Heydər Əliyev milli maraqların müdafiəsini dövlət siyasətinin prioritet istiqamətinə çevirdi 

  Hər bir müstəqil dövlətin öz varlığını beynəlxalq səviyyədə qoruyub saxlaya bilməsi onun özünün milli maraqlarını necə müdafiə etməsindən və buna uyğun olaraq on illər sonraya hesablanan xüsusi dövlət siyasətinin möhkəm təməllərini qoymasından asılıdır.

  Hər bir müstəqil dövlətin öz varlığını beynəlxalq səviyyədə qoruyub saxlaya bilməsi onun özünün milli maraqlarını necə müdafiə etməsindən və buna uyğun olaraq on illər sonraya hesablanan xüsusi dövlət siyasətinin möhkəm təməllərini qoymasından asılıdır. Ötən əsrin ən görkəmli siyasətçilərindən olan məşhur dövlət xadimi Uinston Çörçill çıxışlarının birində bu barədə belə deyib: “Hər hansı bir dövlətin güclü və qüdrətli olması onun öz milli maraqlarını ən yüksək səviyyədə təmin etməyə qadir bir siyasət yeritməsindən asılıdır”, - deyib. Bu baxımdan 1991-ci ildə  dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan üçün milli maraqların müdafiəsinin dövlət siyasətinin prioritet, aparıcı sahəsinə çevrilməsi  ölkəmiz üçün taleyüklü bir məsələ kimi qarşıya çıxdı. Amma həmin dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov və ondan sonra ölkəni idarə edənlər Azərbaycanın milli maraqlarını müdafiə edə, onu dövlət siyasətinin aparıcı sahəsinə çevirə bilmədilər. Nəticədə Ermənistan ordusu rus hərbi birləşmələrinin köməkliyi ilə addım-addım Azərbaycan ərazilərini işğal etməyə başladı. Bununla da Azərbaycan fəlakətə sürükləndi və ölkə yenidən öz müstəqilliyini itirməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir vəziyyətdə isə Azərbaycanı onu gözləyən fəlakətlərdən yalnız ölkənin milli maraqlarını yüksək səviyyədə təmin etməyə qadir olan təcrübəli bir dövlət xadimi xilas edə bilərdi. Belə bir siyasətçi və dövlət xadimi isə uzun illər Azərbaycana rəhbərlik edən və vaxtilə SSRİ kimi bir dövlətdə ən yüksək vəzifələrdən birini tutan Heydər Əliyev oldu. Ümummilli liderin siyasəti milli maraqlar üzərində qurulmuşdu.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqların təmini üzərində inkişaf etdirildi.

 

Milli maraqların müdafiəsinin mahir memarı

 

Ötən əsrin 40-50-ci illərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində şərəfli bir yol keçən, 1967-ci ildə əvvəlcə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə irəli çəkilən, 1969-cu ildən isə ölkəmizə rəhbərlik edən Heydər Əliyev milli maraqlarımızın nəinki İttifaq səviyyəsində, həm də beynəlxalq müstəvidə müdafiə edilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərdi.  Bununla da o, imperiyanın qılıncının qabağının da, dalının da kəsdiyi bir dövrdə milli maraqlarımızın müdafiəsini dövlət siyasətinin prioritet sahələrindən birinə çevirərək Azərbaycanın müstəqilliyinə gedən yolunun əsaslarını qoydu.

Heydər Əliyevin Azərbaycanın milli maraqlarının müdafiəsi üçün apardığı mübarizə ilə bağlı  çoxsaylı faktlardan birinə diqqəti cəlb etmək istəyirik.

1969-cu ilin noyabr ayı. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) yaradılmasının 50 illik yubileyi keçirilir. Tədbirdə iştirak edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevə söz verilir. O, alqışlar altında tribunaya çıxır və çıxışına Azərbaycan dilində başlayır. Hamını heyrət bürüyüb. Çünki o dövrdə nəinki respublika rəhbərləri, hətta ali məktəb rəhbərlərinin öz çıxışlarını rus dilində etməsi yazılmamış qanun hesab edilirdi və ona görə də əksər yüksək vəzifə sahibləri milli dildə danışmağa cəsarət etmirdilər. Heydər Əliyev isə ana dilimizdə: “Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universiteti milli-mənəvi ənənələrə sadiq qalan, milli maraqlarımızı həmişə müdafiə edən yüksək səviyyəli kadrlarımızın hazırlanmasında əvəzsiz xidmətlər göstərib və göstərəcək”,-deyir. 

