Mətbuatsiz dövlət olmadIğI kİmİ, dövlətsız də mətbuat olmur 

 

 Ekspertlər hesab edirlər ki, vəziyyəti düzəltmək üçün ya bütün reklam bazarı müstəqil mətbuat orqanlarına yönəldilməli, ya da dövlət orqanlarına qəzet nəşr etməyə icazə verilməməlidir. Eyni zamanda qəzetlərə və mətbəələrə  uzunmüddətli güzəştli kreditlər ayrılmalıdir.

 

1875-ci il iyulun 22-də Həsən bəy əlinə bel götürüb, Azərbaycan mətbuatının kökünü torpağa əkdi. Deməli, söz əkildi; özü də cəhalət içində boğulan millətə zahirən əkin qaydalarını öyrətməklə. Əslində cəmi ikisəhifəlik “Əkinçi” mətbu nəşri isə maarifçilik deyilən bir hərəkatın qərarlaşmasına kökləndi.   

“Sijimqulu”, “Cüvəllağı”, “Lağlağı” imzaları ilə satirik qələm püxtələşdirən “Molla Nəsrəddin”  “Niyə məni döyürsünüz, ay müsəlman qardaşlarım,”- deyə-deyə milləti naqisliklərdən, gerilikdən çırpıb təmizləmək yolunu açdi. Çar Rusiyası isə ucqarlarda sərbəst fikrin formalaşmasına təkan verəcək qəzetlərin açılması və inkişafını hər vəchlə əngəlləməyə çalışır, bu məqsədlə də texniki  problemlər və qayçıdan məharətlə istifadə edirdi. Söz isə Zərdabi demişkən, daşı belə deşərək, öz işini görürdü. Cümhuriyyət dövründə “İstiqlal”, “Açıq söz”, “Hürriyyət, “İqbal” qəzetləri azad  mətbuat nəzəriyyəsinin təməlində dayanmağa, bir az da irəli gedərək millətə adını və Azərbaycan dilində “azərbaycanlı” ifadəsini təqdim etdi. Mətbuat azadlığına əl qaldırmaq, insan azadlığına təcavüz kimi qiymətləndirildi. Lakin tarixdəki ziqzaqlar mətbuatda da təsirini buraxdi. Yəni mətbuat 70 illik zaman kəsiyində  kommunist modelində fəaliyyət göstərərək, partiya və dövlət sektoruna məxsus şəkildə, təbliğatçılıqla məşğul oldubu dövrdə mətbuatın cəmiyyətdən üst qatda dayanmasını təsəvvür etmək mümkün deyil. Lakin milli azadlıq hərəkatlarının baş qaldırması ilə kütləvi informasiya vasitələrinin də monopoliyasi qırıldı. Qarabağa Xalq Yardımı Komitəsinin “Azərbaycan”, Azərbaycan Xalq Cəbhəsinin “Azadlıq” qəzetləri işıq üzü gördü. SSRİ məkanında ilk televiziyalardan biri-ANS quruldu. Bu siyahı artaraq 2148-ə çatdi. Bunun 600-dən çoxunu isə qəzet təşkil edir. Lakin qəzetlərin sayı kimi təsnifatı da genişdir. Yəni iqtidar, iqtidaryönlü, müxalifət, müxalifətyönlü və nəhayət, müstəqil.

Həsən bəy Zərdabi “Əkinçi” ilə Azərbaycan mətbuatının toxumunu səpəndə, heç bilməzdi ki, bir vaxt qəzetlər böyüməyin əzabını çəkəcəklər. Milli mətbuatın yeni gündəlik qayğıları əmələ gəlib. Yazılı KİV-in rastlaşdığı iqtisadi problemlər, üstəgəl bir sıra jurnalistlərin qeyri-peşəkarlığı tez-tez peşə etikasının pozulmasına yol açır. Maddi çətinlikləri olan jurnalistlər vasitəsi ilə mətbuat səhifələrində sifarişli yazılar peyda olur ki, bu da qəzetlərin obyektivliyinə xələl gətirir.

Mütəxəssislər yaranmış vəziyyəti ümumilikdə yazılı mətbuata marağın az olması ilə də izah edirlər. Azərbaycanda  indi irili xırdalı 600-ə yaxın qəzet çıxır ki, onların hamısını cəmləsək, ümumi tiraj  heç bir milyonu keçmir. Bu isə dünya ölkələri ilə müqayisədə olduqca aşağı göstəricidir. Çap xərcləri artdığından tirajlarını aşağı salmalı olan bəzi mətbuat təmsilçiləri isə bir müddətdən sonra, ümumiyyətlə, fəaliyyətlərini dayandırmalı olurlar.

Mətbuatın üzləşdiyi iqtisadi problemlər də az deyil; reklamından tutmuş, jurnalistin maaşınadək. Rəsmi statistikaya görə, Azərbaycanda qəzetlərin çoxu normal qaydada, yəni satış və reklam hesabına özünü maliyyələşdirə bilmir.

Ekspertlər hesab edirlər ki, vəziyyəti düzəltmək üçün ya bütün reklam bazarı müstəqil mətbuat orqanlarına yönəldilməli, ya da dövlət orqanlarına qəzet nəşr etməyə icazə verilməməlidir. Eyni zamanda qəzetlərə və  mətbəələrə  uzunmüddətli güzəştli kreditlər ayrılmalıdir. Amma mətbuatın problemi təkcə peşəkarlıq, səviyyə və maliyyə təminatı deyil. Artıq bir neçə ildir ki,  Azərbaycanda jurnalistin fəaliyyəti əxlaq kodeksi ilə yox, cinayət kodeksi ilə təmizlənir. Jurnalistləri daha məsuliyyətli, dövlət qurumlarını isə səbirli olmağa çağıran beynəlxalq təşkilatlar bunun əleyhinədirlər. Hökumətdə isə hesab edirlər ki, heç kim jurnalistlərə insanı təhqir etmək, ona böhtan atmaq və mənəviyyatına toxunmaq hüququ verməyib.

Amma Azərbaycanın qısa müstəqillik tarixinə nəzər salanda görmək olar ki,  dövlət həmişə mətbuata qarşı sonda xoşməramlı addım atıb. Deməli, ümid var. Bu ümid milli mətbuatın bütün problemlərini həll etməsə də, ən azı  dövlətlə  4-cü hakimiyyət arasında qarşılıqlı etimadın bərpa olunmasına səbəb ola bilər. Elə əsası da budur. Mətbuatsız dövlət olmadığı kimi, dövlətsiz də mətbuat olmur.

 

 

AYAZ NIZAMIOĞLU

 

 Zaman.- 2011.- 23-25 iyul.- S.3.