“Tələbələrimiz “Qafqaz”ı diplom üçün deyil, təhsil üçün
seçirlər”
Abituriyentlərin
imtahan həyəcanı geridə qalıb. İndi onlar
ixtisasları ilə bağlı ali məktəblər və
fakültələr arasında seçim etməlidirlər.
Necə də olmasa, indi seçəcəkləri ixtisas bu və
ya digər formada onların gələcəklərini müəyyənləşdirəcək.
Bu baxımdan abituriyentlərə yardım etmək
üçün Azərbaycanın ən prestijli ali məktəblərindən
biri olan Qafqaz Universitetinin rektoru, professor Ähməd
Saniç ilə söhbətləşdik.
- Əhməd bəy, Qafqaz
Universiteti 2011-2012-ci tədris ilinə hansı yeniliklərlə
girir?
- Bu
tədris ilinə universitetimiz bir çox önəmli yeniliklərlə
başlayır. Bu il “Qafqaz”da jurnalistika və mexanika mühəndisliyi
kimi iki yeni fakültə açılır. Bundan başqa, tələbə
qızlar üçün 250 yerlik yataqxana istifadəyə
verilir. Həmçinin 7500 kvadratmetrlik yeni tədris
binamızın istifadəyə verilməsinin Azərbaycan təhsili
üçün xüsusi əhəmiyyətə malik
olduğuna inanıram.
2011-ci
ildə “BP-Azərbaycan” şirkəti tərəfindən
kimya mühəndisliyi laboratoriyası, “Azərsel” şirkəti
tərəfindən telekommunikasiya sahəsində 2G, 3G, 4G
laboratoriyası və “FAB Boyaları” şirkəti tərəfindən
informasiya texnologiyaları və robotlar mövzusunda innovasiya
laboratoriyası qurulub. Fizika laboratoriyamız üçün
yeni cihazlar alınıb.
2012-ci
ilin ilk 6 ayında yenə “BP-Azərbaycan” tərəfindən
mexanika laboratoriyası qurulacaq. Universitetimizlə əlaqəli
strategiya planımız da yenidən hazırlanıb.
- Bu il hansı ixtisaslar üzrə
qəbul planlarına dəyişiklik edilib?
-
Qeyd etdiyim kimi, bu il jurnalistika və mexanika mühəndisliyi
fakültələri açılıb. Jurnalistika fakültəsinin
Azərbaycana yenilik gətirməsi məqsədilə
İstanbul Universitetinin kommunikasiya fakültəsi ilə əməkdaşlıq
edirik. Qafqaz və İstanbul universitetlərinin professorları
universitetimizdə üç gün boyunca “dəyirmi masa”
toplantıları təşkil edərək, dərs
proqramlarını hazırlayıblar. Seçməli dərslərin
yardımı ilə televiziya-radio və mətbuat olmaqla iki
sahə üzrə mütəxəssis
hazırlayacağıq. Bununla birlikdə Azərbaycan ilə
yanaşı Türkiyə, Almaniya və ABŞ kimi ölkələrdə
təcrübə keçmək imkanı təşkil
olunacaq.
Yeni
açılan digər fakültə mexanika mühəndisliyidir.
Bu fakültə “BP-Azərbaycan” şirkətinin dəstəyi
ilə açılıb. “BP-Azərbaycan” ilə 3 pilləli
bir layihə hazırlamışıq. İlk pillə kimya
mühəndisliyi fakültəsinin açılmasıdır
ki, iki il öncə buna nail olduq və “BP-Azərbaycan”ın
maddi yardımı ilə müasir kimya mühəndisliyi
laboratoriyası qurularaq istifadəyə verildi. Kimya və
mexanika fakültələrində tədris ingilis dilindədir.
“BP-Azərbaycan”ın nümayəndələri ilə əməkdaşlıq
tədris zamanında da davam edəcək və tələbələrimiz
“BP”nin nəzdindəki sənaye müəssisələrində
təcrübə keçə biləcəklər. Äldə
olunmuş razılığa əsasən, ARDNŞ-ə
bağlı “Azərkimya” və Türkiyənin “Aliağa
Petrokimya” zavodlarında də tələbələrimiz təcrübə
keçə biləcəklər.
Daha
bir yenilik isə odur ki, beynəlxalq münasibətlər
fakültəsi bu il II ixtisas qrupunda olacaq. Beynəlxalq
münasibətlər üzrə mütəxəssislər
ingilis dilini çox yaxşı bilməlidirlər. Ona görə
də, universitetimizdə bu fakültənin tədrisi ingilis
dilindədir. Professor-müəllim heyətimiz Azərbaycanla
yanaşı, Türkiyə, Fransa, Ukrayna, ABŞ və Rusiyada
təhsil almış mütəxəssislərdən ibarətdir.
