“Turizmin
inkişafı insanların həyat şəraitini
yaxşılaşdıracaq”
2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar
ölkəmizdə bu sahənin inkişafı məqsədilə
mühüm işlər görülür. Bundan əlavə, xaricdən ölkəmizə
turist cəlb etmək üçün geniş layihələr
həyata keçirilir. İqtisadi
və Sosial İnkişaf Mərkəzi (İSİM) də
turizmin inkişafı ilə bağlı islahatlara töhvə vermək məqsədilə
yeni sənəd - təkliflər paketi hazırlayıb. Mövzu
ilə bağlı suallarımızı cavablandıran
mərkəzin rəhbəri Vüqar Bayramov təkliflər paketinin
hökumətə təqdim ediləcəyini söylədi.
- Vüqar müəllim, turizmin inkişafı
baxımından Azərbaycanın hansı potensial imkanları
var?
- Turizmin dünya miqyasında inkişaf
tempi 4,3 faizdir. Azərbaycana
gələn turistlər isə dünyadakı turistlərin cəmi
0,003 faizini təşkil edir. Bu, olduqca
kiçik rəqəmdir. Bununla belə,
turizmi inkişaf etdirmək üçün Azərbaycanın
geniş potensialı var. Lakin bu potensialı imkana çevirmək
və inkişaf etdirmək istiqamətində hökumət tərəfindən
müvafiq infrastruktur işlər həyata keçirilməli,
rəqabət qabiliyyətli turizm biznesinin yaradılması təmin
olunmalıdır. Bu sektorun inkişafı
ilə bağlı müəyyən sənədlərin qəbul
edilməsinə baxmayaraq, ölkəmizdə turizm sektorunun
inkişaf prosesi qonşu ölkələrlə müqayisədə
hələ zəifdir.
- Xaricdən turistlərin cəlb olunmasına cəhd
göstərilməsi yaxşı haldır. Ancaq iş
orasındadır ki, bu gün yerli turistlərin xeyli hissəsi
istirahət üçün xaricə üz tutur...
- Düzdür, bir çox vətəndaşlarımız
daxildəki turizm xidmətlərindən yararlanmırlar. Onlar müalicə olunmaq məqsədi ilə
Rusiyanı, istirahət və əyləncə
üçün isə Türkiyəni seçirlər.
İstirahət üçün
Gürcüstana yollanan azərbaycanlılar da kifayət qədərdir.
Ümumilikdə, Azərbaycanın turizm sənayesinin rəqabət
apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz
və Şimali Qafqazdakı turizm müəssisələri,
Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri
və Gürcüstanın Qara dəniz sahilləri tutur. Digər alternativlər də mövcuddur. Bura
Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və
İranı aid etmək olar. Belə rəqabət
mənzərəsində uğurlu nəticələrin əldə
olunması üçün uzunmüddətli və
dayanıqlı turizm siyasətinə ehtiyac var. Hesab edirəm
ki, soydaşlarımızın istirahət üçün
xaricə üz tutmasının başlıca səbəblərindən
biri qiymətlərin baha olmasıdır. Unutmaq olmaz ki,
turistlər səfər etdikləri ölkələrdə əsasən
təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici
yerlər, qiymətlər və s. bu kimi amillərə diqqət
yetirirlər. Sözügedən amillərdən
birində problem olanda keyfiyyətli turizm amilinə xələl
gəlir.
Azərbaycanda otellərin
qiyməti də xeyli bahadır. Araşdırmalarımıza görə,
bir nömrənin qiyməti 300-1500 manat arasında dəyişir.
Lüks şəraitli “VİP” nömrələrdə
sutkalıq qiymət 1000 manatdan 2 min manata qədərdir.
Halbuki Amerikada 1 həftəlik səyahət
bizim vətəndaşa, gediş-gəliş xərcləri də
daxil olmaqla, 5-6 min dollara başa gəlir. Birləşmiş
Ərəb Əmirliklərində istirahətin qiyməti 1500
dollardır. Şimali Kiprdə isə belə
istirahət təxminən 1000 dollara başa gəlir. Türkiyədə Antalya kimi tanınmış
turizm bölgəsində istirahət xərci 600-700
dollardır. Bir neçə mehmanxananı
çıxmaqla, demək olar ki, xidmətlər dünya
standartlarından xeyli geridədir. Yəni
təklif olunan xidmətlərin keyfiyyəti otellərin malik
olduğu ulduzlara uyğun gəlmir. 4
ulduzlu otellərimizdəki xidmət səviyyəsi xaricdəki
2-3 ulduzlu otellərdəki xidmət səviyyəsinə bərabərdir.
- Sadalanan problemlər aradan qaldırılsa, Azərbaycana
ən çox haradan turist cəlb etmək mümkün olar?
- Azərbaycan üçün turizmdə ən
böyük bazar Rusiya və keçmiş SSRİ
respublikaları ola bilərlər. Çünki Türkiyəyə gedən turistlərin
70 faizi ruslar və ukraynalılardır. Dünyanın
bütün ölkələrində rus turistləri kütləvilik
təşkil edir. Cənub ölkələrindən
isə turistlər əsasən qış turizminə
üstünlük verirlər. Azərbaycanda
bu sahədən gəlir götürmək üçün
böyük imkanlar var.
