Azərbaycan
kinosu - 113 il
1976-ci il mayın 14-də Azərbaycan
kinosunun 60 illiyi ilk dəfə qeyd olundu və tarixə Azərbaycan
kinematoqrafçılarının peşə bayramı kimi
daxil oldu. Həmin tarix ilk tammetrajlı filmimiz olan “Neft və milyonlar səltənətində”nin
ilk nümayişinin tarixi idi (14 may 1916-cı il).
Maraqlıdır ki, kinonun
izi-tozu olmayan bir ölkədə birdən-birə
tammetrajlı bədii film
yaranmışdı... Azərbaycan kinosunun
80 illiyi ərəfəsində
(1996-cı ildə) Aydın Kazımzadə Azərbaycan kinosunun yaşının 98 olduğunu
faktlarla sübut etdi. Onun
araşdırmaları nəticəsində kinomuzun
tarixi dəqiqləşdirilib təxminən
20 il əvvələ çəkildi.
Söz vaxtına çəkər deyiblər.... Elə
bu vaxtlar idi. Amma 113 il
əvvəl. Yəni
1898-ci il... Dünya artıq 3 il idi ki, “hərəkətli şəkillər” adlı
çox maraqlı və qəribə icadla tanış olmuşdu. 1898-ci il
avqustun 1-də Bakıda
“Kaspi” qəzetində
dərc olunan belə bir elan
bu baxımdan diqqəti cəlb edirdi: “1898-ci il avqustun 2-də, bazar günü V. İ. Vasilyev-Vyatskinin
teatr-sirkində Parisdə
qarşıdakı ümumdünya
sərgisi üçün
Orta Asiya və Qafqazın canlandırılmış fotoşəkilləri
nümayiş etdiriləcəkdir.
Digər şəkillərlə
bərabər göstəriləcəkdir:
1. “Bibiheybətdə Neft
Fontanı yanğını.”
2. “Əlahəzrət Buxara Əmirinin “Velikiy Knyaz Aleksey” paroxodunda yolasalma mərasimi.”
3. “Qafqaz rəqsi.”
4. “İlişdin!” Bakı şəhər
bağçasında baş
vermiş yumoristik əhvalat.
Ətraflı məlumat afişalardadır. Başlanır axşam saat
9-da”.
Bu elanla Azərbaycanda “hərəkətli
şəkillər”in - kinonun
tarixi dəqiqləşmiş
olur.
XX əsrin sonlarına qədər Azərbaycan kinosunun tarixi müxtəlif illərdən hesablanıb. Keçmiş SSRİ-də bütün
millətlər üçün
yeganə kino tarixi mövcud idi. 1919-cu ildə
sovet hökuməti Rusiyada kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi
üçün dekret
imzalamışdı və
həmin tarix sovet kinosunun yaranması kimi uzun illər qeyd olunmuşdu.
1976-ci il mayın 14-də Azərbaycan
kinosunun 60 illiyi ilk dəfə qeyd olundu və tarixə Azərbaycan kinematoqrafçılarının peşə bayramı kimi daxil oldu.
Həmin tarix ilk tammetrajlı filmimiz olan “Neft və
milyonlar səltənətində”nin ilk nümayişinin
tarixi idi (14 may
1916-cı il). Maraqlıdır ki, kinonun izi-tozu
olmayan bir ölkədə birdən-birə
tammetrajlı bədii
film yaranmışdı. Buna kino tarixçisi
Aydın Kazımzadə
aydınlıq gətirdi.
Azərbaycan kinosunun 80 illiyi ərəfəsində
(1996-cı ildə) Aydın
Kazımzadə Azərbaycan
kinosunun yaşının
98 olduğunu faktlarla sübut etdi. Onun araşdırmaları
nəticəsində kinomuzun
tarixi dəqiqləşdirilib
təxminən 20 il əvvələ çəkildi. Qeyd edək ki, əvvəlki araşdırmalarda
bu tarix haqqında informasiyalara rast gəlinib. Təəssüf ki, bu məlumata o vaxtlar diqqət yetirən olmayıb.
Əslində daha əvvəlki
tarixlərdə Bakıda
yerli materiallar əsasında çəkilən
xronikal lentlərin göstərilməsi barədə
mətbuatda xəbərlər
dərc edilmişdi. Məsələn: “Kaspi” qəzetinin 1898-ci il 17 iyun tarixli
sayında dərc edilmiş informasiyada xəbər verilirdi ki, Bakı foto
dərnəyi xeyriyyəçilik
məqsədi ilə mayın 31-də Mixaylov bağında xalq gəzintisi təşkil edib, yığılan pulların yarısı məhsul qıtlığından
zərər çəkənlərə,
qalanları isə dərnəyin inkişafına
sərf olunub. Bu tədbir “Şəhər
bağında xalq gəzintisi” adı altında lentə alınıb. Süjet
Bakı həyatından
bəhs edən “Qatarın dəmir yolu stansiyasına daxil olması”, “Qafqaz və Merkuri” cəmiyyətinə
məxsus paroxodun limandan yola düşməsi”,
“Bazarni küçəsi
sübh çağı”
adlı daha üç süjetlə birgə göstərilmişdi.
