dediklərinin şahidi olduq. Qeyd edək ki, Səidə
xanım indiyədək
“İtkin gəlin” və “Susmuş vicdan” teleseriallarınada çəkilib.
Kamilə xanıma
“arzumuz”
“Sizə aparıcı,
müğənni, yoxsa
aktrisa kimi müraciət edək?” sualımızı “Yeganə”
rolunu canlandıran Kamilə Babayeva belə cavablandırdı:
“Aparıcılıq mənim
fəaliyyətimin ana
xəttini təşkil
edir. Müğənnilik xobbimdir. Aktrisalığa gəldikdə isə, mən ilk dəfə Tofiq Tağızadənin
“Bağ mövsümü”
bədii filmində Firuzə roluna çəkilmişəm. Bu
yaxınlarda Ülviyyə
Könülün “Vəkil
əhvalatları” kinokomediyasında
Vəkil obrazını
yaratmışam. Bu seriala isə yaradıcı heyət tərəfindən dəvət
olunmuşam”.
Qeyd edək ki, teleserialda Yeganə həyat yoldaşı Mehmanı (Qurban Məsimov) çox sevsə də, onu geridə qalmaqda ittiham edir. Hətta
onu daş dövründən qalma adam adlandırır.
Hərdən isə ona zarafatca Betman deyir. Kamilə xanımın sözlərinə
görə, “Aramızda
qalsın”ın Yeganəsinin
xasiyyəti ilə onun xasiyyəti arasında çox fərq var. Buna baxmayaraq, bu rolun öhdəsindən
gəlmək onun üçün çətin
deyil. “Bəs
teleserialın “Zəif
bəndi” kimdir? sualına: “Bu heyətdə zəif bənd yoxdur”, - dedi. Bir vaxtlar
aparıcısı olduğu “Zəif bənd”ə öz möhürünü vurduğunu
bildirən Kamilə xanım bu filmə
də öz möhürünü vuracağını
əminliklə dilə
gətirdi. Daha sonra əlavə etdi: “Mənim intuisiyam güclüdür.
Bütün deyilənlər bir
yana, “Aramızda qalsın” efir məkanında öz möhürünü vuracaq
və yaddaşlarda da qalacaq”. “Sizə elə Mehman kimi həyat yoldaşı arzulayırıq!”
sözlərimizə isə
o, belə reaksiya verdi: “Deyəsən,
Mehman kimi mənə hərdən Biganə deməklə qıcıqlandırmaq istəyirsiniz
axı? Amma pis olmaz.
Bir şərtlə...
aramızda qalsın
a...”
Bəzən özünü
Mehman kimi aparır
“Aramızda qalsın”ın
baş rolunun ifaçısı “Simsar”
Teatr Studiyasının
aktyoru Qurban Məsimov yaratdığı
obraza olduqca məsuliyyətlə yanaşdığını
dilə gətirdi. Cəkilişlərdən sonra belə
uzun müddət bu rolun təsirindən
çıxa bilmədiyini
vurğuladı. Bildirdi
ki, hətta evində bəzən özünü Mehman kimi aparır: “Bu mənada evimiz də artıq mənim üçün çəkiliş meydançasına
çevrilib. Amma onu da deyim
ki, Mehmanın əsəbi olması artıq Qurbana da sirayət edib...” Sonra nə düşündüsə
əlavə etdi: “Son fikrimi yazma a... düzgün başa düşməzlər. Sadəcə,
aramızda qalsın...”
Qvami Məhəbbətoğlu
Zaman.- 2011.- 12-14
fevral.- S. 4.