“Daşkəsən inkişaf etmiş rayonlardan birinə çevriləcək”

 

Bu günlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Baş nazir Artur Rasizadə ilə birgə 2011-2015-ci illər üzrə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramı müzakirə ediblər.

  Bu barədə Daşkəsəndə Polis Günü ilə bağlı keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev məlumat verib. Onun sözlərinə görə, proqram Baş nazir tərəfindən müsbət qarşılanıb: “Həmin proqramın yerinə yetirilməsi üçün uzunmüddətli kreditlər ayrılacaq. Rayonda heyvandarlıq və əkinçiliyin inkişafı ilə bağlı genişmiqyaslı layihələr həyata keçiriləcək. Iyul ayının 22-də İqtisadi İnkişaf Nazirliyinin Daşkəsən rayonunda qeyd olunan məsələlərlə bağlı tədbiri təşkil olunacaq. Bütün bunlar isə o deməkdir ki, Daşkəsən rayonundakı mövcud problemlərlə bağlı məsələlər planlı surətdə həllini tapacaq”. Başçı həmçinin təbii fəlakətdən ziyan çəkmiş müəssisə və təşkilatlara, eləcə də vətəndaşlara dəymiş zərərin ödənilməsi üçün Baş nazir tərəfindən Fövqəladə Hallar Nazirliyinə göstəriş verildiyini də bildirib. Onun sözlərinə görə, həmin yardımların bir hissəsi artıq rayona gətirilib. O, yaxın illərdə Daşkəsənin inkişaf etmiş rayonlardan birinə çevriləcəyini əminliklə dilə gətirib. Başçı həmçinin daxili imkanlar hesabına rayonda müəyyən işlərin görülməsini də vurğulayıb. Başçı hər bir daşkəsənlini bu işdə fəallıq göstərməyə dəvət edib. O, ölkəmizdə, eləcə də Daşkəsəndə görülən bütün işləri ölkə başçısının məqsədyönlü siyasətinin bəhrəsi kimi dəyərləndirib.

 

Qeyd edək ki, Polis Gününə həsr olunmuş tədbir Daşkəsəndə yeni istifadəyə verilmiş Bayraq meydanında keçirilib. Tədbirdə çıxış edən Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polkovnik Arif Babayev rəhbərlik etdiyi qurumun həmişə Vətənə, dövlətə daim sədaqətli xidmət edəcəklərini və Ali Baş Komandanın hər əmr və göstərişlərini yerinə yetirməyə hər an hazır olduqlarını bildirib.

 

CEYHUN VƏLİYEV

 

Zaman.-2011.- 2-4 iyul.- S.9.