Rusiya Qarabağda nədən
narahatdır?
Rusiyanın
münaqişənin aradan qaldırılmasında təktərəfli
şəkildə təşəbbüsü ələ
alması cəhdlərinin iflasa uğramasından sonra bölgədə
yaranan boşluğu ABŞ-ın və digər dövlətlərin,
o cümlədən İranın doldurmaq cəhdləri
aydın şəkildə hiss edilməkdədir.
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan
prezidentləri arasında Kazanda keçirilən və nəticəsiz
tamamlanan növbəti görüşdən sonra problemin
aradan qaldırılması məsələsində, şahmat
ifadəsi ilə desək, pat vəziyyəti yaranıb. Bu
baxımdan münaqişə bölgəsində hazırda əmələ
gələn son durum və atəşkəsin
pozulmasının intensivləşməsi olduqca təhlükəli
hesab edilir. Təsadüfi deyil ki, Beynəlxalq Böhran Qrupunun
son hesabatında cəbhə xəttindəki kövrək atəşkəs
rejiminin hər an pozula və bölgədə yeni müharibə
təhlükəsinin başlaya biləcəyi barədə xəbərdarlıq
edilib. Buna paralel olaraq, hər iki tərəfin problemin həlli
ilə əlaqədar öz mövqelərindən geri çəkilməyəcəklərini
sərt şəkildə bəyan etməsi və
qarşılıqlı ittihamlar da bölgədə yenidən
müharibə küləklərinin əsdiyini göstərməkdədir.
Bu müstəvidə də münaqişənin həllində
təşəbbüsü ələ almağa
çalışan və ATƏT Minsk Qrupunun digər həmsədrlərini
dolayısilə problemin aradan qaldırılmasında oyundankənar
vəziyyətə salmağa çalışan Rusiyanın qəribə
bir narahatlıq keçirdiyi açıq-aydın nəzərə
çarpır. Prezidentlərin Kazan görüşündən
dərhal sonra Rusiya mətbuatında, o cümlədən
“Kommersant” və “Nezavisimaya qazeta”da gedən yazılarda
Medvedevin Azərbaycan və Ermənistan dövlət
başçılarının problemin həllində ortaq məxrəcə
gələ bilməmələrindən “əsəbiləşdiyi”
xüsusi tonla vurğulanırdı. Hətta qonşu ölkə
( Rusiya) mətbuatı Kremldəki etibarlı mənbələrə
əsasən, Medvedevin daha danışıqlar prosesində
iştirak etməyəcəyi barədə Azərbaycana və
Ermənistana ünvanlanan təhdid dolu açıqlamasına
geniş yer vermişdi. Sual ortaya çıxır: Kazanda
başa çatan uğursuz görüşdən sonra Rusiya
Prezidentinin münaqişədə olan tərəfləri
ortaq məxrəcə gəlməməkdə ittiham etməyə
haqqı çatırmı? Əslində bu suala birmənalı
şəkildə cavab vermək mümkündür: yox. Niyə?
- Ona görə ki, dünyanın heç yerində təcavüzkarın
nazı ilə oynamırlar və ona qarşı daha sərt
mövqe nümayiş etdirirlər. Digər tərəfdən
də, Rusiya vaxtilə Dağlıq Qarabağ münaqişəsinin
körüklənməsində xüsusi rol oynayıb və
bu gün də problemin aradan qaldırılması yolunda ciddi
maneəyə çevrilib. Məhz buna görə də Beynəlxalq
Böhran Qrupunun son hesabatında Rusiya açıq şəkildə
münaqişənin həllinə mane olmaqda
günahlandırılıb. Bu isə o deməkdir ki, Azərbaycan
və Ermənistan prezidentləri arasında Kazanda keçirilən
görüşün uğursuz başa çatmasında və
vasitəçilər tərəfindən onlara təklif edilən
“Yol xəritəsi”nin imzalanmamasında məsuliyyət məhz
Rusiyanın üzərinə düşür. Bu müstəvidə
də beynəlxalq aləmdə Rusiya əleyhinə xoşagəlməz
rəyin formalaşması Kremli silkələyərək vəziyyətdən
çıxış yolu axtarmağa və hər vasitə ilə
danışıqlarda uğur əldə edilməməsinin
günahını münaqişə edən tərəflərin
üzərinə yıxmaq cəhdlərinə baş
vurmağa məcbur edir. Məsələn, Rusiya xarici işlər
naziri Sergey Lavrov bir neçə gün əvvəl: “Rusiya
münaqişənin həllində maraqlıdır, ancaq tərəflərin
ortaq məxrəcə gələ bilməməsi bizi də
ciddi narahat edir. Biz belə bir vəziyyətlə
razılaşa bilmərik”, - deyib.
