Marsa ekspedisiya: Qırmızı planet Yerin koloniyasına çevrilə bilər (1)

 

O vaxt okeanların arxasında yeni bir qitənin olduğunu ehtimal edirdilər. Hətta bu qitənin koordinatları hələ 9-14-cü əsrlərdə məşhur İslam alimləri, o cümlədən tanınmış Azərbaycan alimi və astronomu Nəsirəddin Tusi tərəfindən verilmişdi. Nəticədə uzun sürən ekspedisiyalar o vaxtlar Avstraliya və Amerika qitələrinin kəşfi ilə nəticələndi.

Təxminən 650-700 il bundan əvvəl Avropa yeni qitə axtarışı ilə məşğul idi və bunun üçün uzunmüddətli dəniz ekspedisiyaları təşkil olunurdu. Ən məşhur dənizçiləri isə bu səyahətlərə göndərilən ekspedisiyaların rəhbərləri təyin edirdilər. O vaxt okeanların arxasında yeni bir qitənin olduğunu ehtimal edirdilər. Hətta bu qitənin koordinatları hələ 9-14-cü əsrlərdə məşhur İslam alimləri, o cümlədən tanınmış Azərbaycan alimi və astronomu Nəsirəddin Tusi tərəfindən verilmişdi. Nəticədə uzun sürən ekspedisiyalar o vaxtlar Avstraliya və Amerika qitələrinin kəşfi ilə nəticələndi. Eyni zamanda bu axtarışlar Avropada və dünyada elmi tərəqqinin sürətli inkişafına yeni bir təkan verdi. Bu baxımdan günümüzdə ölkələrin Marsa kosmik gəmi göndərməsi ilə bağlı layihəni həyata keçirməyə başlaması istər-istəməz orta əsrlərdə Avropa ölkələrinin yeni qitə axtarışını xatırladır.

 

Mars yerı nıyə cəlb edır?

 

Nə qədər qəribə olsa da, Mars qədər Yer üzərində insanın diqqətini cəlb edən və onu maraqlandıran ikinci bir planet tapmaq mümkün deyil. Hələ qədim zamanlardan Mars gah bədbəxt hadisələrin, gah da Yerdə baş verə biləcək dəyişikliklərin simvolu kimi dəyərləndirilib. Qədim yunanlar isə Marsı müharibə simvolu hesab edirdilər. Nəhayət, bir çox qədim xalqların mifologiyasında vaxtılə Yer üzünə həyatın məhz Marsdan gətirildiyi və Qırmızı planetdə baş verən hansısa dəhşətli kataklizm və ya müharibələrin buna səbəb olduğu vurğulanır. Bu gün də Mars insanların sonsuz maraqlarına səbəb olmaqda davam edir.

Kosmosa kosmik gəmilərin çıxarıldığı ilk illərdən Marsa ekspedisiya göndərilməsi üçün elmi tədqiqatlara başlanıldı. ABŞ astronavtlarının 1969-cu ildə ilk dəfə Aya ayaq basmasından sonra isə Marsa yeni ekspedisiyaların göndərilməsi ilə bağlı çoxsaylı layihələr meydana çıxdı.  Təxminən 40 ildən artıqdır ki, analoji layihələr üzərində ABŞ-ın və Rusiyanın Kosmik Tədqiqatlar Mərkəzində iş aparılır. Bu məqsədlə, belə demək mümkünsə, kifayət qədər böyük həcmdə pullar xərclənib. Ötən müddət ərzində ABŞ-ın Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Marsın səthinə Yerdən idarə edilən kosmik gəmi endirə və onu elmi cəhətdən maraqlandıran bir çox suallara cavab ala bildi.

Amma Aya olduğu kimi, insanların Marsa göndərilməsi olduqca çətin və uzunsürən bir proses hesab edilir. Üstəlik, uzun müddət kosmosda qalan insanların özlərini orada necə aparacağı da məlum deyil. Belə ki, uzun müddət yerətrafı orbitdə - kosmosda qalmaq  insanların bəzilərində müxtəlif psixi və fizioloji pozğunluqlara yol açır ki, bu da çox təhlükəlidir. Eyni zamanda Mars səthinə ilk ayaq basan insanların geriyə qayıtma imkanları olduqca azdır və bu da tədqiqatçılar arasında bəzi tərəddüdlərlə müşahidə olunmaqdadır. Məhz bunu nəzərə alan Aya ilk səyahət etmiş amerikalı astronavt Oldrin bir neçə il bundan əvvəl maraqlı təşəbbüslə çıxış etdi. O Marsda bu planetə ayaq basacaq ilk insanların yaşaması və fəaliyyət göstərməsi üçün orada baza yaradılmasını təklif etdi. Oldrinin fikrincə, Marsa göndəriləcək insanların geri qayıtma imkanları çox az olduğu üçün onların orada uzun müddət qalıb yaşaması daha məqsədəuyğundur. Bu, həm də Marsın elmi cəhətdən tədqiq edilməsi və gələcəkdə oraya yeni ekspedisiyaların göndərilməsi üçün olduqca böyük əhəmiyyət daşıya bilər. Oldrin: “Vaxtilə yeni qitə axtarışlarına çıxan insanlar geri qayıtmaq barədə düşünmürdülər və onlar özlərini hansı təhlükəyə atdıqlarını yaxşı bilirdilər. Lakin yeni qitə axtarmaq məqsədi ilə könüllü şəkildə gedər-gəlməzə gedənlərin sayı da kifayət qədər çox idi. Mənə elə gəlir ki, bir daha geri qayıtmamaq şərti ilə Marsa göndəriləcək ekspedisiyaların tərkibində də kifayət qədər könüllü olacaq”,-demişdi.

