ADIMIZ VƏ SÖZÜMÜZ
BÖYÜK XALQLAR ARASINDA...
İlham
Əliyev: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların
vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim
bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız
var – azərbaycançılıq məfkurəsi! Mən arzu
edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar
həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər
ki, onların arxasında güclü Azərbaycan dövləti
dayanır və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər”.
“Diaspor” qədim
yunan sözü olub, hərfi mənada “səpələnmə”
deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan
xeyli əvvəl başladıqları işğal və
köçürülmə dövrünə təsadüf
edir. Müxtəlif ölkələrə hərbi
yürüşlər zamanı yunan ordusu əsgərlərinin
bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış
və buranın daimi sakinlərinə çevrilmişdilər.
“Diaspor” kəlməsi də məhz onların dilindən əmələ
gəlmişdir.
Azərbaycanda
“diaspor” anlayışı haqqında ilkin təsəvvürlər
indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin
dünyanın müxtəlif ölkələrində məskunlaşması
prosesi hələ bir neçə əsr əvvəl
başlanmışdı. Digər xalqlarla müqayisədə
azərbaycanlıların doğma torpağa daha çox
bağlılığı üzündən vətəni tərk
edib qürbətdə yaşamaqları onlar üçün
mənəvi baxımdan ağır olub . Təsadüfi deyil
ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “vətən
- qürbət” mövzusu mühüm yer tutur
Bu gün “Azərbaycan
Diasporu” dedikdə xarici ölkələrdə məskunlaşmış
azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə
yaşayan azərbaycanlılar” anlayışının təfsiri
“xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” Azərbaycan
Respublikasının qanununda öz əksini tapib.
Məlumat üçün deyək
ki , XX əsrin əvvəllərində azərbaycanlıların
xaricə axını daha geniş vüsət almağa
başlayıb . Qafqazda çar Rusiyasının antimüsəlman
və antitürk siyasəti məqsədli şəkildə
regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə
yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər
tərəfindən həyata keçirilən
soyqırımı, etnik təmizləmə siyasəti də
belə məkrli strateji niyyətlərdən törəyib. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə
axının miqyası xeyli azalsa da, demokratik respublikanın
süqutu tamamilə yeni bir situasiya formalaşdırıb. Xalq
Cümhuriyyətinin qurucularının və tərəfdarlarının
bolşeviklər tərəfindən ciddi təzyiqlərə
və təqiblərə məruz qalması onları ölkəni
tərk etmək məcburiyyətində qoyub . Təsadüfi
deyil ki, bu dövr azərbaycanlıların xaricə
axınının ən kütləvi miqyasda təzahür
etdiyi mərhələlərdən birini təşkil edib.
1949-cı il
fevralın 1-də Türkiyənin Ankara şəhərində
“Azərbaycan Kültür Dərnəyi”nin təsis edilməsi
dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində
ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti
dövründə milli təhlükəsizlik naziri işləmiş
Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy
Şeyxzamanlı ABŞ-da “Amerikanin Azərbaycan Cəmiyyəti”ni
təsis edib . Hazırda bu cəmiyyətə Saleh bəy
Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik
edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma
mərhələsinin məhz ötən əsrin
ortalarından başladığını söyləməyə
əsas verir
II Dünya
müharibəsindən sonrakı dövr Azərbaycan
diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar
oldu. Müharibə dövründə və sülhün bərqərar
olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin
sayı əhəmiyyətli dərəcədə artdı.
Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər
və müharibədən sonra müxtəlif səbəblər
üzündən Avropa ölkələrində məskunlaşan
azərbaycanlılar oldu. Sovet rejiminin amansız və qəddar
cəza mexanizmləri, qanlı repressiya onların bir
çoxunu geri qayıtmaqdan çəkindirdi, beləliklə,
xaricdə yaşayan azərbaycanlıların sayca artmasına
səbəb oldu.
Qeyd etmək
lazımdır ki, təxminən 30 milyon azərbaycanlının
tarixən yaşadıqları İran ərazisindən də
son onilliklər ərzində mühacirət edənlərin
sayı Azərbaycan Respublikasından gedənlərin sayından
qat-qat çox olub.
Ümumiyyətlə,
II Dünya müharibəsindən bir neçə il sonra
Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd
rejimi bütövlükdə SSRİ-dən xaricə
axının qarşısını alsa da, dissident hərəkatı
əvvəlkilərlə müqayisədə daha kütləvi
xarakter aldi. Təbii ki, Sovet respublikası olan Azərbaycan
üçün də belə bir təhlükə var idi.
Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin
genişləndiyi bir dövrdə - 1969-cu ildə Heydər
Əliyev Azərbaycana rəhbərlik etməyə başladi.
O, respublikanın həyatında, ictimai şüurun, milli
özünüdərkin təşəkkülündə yeni
bir mərhələnin özülünü qoydu.