Amma Rusiyanın münaqişənin həllində Lavrovun ifadəsi ilə desək
“narahatlığının” sonunda
tamam başqa səbəblər dayanır.
Azərbaycanın itirilməsi, ABŞ-ın təşəbbüsü
ələ alması
Rusiyanın münaqişənin aradan
qaldırılmasında təktərəfli şəkildə
təşəbbüsü ələ alması cəhdlərinin
iflasa uğramasından sonra bölgədə yaranan
boşluğu ABŞ-ın və digər dövlətlərin,
o cümlədən İranın doldurmaq cəhdləri
aydın şəkildə hiss edilməkdədir. Obama
administrasiyası yenə də problemin qısa müddətdə
aradan qaldırılmasının vacibliyini vurğulayaraq,
bununla əlaqədar bütün imkanlardan istifadə edəcəkləri
barədə münaqişədə olan tərəflərə
mesaj göndərir. İran isə münaqişənin
bölgə dövlətləri tərəfindən həllinin
vacibliyini vurğulayaraq, vasitəçilik missiyasını
yenidən öz üzərinə götürməyə
hazır olduğunu iddia edir. Təbii ki, bütün bunlar da
Rusiyanı narahat etməyə bilməz. Ona görə də
Moskva tələm-tələsik şəkildə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərini Moskvaya dəvət
edib. Lavrov bu müstəvidə Moskvada Ermənistan xarici
işlər naziri Edvard Nalbandyanı qəbul edərkən
deyib ki, Dmitri Medvedev yaxın vaxtlarda Dağlıq Qarabağ
münaqişəsinin həllində sonrakı addımlarla
bağlı qərar qəbul edəcək. O: “Dmitri Medvedev
danışıqlar prosesində digər həmsədr ölkələr
- ABŞ və Fransa prezidentləri tərəfindən də
dəstəklənən vasitəçi olaraq Kazan
görüşündən sonra yaranmış vəziyyətin
analizini başa çatdırıb və ən yaxın vaxtda
sonrakı addımlar barədə qərar qəbul edəcək”,-deyib.
Lavrov münaqişənin həlli ilə
bağlı Medvedevin atacağı addımların mahiyyəti
barədə açıqlama verməyib. Amma inanmaq çətindir
ki, Medvedev müttəfiqi Ermənistanı qane etməyən
hansısa təkliflə çıxış etsin. Çox
güman ki, Medvedevin yeni təklifləri Rusiyanın tərəfləri
daha da nəzarətdə saxlamağa xidmət edərək
sülh danışıqlarının yenə də imitasiya
xarkteri daşımasına və problemin həllinin daha da
uzadılmasına yönələcək. Çünki
hazırkı vəziyyətdə Rusiya Azərbaycanı itirməkdən
və sülh danışıqlarında ABŞ-ın yenidən
təşəbbüsü ələ almasından ehtiyat edir.