Beləliklə, Heydər Əliyev ana dilimizdə danışdığına görə Moskvadan özünə edilə biləcək təzyiqlərdən çəkinməyərək həmin dövrdə yüksək vəzifələr tutan rəsmilərimiz və ziyalılarımız arasındakı qorxu xofunu dağıtdı və ana dilimizə, milli varlığımıza nə qədər sədaqətli olduğunu sübut etdi.

Burada istər-istəməz Almaniyanın məşhur dövlət xadimi Otto Bismarkı xatırlamalı oluruq. Otto Bismark Almaniyanın gələcəyi ilə bağlı etdiyi çıxışlarından birində: “Hər bir millətin milli maraqlarının təmininə yol onun ana dilindən keçir”,-demişdi.

Bu baxımdan Heydər Əliyev ana dilimizə xüsusi önəm verməklə və onu milli maraqlarımızın təminində önə çıxarmaqla sivil dünyamızın məşhur bir siyasətçisi olduğunu bir daha nümayiş etdirmiş oldu.

Heydər Əliyevin imperiya əsarəti altında belə milli maraqlarımızın müdafiəsini dövlət siyasətinin aparıcı sahəsinə çevirməsi 1978-ci ildə  qəbul edilən Konstitusiyamız zamanı parlaq şəkildə üzə çıxdı. Həmin dövrdə SSRİ-ni idarə edənlər yeni Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi yazılmasına razı deyildilər. Bunu görən Heydər Əliyev olduqca incə bir siyasi gediş etdi. O, Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin əksini tapması ilə əlaqədar respublika ictimaiyyəti nümayəndələrinin geniş toplantısını keçirdi. Müzakirələrdə çıxış edənlərin hamısı Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi əks edilməsinin vacibliyini qeyd etdilər. Beləliklə, Heydər Əliyev məsələyə müdaxilə etmədən ictimaiyyət nümayəndələrinin çıxışları əsasında ana dilimizin Konstitusiyamızda əksini tapmasına nail oldu. Bununla da Moskvanın məsələ ilə əlaqədar etirazının qarşısı ustalıqla alınmış oldu. Bu, Heydər Əliyev tərəfindən Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə və bunun dövlət siyasətimizin ana xəttinə çevrilməsinə verdiyi ən böyük töhfələrdən biri idi.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən  Heydər Əliyev Azərbaycanın milli maraqlarının müdafiəsi və bu müstəvidə də milli dövlətçilik ənənələrimizin bərpası uğrundakı mübarizəsini Moskvada da davam etdirdi. Məhz onun Moskvada işlədiyi illərdə Azərbaycanın milli maraqlarının müdafiəsi uğrunda dönmədən apardığı mübarizə nəticəsində respublikamızda milli azadlıq mücadiləsinin yeni mərhələsinin əsasları qoyuldu.

Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən istefa verdi. Bununla əlaqədar Heydər Əliyev sonralar, 1995-ci il avqust ayının 16-da keçirilən Milli Məclisin iclasındakı çıxışında: “1986-87-ci illərdə xidmət etdiyim dövlət siyasətinə müxalifətdə olmuşam. Məhz ona görə də 1987-ci ilin oktyabr ayında Siyasi Büronun üzvlüyndən istefa verdim. Niyə? Çünki mən Azərbaycanın milli maraqlarını müdafiə edirdim, xüsusən milli siyasətlə, milli respublikalara qarşı aparılan siyasətlə razı deyildim, Azərbaycana olan münasibətlə razı deyildim, bunu açıq deyirdim”,-demişdi.