- Mümkünsə, bir qədər də
hazırladığınız “Təkliflər paketi” barədə
söhbət açın.
- Bizim hazırladığımız “Təkliflər
paketi”ndə turizmin müxtəlif sahələri üzrə
ideya və təkliflər öz əksini tapıb. Məsələn, götürək qış
turizmini. Qış turizmi yetərincə
inkişaf edərsə, bu, sahibkarların iqtisadi vəziyyətinə
müsbət təsir edər və sonda onlar xidmətlərə
görə qiymətləri aşağı salarlar. Qış turizminin inkişafı turizm obyektlərinin
ilboyu fasiləsiz işləməsinə imkan yaradar. Bu da, öz növbəsində, ölkəyə
valyuta axının gücləndirər. Qış
turizminin inkişafı üçün Azərbaycanda bir
sıra qış idman növləri üzrə tədbirlərin
təşkilinə hazırlıq görülməlidir.
Bu həm ölkənin reklamı, həm də
imici üçün çöx vacib amillərdən olar.
Müqayisə üçün bildirim ki, hər il İsveçrə və Avstriya kimi ölkələrdə
müxtəlif qış idman növləri üzrə tədbirlər,
turnirlər keçirilir. Bu da həmin ölkələrə
turist və valyuta axınına səbəb olur.
Qış turizmi
üçün əlverişli olan regionlarda infrastrukturun
(yollar, elektrik enerjisi, qaz, su təchizatı, kanalizasiya sistemi)
vəziyyəti yaxşılaşdırılmalı, bu sahədə
işləmək istəyən yerli və xarici sahibkarlar
üçün vergi güzəştləri tətbiq edilməlidir.
- İnfrastrukturun səviyyəsini
artırmaq üçün hansı işlər görülməlidir?
- Nəqliyyat vasitələri xidmət tələblərinə
uyğunlaşdırılmalıdır. Avtobus
dayanacaqları, metro xəritə-sxemlərlə, işarələrlə
təmin edilməli, bu məlumatlar xarici dillərdə də
mövcud olmalıdır. Məlumatların
xarici dillərdə verilməsi də turistlərin şəhər
daxilində sərbəst hərəkətini
asanlaşdırar. Turizm marşrutları
üzrə mövcud olan nəqliyyat vasitələrinin
sayı artırılmalı, bura yeni nəqliyyat növləri
əlavə olunmalıdır. Turistlərə sərnişin
nəqliyyatının müxtəlif növləri - qatar, dəniz və çay gəmiləri,
avia çarter reysləri, avtobuslar təklif edilməlidir.
Yerli baza
infrastrukturları - su, qaz, elektrik təchizatı, kanalizasiya,
telekommunikasiya sistemi, nəqliyyat yolları lazımi səviyyəyə
çatdırılmalı, turistlərin tələbatına
uyğunlaşdırılmalıdır. İnfrastrukturun pis təşkili
antireklam xarakteri daşıyır.
Yolların kənarında
kempinq (pansionat) dayanacaqları, yol-istismar xidmət sahələri
yaradılmalı, müxtəlif çeşidli yerli və
xarici mətbəxlərə aid yeməklər təklif edən
restoranların sayı artırılmalıdır. Bu xidmətlər turistlərin
istirahətini daha asan və əlçatan edə, hər bir
turistin öz imkanına uyğun istirahət kompleksi tapa bilməsinə
şərait yaradar. Regionlarda səhiyyə
xidmətlərinin, informasiya texnologiyalarının
inkişafına xüsusi diqqət yetirilməlidir.
Turistlər ucqar yerdə istirahət etmələrinə
baxmayaraq, ətrafla əlaqə saxlamaqda çətinlik
çəkməməli, sürətli internet, peyk, rabitə
və s. xidmətlərdən istifadə edə bilməlidirlər.
- Otelçiliyin inkişafı ilə bağlı təklifiniz
varmı?
- Daxili
turizmin inkişafı üçün sahibkarlarımız 1 və
2 ulduzlu otellərin inşasına üstünlük verməli,
təklif edilən xidmətlərin çeşidini genişləndirməli
və qiymətləri aşağı salmalıdırlar. Hazırda daxili turizmin zəif olması bir sıra
sosial-iqtisadi səbəblərlə bağlıdır. Belə ki, turizm obyektlərində, eləcə də
işgüzar turizmlə əlaqədar otellərdə qiymətlər
bahadır. Sahibkarlar əsasən
ulduzların sayını çoxaltmaqla, qiymətləri
artırmağa üstünlük verirlər. 4-5 ulduzlu
otellər yerli vətəndaşlar üçün deyil, əsasən
xarici turistlər və iş adamları üçün
münasibdir. Bu da daxili turizmə mənfi təsir
göstərir. Daxili turizmin inkişafı yerli iş
adamlarının gəlirlərinin artmasına
yardımçı ola bilər. Bu da,
öz nöbəsində, iş adamlarının bu sahəyə
daha çox investisiya qoymasına, təklif edilən xidmətlərin
sayının, keyfiyyətinin artmasına səbəb olar. Bundan başqa, yerli əhali turizm imkanlarından
yararlanmaqla, daha keyfiyyətli və ucuz qiymətə istirahət
edər. Nəticədə yerli turistlərin
xarici ölkələrə axını azalar, valyutamız Azərbaycanda
qalar. Dövlət isə otellərin qiymət
siyasətinə nəzarəti gücləndirməlidir.
