“Turizmin inkişafı üçün vizanın verilmə qaydaları sadələşdirilməlidir”

 

Son illər dünyada turizmə böyük əhəmiyyət verilir. Artıq bir çox ölkənin iqtisadiyyatında turizm aparıcı sahələrdən birinə çevrilib. Dünya Turizm Təşkilatının (DTT) yaydığı məlumatda bildirilir ki, hazırda dünya üzrə ümumi milli məhsulun 10%-i turizmin payına düşür. Xidmət sektorunun təqribən 1/3-ni turizm təşkil edir. Dünyada iqtisadi fəal əhalinin 8,1%-i turizmlə bağlı sahələrdə çalışır. DTT tərəfindən açıqlanan bu rəqəmlər turizmin bütün dünyada nə qədər əhəmiyyətli bir sahə olduğunu göstərir.

Son illər ölkəmizdə turizmin inkişafına böyük önəm verilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il “Turizm ili” elan edilib. Ölkə başçısının 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” isə bu sahənin inkişafına göstərilən diqqətdən xəbər verir. Həmçinin 2002-ci ildən başlayaraq hər il ölkəmizdə  Beynəlxalq Turizm Sərgisi (AİTF) təşkil olunur. 2006-cı ildə Azərbaycan Turizm İnstitutu açılıb. Turizm İnstitutunun ilk məzunları artıq bu sektorda fəaliyyətə başlayıblar. Son 10 il ərzində 100-dən çox turizm şirkəti qeydiyyatdan keçib. Hazırda bu sektorda 207 şirkət fəaliyyət göstərir. Müvafiq qurumlar 295 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə razılıq veriblər. Son 5 ildə ölkəyə gələn turistlərin sayı 2 dəfə artıb. Dövlət Statistika Komitəsi (DSK) 2005-ci ildə ölkəmizə 693 min, 2010-cu ildə isə 1,28 milyon turistin gəldiyini bildirir.

 

Ölkəyə gələn turist sayında ciddi azalma var

 

Bütün bu uğurlarla bərabər ötən ilin sentyabr ayında viza rəsmiləşdirilməsinə edilən dəyişikliklər bu sahənin mütəxəssisləri və turizm şirkətləri tərəfindən birmənalı qarşılanmır. Məlum olduğu kimi bu dəyişikliklərdən sonra Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrdən və Türkiyədən gələnlər istisna olmaqla digər dövlətlərin vətəndaşlarına Bakı hava limanında və digər sərhəd keçid məntəqələrində viza verilməsi proseduru ləğv edilib. Əcnəbilər ölkəmizə yalnız dəvət əsasında gələ bilirlər və viza almaq üçün əvvəlcədən xarici dövlətlərdəki konsulluqlarımıza müraciət etməlidilər. Bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, yeni qaydalar ölkəmizə turistlərin gəlməsinə mane olacaq.

Məsələ ilə bağlı müraciət etdiyimiz turizm şirkətləri də yeni qaydaların ölkəmizə gələn turist sayına təsir etdiyini bildirirlər. Ölkənin aparıcı turizm şirkətlərindən olan “PASHA Travel”in Ofis və Müştəri Xidmətləri üzrə meneceri Emil Məmmədov bizimlə söhbətdə bildirdi ki, viza rəsmiləşdirilməsinə edilən məlum dəyişikliklər ölkəyə gələn turist sayında ciddi azalmaya səbəb olub. “Dəyişikliklərdən sonra bizim şirkətin xətti ilə Azərbaycana gələn  turistlərin sayında təqribən 70% azalma qeydə alınıb”, - deyən müsahibimiz onu da bildirdi ki, təmsil etdiyi şirkət daha çox turist göndərişləri ilə məşğul olduğu üçün yeni qaydalar onların işinə ciddi təsir etməyib.

 

Şirkətlər xarici ölkələrdən turist gətirə bilmirlər

 

“ButterFly Travel” şirkətinin rəhbəri Murat Eşme də viza rəsmiləşdirilməsi ilə bağlı yeni qaydaların ölkəyə gələn turistlərin sayına təsir edəcəyini bildirdi. “ButterFly Travel” şirkətinin rəhbəri hesab edir ki, turizmin inkişafı üçün viza qaydalarının sadələşdirilməsi olduqca vacibdir: “Bir neçə ildir, Türkiyə ölkəyə gələn turist sayını artırmaq üçün viza qaydalarını sadələşdirməyə başlayıb. Qısa müddət ərzində bu, öz nəticəsini göstərdi və Türkiyəyə gələn turistlərin sayında 7,8% artım baş verdi”. Həmsöhbətimiz təmsil etdiyi şirkətin daha çox turist göndərişləri ilə məşğul olduğunu və bu səbəbdən viza  rəsmiləşdirilməsilə bağlı yeni qaydaların turist sayına necə təsir etdiyindən məlumatsız olduğunu bildirdi: “Yeni qaydalar hələlik bizim şirkətə təsir etməyib. Amma biz xarici ölkələrə turist göndərdiyimiz kimi, Azərbaycana da turist gətirmək istəyirik. Bu baxımdan yeni qaydalar bizim işimizə də mane olur”.

