Rumıniya Qədim memarlıq abidələri yurdu

 

500 min əhalisi olan şəhərin yaz-yay aylarında əhalisi iki qat artır. Turistləri ən çox cəlb edən amil isə, sözsüz ki, Qara dənizin füsunkar təbiəti və cazibədar sahilləridir. Konstansa əhalisinin əksəriyyətini rumınlar təşkil etsə də, tatarlar və türklər də kifayət qədərdir. İslam dininə sadiqliklərini qoruyub saxlayan türklər və tatarlar öz dillərini  və adət-ənənələrini unutmayıblar.

Rumıniyanı daha yaxından tanımaq istəyənlərə ölkənin ikinci böyük şəhəri olan Konstansanı da ziyarət etməyi məsləhət görürük. Konstansa Qara dənizin sahilində yerləşən məşhur turizm şəhəridir. Şəhər təkcə ecazkar təbiəti ilə deyil, həm də qədim tarixi ilə də turistləri özünə cəlb edir.

Avropanın ən böyük və ən önəmli liman şəhərlərindən biri sayılan Konstansa şəhərinin tarixi 6-cı əsrə qədər gedib çıxır. Şəhər ilk dəfə yunan miqrantları tərəfindən qurulubdur. Qədim yunan mədəniyyətinin tənəzzülü ilə Avropada ikinci böyük mədəniyyət olan Roma mədəniyyətinin  çiçəklənmə dövrü başlayır və Konstansa da Böyük Roma İmperiyasının tərkibinə daxil edilir. Tarixi adı Tomis olan şəhər elə indiki adını da Roma impəratoru Konstantinin adından almışdır. 15-ci əsrdən Osmanlı dövlətinin tərkibinə daxil edilən Rumıniya Osmanlı tarixində “93 hərbi”  adı ilə məşhur olan Osmanlı-rus müharibəsindən sonra 1878-ci ildə müstəqil krallığa çevrilir. Həmin dövrdən yüz illər keçsə də, bu ölkədə Osmanlı tarixi izlərinə hələ də rast gəlmək mümkündür.

500 min əhalisi olan şəhərin yaz-yay aylarında əhalisi iki qat artır. Turistləri ən çox cəlb edən amil isə, sözsüz ki, Qara dənizin füsunkar təbiəti və cazibədar sahilləridir. Konstansa əhalisinin əksəriyyətini rumınlar təşkil etsə də, tatarlar və türklər də kifayət qədərdir. İslam dininə sadiqliklərini qoruyub saxlayan türklər və tatarlar öz dillərini  və adət-ənənələrini unutmayıblar.

Rumıniyada  rəsmi dil rumın dili olsa da , türkcə və italyanca danışan insanlara tez-tez rast gəlmək mümkündür. Rumın dili ilə italyan dilinin oxşarlığı xüsusilə diqqəti cəlb edir. Belə ki, bir rumın qarşısındakı italyanı asanlıqla başa düşür.

Rumıniyanı dünyanın ən demokratik və tolerant ölkələrindən biri hesab etmək olar. Konstansa şəhəri fərqli millətlərin sülh və əmin-amanlıq içində yaşadığı, məscidlə kilsənin yan-yana olduğu bir şəhərdir. Konstansada iki böyük  məscid var. Biri, rumınların da çox sevdiyi, kral Karol tərəfindən tikdirilən və müsəlmanlara hədiyyə edilən Kral məscidi, digəri isə Osmanlı sultanı Abdulməcid tərəfindən tikdirilən Məcidiyə məscididir.

Məscidin yaxınlığında xristianların ibadətgahı olan kilsənin olması rumın xalqının tolerantlığını şəhərə gələn bütün insanlara nümayiş etdirir. Bu kilsə həm də Konstansanın ən böyük pravoslav kilsəsidir. Kilsənin rahibi burada yaşayan müsəlman liderlərlə tez-tez görüşdüklərini, qarşılıqlı anlayış içində yaşadıqlarını bildirir.

Rumıniya, xüsusilə Konstansa şəhəri ilə yaxından tanış olan hər bir şəxs  insanların hər nə qədər dinləri, dilləri fərqli olsa belə, bir arada mehriban və sülh şəraitində yaşaya bildiklərini görəcəkdir.

Roma imperiyası zamanında bəzi şairlər, hərbçilər Konstansaya sürgünə göndəriliblər. Onlardan biri də məşhur romalı şair Publius Ovidius Naso olub. Həsrətin, sürgünün şairi olan Naso məşhur əsəri “Trista”nı məhz burada sürgündə olarkən yazıb. Rumınlar torpaqlarında yaşamış bu böyük yunan şairinə hörmət əlaməti olaraq, şəhərin mərkəzi küçələrinin birində şairin heykəlini ucaldıblar.