Bu da əsassız deyil. Prezidentlərin Kazan
görüşündə Rusiyanın təcavüzkara
münasibətdə yenidən seyrçi mövqedə
dayanması və problemin aradan qaldırılması
üçün təcavüzkara hər hansı təzyiq
göstərmək niyyətində olmadığını
nümayiş etdirməsi Bakıda heç də birmənalı
qarşılanmayıb. Düzdür, rəsmi Bakı bununla
bağlı bu günə kimi Moskvanın ünvanına hər
hansı ittiham səsləndirməyib. Ancaq Prezident İlham Əliyevin
uğursuz nəticələnən danışıqlardan sonra
Kazanda Rusiya Prezidentinin şərəfinə keçirilən
at yarışlarında iştirak etməyərək dərhal
Bakıya qayıtması siyasi müşahidəçilər
tərəfindən Azərbaycanın Rusiyanın münaqişənin
həllindəki nümayiş etdirdiyi mövqeyə səssiz
etirazı kimi dəyərləndirilir. Xatırladaq ki, rəsmi
protokola əsasən, İlham Əliyev Kazan
danışıqlarından sonra adıçəkilən
şəhərdə keçirilən at
yarışlarında iştirak etməli idi.
Tanınmış politoloq Vəfa Quluzadənin təbiri ilə
desək, Rusiya Prezidentini danışıqların uğursuz nəticələnməsindən
daha çox, at yarışları maraqlandırırdı:”
Çünki Rusiya öncədən prezidentlərin Kazan
danışıqlarında uğur əldə edilməyəcəyini
bilirdi”.
“Danışıqların formatı dəyişdirilə
bilməz”
Moskvanın narahatlığı
yalnız danışıqlarda təşəbbüsü
ABŞ-ın və ya digər ölkələrin ələ
alması ilə əlaqədar deyil.
Belə ki, Lavrovun dünən Nalbandyanı qəbul edərkən
söylədiyi fikirlər Moskvanın
narahatlığının arxasında digər səbəblərin
də dayandığını üzə çıxarıb.
Məsələn, Nalbandyanla görüşündə Sergey
Lavrov danışıqların formatının dəyişdirilməsinin
yolverilməz olduğu və bunun problemin aradan
qaldırılmasına yardım etməyəcəyi barədə
daha çox xəbərdarlıq təsiri
bağışlayan bəyanat verib.
O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri
tərəflərlə daim görüşür, Bakı,
İrəvan və Xankəndini ziyarət edir: “Xüsusən
belə həlledici mərhələdə vasitəçiliyin
formatını dəyişmək barədə söhbətlərin
səmərə verəcəyini düşünmürəm.
Belə ideyalar diqqəti mahiyyətdən yayındırır.
Dağlıq Qarabağ münaqişəsinin həllində
vasitəçiliyin formatını dəyişmək cəhdləri
səmərə verməz, bu, Dnestryanı münaqişənin
həlli prosesinə də aiddir. Bütün bunlar hiyləgərlikdir.
Əsas olan siyasi iradədir”.
Nalbandyan da Lavrovu dəstəkləyərək
bəyan edib ki, münaqişənin həllinin BMT Baş
Assambleyası və digər assambleyaların müstəvisinə
keçirmək cəhdləri mənasızdır.
Xatırladaq ki, bu ilin sentyabr ayında
Nyu-Yorkda keçiriləcək
BMT PA-nın növbəti sessiyasında Azərbaycan tərəfinin
təşəbbüsü ilə Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsi yenidən
müzakirəyə çıxarılacaq. Bu isə həm
Ermənistanı, həm də onun müttəfiqi Rusiyanı
təşvişə salıb. Çünki bu, sülh
danışıqlarını öz monopoliyasına alan
Rusiyanın oyundankənar vəziyyətə
salınmasına, bölgədəki mövcud status-kvonun dəyişdirilməsinə,
münaqişənin həllinin sürətləndirilməsinə
yol aça bilər. Belə başa düşmək olar ki,
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla
görüşdə Lavrov Dağlıq Qarabağ
münaqişəsinin BMT PA sessiyasında müzakirə edilməməsi
üçün ona müxtəlif təzyiqlər edəcək
və hətta ölkəmizə qarşı şantaja belə
əl atacaq.
Bütün bunlar göstərir ki,
Moskva münaqişənin həllinə mövcud status-kvonun dəyişdirilməsinə
imkan verməmək üçün bütün vasitələrdən
istifadə etmək niyyətindədir.
Zaman.- 2011.- 7-8 iyun.-
S.13.