Xocalıya qaçqın gələn, Xocalıdan qaçqın düşən Adilə ana: “Anam və iki bacım 4 övladı ilə o gecə ermənilərə əsir düşdü”

 

 Qəmbərova Adilə İbad qızı bu sözləri Xocalı faciəsinin ildönümü ərəfəsində bizimlə söhbətində söylədi. Adilə ana Xocalıda doğulub boya-başa çatmasa da, tale sonradan onu bu şəhərə gətirib və o da xocalılılar kimi 1992-ci ildən bu günədək həmin faciənin dəhşətini, ağrısını yaşayır.

 Həmişə televiziyalarda, qəzetlərdə, radiolarda əsirlikdə qalan insanlarla bağlı xəbərləri diqqətlə izləyirik. Elə bilirik, nə vaxtsa əzizlərimizdən bir xəbər olacaq. Amma 19 ildir xəbər yoxdur. Bu gedişlə yəqin ki, ölənədək gözlərimiz yollarda qalacaq”. Qəmbərova Adilə İbad qızı bu sözləri Xocalı faciəsinin ildönümü ərəfəsində bizimlə söhbətində söylədi. Adilə ana Xocalıda doğulub boya-başa çatmasa da, tale sonradan onu bu şəhərə gətirib və o da xocalılılar kimi 1992-ci ildən bu günədək həmin faciənin dəhşətini, ağrısını yaşayır.

Dediyinə görə, həmin gecə anası Səltənət Məmmədova, bacısı Lətifə Məmmədova, onun azyaşlı övladları Səbuhi və Səlim Əliyevlər, digər bacısı Şövkət Məmmədova və onun azyaşlı oğlu Samir Cəfərov ermənilərə əsir düşüblər.

Adilə Qəmbərova Xankəndidə doğulub boya-başa çatıb, orada ailə qurub, ev-eşik sahibi olub. 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndidə təxribat törədərək, onların evi də daxil olmaqla, ümumilikdə 56 evi yandırıblar: “Bir müddət Ağdamda müvəqqəti məskunlaşdıq. Sonra bizə Xocalıda ev verdilər. Anamgilin də evi dağıdılmışdı. Ərizə yazıb, müraciət edəndən sonra onlara da ev verdilər. Beləliklə, anam, atam, bacım, onun iki övladı, qardaşlarım köçüb gəldilər bizim yanımıza”.

Adilə ana deyir ki, 1988-ci ildən 1992-ci ilə qədər heç bir problemsiz o evlərdə yaşayıblar: “Xocalı camaatı bizə çox yaxşı münasibət göstərdi. Qaynadıq - qarışdıq, biz onların xeyir-şərinə getdik, onlar da bizim. 1991-ci ildə atam rəhmətə getdi. Şövkət adında bir bacım həmin vaxt Rusiyanın Kuybışev şəhərində (indiki Samara-N.İ.) yaşayırdı. Atam dünyasını dəyişəndən sonra Şövkət orada qala bilmədi. Elə hey deyirdi ki, gəlin məni aparın. Axır anam gedib onu, uşaqlarını və yoldaşını gətirdi. Beləcə, bir xeyli müddət keçdi. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə qohumlarım gəlib dedilər ki, ermənilər Xocalını mühasirəyə alıblar, hazır olun”.

 

Faciədən öncə bir ay hava limanına gedib-gəlsək də, kömək edən olmadı”

 

Həmsöhbətimiz həmin günədək bir ay dalbadal Xocalıdakı hava limanına getdiklərini, amma Bakıya gələ bilmədiklərini söylədi: “Vertolyotla Bakıya gəlmək istəyirdik, amma kömək edən olmadı. Həmin gecə uşaqlara dedim ki, əyninizi qalın geyinin, gedirik. Anamgilə gəldik və onlarla birgə yola düşdük. Gəldik çatdıq Qarqar çayına. Çayın yanına çatanda bir də gördüm ki, oğlum Zaurun ayağında ayaqqabısı yoxdur. Sən demə, Zaur evdən çıxanda ayaqqabı əvəzinə, şapap geyinibmiş, fikir verməmişəm. Güllə göydən yağış kimi yağırdı. Anama dedim ki, qayıdıram evimizə, Zaura ayaqqabı götürüb gələcəm. Dedi, arxayın ol, burada gözləyirik. Onu da deyim ki, həmin vaxt çayın kənarında çoxlu polis vardı. Hava qarlı və şaxtalı olduğu üçün onlar ayaqları islanmasın deyə bir-bir adamları qucaqlarına alıb çaydan keçirirdilər. Tələm-tələsik evdən ayaqqabıları götürüb gəldim. Yoldaşım və uşaqlarım məni çayın kənarında gözləyirdilər. Amma nə anam vardı, nə bacılarım, nə də onların uşaqları. Yoldaşımdan soruşdum ki, Astan, bəs anamgil hanı? Dedi, anan ağır, yaşlı adamdı, göndərdim ki, qabaqda getsinlər, biz də bir azdan onlara çatarıq. Beləcə, bizi də çaydan keçirdilər”.