“Bilet x travel” şirkətinin sahibi Alirıza Buçan isə bizimlə söhbətdə qeyd etdi ki, viza qaydalarının sərtləşdirilməsi turizmin inkişafı üçün ən ciddi maneələrdən biridir. “Müqayisə apardığımız zaman açıq şəkildə görülür ki, viza tələb edən ölkələrə daha az, viza tələb etməyən ölkələrə isə daha çox turist gedir. Bu gün Türkiyə qısa müddətli (5-6 gün) səfərlər üçün 100-dən çox ölkənin vətəndaşından viza tələb etmir. Bu turist sayının artması üçün olduqca əhəmiyyətlidir”, - deyən “Bilet x travel” şirkətinin sahibi viza problemi səbəbindən ölkəmizə turist gətirməkdə çətinlik çəkdiklərini bildirdi: “Biz yalnız Türkiyədən turist gətirə bilirik. Hazırkı şərtlər altında digər ölkələrdən turist gətirmək bizim üçün olduqca çətindir”.

Onu da xatırladaq ki, vaxtı ilə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın əsas müddəalarından biri, turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə (viza, gömrük və s.) qaydalarının təkmilləşdirilməsi ilə bağlı olub.

 

Rusiyadan 701 min, Çilidən isə 28 nəfər ziyarətçimiz olub

 

Yuxarıda qeyd etdiyimiz kimi, 2010-cu ildə turizm məqsədilə ölkəmizə 1,28 milyon insan gəlib. Bunlardan 48,3%-i və ya 662 min nəfəri istirahət və əyləncə, 42,8%-i və ya 548 min nəfəri işgüzar məqsədlər, 1,1%-i və ya 14 min nəfəri müalicə, 0,7%-i və 10 min nəfəri isə dini ziyarətlər üçün ölkəmizə gəlib. Son bir ildə xarici ölkələrdən Azərbaycana istirahət və əyləncə üçün gələnlərin sayı 12,7%, işgüzar məqsədlər üçün gələnlərin sayı 44,1%, müalicə üçün gələnlərin sayı 27%, dini ziyarətlər üçün gələnlərin sayı isə 70% artıb. Ötən il ölkəmizə ən çox Rusiya vətəndaşları səfər ediblər. Şimal qonşumuzdan bizi il ərzində 701 min insan ziyarət edib. Bundan başqa 2010-cu ildə ölkəmizə 492 min nəfər Gürcüstandan, 350 min nəfər İrandan, 215 min nəfər isə Türkiyədən gəlib. Öləmizi ən az ziyarət edənlər Koreya Xalq Demokratik Respublikası (15 nəfər), Fələstin (25 nəfər) və Çili (28 nəfər) vətəndaşları olub. Onu da qeyd edək ki,  DSK-dan açıqlanan sonuncu hesabatda (2009-cu il üçün) bildirilir ki, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi gəlirləri il ərzində cəmi 17,8 milyon manat təşkil edib.

 

Türkiyə turizmdən 22 milyard dollar qazanıb

 

Məlumat üçün bildirək ki, 2010-cu ildə turistlər ən çox Fransa, ABŞ, İspaniya və Çinə  üz tutublar. Ötən il Fransanı 74,2 milyon, ABŞ-ı 54,5 milyon, İspanyanı 52,2 milyon, Çini isə 50,9 milyon turist ziyarət edib. Region dövlətləri arasında turistlərin ən çox ziyarət etdiyi ölkə Türkiyə olub. İl ərzində Türkiyəyə 31 milyon turist gəlib. Bu göstərici ilə Türkiyə dünyada 7-ci sırada qərarlaşıb. Qardaş ölkə 2010-cu ildə  turizm sektorundan 22 milyard dollar gəlir əldə edib. Dünyada turistlərin ən çox ziyarət etdiyi şəhərlər arasında isə Antalya 4-cü sırada qərarlaşıb. İl ərzində Antalyaya 9,3 milyon turist səfər edib. İlk üçlüyə isə Paris, London və Sinqapur daxil olub.

 

 

ALLAHVERDİ CƏFƏROV

 

Zaman.- 2011.- 26-28 fevral.- S. 9.