- Yüksək bal toplamış tələbələr
ümumiyyətlə, “Qafqaz”ı seçirlər. Bu baxımdan
dövlət sifarişli qəbulla əlaqəli builki qəbul
planı nə qədər olacaq?
-
“Qafqaz” 1993-cü ildən günümüzə kimi kredit
sistemi ilə təhsil verməkdədir və son iki ildir
Boloniya sisteminə keçib. 2600 məzunumuz 46 fərqli
ölkədə ya magistratura, ya da doktorantura təhsili
almaqdadır. Xüsusilə, son 3 ildə yüksək bal
toplamış abituriyentlər universitetimizi seçirlər. Məsələn,
ötən il 700 bal yığan 7 abituriyentin 4-ü, Prezident təqaüdü
alan 102 abituriyentin 25-i, 600-dən çox bal yığan 185
abituriyent “Qafqaz”ı seçib. Keçən il dövlət
sifarişi ilə 251 tələbə universitetimizə daxil
olub. Bu il dövlət sifarişi ilə 200 tələbənin
gəlməsi gözlənilir. Dövlət sifarişi ilə
qəbul olmayan fakültələrimizə yüksək balla
daxil olanları da nəzərə alanda bu il təxminən
250 tələbə bizdə pulsuz təhsil ala biləcək.
Universitetimizdə yüksək ballı tələbələrin
artması nəticəsində üç önəmli qərar
qəbul etmişik. Birincisi, tələbələrimizin
dünyanın Nobel kimi önəmli mükafatlarını ala
bilmələri üçün strateji planlar
hazırlamışıq. İkincisi, qəbul planımıza
müxtəlif ballar toplamış abituriyentlərin
“Qafqaz”ı seçmələrinə imkan verən dəyişikliklər
etmişik. Üçüncüsü, eyni ixtisas üzrə
ingilis və Azərbaycan dillərində paralel təhsil verən
bölmələrin sayını artırmışıq. Eyni
zamanda Azərbaycan dilində təhsil alan tələbələrimiz
üçün əlavə ingilis dili kursları təşkil
olunacaq.
- Artıq qəbul planı başa
çatıb, abituriyentlər seçim etməkdədirlər.
Bu seçimlərdə abituriyentlərə nə tövsiyə
edərdiniz?
-
Abituriyentlər sevdikləri ixtisası seçsinlər. İnsan sevdiyi ixtisasla uğur qazanır. Ümummilli liderimiz
Heydər Äliyev müəllimlikdən daha
yüksək məslək
tanımadığını bildirmişdi. Müəllim olmaq istəyənlər tərəddüd etmədən
bu ixtisası seçsinlər. Gələcəkdə müəllimlik layiq olduğu yeri tutacaq. İkincisi, abituriyentlər müasir
standartlara cavab verən, hər cür texniki imkanı olan universitetlərə üstünlük
versinlər.
- Bir abituriyent niyə Qafqaz Universitetini seçsin?
- “Qafqaz” qurulduğu
gündən etibarən
təhsillə bağlı
məsuliyyətini haqqıyla
yerinə yetirir. Məzunlarımızın prestijli yerlərdə və vəzifələrdə
işləməsi bizim
göstəricimizdir. Hazırkı tələbələrimizin bizdən
razı qalmaları və bizimlə bağlı söylədikləri
bizim reklamımızdır.
İş dünyasının və dövlətin təqdiri bizim fəxrimizdir. Məzunlarımızın
46 fərqli ölkədə
işləməsi bizim
bir dünya universiteti olmağımızın
göstəricisidir. İstər özəl,
istərsə də dövlət sektorunun məzunlarımızı işə
qəbul etmək üçün universitetimizə
gəlməsi məzunlarımızın
gücünü göstərir.
Bir nümunə çəkim.
Bir dəfə “Azersun Holdinq”in başqanı Abdulbari Gözəl bəylə söhbətləşərkən,
“Qafqaz”la bağlı fikir mübadiləmiz oldu. Ona Prezident Aparatının
şöbə müdiri
Äli Həsənovun,
təhsil naziri Misir Mərdanovun, hətta Türkiyə Prezidenti Abdullah Gülün
“Qafqaz”ı Harvard Universitetinə
bənzətdiklərini söylədim.
Abdulbari bəyin reaksiyası olduqca maraqlı oldu: “Aman “Harvard” olmayın. Qafqaz Universiteti olaraq qalın. Məzunlarınız həm bilgili,
həm tərbiyəli,
həm də etibarlıdır. “Harvard” məzunları özlərini
o qədər fərqli
görürlər ki,
öz masalarını
belə başqalarının
təmizləməsini gözləyirlər.
Bizə
“Harvard”lı deyil, “Qafqaz”lı gənclər lazımdır”. Bu, bizim üçün bir şərəfdir.