1898-ci il yanvarın
8-də Bakıda xarici
filmlərin, iyunun 21-də
isə Aleksandr Mişonun çəkdiyi dörd süjetin sirk tamaşası vaxtı göstərilməsi
bəlli olsa da, kinomuzun yaşı
ilk müstəqil ictimai
baxışa, milli nümunələrə və
ilk bədiiləşdirilmiş filmə (“İlişdin”) görə avqustun 2-dən
hesablanır. Əslində dünya kinosunda da təcrübə belə idi. Dünyada ilk
kino çəkilişləri
1895-ci ilin mart ayında
aparılmışdı. Amma kinonun tarixi
1895-ci il dekabrın 28-dən - ilk kütləvi
nümayişdən hesablanır.
DÜNYADA KİNO
1895-ci il martın 22-də fransız
Lümyer qardaşları
“Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin
çıxması” kadrını
nümayiş etdirdilər.
Bu bir neçə
saniyəlik hərəkətli
təsvirlərin insanlarda
maraq oyandırdığını
görən qardaşlar
həmin ilin yayında bir neçə qısa süjetlər çəkdilər.
Artıq
dünya kinosunun startını götürdüyü
tarix yaxınlaşırdı.
28 dekabr 1895-ci il.... Bu tarixdə
kinonun maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut
etmək məqsədilə
Lümyer qardaşları
Parisin Kaputsinlər bulvarındakı “Qrand Kafe”də ictimai baxış təşkil etdilər. Beləliklə, yeni əyləncə,
biznes, sənət, sənaye sahəsi - kino təşəkkül
tapdı.
Lümyer qardaşlarının çəkdikləri
kadrlar maraq doğursa da, təsvirlər daha çox hərəkət
edən fotoları xatırladırdı. Belə süjetlərin
içərisində faktları əks etdirən kadrlar, komik
nüanslar tamaşaçıların daha çox diqqətini
cəlb edirdi. Bunu hiss edən Lümyer qardaşları bədiiləşdirilmiş
(oyun) kadrları ekranlaşdırıb müxtəlif ölkələrdə
nümayiş etdirməyə başladılar. Qardaşlar
1897-ci ildə bir neçə kinooperator hazırlayaraq müxtəlif
ölkələrə süjet çəkməyə göndərdilər.
Fransadakı nəhəng “Pate” və “Qomon” kino
şirkətləri bütün dünyada baş verən
sensasiyalı xəbərləri (avtomobil yarışları,
öküz döyüşü, rus çarının
tacqoyma mərasimi və s.) əks etdirən xronikal filmlər
çəkir, unikal lentlərin əldə edilməsi
üçün bütün ölkələrə öz
kinooperatorlarını göndərirdilər.
Fransız firmasının kinematoqrafçıları
10 il ərzində Rusiyada da fəaliyyət göstərdilər.
Bu illər ərzində onlar müxtəlif süjetlərlə
yanaşı, Bakıda neft hasilatından bəhs edən
müxtəlif mövzuda filmlər də çəkmişdilər.
Aleksandr Mişon da dünyanın diqqətini çəkən
“Bibiheybətdə neft fontanı yanğını” və
“Balaxanıda neft fontanı” kadrlarını 1898-ci ildə
Fransada keçirilən dünya sərgisində
nümayiş etdirmək üçün aparmışdı.
ALEKSANDR MİŞON KİMDİR?
Hələ XIX əsrin sonlarında Bakı nefti
dünya inteligensiyasını Qafqazın bu şəhərinə
çəkib gətirirdi. Şəhər “qara
qızıl”ın hesabına sürətlə inkişaf
edirdi. Təkcə infrastruktur yenilikləri deyil, xaricilərin
Bakıya axını ölkədəki mədəniyyət
hadisələrinin də inkişafına təkan verirdi.
Bakı artıq bütün Zaqafqaziyanin mədəniyyət mərkəzi
kimi tanınmağa başlanmışdı. Bu vaxtlarda
Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun da
Bakıda fotoatelyesi və nəşriyyatı var idi. O,
Bakı mənzərələrini, neft mədənlərini,
neft emalını, neft mədənlərində baş verən
yanğınlarla bağlı silsilə şəkillər
çəkmişdi.
Araşdırmalardan məlum olur ki, 20
ildən artıq Bakıda işləyən Aleksandr Mişonun
niyyəti heç də Azərbaycanda kino sənətinin əsasını
qoymaq deyildi. Əgər belə olsaydı, Mişonun
imzasına 1898-ci ildən sonrakı dövrlərdə də
rast gələrdik. Sadəcə, Mişon fotoqrafiya ilə məşğul
olduğuna görə, bu süjetləri çəkib
Bakıda nümayiş etdirmiş və Fransaya
aparmışdı. Həmin kinosüjetlərin ikisi (”Bibiheybətdə
neft fontanı yanğını” və “Balaxanıda neft
yanğını”) 2001-ci ildə Azərbaycan Dövlət
Film Fondunun təşəbbüsü ilə Fransa kinoarxivindən
Azərbaycana qaytarılıb.
2
avqust 1898-ci il tarixində Aleksandr Mişonun filmləri ilə
Azərbaycanda kinematoqrafiyanın əsası qoyulub, amma həmin
tarixdən 1915-ci ilə qədər bu sahədə boşluq
yaranıb. Bunun əsas səbəbi yerli kadrların
yoxluğu və bəlkə də o vaxt kinematoqrafiyaya marağın
olmaması idi. Ardı
var.
Ramil Ələkbərov
Zaman.-2011.- 2-4 iyul.- S.2.