Gözəl Qara dəniz şəhəri olan Konstansa təkcə füsunkar təbiəti, sahillərini axın-axın dolduran insanlarla deyil, tarixi abidələri ilə də bu şəhərin ziyarətçilərini valeh edir. Konstansada diqqəti cəlb edən tarixi sənət əsərlərindən biri də görkəmli memarlar Antonesku və Daniel Renard tərəfindən 1911-ci ildə tikilən binadır. Uzaqdan baxanda tabuta oxşayan bu binanın görünüşü qədər tarixçəsi də qəribədir. Varlı bir rumın itirdiyi  həyat yoldaşının şərəfinə bu görkəmli binanı tabut şəklində tikdirib. Kazinoul adlanan bu bina insanların günəşin doğuşunu və batışını izləməkdən zövq aldıqları bir məkandır.

Konstansa sahillərində karikaturçular da  xüsusilə maraq doğurur. Bu karikaturçular öz sənətlərində o qədər mükkəmməldirlər ki, istənilən insanın karikaturunu iki dəqiqə ərzində çəkə bilirlər.

Konstansaya gələn turistləri cəlb edən memarlıq abidələrindən biri də məşhur rumın şairi Mixail Emineskunun heykəlidir. Rumın xalqı tərəfindən çox sevilən şairin ölümü isə xeyli qəribə olub. Gənc sevgilisinin ölümünə tab gətirə bilməyən şairin psixologiyası pozulub və 39 yaşında dünyasını dəyişib.

Konstansa həm də dünya futboluna böyük futbolçular bəxş edən şəhərdir. Rumınların məşhur futbolçusu “Karpatların Maradonası” adlandırılan  Georgi Haci  türklərin də çox yaşadığı bu şəhərdə doğulub, boya-başa çatıb. Əslən  makedoniyalı olan Hacinin türklərə qarşı olan sevgisi də, yəqin ki, buradan qaynaqlanır.

Rumıniya ölkəmizin Avropadakı strateji tərəfdaşı və çox yaxın müttəfiqi olan ölkələrdən biridir. Bu dövlət Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkə kimi Azərbaycanın tarixinə düşüb.

Azərbaycanın Rumıniyadakı fövqaladə və səlahiyyətli səfiri Eldar Həsənovdur. 10 ildir  Rumıniyada səfir kimi fəaliyyət göstərən  Eldar Həsənovun  Rumıniya və Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafında böyük əməyi var. Səfir ermənilərin Azərbaycana qarşı həyata keçirtdikləri planlı soyqırımı və işğalçılıq siyasətinin rumın xalqına çatdırılmasında xidmətləri olan şəxslərdən biridir. Qondarma erməni soyqırımı iddiaları türk əsilli olan deputatların da tutarlı faktları ilə Rumıniya Parlamenti tərəfindən qətiyyətlə rədd edilmiş, ermənilərin  bütün dünyada yürütdükləri antitürk kampaniyası bu Avropa ölkəsində  iflas etmişdir. İndi rumın xalqı Azərbaycanı daha yaxından tanıyır və onun haqq işini dəstəkləyir.

Buxarestin mərkəzi küçələrindən birində Heydər Əliyevin adını daşıyan böyük bir park salınıb. Burada təhsil alan  azərbaycanlı tələbələr vətəndaşlıq borcu kimi bu parkı tez-tez ziyarət edirlər. Yaşıllıqlar içində salınan parkın arxa tərəfindəki göl parka xüsusi gözəllik verir.  Avropa Birliyi və NATO-nun üzvü olan bir ölkədə Azərbaycana aid parka və dövlətimizin bayrağına rast gəlmək insanı qürurlandırır.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Rumıniyada da türk liseyləri fəaliyyət göstərir. Elmli və müasir bəşəri dəyərlərə sahib gənclər yetişdirməklə dünyadakı sülhə, əminamanlığa öz töhfəsini  verən türk liseyləri burada da  rumın xalqı tərəfindən çox sevilir. Rumıniyada 1994-cü ildən açılan bu liseylər dünya olimpiadalarında qazandığı 61, milli olimpiadalarda isə 250 medalla ölkənin qürur qaynağıdır. Məktəblərin müvəffəqiyyəti Rumıniya parlamentində də müzakirə mövzusu olub. Rumıniya parlamenti türk liseylərinin təhsil sistemini digər təhsil müəssisələrinə model olaraq seçən qanun layihəsini qəbul edib. Bu liseylərdə 41 fərqli millətdən olan şagirdlərin oxuması, sözün əsl mənasında, diasporumuza böyük töhfə verir. Çünki, bu məktəbləri bitirən şagirdlər daha sonra Türkiyə və Azərbaycanın dostu olurlar.

Buxarest Avropanın və Rumıniyanın nüfuzlu  “Balcani şi Europa” (Balkanlar və Avropa) jurnalı tərəfindən  Prezident İlham Əliyevin  2010-cu ildə “İlin adamı” seçilməsi  Rumıniya və Azərbaycan arasındakı dostluq və müttəfiqlik münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyindən xəbər verir.

 

 

VÜQAR ZÜLFÜQAROV

 

Zaman.- 2011.- 12-14 fevral.- S. 8.