“Mənə müraciət edəni heç vaxt ümidsiz yola salmamışam”

 

Aydın Mirzəzadə: “Mən, ümumiyyətlə, vəd verməyi xoşlamıram. Seçicilərlə görüşlərimdə də bildirmişdim ki, vədlərlə deyil, əməli işlərimlə sizin etimadınızı doğruldacağam. Sadəcə, bildirmək istəyirəm ki, indiyədək mənə müraciət edəni heç vaxt ümidsiz yola salmamışam”.

  Aydın Mirzəzadə həm Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  millət vəkili,  politoloqdur. İşi başından aşıb-daşır desək, bəlkə də, səhv etmərik. Buna baxmayaraq, hamını dinləməyi, yanına gələnlərə vaxt ayırmağı bacarır. Sadə və  gülərüzdür, insanda özünə qarşı rəğbət yaradan xoş bir siması var. Milli Məclisə 47 saylı Mingəçevir Seçki Dairəsindən millət vəkili seçilib. Tez-tez doğma Mingəçevirə gələrək ona etimad edən seçiciləri ilə görüşür və onları narahat edən problemlərlə maraqlanır. Mincəçevirə növbəti gəlişində bizi düşündürən bu və digər suallarla ona müraciət etdik.

- Aydın müəllim, hər dəfə doğma şəhərə gələndə onlarla adam qəbulunuza düşmək istəyir. Maraqlıdır, Mingəçevir camaatı ən çox hansı problemlərlə bağlı sizə müraciət edir

- Bəri başdan deyim ki, mən özüm mingəçevirliyəm. Uzun müddət bu şəhərdə də çalışmışam. Ona görə də sakinlərin problemlərinə yaxından bələdəm. Onlarla görüşlərimdə bir qayda olaraq, mənzillə bağlı müraciətlərin üstünlük təşkil etdiyinin şahidi olmuşam. Bu da təbiidir. Belə ki, indi hər adamın mənzil almaq imkanı yoxdur. Bildiyiniz kimi, dövlət tərəfindən mənzil inşa olunmur. Odur ki, onlar kreditlə mənzil almağa meyil edirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Milli Məclisdə də bu məsələ dəfələrlə gündəmə gətirilib. Artıq son günlər ipoteka ilə verilən kreditlərin faizinin aşağı salınacağı ilə bağlı söhbətlər gedir. Mənzil tikintisi ilə bağlı dövlət tərəfindən vəsait ayrılması ilə bağlı da təkliflər var.

Vətəndaşlarımızı narahat edən digər məsələ isə işlə bağlıdır. Mən deməzdim ki, Mingəçevirdə iş yoxdur. İş burasındadır ki, bu gün xüsusi təhsilə malik şəxslər öz ixtisaslarına uyğun işləmirlər. Zənnimcə, hazırda daha çox insanı özündə birləşdirən müəssisələrə, həm də bu şəhərin spesifikasına uyğun iş yerlərinin yaradılmasına ehtiyac var. Bununla bağlı  Prezident Administrasiyasına, həm də İqtiqsadi İnkişaf Nazirliyinə müraciətim olub. Məndə olan məlumata görə, hazırda Mingəçevirlə bağlı xüsusi plan da hazırlanır. Amma vətəndaşların qaldırdıqları elə problemlər də var ki, onları elə yerindəcə həll etməyə çalışırıq. Müşahidələrimə əsasən, bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, vətəndaşlar öz hüquqlarını yaxşı bilmirlər. Elə bu səbəbdən də bəzi məsələlərin həllində müəyyən çətinliklərlə üzləşirlər.

- İmkanınız olsaydı, bir mingəçevirli kimi bu şəhərdə hansı obyekt inşa etdirərdiniz?

- İmkanım olsaydı, paytaxtda fəaliyyət göstərən bir neçə universiteti Mingəçevirə köçürərdim. Bununla da bu şəhərin  intellektual səviyyəsinin bir qədər artırmış olardım. Belə təhsil müəssisələrini Mingəçevirdə olması həm də gənclərin işlə təminatında müəyyən rol oynayardı. İmkanım olsaydı, bu şəhərdə yüngül və yeyinti sənayesi sahələri ilə bağlı ortahəcmli müəssisələr təşkil edərdim. Belə müəssisələr həm də qadınların işlə təminatına yardımçı olardı. Zənnimcə, bu gün Mingəçevirdə yüksəkkeyfiyyətli təhsil verən xüsusi orta məktəblərə də ehtiyac var.