Bu sahəyə nəzarət edən xüsusi
qurum yaradılmalıdır və həmin qurum mütəmadi
olaraq otellərdə xidmətlərin səviyyəsini və
qiymətlərin monitorinqini aparmalıdır. 2 və 3
ulduzlu otellərin, hostellərin (yataqxana tipli, əsasən gənclər
üçün nəzərdə tutulan ucuz qiymətli yerləşdirmə
obyekti) yaradılmasına investisiya qoyan iş adamları
üçün vergi güzəştləri tətbiq edilməlidir.
Otel personalının
və oteldə çalışan işçilərin bilik və
bacarıqları inkişaf etdirilməli, infrastrukturun
müasir səviyyədə qurulmasına və təkilf edilən
xidmətlərin genişləndirilməsinə fikir verilməlidir.
- Turistlərin cəlbi üçün tarixi abidələrdən
istifadə barədə nə deyə bilərsiniz?
- Dünyanın bir çox ölkələrində
turizmin bu növündən geniş istifadə olunur. Amma bunun üçün tarixi abidələr
abadlaşdırılmalıdır, istirahətin təşkili
müasir tələbata uyğun
formalaşdırılmalıdır. Bu
yolla həm tarixi gələcək nəsillər
üçün qoruyub saxlamaq, həm də turistlərin
istirahətini maraqlı etmək olar. Azərbaycanda
mövcud olan Qobustan qayaüstü rəsmləri, İçərişəhər
tarix muzeyini, Şəki Xan Sarayını və. s yerləri tarixi abidələr kimi misal
göstərmək olar. Bu yerlərə müxtəlif
nəqliyyat vasitələri ilə turist marşrutları təşkil
etməklə, turistlərə bələdçilik və tərcümə
xidmətləri göstərməklə, onların istirahətini
daha asan və mənalı etmək olar. Görməli
yerlər haqqında informasiya xidməti təşkil
olunmalı, müxtəlif maarifləndirici bukletlər
çap edilməli, turizm saytları yaradılmalı, turistlərin
səfərləri üçün xüsusi turlar təşkil
olunmalıdır. Turizmdə reklamın
rolu böyükdür, çünki reklam turizm məhsuluna
olan təlabatın xarakteri və ölçülərinə
bilavasitə təsir göstərir. Bu mənada
reklam xidməti yaxşılaşdırılmalıdır.
- Ölkəmizdə fəaliyyət göstərən
turizm agentliklərinin işini qənaətbəxş hesab
edirsinizmi?
- Turist agentlikləri tərəfindən həyata
keçirilən xidmətlərin səviyyəsi də
yaxşılaşdırılmalıdır. Səyahət
marşrutunun hazırlanması, mehmanxanada və nəqliyyat
vasitələrində yerlərin
bronlaşdırılması, turistin getdiyi bölgədəki
yerləşdirmə vasitələri, gömrük və sərhəd
rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında
informasiya xidməti həyata keçirilməlidir. Bu xidmətlər turistlərə bir paket kimi təqdim
edilə bilər ki, bu da onların xidmətlər
üçün bir neçə ünvana baş çəkməsini
və vaxt itirməsinin qarşısını alar. Turizm sənayesində internetin və müasir
informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət
ayrılmalıdır. Şəbəkə
marketinqi həyata keçirilməli, təklif edilən xidmət
“on-line” rejimi üzərindən satılmalı, ərazicə
uzaq olan müştərilərlə əlaqə
yaradılması təmin edilməlidir. İnternetin
köməyi ilə biletlərin satılması, otel nömrələrinin
bronlaşdırılması, uzaqdan qeyri-nəğd
hesablaşmaların həyata keçirilməsi təmin edilməlidir.
- Vüqar müəllim, turizminin inkişafı həm də
yeni iş yerlərinin açılması deməkdir. Bu mənada “Turizm ili”ndən nə gözləyirsiniz?
- Qeyd etdiyim kimi, Azərbaycanın yay və
qış turizmin inkişafı baxımından böyük
potensialı var. Bu sahəni inkişaf etdirməklə Azərbaycanda
həm yeni iş yerləri açılacaq, həm də
dolayısilə insanlarımızın həyat şəraiti
yaxşılaşacaqdır. Əsas odur ki, səsləndirilən
fikirlər, edilən təkliflər söz olaraq qalmasın,
konkret iş görülsün.
NICAT İNTIQAM
Zaman.-2011.-12-13 iyul.-S.9.