Ölüm - son dəfə çiçəkləməkdir 

                               

  - Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Həyatda heç asan şey görmədim. Bir az fit çalmaq asan gəlir mənə, amma onu da həmişə çalmaq olmur.

Ən çətin şey isə özünə qalib gəlməkdir. Özünü görmək istədiyin keyfiyyətə daşımaq, arzu etdiyin mərtəbəyə qaldırmaq, yenidən yaratmaqdır. İkinci dəfə özündən doğulmaqdır. Özünü aşmaq, özünü ötməkdir.

- Ucqar bir kənddə yaşamağa məcbur olsanız, dolanışığınızı necə çıxarardınız?

-Torpaqdan yapışardım. Torpaq insandan sədaqətlidir, adamı əliboş qoymaz.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- İmkanım olanda anama həsr etmədiyim vaxta, ömrə üzülürəm. Uşaqlarımı körpəlikdə layiq olduqları qədər sevməyə, onların uşaqlıqlarını yaşatmağa imkan tapa bilmədiyimə, ömür-gün yoldaşımın səadət payını isə qohum-əqrəbaya, dost-tanışa payladığıma və torpaqlarımızı qoruya bilmədiyimizə görə üzülürəm.

Ən çox möcüzəyə inandığıma, bir də yuxularımda uçduğuma sevinirəm...

- Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

- Yaxşılara və uşaqlara.

Özündən sonra qoyub getdikləri insanlara fərəh və qürur hissi gətirənlərə.

Vətəni başqalarına da sevdirməyi bacaranlara.

 - Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Sağlığında anam, indi isə ailəm. Bir də, dünyada məndən başqa ümid yeri qalmayan insan.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- İçimdəki musiqinin rəsmini çəkə bilsəydim, özümü daha dolğun ifadə edərdim. İndiki işim isə məni çox qanadlandırır. Mən təbiətən göylüyəm, göy adamıyam. Amma hərdən bağban olmaqdan, bostan əkməkdən ötrü ürəyim tütür.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Üzr istəmək incikliyin ilk dərmanıdır. Bir anlıq da olsa, itirilmiş keyfiyyəti yenidən bərpa etməkdir. Divarları yenidən ağardılmış doğma evə girmək kimi xoş bir şeydir... Üzr istəyəndə səhv etdiyimdən qat-qat yaxşı olduğumu anlayıram.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Ağlamaq “ağ olmaq” sözündəndir, nurlanmaq anlamına gəlir. Böyük bir dərdi çəkmək, ləlimək mənasında ağlamaq gözəldir, uca bir məqamdır. Məsələn, belə bir söz var: “Xalqa gün ağlamaq”. Mənə belə gəlir ki, böyük şairimiz burada zarımaq, əlacsızlıqla barışmaq mənasında ağlamağı nəzərdə tutub. Ağlamaq yazıq gəlməyə xidmət edirsə, zəlillikdir.

- “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

- Başqa xalqın nümayəndəsi olmaq ağlıma belə gəlməyib. Başqa ölkədə yaşamaq istəyi isə məndən çox, tez-tez rast gəldiyim ədalətsizlikdən doğan üsyanın səsidir. Cismən vətəndə qalıb, ömrü güzəran dərdi çəkməyə həsr etməkdənsə doğmalarına, millətinə, vətəninə daha böyük xeyir vermək üçün başqa ölkədə yaşamaq daha məntiqlidir. Vətən sevgisi ruhi və maddi sevginin vəhdətindən ibarətdir. Cismən vətənlə bir olub onu sevməmək də mümkündür...

Mahiyyətcə şərqliyəm. Etiraf edim ki, məni Orta Asiya düzləri, yovşan ətri həmişə çəkib. Sonsuz çöllər, at ilxıları, yurdlar elə bilirəm ki, bizimkidir. Hərdən mənə elə gəlir ki, gedib o alaçıqlardan birinin qapısını açsam, içində bardaş qurub oturmuş çoxdan ayrıldığım doğmaları taparam...

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Yalnız “iki dəfə iki dörd” biçimli evlərdə inciklik olmur. Barışmaq harmoniyaya xidmət göstərir, böyüklük əlamətidir. Barışıq məqamında qürur eybəcər görünür. Küsməkdən zəhləm gedir. Küsmək umacağın məhsuludur. Umacaq isə səmimiyyətin düşmənidir.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

- Bizim kimisə günahkar saymağa heç bir haqqımız yoxdur. Mən insanlarda günah axtarmaq deyil, sevmək üçün bir işartı gəzirəm. İnsanlar bildikləri kimi yaşamaq istəyirlər, bu isə səhv ola bilər. Bağışlamaq azadlığın bir çalarıdır.

- Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Böyük mənada sevgi əsarətindən böyük azadlıq yoxdur. İnsan yalnız sevəndə tamamilə özündən ayrılır deyə tam azad olur; daxilən o qədər böyüyür ki, dünya belə çox balaca görsənir. Bu, elə onun azadlığıdır. İstəmədiyini edib azad olmağa inanmıram. Bu, çöldən azadlıqdır.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevgi - min illər axtarıb, qərib bir ölkədə özünü tapmaq və bağrına basmaqdır...

İnam bu ölkənin səması, arzular ulduzlarıdır. Ölmək bu ölkənin üfüqlərinə qovuşmaqdır.

Sevmək - insanın dünyaya, dünyanın isə insana çevrilməsidir.

İnsan sevgidəki qədər heç nədə özünə çatmır, özünə bərabər olmur.

Sevgi qədər insanı təsdiq edən heç nə yoxdur. İnsan sevdiyi qədərdir.

Sevginin hər anı bir ömürdür.

Sevgidən ötrü harda ölsən, Vətəndir.

- Ən çox nə zaman utanırsınız?

- Özüm ola bilməyəndə. Onda özümdən utanıram.

- Ölüm nədir?

- Elə ağac var ki, yüz ildə bir dəfə çiçək açır, sonra da quruyur. İnsanlar da haradasa o ağaclar kimidir. Ölmək axırıncı dəfə çiçək açmaqdır. Həyatın limiti ölümdür. Ona sonsuz yaxınlaşırsan, amma ölüm olmursan. Nə sağlığında, nə də ölümdən sonra ölümə dönmürsən. O, nə həyatdır, nə də həyatın davamı. Onların arasındadır. Ölümü həyat kimi yaşamaq mümkün olmadığından həyat kimi də dərk etmək mümkün deyil. Biz çox vaxt bir sistemdən digərinə keçməyi ölüm sayırıq. Məncə, bu, səhvdir.

Elə bilirəm ki, ölüm insanın son ucalmaq şansı, imkanıdır.

Bu dünyanın ən böyük həqiqəti ölümdür.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Əvvəlcə, ailə qayğılarına, sonra isə əsl müəllimlər və oxumaqdan ötrü dodaqları çatlayan kasıb balaları üçün məktəb açmağa.

 - “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

- Alçaqlığa bəraət qazandırmağı. Sən olmasan, sən almasan, alçağın biri az olacaq. Ən azı dünyanı bir insanlıq gözəlləşdirmək imkanı qazanacaqsan. Məgər bu azdır?..

- Həyatda ən böyük təsəlliniz?

- Ağaclar quruyur - meşələr qalır, çiçəklər solur - yaz qalır, yaxşılar gedir -  yaxşılıqlar qalır, aşiqlər ölür - Məcnunluq qalır... Gedənlər həm də qalanlarda qalır.

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Yaşla bağlı. Çünki insanı yaşı ilə görmək istəyirlər.

- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

- İnsan bayram acıdır. Əsl bayram olmayanda belə kiçik şeylərdən bayram düzəltmək istəyirlər. Alınmır, yemək-içmək və qeyri-səmimi sağlıqlar bolluğundan başqa heç nə alınmır. Elə insanlar var ki, heç doğum tarixini dəqiq bilmir, amma ad günü keçirir.

Dünyanın bugünkü halının kimin nə vaxt dünyaya gəlməyindən yox, nə etdiyindən asılı olduğuna inanıram...

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

- Sevin, özünüzü xilas edin. Bataqlıqda gül bitirin. Unutmayın ki, bu dünyada nə etsəniz, sizdən - böyüklüyünüzdən azdır.

- Sizə görə, insanda ən yaxşı və ən pis keyfiyyətlər hansılardır?

- Ən yaxşı - insanı insan edən, ən pis isə - onu heyvanlaşdıran keyfiyyətlər. İnsan insan olanda insandan üstün, heyvan olanda heyvandan betər olur.

- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

- Mən dərdi qundaqda körpə kimi bəsləyən, ovudan iki nəhəng sənətçiyə heyran olmuşam: Ağabala Abdullayev və Qədir Rüstəmov.

Onların oxumağı - oxumaq deyil, dərddən sevgi düzəltməkdir, ağrıdan - Vətən.

 - Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

- Əsas məsələ dünyaya necə övlad verməyimizdir. Övladlarını valideynlərinə qulluq göstərsinlər deyə böyütmək tacirlikdir. Mənim içimdə belə bir inam var ki, övladlarını, sözün əsl mənasında, böyük niyyətlər, böyük amallar üçün tərbiyə edən insanların ölənəcən kimsəyə ehtiyacı olmur.

- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

- Oğlan uşağı heç kim eşitməsin deyə, körpəcə əllərinin arasından qız dostunun qulağına pıçıldadığı sözlər ən çox sevdiyim sözlərdir. O körpə əlləri ilə dediyi sözləri elə mühafizə edir, elə bakirələşdirir ki... Heç bilmirəm o nə deyir. Amma mənə belə gəlir ki, o dünyanın ən gözəl sözləridir. Dünyanı o sözlərlə xilas etmək olar.

Əslində isə pis söz yoxdur, sözü pis atına mindirənlər var.

- Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

- Mən sizi sevdiyim qədər sevə bilmədim... Mənim yoxluğumu daha yaxşı insan olmaqla unutdurun.

- Ən çox nədən qorxursunuz?

- Öləndə gülümsəyə bilməməkdən. Ölümlə görüşə belə, təbəssümlə getmək lazımdır.

Təbəssüm - bu dünya gözəlliyinin insan sifətində qalan son şəklidir.

 - Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Kişi xeylağına xoşbəxt olmaq yaraşmır, bir az onu, elə bil ki, endirir. Mərd kişi olar, fədakar kişi olar, kasıb kişi olar, amma xoşbəxt kişi... birtəhər səslənir. Kişi hər şeyi dişi-dırnağı ilə qazanmalıdır. Bəxtdən nəsə gözləmək aciz, tənbəl, balaca və özünə inanmayan  adamın işidir. Xoşbəxt kişi çox göyçək görünür həm də. Əli-ayağı pambıq kimi olur; yumşaq, toppuş, ağappaq... 

Amma xoşbəxt qadın ola bilər. Xoşbəxt qadın yaşamağa və sevməyə inam yaradır. Analıq yükünü daşıyan qadın elə xoşbəxt olmaq üçün yaradılıb, bu, onun haqqıdır.

Nə çatmır əvəzinə, insan kimi yaşamaq üçün həmişə nəsə tapmaq olur... deyərdim.

- Sizin kimlərə və nə kimi xeyriniz var?

- İnsanları öz gücünə inandırmaqdan, ümid verməkdən başqa əlimdən bir şey gəlmir. Əsl uğur, əsl sevinc, əsl sevgi insanın içindədir. Bu ocağı qalamaq lazımdır. İnsan içindən qızınanda daha iradəli, daha güclü olur. Kənardan insana verilə bilən başqa biçimdə xeyir elə bilirəm ki, bundan çox azdır.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

- Biz bu dünyaya qoparmaq üçün gəlməmişik. Həmişə dünyadan istəyirik. Əslində isə biz dünyaya nəsə vermək üçün gəlmişik. Dünya bəşəriyyətdən qalanlardır. Dünyanın bu günü min illərdir bəşəriyyətin qoyub getdikləridir.

Deyərdim ki, bağışla, səni dəyişdirə bilmədim...

 - Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- İmtina əsillik məqamıdır. İmtina həmişə imtina etdiyindən daha böyük dəyər qazandırır... İmtina itirmək deyil, daha gözəl, daha dürüst olana qayıtmaqdır. İmtina həm də özünə, öz dəyərlərinə qiymət verməkdir, şəxsiyyətini qorumaqdır.

 - Gənclik hansı yaşda bitir?

- Gənclik sağlıqdan sonra insana verilən ən böyük nemətdir. Heç nə dünyanı insana gənclikdəki kimi sevdirə, əziz edə bilmir. İllər keçir, saçların ağarır, üzün qırışır, belin bükülür, amma sən hələ də haradasa qaldığını hiss edirsən. Bax o gənclikdir. Zaman keçdikcə insan dəyişir, amma həm də dəyişmir. Necəliyindən asılı olmayaraq, insanın həyatda gənclik qədər dönüb yaşamaq istədiyi səhifə yoxdur. Amma tam səmimiyyətlə deyirəm, mən gəncliyi qoyub gəlməmişəm, özümlə aparıram. Hələ də ömrümü gəncliyimlə yaşayıram.  Məmnuniyyətlə özümə: “100 (!) ildən sonra 28 yaşında öldü...”- deyərdim. Haradasa gənclik elə insanın ruhudur - o qocalmasın!

 - Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Söhbət böyük dostluqdan gedirsə, yoxdur. Dostluq özünü başqasında tapmaqdır, tam təmənnasızlıqdır. Amma həsrətini çəkdiyim adamlar çoxdur.

Bütün həyatım boyu anamdan sədaqətli dost görmədim.

 

 

Zaman.  - 2011. – 4 - 6 iyun. -S. 5.