Özümüz Avstraliyada, ürəyimiz Azərbaycandadır”

Bu gün Bakıda Dünya Azərbaycanlılarının III qurultayı öz işinə başlayır. Bu məqsədlə qurultayda iştirak etmək üçün ölkəmizə təşrif buyuranlar arasında, belə demək mümkünsə, köhnə tanışımız, mərkəzi Sidneydə yerləşən Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov da var.Fürsətdən istifadə edərək İmaməddin müəllimlə söh- bətləşdik.

 

- İmaməddin müəllim, öncə ana vətənə xoş gəlmisiniz. Mümkümsə deyin, bugünkü Bakı sizə necə təsir bağışladı?

- Sözün düzü Bakı o qədər dəyişib, gözlləşib ki, adam deməyə söz tapmır. Vaxtilə beş barmağım kimi tanıdığım şəhərdə indi azıram, onu tanıya bilmirəm. Elə bil 5 il deyil, 50 il Bakıda olmamışam. Mənə elə gəlir ki, artıq Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Buna sevinirəm də, kədərlənirəm də. Sevinirəm ki, gündən-günə gözəlləşən mənim ana şəhərimdir. Kədərlənirəm ki, ondan uzaqlarda, qürbətdəyəm. Qürbətdə nə qədər xoş yaşasan da, qürbət elə qürbətdir, vətənin yerini verə bilmir.

-İkinci qurultaydan ötən müddət ərzində fəaliyyətinizdə hansı dəyişiklliklər olub?

- Təbii ki, II qurltayda qarşımıza qoyulan ən böyük vəzifələrdən biri dünyanın hər yerində qardaş Türkiyənin diasporu ilə birgə fəaliyyət göstərilməsi oldu. Bunu nəzərə alaraq Avstraliyaya qayıdan kimi bu ölkədəki türk diaspor təşkilatı ilə əlaqələrimizi daha da inkişaf etdirmək barədə razılığa gəldik. Bu çərçivədə də müvafiq fəaliyyət planı hazırladıq. Bunun nəticəsi də, olaraq istər Novruz bayramının, istər Xocalı qətliamının, istərsə də 20 Yanvar soyqırımının daha mütəşəkkil  keçirilməsinə nail olduq. Keçirdiyimiz tədbirlərdə onminlərlə adam iştirak etdi. Eyni zamanda ötən ilin aprel ayında qondarma “erməni soyqırımı” ilə bağlı ermənilər tərəfindən Sidneydəki Türkiyə konsulluğu qarşısında keçirlən etiraz aksiyasına iki qardaş ölkə diasporu birlikdə çıxdı və onların təxribattörətmə cəhdlərinin qarşısını dinc yollarla aldıq. Bu il isə ermənilər bizim birliyimizi görərək, gücümüzü hiss edərək qondarma “soyqırım”ın ildönümü ilə bağlı müvafiq aksiya keçirməyə cürət emədilər. Amma biz yalnız Türkiyə diasporu ilə deyil, özbək, türkmən, qazax, uyğur, İraq türkmənləri diasporlari ilə də əlaqələr yaratmışıq. Bunun da nəticəsidir ki, uyğur hərəkatının lideri Rəbiyyə xanım Avstraliyaya gələndə, xəstə olmasına baxmayaraq, Novruz bayramı ilə əlaqədar keçirdiyimiz tədbirdə iştirak etdibunu özünə şərəf saydığını xüsusi söylədi. Fəaliyyətimizin ana xəttinin birini də Azərbacan dilində həftədə 1 saat efirə çıxan radio verilişi təşkil edir. Bu radio vasitəsi ilə Azərbaycanın problemlərini, ölkəmizdə baş verən yenilikləri, o cümlədən iqtisadi, siyasi, mənəvi, mədəni xəbərləri Avstraliyada yaşayan soydaşlarımıza və digər türkdilli xalqların nümayəndələrinə çatdırırıq. Bir sözlə, məqsədimiz qardaş Türkiyə və türkdilli respublikaların diaspor təşkilatları ilə əl-ələ verərək Azərbaycan diasporunu yalnız Avstraliyada deyil, həm də dünyada ən güclü diaspor təşkilatlarından birinə çevirməkdir.

- Dünya Azərbaycanlılarının III Qurultayından nələri gözləyirsiniz?

- Mən əminəm ki, bu qurultay da dünyadakı Azərbaycan, Türkiyə və digər türkdilli dövlət və xalqların diaspor təşkilatlarının daha da yaxınlaşmasına təkan verəcək. Bizim ümumi düşməniz erməni faşizmidir. Buna görə də biz ermənilərin və onları dəstəkləyənlərin cavabını bir yerdə verməli, burunlarını ovmalıyıq.

- İmaməddin müəllim, Avstraliyada nə qədər azərbaycanlı yaşayır?

- Avstraliyada təxminən 18 min azərbaycanlı yaşayır. Amma onların çoxu Cənubi Azərbaycandandır. Son vaxtlar Azərbaycan Respublikasından da Avstraliyaya gələnlərin sayı artıb. Xüsusilə gənclərimiz Avstraliyaya dalınca gəlirlər. Bir məsələni deyim: ingilis dilini bilən bu ölkəyə lazımlı ixtisas sahibi olan azərbaycanlı gənclər üçün Avstraliyada işə düzəlmək problem deyil.