 

“İnsanları ot kimi biçirdilər

 

O andan etibarən Adilə Qəmbərovanın nə anasını görən olub, nə bacılarını, nə də onların körpələrini: “Kimdən soruşduq, dedi ki, görməmişəm. Böyük qardaşımla kiçik qardaşım da gəlib çıxdılar. Onlar da kimdən soruşdularsa, anamı gördüm deyən olmadı. Böyük qardaşım Afir dedi ki, siz yavaş-yavaş gəlin, mən qabaqda gedib anamgili axtaracam. Amma kaş ki, getməyəydi, ermənilər, heç olmasa, onu öldürməzdilər...

Biz Naxçıvanikə çatanda artıq hava işıqlaşırdı. Hər yer BMP-lərlə dolu idi, bizi mühasirəyə almışdılar. Xeyli qabaqda yüzlərlə adam gedirdi. Təpədən baxanda gördüm ki, insanları ot kimi biçirlər”.

 

Ermənilər sağ qalan soydaşlarımızı maşınlara yığıb aparırdılar

 

Beləcə, min bir müsibətlə onlar Ağdamın bir neçə kilometrliyinədək gəlib çıxırlar: “Ağdama çatmağa lap az qalmışdı. Ermənilər sağ qalan soydaşlarımızı maşınlara yığıb harasa aparırdılar. Bəxtimiz onda gətirdi ki, bizə gəlib çatanadək qaranlıq düşdü. Zülmət düşənədək gözlədik. Qardaşım dedi ki, artıq getmək vaxtıdır. O, hər dəfə belə dedikcə mən çiynindən basıb deyirdim ki, sakit dur, birdən bizi qırarlar. Qəfildən Azərbaycan dilində kiminsə uzaqdan qışqırığını eşitdik. O, meşədə sağ adam qalıb-qalmadığını soruşurdu. Əvvəl elə bildik ermənilərdi, bizə tələ qurublar. Bir xeyli gözləyəndən sonra dedilər ki, qorxmayın, Ağdam uşaqlarıyıq”.

 

Anamgili Vəng kəndində görən olub

 

Ağdama gələndən sonra da, Bakıya köçəndən sonra da, elə indinin özündə də əzizlərini, doğmalarını axtarır Adilə anamız: “Bibim Sumqayıtda yataqxanada yaşayır. Bir gün gəlib dedi ki, Xocalıdan bir qadınla tanış olmuşam, deyir qardaşı Şahin bir ailəyə görə Xocalıda ermənilərə əsir düşüb. Bibim ondan soruşanda ki, bu ailə kimdir, o mənim qohumlarımın adlarını çəkib. Sumqayıta yollanıb həmin qadının qardaşı, sonuncu dəfə qohumlarımı meşədə görən Cavanşir adlı şəxslə görüşdüm. Cavanşir dedi ki, qardaşı Şahin onları mühasirədən çıxarmaq üçün çox cəhd göstərib. Amma sonradan anamın xahişi ilə onun uşaqları qızdırmaq üçün qaladığı ocaq onların ermənilərin əlinə keçməsinə səbəb olub. Cavanşir dedi ki, o, sürünə-sürünə birtəhər aradan çıxıb, amma Şahin anamgili yarıyolda qoyub gəlməyib, onların yanında qalıb. Sonra da anamgili çox soraşıq etdim. Bir gün dedilər ki, Ağcabədinin Hüsülü kəndində əsirlikdən qayıdan bir qadın var. O, anamgili Vəng kəndində gördüyünü söyləyirmiş. Amma biz həmin kəndə gedəndə həmin qadın artıq Sumqayıta köçmüşdü. Ona görə onu görmək bizə nəsib olmadı”.

 

Xankəndidəki evimi dəyişmədiyimə peşmanam

 

Bakıya köçəndən sonra Adilə anagilə Azərbaycan Müəllimlər İnstitutunun yataqxanasında iki otaq ayırıblar: “1992-ci ildən 2010-cu ilədək həmin yataqxanada yaşadıq. Nəhayət, ötən il həmin institutun rektoru Aqiyə xanımın da köməkliyi ilə bizə Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış kompleksindən ev verdilər”. Adilə xanım hər üç övladının dövlət tərəfindən işlə təmin olunduğunu dedi: “Çox istərdim ki, onları yerbəyer edim, onların da ailəsi olsun. Bu mövzuda onlarla tez-tez söhbətləşirəm. Hərdən onlar da məni danlayırlar. Deyirlər ki, gərək o vaxtı Xankəndidə yaşayan bir çox soydaşlarımız kimi, biz də evimizi dəyişib, bu tərəflərə köçəydik. Amma mən neyləyim, evimizi əzab-əziyyətlə təzə tikib qurtarmışdıq, dəyişməyə əlim gəlmədi. Əgər bilsəydim ki, başımıza belə müsibətlər gələcək, dəyişərdim”...

 

 

NİCAT İNTİQAM

 

Zaman.- 2011.- 26-28 fevral.- S. 5.