- Sizcə, mingəçevirli iş adamları mənsub olduqları şəhərin inkişafına yetərincə yardım göstərirlərmi?

- Çox təəssüf ki, Mingəçevirdə sərbəst maliyyə resursları olan iş adamları olduqca azdır. Yəni mingəçevirli iş adamları, sadəcə, gündəlik istehsalları barədə düşünürlər. Əlavə maliyyə resursları olmadığı üçün başqa sahələrə nüfuz edə bilmirlər. Ancaq  çox istərdim ki, onlar yeni  profilli iş yerlərinin yaradılmasına diqqət yetirsinlər. Zənnimcə, bununla bağlı imkanları nəzərdən keçirmək olar.

- Payız sessiyasında Milli Məclisdə Mingəçevirlə bağlı hər hansı bir məsələ qaldırmaq niyyətiniz varmı?

- Milli Məclisdə Mingəçevirlə bağlı bu və ya digər məsələni (mingəçevirlilərə aşağıfaizli ipoteka kreditlərinin verilməsi, dövlət hesabına aztəminatlı ailələr üçün evlərin tikilməsi, həm dövlət, həm özəl sektor hesabına yeni müəssisələrin  tikilməsini) qaldırmışam. Məktəblərlə, uşaq bağçaları, həmçinin şəhərin su, kanalizasiya xətləri ilə bağlı da təkliflərim olub. Onu da deyim ki, mingəçevirlilərin mənzillə təminatı və yeni müəssisələrin təşkil olunması məni ən çox narahat edən problemlərdir.

 

“Vəd verməyi xoşlamıram”

 

- Adətən, seçki marafonunda namizədlər öz seçicilərinə müxtəlif vədlər verirlər. Sizin belə vədləriniz olubmu? Əgər olubsa, onlardan hansını yerinə yetirmisiniz?

- Mən, ümumiyyətlə, vəd verməyi xoşlamıram. Seçicilərlə görüşlərimdə də bildirmişdim ki, vədlərlə deyil, əməli işlərimlə sizin etimadınızı doğruldacağam. Mən burada gördüyüm işləri sadalamaq niyyətində deyiləm. Sadəcə, bildirmək istəyirəm ki, indiyədək mənə müraciət edəni heç vaxt ümidsiz yola salmamışam.

- Yeri gəlmişkən, sizin mingəçevirli tələbələrlə də əlaqələriniz sıxdır...

- Təhsil mənim diqqət etdiyim və sevdiyim bir sahədir. Bu mənada mingəçevirli tələbələrə xüsusi diqqət yetirirəm. Artıq 6 ildir ki, Mingəçevir Müəllimlər İnstitutunun 4 tələbəsinin təhsil haqqının 50%-ni ödəyirəm. İndiyə qədər 20-yə yaxın tələbə mənim bu köməyimdən bəhrələnib. Onu da deyim ki, mən bu missiyamı gələcəkdə, millət vəkili olub-olmamağımdan asılı olmayaraq, davam etdirmək niyyətindəyəm.

 

“6 aya bir kitab aldım”

 

- Aydın müəllim, Mingəçevir İstilik Elektrik Stansiyasının tikintisində də çalışmısınız. Bəlkə o illərdən də söz açasınız?

- Bu müəssisə, əgər belə demək mümkünsə, mənim gözlərimin qabağında böyüyüb. Ali məktəbi bitirəndən sonra 10 ildən çox orada çalışdım. Orada çalışarkən öz fəaliyyətimizlə bağlı respublika, eləcə də ittifaq mətbuatında da çıxışlar edirdim. O illərin xatirələri ilə sinəm doludur. Bu mənada həmin müəssisədəki fəaliyyətim də həyatımın ən parlaq səhifələrindəndir.

- Bəs uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Mingəçevirdəki 10 saylı orta məktəbdə təhsil almışam. O zaman o məktəbdə çox savadlı müəllimlərimiz var idi. Mən həyatda əldə etdiyim nailiyyətlərə görə, hər şeydən öncə onlara minnətdaram. Hesab edirəm ki, mənim təkamülümdə onların kifayət qədər rolu olub. Sizə bir maraqlı məlumat da verim: orta məktəb gündəliklərimi indiyədək qoruyub saxlamışam. Hərdən onları vərəqləməklə o illəri xatırlayıram... Bu gündəliklər mənim məktəb illərimin ən unudulmaz yadıigarıdır.

