Kibrit çöplərindən hazırladığım əl işlərimi sərgiləmək niyyətindəyəm” 

 

  Elşən Səlimov saç ustasıdır. Lakin asudə vaxtlarında kibrit çöplərindən elə fiqurlar hazırlayır ki, onları görəndə  heyrətlənməmək mümkün deyil. 

 

         Ağdaş rayon sakini  Elşən Səlimov 9 ildir ki, hər kəsin normal həyatda istifadə etdiyi adi kibrit çöplərindən müxtəlif fiqurlar hazırlayır. Minlərlə kibirit çöpünü yan-yana sıralamaqla ərsəyə gətirdiyi fiqurlar elə baxımlı alınır ki... Dediyinə görə, kiçik yaşlarından bu işlə maraqlanmayıb. Hər şey günlərin bir günü onun yanına gələn müştərinin növbə gözləyərkən stolun üstündə kibrit çöplərindən hazırladığı fiqurlardan başlayıb: “Həmin müştərinin adi kibrit çöplərindən hazırladığı fiqurlar mənə qeyri-adi gəldi. Bir az baxdıqdan sonra öz-özümə dedim: “Niyə mən də belə fiqurlar düzəltməyim?” Odur ki, ondan bu sənətin sirlərini mənə öyrətməsini xahiş etdim. O, müəyyən məsləhətlər verdi. Və tədricən kibrit çöpləri ilə dil tapmağa başladım. Amma bu heç də asan olmadı. Beləcə, kibrit çöplərindən fiqurlar hazırlamaq mənim xobbimə çevrildi”.

         Kibrit çöpündən hazırladığı ilk fiqurların üzərində özünün və uşaqlarının adlarını da həkk etdiyini dilə gətirən Elşən Səlimov həmin əl işlərini öz ustadına göstərib. Lakin ustadı onun əl işlərini bəyənməyib. Sadəcə, həmin müştəri özünün hazırladığı bir evin maketini telefonunun ekranında ona göstərərək: “Bunun yanında sənin düzəltdiyin nədir ki?” - deyərək öz əl işi ilə öyünüb.

Müştərisinin bu sözləri Elşəni daha yaxşı işləməyə sövq edir. O daha səylə çalışır. Elşən, əvvəlcə, 4400 ədəd kibrit çöpündən istifadə etməklə bir bağ maketini ərsəyə gətirir. Sonra isə 7400 kibrit çöpündən istifadə etməklə bir hotelin maketini hazırlayır. Elşənin dost-tanışları bu işləri görəndə gözlərinə inanmırlar. Onlardan biri Elşənin ustadını tapıb ona həmin əl işlərini göstərir. Ustad şagirdinin zəhmətinə düzgün qiymət verməməsini etiraf edir.

Elşənin ən maraqlı əl işlərindən biri Ağdaş Tarix Diyarşünaslıq Müzeyinin maketidir. O, 55 günə hazırladığı bu maketi hazırlamaq üçün 27700 ədəd kibrit çöpündən, 65 ədəd yapışqan və 3 qutu rəngdən istifadə edib. Elşən satış-sərgi təşkil etməklə öz əl işlərini sənətsevərlərə təqdim etmək arzusundadır. O, arzusunu yaxın günlərdə gerçəkləşdirəcəyini dilə gətirdi.

Qeyd edək ki, Elşən Səlimov həmçinin yaxşı dama oynamağı da bacarır. Belə ki, o, 2009 və 2010-cu illərdə Ağdaşda keçirilən dama üzrə yarışların qalibi olub.

 

 

Zaman.- 2011.-9-10 iyun.- S. 9.