Ötən il Naxçıvan təhsili üçün uğurlu olub

 

2010-cu il Naxçıvan Muxtar Respublikasının təhsili üçün əlamətdar il kimi yadda qalıb. Belə ki, ötən il ali məktəblərə qəbulolma göstəricilərinə görə ilk beşliyə daxil olub.

2010-cu il Naxçıvan Muxtar Respublikasının təhsili üçün əlamətdar il kimi yadda qalıb. Belə ki, ötən il ali məktəblərə qəbulolma göstəricilərinə görə ilk beşliyə daxil olub. Azərbaycan Respublikası üzrə 35 məktəbdən 3-cü nəticəni Naxçıvan Türk Liseyi, 5-ci nəticəni isə Akademik Əhməd Mahmudov adına Şərur Türk Liseyi əldə ediblər. Ordubad Qız Liseyi, Naxçıvan şəhər 3 5 nömrəli, Şahbuz şəhər məktəbləri 35 məktəbin sırasındadırlar. Məlumat üçün bildirək ki, ötən il Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4131 nəfər məzunu olub. Onların 1435 nəfəri müxtəlif ali məktəblərə qəbul olunublar.

 Muxtar Respublikadakı təhsil ocaqlarından Azərbaycan Respublikası üzrə ən yaxşı məktəblər sırasına düşən məktəblərin sayı da ilbəil artmaqdadır. Əgər 2009-cu ildə respublika üzrə ən yaxşı məktəblər sırasına muxtar respublikanın 15 məktəbinin adı daxil edilmişdisə, 2010-cu ildə muxtar respublika üzrə 18 məktəbin adı bu siyahıda öz yerini alıb. Abituriyentlərin imtahan fənləri üzrə yüksək nəticə göstərən təhsil şöbələri içərisində Naxçıvan şəhəri tarix, Ordubad rayonu isə riyaziyyat coğrafiya fənlərindən Azərbaycan üzrə birinci onluğa daxildir. Hətta Ordubad rayonu ali məktəblərə qəbul olma faizinə görə Azərbaycan üzrə respublika birincisi olub.

Son illər muxtar respublika ümumtəhsil məktəblərinin məzunlarının hərbi məktəblərə maraqları artıb. Belə ki, 2009-cu ildə muxtar respublika ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə 903 nəfər sənəd vermişdisə, 2010-cu il bu göstərici 936 nəfərə çatıb. Eyni zamanda 98 məzun xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənədlərini təqdim edib.

Son illər muxtar respublikada təhsilə yaradılmış əlverişli mühitin rəhbərliyin maarifə göstərdiyi yüksək qayğısının nəticəsi kimi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərə 2010-cu ildə 175546 ədəd, ümumilikdə isə 2005-ci ildən indiyədək 1346508 nüsxə dərslik verilib. Eyni zamanda hər 18 şagirdə 1 kompyuter düşməklə ümumtəhsil məktəblərinə 2781 kompyuter dəsti verilib. Həmin kompyuterlərin 2193-ü, yəni 79 faizi isə internetə qoşulub. Bununla yanaşı, ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan, xüsusi qabiliyyətə malik 305 şagirdə Ali Məclisin Sədri tərəfindən kompyuterlər hədiyyə edilib.

Onu da qeyd edək ki, Muxtar Respublikada fəaliyyət göstərən bütün məktəblər qış fəsli ilə əlaqədar istiliklə təmin olunublar. Belə ki, 2009-2010-cu  tədris ilində 113 tədris müəssisəsi istilik sisteminə qoşulmuşdusa, cari tədris ilində  onların sayı 129-a çatdırılıb.

 

 

Mazlum Atik,

 

Vaqif  Vəliyev

 

Zaman.-2011.-15 fevral.-S.7.