- O illərdən daha nələr sizin üçün əzizdir?

- “Azərkitab” deyilən bir kitab mağazasında bir siyasi kitab görmüşdüm. Qiyməti də 1 manat 20 qəpik idi. Bu vəsait altıuşaqlı ailə üçün böyük bir məbləğ idi. Uzun sözün qısası, o pulu 6 aya toplaya bildim və həmin kitabı aldım. İndi də o kitab mənim kitabxanamdadır. Amma 6 ay o mağazaya gedib-gəldim. Bilirsinizmi niyə? Çünki mənə elə gəlirdi ki, o kitab tezliklə satılıb qurtaracaq və mənə çatmayacaq.

 

İyirmi dəqiqəlik söhbət...

 

- Eşitdiyimizə görə, ailə qurmağınızın da özəl bir tarixçəsi var...

- Kiçik baçım 10-cu sinfi bitirməyə iki ay qalmış onlara əvəzedici kimi dərs deyən bir müəlliməni evimizdə tərifləməyə başladı. Sonradan başa düşdüm ki, bacımın məqsədi məni müəlliməsi ilə tanış etməkdir. O qız anamın da xoşuna gəldi.  Bir gün bacım müəlliməsinə zəng vurub, parkda görüşəcəklərini bildirdi. Müəllimə bu dəvəti təəccüblə qarşılasa da, son anda razılıq verdi. Həmin görüşə isə bacımın əvəzinə mən getdim. Və ona yalan satdım ki, bəs bacımın təhsili ilə maraqlanmaq üçün onunla söhbət etmək istəyirəm. Müəllimə ilə iyirmidəqiqəlik söhbətdən sonra əmin oldum ki, bu, həqiqətən də, mən axtardığımdır. Və mən elə oradaca ona evlənmək təklifi etdim. Müəllimə çaşıb qaldı. Handan-hana ondan “anam bilər” cavabını aldım. Beləcə, biz 6 aydan sonra ailə həyatı qurduq. Artıq 27 ildir ki, bir damın altında çox mehriban, çox səmimi yaşayırıq. İki övladımız var, hər ikisi ali təhsillidir. Qızım psixoloqdur, rabitə sahəsində çalışır. Oğlum ötən il İqtisad Universitetini bitirdi, hazırda hərbi xidmətdədir. Onu da deyim ki, onlar da mənim kimi kitaba, biliyə meyillidirlər. Mən onların ilk növbədə, yaxşı vətəndaş, yaxşı ailə başçısı olmalarını arzulayıram. Çalışmışam ki, vaxtilə valideynlərimin mənə verdiyi müsbət keyfiyyətləri övladlarıma verim.

 

“Bizneslə heç vaxt məşğul olmamışam”

 

- Deyirlər, Aydın müəllim bizneslə də məşğuldur...

- Yox, mən, ümumiyyətlə, bizneslə heç vaxt məşğul olmamışam. Bu işi bacarmıram. Məlumat üçün deyim ki, məndən başqa, bir qardaşım dövlət işində, iki qardaşım isə bizneslə məşğul olur.

- Xobbiniz nədir?

- Xobbilərim çoxdur. Antikvar əşyaları toplamağı sevirəm. Onların arasında nənəmin qayınanasının 140 yaşlı samovarının, 1920-ci ilin fotoaparatının özəl yeri var. Onların hər ikisi də mənim üçün olduqca qiymətlidir. Ən böyük xobbim isə maraqlı insanları dinləməkdir. Müxtəlif mövzularda araşdırma aparmağım, məqalələr yazmağım da xobbilərimin sırasındadır. Metro, yaxud avtobusla bu və digər yerə gedib-gəlmək da artıq mənim xobbimə çevrilib.

- Dincinizi almaq üçün Mingəçevirin hansı güşəsinə üz tutursunuz?

- Mingəçevirin hər guşəsi mənə doğmadır. Lakin işimlə bağlı bu şəhərdə çox qala bilmirəm. Yolum düşəndə də əzizlərimin qəbirlərini ziyarət edirəm. Bu zaman rahatlandığımı hiss edirəm. Onu da deyim ki, belə məqamlarda keçmişimə nəzər salıb, həmişə gələcəyimi düşünürəm.

 

 

ESMİRA HİDAYƏTOVA,

 

QVAMİ MƏHƏBBƏTOĞLU

 

Zaman.- 2011.- 29 iyun.- S. 11.