- “Qafqaz”ı
seçəcək gənclərə
hansı imkanları təqdim edirsiniz?
- Tələbələrimiz bizi
diplom üçün
deyil, təhsil üçün seçirlər.
Burada hər tələbəni böyük ideallarına qovuşduracaq şəraitimiz
var. Tələbələrimizin şad və kədərli günlərində
onların yanında olan tələbə-müəllim
münasibətlər sisteminə
malikik. Eyni zamanda, tələbələrimizi
ictimai həyata hazırlayan dərnək və klublarımız fəaliyyət göstərir.
Dünyanın inkişaf yolunu
dəqiq görən və əksəriyyət
etibarilə xaricdə
doktorluq müdafiəsini
edən professor-müəllim
heyətimiz, həmçinin
müasir laboratoriyamız
və müasir kurrikulumumuz var. Tələbələrə
ölkə xaricində
təhsil almaq və təcrübə qazanmaq imkanları veririk. Tələbələrdən hər dərs
ilə bağlı layihə hazırlamaq, onu idarə etmək və yekunlaşdırmaq tələb
olunur. Bu, onların layihələrlə
işləmək qabiliyyətini
inkişaf etdirir.
Tələbələrimizə olimpiadalarda iştirak
etmək imkanı veririk. Bütün tələbələrimiz ingiliscə bilir. İkinci xarici dil kimi
alman dilini öyrənmək təklif
olunur. Onlar Türkiyə türkcəsi
ilə yazılmış
elmi kitabları tam başa düşürlər.
İnformasiya texnologiyaları ilə
işləmək bacarığı
hər tələbəmizə
aşılanır. Yəni
“Qafqaz”ın tələbələrini
xoşbəxt gələcək
gözləyir.
- “Qafqaz”
ikili diplom proqramı həyata keçirir. Bu proqram haqqında nə deyə bilərsiniz?
- Bu il Avropa
Birliyinin qrant proqramlarından 3-ü “Tempus”, biri
isə “Erasmus-Mundus” olmaqla 4 layihə qazanmışıq.
“Erasmus Mundus” layihəsi
əsasında tələbələrimiz
Avropa universitetlərində
təhsil ala biləcək
və eləcə də “Qafqaz” Avropadan tələbə qəbul edə biləcək.
“Tempus” layihələri isə Avropa universitetləri ilə “Qafqaz”ın elmi əməkdaşlığını nəzərdə tutur.
Bunlardan
başqa, tələbələrimiz
təhsillərinin bir
qismini İngiltərə
və ABŞ universitetlərində
almaqla iki diploma eyni anda sahib ola bilirlər.
Bunu hələ ki, magistr və doktorantura pillələri üzrə həyata keçiririk. Bakalavrı da
bura daxil etmək üçün çalışmalarımız davam edir.
- Xaricdən, xüsusilə də Türkiyədən sizə
tələbələr necə
müraciət edə
bilərlər?
- Malavi, Nigeriya, Hindistan, Türkiyə, Rusiya, Türkmənistan, Qazaxıstan, Gürcüstan
və İran kimi 14 fərqli ölkədən 400-dək xarici
tələbəmiz var. Onlardan
300-ü Türkiyədəndir. Türkiyəli tələbələrin
“Qafqaz”da oxuya bilmələri üçün
onlar Türkiyədə
ÖSYM-nin təşkil
etdiyi LYS imtahanlarında
iştirak etməli və ən azı 160 bal toplamalıdırlar. Xaricdən müraciət
edən tələbələrimizlə
tək-tək görüşürük,
oxumaq istəyi olanları universitetimizə
qəbul edirik. Yaxud da türk liseylərindən
müsbət xasiyyətnamə
ilə gələnləri
qəbul edirik.
Universitetimizdə yerli və xarici
tələbələr arasında
fərq qoyulmur. Äksinə, onların arasında çox xoş və səmimi münasibətlər formalaşıb.
Hətta
azərbaycanlı və
əcnəbi tələbələr
qarşılıqlı olaraq
bir-birlərini öz evlərinə qonaq aparırlar.
- Məzunlarınızın
işlə təminatı
barədə nə deyə bilərsiniz?
- İşləmək istəyən hər tələbəmizin işlədiyini
desək, yanılmarıq. Məzunlarla məşğul
olan mərkəzimiz fəaliyyət göstərir.
Məzunlarımızın 86 faizi ya işləyir, ya da magistratura və doktorantura təhsilini davam etdirir. Onların 6 faizi əsgərlikdədir,
4 faizi evdar qadındır. 3-4 faiz
məzunumuz isə ya işini dəyişdirir,
ya da yeni
iş axtarır. Məzunlarımızın əksəriyyəti
isə universiteti bitirmədən iş tapır.
ANAR
QARAXANÇALLI
Zaman.- 2011.- 23-25 iyul.- S. 9.