- Bəs, orada ermənilərin sayı qədərdir?

Ermənilərin sayı Avstraliyada 50 min nəfərdir. Amma onlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Müəyyən səbəblər üzündən erməni gənclər arasında Avstraliyaya köç edənlər, demək olar ki, yoxdur. Erməni gəncləri uzaq Avstraliyaya köç etməkdənsə, ermənilərin daha çox olduqları ABŞ-a Avropa ölkələrinə getməyə daha çox üstünlük verirlər.

- Azərbaycanlılar ən çox hansı şəhərlərdə məskunlaşıblar?

- Sidney azərbaycanlıların ən çox məskunlaşdıqları şəhərlərdəndir. Ona görə gənclərimiz buraya daha çox köç etməyə üstünlük verirlər. Onların ilk vaxtlar qarşılaşdıqları problemləri həll etmək, yeni yurd yerinə uyğunlaşmaları üçün əlimizdən gələn yardımı əsirgəmirik. Amma digər şəhərlərdə azərbayanlıların sayı tədricən artmaqdadır. Bilirsiniz, Avstraliya ərazicə olduqca böyükdür hazırda soydaşlarımızın bu ölkənin müxtəlif yerlərində məskunlaşması prosesi gedir. Çünki onlara harada ixtisasları üzrə işləməyi məsləhət bilsələr, onlar orada da yaşamağa işləməyə məcburdurlar.

- Avstraliyada milli, dini dözümlük necədir?

- Mən 23 ildən çoxdur ki, Avstraliyada yaşayıram bu vaxta kimi orada hər hansı bir milli dini zəmində ayrı-seçkilik hiss etməmişəm. Avstraliya sivil, demokratik dövlətdir orada yaşayanlardan bu ölkənin qanun-qaydalarına hörmət  tələb olunur. Qanun-qaydaya hörmət edənlərə qarşı isə milli kimliyindən, dinindən, irqindən asılı olmayaraq, hər hansı  ayrı-seçkiliyə yol verilmir.

- Eşitdiyimizə görə, iki oğlunuz var. Onlar Azərbaycan dilini bilirlərmi?

- Əlbəttə, hər ikisi ana dilimizi yaxşı bilirlər. Biz evdə həmişə Azərbaycan dilində danışırıq.

- Övladlarınız Azərbaycanda az olublar bu baxımdann onlar özlərini azərbaycanlı, yoxsa daha çox avstraliyalı kimi hiss edirlər?

- Əlbəttə, mən övladlarımı azərbaycançılıq ruhunda böyütmüşəm onlar ata vətənlərini çox sevirlər. Amma ortada bir həqiqət var bunu gizlətmək mümkün deyil. Övladlarım daha çox Avstraliyada yaşadıqları, bu mühitə alışdıqları üçün özlərini avstraliyalı hesab edirlər. Onu da deyim ki, oğlanlarımın biri universitetdə hüquq ixtisası üzrə təhsil alıb hazırda dünyada tanınmış hüquq firmalarından birində işləyir. Digər oğlum isə növbəti ildə ali məktəbi iqtisadiyyat üzrə bitirəcək.

- Haçansa Azərbaycana qayıtmaq fikriniz varmı?

- Azərbaycana qayıtmağı çox istəyirəm bəzən bura üçün burnumun ucu göynəyir. Amma neynəyim, görünür qürbətdə yaşamaq mənim üçün bir alın yazısı, Allahın qədəridir. Amma onu da etiraf edim ki, mən övladlarıma bağlıyam onlarla nəfəs alıram.

-Demək istəyirsiniz ki, onlarsız, onlardan uzaqda yaşaya bilməzsiniz...

- Övladlarım, dediyim kimi, Avstraliya mühitində böyüyüblər burada da özlərinə karyera qurmaqda, ixtisası üzrə işləməkdədirlər. Bəlkə , onlardan biri haçansa Azərbaycana qayıtmaq istəyəcək onda bizim vətənə dönüşümüzdə problem olmayacaq. Hər halda, mən azərbaycanlıyam bir bayatıda da deyildiyi kimi, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı...” Yəni, özümüz Avstraliyada, ürəyimiz Azərbaycandadır...

-Xanımınız da azərbaycanlıdır?

- Bəli, xanımım da azərbaycanlıdır Azərbaycan radiosunun aparıcı əməkdaşlarındandır. O da qurultay nümayəndəsidir. Biz, yəni mən həyat yoldaşım Avstraliyada Azərbaycan diasporunun əsasını qoymuşuq əminəm ki, bizdən sonra bu ənənə ən yüksək səviyyədə davam etdiriləcək.

- İmaməddin müəllim, sizə bu şərəfli işinizdə uğurlar arzulayırıq.

Mən , öz növbəmdə, bizə, diaspor fəaliyyətimizə diqqət ayırdığınıza görə, təşkilatımız adından sizə, bütün əməkdaşlarınıza dərin təşəkkürümü bildirirəm.

 

 ƏZİZ MUSTAFA

     Zaman.-2011.- 5-6 iyul.- S.9.