Oldrinin bu təklifinə, əvvəlcə, NASA-da ciddi yanaşmadılar, çünki Marsda hansısa baza yaradılması riskli bir işdir və bu, üstəlik, milyardlarla dollar xərc tələb edir. Digər tərəfdən, də insanın Aya ayaq basmasından 40 ildən artıq vaxt ötməsinə baxmayaraq, bu günə kimi orada hansısa baza yaradılmasını reallaşdırmaq mümkün olmayıb. İrəli sürülən çoxsaylı layihələr isə xəyal olaraq qalmaqda davam edir. Buna baxmayaraq, yuxarıda da qeyd etdiyimiz kimi, Marsa olan böyük maraq kosmosun tədqiqi ilə məşğul olan alimləri Oldrinin təşəbbüsü üzərində ciddi şəkildə fikirləşməyə məcbur etdi.  ABŞ-ın NASA və Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatların İdarə Olunması Təşkilatı ( DARPA) Oldrinin təşəbbüsü əsasında dünyanı heyrətə salan “Hundred Years Starship” (“Yüzillik ulduz gəmisi”) adlı möhtəşəm layihə üzərində işə başlanıldığını bildirdilər. Bu layihəyə əsasən, ilk dəfə bəşər tarixində başqa planetlərin məskunlaşdırılmasını nəzərdə tutan kosmik gəmi hazırlanacaq. İnsanlar bu kosmik gəmi vasitəsi ilə nəzərdə tutulan planetin səthinə endiriləcək və orada onların hansısa müddət ərzində yaşaması və fəaliyyət göstərməsi üçün baza qurulacaq. Onların geriyə qayıtmaq imkanları, demək olar ki, olmayacaq.  Necə deyərlər, kosmik gəmidəkilər öz üzərlərinə hansı məsuliyyətin düşəcəyini, bir daha geri qayıtmayacaqlarını və ən ekstremal şəraitdə yaşayacaqlarını, hər an ölüm təhlükəsi ilə qarşılaşacaqlarını öncədən biləcəklər. Təbii ki, sual ortaya çıxır:  yeni planetə göndəriləcək insanlar üçün, geriyə niyə yol yoxdur və onların həyatı tədqiqatçılar üçün doğrudanmı bu qədər ucuz və dəyərsiz hesab edilir? Bu sualın cavabını əslində maliyyə problemlərində axtarmaq lazımdır. Belə ki, astronavtları Marsa aparacaq kosmik gəminin gedişi və geriyə qayıtması üçün 750 milyard dollar xərclənməlidir. Aydın məsələdir ki, bu qədər maliyyə vəsaitini tapmaq heç də asan deyil. Hazırda pilotsuz kosmik gəmilərin Marsa göndərilməsi və geri qayıtması olduqca böyük xərclərə başa gəlir. Bir dövlətin bu qədər xərcləri çəkməsi isə çox da real görünmür və hələ ki onun öhdəsindən yalnız ABŞ, özü də olduqca böyük çətinliklərlə gəlir.

 Bu yaxınlarda San-Fransisko şəhərində keçirilən “Long Conversation” adlı konfransda da diqqəti məhz məsələnin bu tərəfinə yönəldiblər. NASA-nın Ames Tədqiqatlar Mərkəzinin direktoru Pit Uorden: -Bizim elmi tədqiqat mərkəzimizə yeni layihə üzərində işə başlamaq üçün cəmisi 1,6 milyon dollar ayırıblar. Bir qrup tədqiqatçılara isə layihə üzərində işi fasiləsiz olaraq davam etdirmək məqsədi ilə əlavə 100 min dollar ayırıblar. Amma bu azdır və biz tədqiqatlara dəstək məqsədi ilə tanınmış milyarderlərin bəzilərini də bu işə cəlb etmək istəyirik,- deyir. Ardı var.

 

 

Əziz Mustafa

 

Zaman.-2011.- 12-14 fevral.- S. 7.