Ailənin bir o üzü var, bir bu üzü

 

Ailə ilkin vətənimizdir, birinci cəmiyyətimizdir. Bu yuvada, bu ocaqda yaşanan duyğular istər-istəməz bizim əhvali-ruhiyyəmizi formalaşdırır biz o sifətlə, o xarakterlə cəmiyyətə təqdim olunuruq. Kiminə ilıq bir yuva, kiminə cəhənnəm çuxuru kimi dəhşətlidir. Çox uğurun təməlində ailə dayanır.

Ailə ilkin vətənimizdir, birinci cəmiyyətimizdir. Bu yuvada, bu ocaqda yaşanan duyğular istər-istəməz bizim əhvali-ruhiyyəmizi formalaşdırır biz o sifətlə, o xarakterlə cəmiyyətə təqdim olunuruq. Kiminə ilıq bir yuva, kiminə cəhənnəm çuxuru kimi dəhşətlidir. Çox uğurun təməlində ailə dayanır.

İş günü sona yaxınlaşdıqca dəqiqələri, saniyələri sayırsan. Gözləyirsən ki, vaxt çatsın kağız-kuğuzunu qoltuğuna vurub, qapıdan güllə kimi çıxasan. Yolda cibini qurdalayırsan ki, bəlkə 3 gül almağa gücün çata. Ancaq heç onu da dərd eləmirsən, çünki bilirsən ki, hədiyyələrin ən gözəli kimi özün o qapıdan girəcəksən. Əlindəki kağızını, qovluğunu alıb, bir tərəfə qoyacaqlar. Keçib masa arxasında oturan kimi çayın gələcək. “Yorulmusanmı, yeməyini gətirimmi, yoxsa bir azdan yeyəcəksən?”-deyəcəklər. Beləcə, bir-birindən şirin suallar yağacaq üstünə. Sən oturduğun yerdəcə yenicə başladığın bu ailə həyatının şirinliyi içərisində dalıb gedəcəksən...

Ancaq hər şey tərsinə ola bilər. İş başa çatsa da, yerindən tərpənmək istəmirsən. Beynindən dumanlı fikirlər keçir: yenə o ev, yenə o üzlər...

Beləcə, saat əqrəbi fırlanır, sən də dalğın-dalğın pəncərədən bayıra baxırsan. Durub evə getmək sürgünə getmək, biyara getmək kimi gəlir sənə. Üç ildir ki, bu həyatı yaşayırsan. Tullandın ki, çayın o üzünə düşəsən, düşdün selin ağzına. İndi nə irəli, nə də geri dura bilirsən...

Ailənin bir o üzü var, bir bu üzü. Adam var dərd-sərini ailəsi ilə unudur, adam da var ailə dərdini işdə-gücdə unutmağa çalışır. Təbii ki, hər şey kimi, ailə qismət işidir. Ancaq Allah ağıl verib, düşüncə verib, insanı tanımaq üçün, öyrənmək üçün imkanlar verib. Gərək irəlicədən ölçüb-biçəsən, kiminlə ailə qurduğunu biləsən. Müsbət mənfi tərəflərini öyrənəsən onu yaxşı pis tərəfləri ilə tam olaraq, bütöv olaraq qəbul edəsən.

Yoxsa, “Ailə qarpız kimidir, kim bilir içindən çıxacaq?” məntiqi ilə qərar qəbul etmək əlini ilan yuvasına soxmaq kimi bir şeydir. Müşahidələr göstərir ki, ilk üç il gənc ailə üçün sınaq müddətidir. Yəni əksər boşanmalar narazılıqlar məhz bu müddətdə müşahidə olunur. Bu mərhələni keçən ailələrin boşanma faizi xeyli az olur. Demək, məhz bu ilk üç ildə gənc ailəyə ağsaqqal qayğısı, ağbirçək öyüdü lazımdır. Bu mərhələdə ən böyük qorxu tərəflərin bir-birinin gözündə adiləşməsidir. Dünənə qədər əlçatmaz, ülvi görünən duyğuların indi boz-bulanıq yorucu düşüncələrə çevrilməsidir. Gərək o təravəti saxlamağı bacarasan, gərək o ilkinliyi, o həyanı, üzdəki qızartını, səsin titrəyişini itirməyəsən, bu mərhələdə dünyanı adiləşməyə qoymayasan.

Ailə ilkin vətənimizdir, birinci cəmiyyətimizdir. Bu yuvada, bu ocaqda yaşanan duyğular istər-istəməz bizim əhvali-ruhiyyəmizi formalaşdırır biz o sifətlə, o xarakterlə cəmiyyətə təqdim olunuruq. Kiminə ilıq bir yuva, kiminə cəhənnəm çuxuru kimi dəhşətlidir. Çox uğurun təməlində ailə dayanır. Bir , belə bir söz var ki, hər uğurlu kişinin arxasında bir bacarıqlı qadın dayanır. Bu söz, həqiqətən , böyük həqiqətdən xəbər verir. Təbii ki, ailə səadəti böyük nemətdir, xoşbəxtlik üçün ən ümdə amillərdən biridir. Bu xoşbəxtliyi ruhunuzda duyasınız, həyatınız bu cür ilıq atmosfer içində axıb getsin. 

 

 

Zaman.- 2011.- 19-21 fevral.- S.3.