 

“Heydər Əliyev nə edəcəyini çox yaxşı bilir”

 

Azərbaycan üçün olduqca ağır günlərdə - 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışı nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək səviyyədə qarşılandı. Onların qənaətincə, Heydər Əliyev kifayət qədər təcrübəyə malik bir dövlət xadimi idi və onun yenidən hakimiyyətə qayıdışının bölgədəki hərc-mərcliyin aradan qaldırılmasına önəmli şəkildə təsir göstərəcəyi şübhəsiz idi. Bununla belə, Qərbin bəzi dairələrində uzun illər SSRİ-də ən yüksək vəzifələrdən birini tutmuş Heydər Əliyevin yenidən keçmiş imperiyanın bərpası üçün cəhdlər edəcəyi ilə bağlı bir narahatlıq vardı. Üstəlik, həmin dövrdə Azərbaycan MDB-yə üzv olmağa hazırlaşırdı. Ona görə də Qərbin ali dairələri hələ 1979-cu ildə SSRİ imperiyasının dağılacağını uzaqgörənliklə söyləyən məşhur siyasətçi Zbiqnev Bzejinskinin Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlı fikrini bilmək istəyirdi. 1993-cü ilin yayında Nyu-Yorkda keçirdiyi mətbuat konfransında  Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi ilə bağlı suala cavabında Bzejinski: “Heydər Əliyev sivil dünyanın görkəmli siyasətçilərindəndir. O, bu vəzifədə Azərbaycanın milli maraqlarına cavab verən, onun müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən önəmli tədbirlər həyata keçirəcək. Heydər Əliyev nə edəcəyini çox yaxşı bilir”,-dedi və bununla da Qərbin bütün şübhələrinə son qoymuş oldu.

Həqiqətən, Bzejinski Heydər Əliyevin ölkəmizin milli maraqlarının qorunmasına xidmət edən və bu müstəvidə mahir bir şahmatçı kimi olduqca incə və hadisələri illərlə qabaqlayan mahir bir gediş etdiyini çox gözəl anlamışdı. Hadisələrin sonrakı gedişi göstərdi ki, Azərbaycanın MDB-yə üzv olması, ilk növbədə, ölkəmizin milli maraqlarına zərbə vuracaq və Ermənistanı təktərəfli qaydada dəstəkləyəcək qurumdaxili qərarların qəbul edilməsinə nəinki mane oldu, həm də bu, təcavüzkarın nəinki postsovet məkanı və dünyada ifşası üçün əhəmiyyətli bir tribuna rolunu oynadı. Azərbaycanın MDB daxilində özünün milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməsi digər dövlətlər üçün də bir nümunə oldu və onları imperiyanın bərpasına xidmət edən bir sıra sənədləri imzalamaqdan çəkindirdi.

Məhz Azərbaycanın milli maraqlarını nəzərə alan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi.  Bundan sonra bir-birinin ardınca xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft-qazla zəngin strukturlarının işlənməsi barədə  “Əsrin müqaviləsi” adlı tarixi sənədin imzalanması,  Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması ümummilli lider tərəfindən Azərbaycanın milli maraqlarının təmininə verilən daha bir töhfə oldu.

 Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təmini ilə bağlı Heydər Əliyev tərəfindən həyata keçirilən ən böyük tədbirlərdən biri də onun dünya azərbaycanlılarını bir araya gətirməsi oldu.  Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabr ayının 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydakı çıxışında Heydər Əliyev Azərbaycanın milli maraqlarının qlobal səviyyədə müdafiəsinə hesablanmış bu məşhur sözlərini söylədi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

2002-ci il iyul ayının 5-də isə Heydər Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. Həmin ilin dekabr ayında isə Heydər Əliyevin təşəbbüsü ilə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bu, ümummilli liderin Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi uğrunda apardığı mübarizəsinin zirvəsi idi.

Heydər Əliyevin Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə  təmininə yönələn xidmətlərindən biri də tarazlaşdırıcı siyasətin yeridilməsi oldu. Bu, Azərbaycanı müxtəlif dövlətlərin çəkişmə meydanına çevrilməsi təhlükəsindən xilas etdi.

Bir sözlə, hakimiyyətdə olduğu dövrlərdə ulu öndər Heydər Əliyev həyatını Azərbaycanın milli və ictimai maraqlarının yüksək səviyyədə müdafiəsi, ölkəmizi dünyanın nüfuzlu bir dövlətinə çevrilməsi kimi müqəddəs bir amala həsr etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 ƏZIZ MUSTAFA

 

Zaman.- 2011.-9-11 iyul.- S.8.