“Xoşbəxtlik mən
özüməm”
-
Sizə görə
həyatda ən asan və
ən çətin şey nədir?
-
Ən asan - insanlara yaxşılıq etmək, ən
çətin - nadanlığa dözmək.
-
Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı
necə çıxarardınız?
-
Əkinçilik və maldarlıqla məşğul olardım.
-
Keçdiyiniz ömür yoluna baxanda ən
çox nəyə üzülür, nəyə
sevinirsiniz?
-
Yazmağa vaxt tapmadığım günlərə,
aylara üzülür, yazdıqlarımla sevinirəm.
-
Valideyn və müəllimlərdən başqa
özünüzü
kimlərə borclu bilirsiniz?
-
Valideynlərdən və
müəllimlərdən də
əvvəl hamıdan Uca Allaha.
-
Uğrunda hər
şeydən keçə biləcəyiniz varlığın adı?
-
İlahi.
-
Özünüzü
hansı peşədə
daha yaxşı ifadə
edə bilərdiniz?
İndiki işinizdən
razısınızmı?
- Yazıda. Bəli.
- Üzr istəmək sizə
ağır gəlmir ki?
- Qətiyyən, əksinə,
bundan izaholunmaz bir məmnunluq duyuram.
- Sabir deyir: “Ağladıqca kişi
qeyrətsiz olur”, siz necə düşünürsünüz?
- Ətrafımızda
ağlamağı bacarmayan bir xeyli qeyrətsiz kişi
görürük.
- “Kaş ki ..... ölkədə
doğulaydım, ..... xalqın nümayəndəsi
olaydım” dediyiniz olurmu?
- Tez-tez olur. Ələlxüsus,
ciddi ədəbiyyata laqeydliklə üzləşəndə.
- Evinizdə inciklik olurmu?
Olursa, birinci kim barışır?
- ...
- Özünüzü kimin
qarşısında günahkar bilirsiniz və kiminsə
günahını bağışlamısınızmı?
-
Özümü gündə-gündə yol verdiyim
saysız-hesabsız xırda günahlar yiyəsi sayıram. Bəzi
günahları bağışlaya bilirəm, bəzilərini
isə yox.
- Sizcə azadlıq istədiyini
eləməkdir, yoxsa istəmədiyini?
- Təbii ki, istədiyini.
İstəmədiyini eləmək - zora məruz qalmaq
deyilmi?..
- Sevgi nədir: ümid, qorxu
ya xoşbəxtlik?
- Xoşbəxtlik.
- Ən çox nə zaman
utanırsınız?
- Məni üzümə tərifləyəndə.
- Ölüm nədir?
- Bu barədə nə desəm,
uydurmadan savayı bir şey olmayacaq. Ölüm barədə
mənim “Duyğular imperiyam”da bir neçə izah var, oxuyun.
- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
- Evim və idarəmlə
bağlı bir sıra həlli vacib problemləri aradan
qaldırardım, bir neçə dostumun və kasıb
qohumumun həyat şəraitlərinə əncam çəkərdim,
yaxınlarımdan olan bir ata-anasız uşağın təhsil
haqqını, xərclərini ödəyərdim…
- “Mən almasam, bir
başqası alacaq, mən olmasam, başqası olacaq”
düşüncəsi nəyi ifadə edir?
- Allaha şükür, hələ
ki, bu sayaq düşünmək zorunda qalmamışam.
- Həyatda ən
böyük təsəlliniz?
- Əsərlərim…
- Sizə hansı mövzuda
sual verilməsini heç arzulamırsınız?
- O barədə
düşünməmişəm.
- Yubiley və ad günlərində
özünüzü necə hiss edirsiniz?
- Ad günlərimi sevirəm.
O günləri özümü yenicə anadan olmuş kimi
hiss edirəm.
- Dünyanın hər yerindən
görünən uca bir lövhəyə iki-üç kəlməlik
nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
-
Səmaya bax!
- Sizə görə insanda ən
yaxşı və ən pis xarakter hansılardır?
- Ən yaxşı - səbirlilik
və dözümlülük, ən pis - ifrat emosionallıq.
- Nə vaxtsa hansısa
müğənniyə, sənətçiyə heyran, ya da
aşiq olmusunuzmu?
- İstedadına heyran
qaldıgım bir sıra dünya sənətçilərinin
adlarını açıqlaya bilərəm. Maya Plisetskaya,
Frensis Ford Koppola, Stenli Kubrik, Oskar Piterson, eləcə də
digərləri.
- Övladlarınız sizi
atsalar, onlara nə deyərdiniz?
- Yəqin ki,
sarsılardım. Amma onlara heç bir şey deməzdim.
Çünki zorla aram yoxdu.
- Ən çox sevdiyiniz və
sevmədiyiniz sözlər?
- Ədəbsiz sözlərdən
savayı bütün sözləri sevirəm. Axı mən məhz
onların köməyi ilə bütün agrılarımdan
azad oluram, fikir və duyğularımı ifadə edə bilirəm.
- Fürsət olsa,
ölümqabağı nə vəsiyyət edəcəksiniz?
- Allahı sevməyi və
yalnız Ona arxalanmağı.
- Ən çox nədən
qorxursunuz?
- Darıxmaqdan. Söhbət,
bir neçə saatlıq ya günlük yox, öz içimdə
həbs olunmağın darıxmağından gedir.
- Xoşbəxt olmaq
üçün nəyiniz çatmır?
- Xoşbəxtlik - mən özüməm.
- Sizin kimlərə və nə
kimi xeyriniz var?
- Elə bilirəm,
insanların bir qisminə əsərlərimlə, digərlərinə
əməllərimlə kömək edə bilərəm.
- Bu dünya bir insan şəklində
qarşınızda dursa, ona nə
deyərdiniz?
- Bir az mərhəmətli və
mülayim ol…
- Həyatınızda sizə
təklif edilmiş nədənsə imtina etmisinizmi?
- Maddi firavanlığa aparsa
da, ruhumu zədələyə biləcək bir çox
şeydən.
- Gənclik hansı yaşda
bitir?
- Özündə sevinməyə
güc tapmadığın gündən.
- Dostlarınız
çoxdurmu? İnsanlar niyə dost olurlar?
- Mənim dostlarımın
çoxu, dünyasını ötən qərinələrdə
dəyişmiş yazıçılar, sufilər və
filosoflardır… Onları
hər an yanımda hiss edirəm.
Zaman.- 2011.- 24-25 fevral.- S.7.