XX əsrin
70-ci illərinin əvvəllərindən başlayan milli
dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin
inkişafi, mənəvi mühitin
sağlamlaşdırılması bütövlükdə
milli özünüdərkə təkan verdi. Həmin
dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə
milli ideoloji zəmində açıq və sistemli şəkildə
məşğul olmağa imkan verməsə də, mədəniyyət,
incəsənət, elm sahəsində ciddi iş
aparılır, respublikamızın nailiyyətləri təbliğ
edilir, dünya azərbaycanlılarının vətənlə
əlaqəsinə xidmət edəcək hər bir imkandan
istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin
güclənməsi, tərcümə işinin vüsətlənməsi,
xaricdə yaşayan həmvətənlərlə Azərbaycan
mədəni əlaqələr cəmiyyətinin (”Vətən”
cəmiyyəti) qurulması həmvətənlərimizin
birliyinə və vətənlə əlaqəsinə xidmət
edən belə mühüm addımlardan idi. Ilk növbədə
isə respublikamızın hərtərəfli inkişafı
həmvətənlərimizdə milli qürur hissi oyadaraq
onlarda ana yurda maraq və bağlılığı
artırırdı.
Azərbaycan
xalqının tarixi təkamülü sayəsində XX əsrin
sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar
olmuş və dönməz xarakter almışdır. Lakin
tarix boyu ictimai-siyasi proseslər elə gətirib ki, azərbaycanlıların bir hissəsi
əzəli ərazilərimizi tərk edərək planetin
müxtəlif ölkələrində məskunlaşıb,
yurd-yuva salıb.
Ötən əsrin
80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan
edən hadisələr imperiyanın sərhədləri
çərçivəsində demokratik düşüncə
tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının
alovlanmasına stimul oldu. Azərbaycanda bu proses daha sürətlə
getməyə başladı. Təsadüfi deyil ki, 1989-cu ildə
azərbaycanlılar “dünyanın ən mübariz xalqı”
adına layiq görüldülər. Erməni
separatçılarının ölkəmizin ayrılmaz tərkib
hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata
keçirməyə başladığı təxribatlar
xalqımızın milli oyanışında, milli
özünüdərk hissinin güclənməsində
mühüm rol oynadi.
1990-cı il 20 yanvar hadisələri
Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən
ən böyük hadisələrdən biri kimi tarixin
yaddaşına əbədi həkk edilib. Bu faciə xalqı
yumruq kimi birləşdirdi.
Hazırda
dünyanın əksər ölkəsində 300-ə
yaxın Azərbaycan icma və birlikləri fəaliyyət
göstərir və diasporumuzun təşkilatlanma prosesi bu
gün də davam edir.
Ayrı-ayrılıqda fəaliyyət
göstərən çoxsaylı cəmiyyət və birliklər
iş birliyi naminə bir araya gələrək Azərbaycan
federal birlikləri qurmağa başladılar. Bunların
sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna azərbaycanlıları
konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni
Muxtariyyətini, Almaniya-Azərbaycan cəmiyyətləri
federasiyasını, İsveç- Azərbaycan
Federasiyasını, Qazaxıstan, Qırğızıstan və
Özbəkistan azərbaycanlılarının “Turan” konqresini
və Qırğızıstanda “Azəri” ictimai birliyini
nümunə göstərmək olar. Bu cəmiyyət və
birliklər fəaliyyət göstərdikləri ölkələrlə
Azərbaycan arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı, həmvətənlərimizin
təşkilatlanması, onların tarixi vətənləri ilə
əlaqələrinin möhkəmləndirilməsi sahəsində
əhəmiyyətli işlər görə biliblər. Yeni
icma və birliklərin qurulması tendensiyası digər
ölkələri də əhatə etmiş və Belarus-Azərbaycan
İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi,
Özbəkistan-Azərbaycan Mədəniyyət Mərkəzləri
assosiasiyası, Azərbaycan-Norveç Assosiasiyası öz
qüvvələrini bir mərkəzdə birləşdirmək
əzmində olaraq bu sıraya qatılıblar
Aparılmış
məqsədyönlü işlər nəticəsində
yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında
və bir çox ölkələrdə, o cümlədən
Özbəkistan, Qırğızıstan, Norveç, Niderland,
Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan,
Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş
Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası,
Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan
icmaları qurulub . Yeni Azərbaycan icma və birlikləri təsis
edilməsi Azərbaycanın çağdaş diaspor
quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə
layiqdir.
Atalarımız
təsadüfən deməyiblər, el gücü -sel
gücü. Odur ki, elə edək ki, elimizin gücü bir
olsun. Elə edək ki, indiyədək
atalarımızın birləşmək istiqamətində
illərdir gördükləri işləri bir günə puç etməyək,
əksinə, daha da möhkəm və qüdrətli diaspor
quraq ki, böyük xalqlar arasında bizim də adımız
olsun . Həm də sözümüz...
AYAZ NİZAMİOĞLU
Zaman.-2011.-9-11
iyul.- S.8.