“Türk ziyalısının türk gəncinə tanıdılması bizim əsas missiyalarımızdandır” 

 

 

Bu gün “Türküstan” qəzetinin fəaliyyətə başlamasının 5 ili tamam olur. 2006-cı ilin iyun ayının 11-də təsis olunan qəzetin auditoriyası bütövlükdə türk dünyasıdır. Bu günTürküstanqəzetinin fəaliyyətə başlamasının 5 ili tamam olur. 2006-cı ilin iyun ayının 11-də təsis olunan qəzetin auditoriyası bütövlükdə türk dünyasıdır. Qəzet türk cümhuriyyətləri və toplumlarının görkəmli şəxsiyyətləri, önəmli dövlət xadimləri, alimləri, şair və yazarları barədə gəncləri məlumatlandırmağı və bu yolla nəsillər arasında körpü qurmağı öz qarşısına məqsəd kimi qoyub. Qəzet bu məqsədini həyata keçirərkən ölkələrin daxili siyasətlərinə müdaxilə etmir, türk dünyasının ümumi məsələlərini işıqlandırmağa çalışır.“Türküstan”ın baş redaktoru Aqil Camalla söhbətimiz də qəzetin fəaliyyəti və gələcək planları ilə bağlı oldu.

 

NATİQ PƏNAHLI

 

- Aqil bəy, necə oldu ki, bu adda və bu məramda qəzet çıxarmaq qərarına gəldiniz?

- “Türküstan” qəzeti 2006-cı ilin iyun ayının 11-də fəaliyyətə başlayıb. Təbii ki, əvvəlcədən də bir özəyi var idi. Hələ 1999-cu ildə “Türkün səsi” adlı bir qəzet çıxarırdıq. O da, demək olar ki, “Türküstan”a bənzər bir qəzet idi. Ancaq müəyyən səbəblərdən onun çapına fasilə verəsi olduq. Fəaliyyətimizi 2006-cı ildə “Türküstan”la davam etdirdik.

Qəzetin məqsədi türk dünyasının və mədəniyyətinin bir araya gətirilməsinə yardım etmək, bu istiqamətdə görülən işlərə dəstək vermək və cəmiyyəti buna hazırlamaqdır. Hazırda türk cümhuriyyətləri arasında inteqrasiya prosesi gedir. Həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən görülən işlərə media dəstəyi vermək qəzet olaraq qarşımıza qoyduğumuz məqsədlərdəndir. Eyni zamanda biz çalışırıq ki, çatışmazlıqlar aradan qalxsın və yeni təkliflər ortaya çıxsın.

- Türk dünyasının çox dəyərli ziyalıları var. Bu ziyalıların tanıdılması üçün nələr edirsiniz?

- Bu, bizim əsas mövzularımızdandır. Fəaliyyətimiz daha çox gənclər və ziyalılar üzərində qurulub. Yəni türk ziyalısının türk gəncinə tanıdılması bizim əsas missiyalarımızdandır. Türk dünyasının tanınmış elm adamları, dövlət xadimləri, şair və yazarları haqqında mütəmadi məlumatlar veririk. Sevindirici haldır ki, gənclər bu mövzulara çox maraq göstərirlər. Bəzən elə olur ki, qəzetdə getmiş müəyyən yazıları arxivdən götürürlər, surətini çıxarırlar. Bəzən də qəzetimizin yazıları orta məktəblərin divar qəzetlərində yayımlanır.

Eyni zamanda redaksiyamızda gənclərlə ziyalılar arasında canlı dialoqlar təşkil edirik. Bu yollarla çalışırıq ki, ziyalılıq ənənəmiz gənc nəslə ötürülsün.

Ümumiyyətlə, qəzetimizin fəaliyyətini əsasən üç ayaq üzərində qurmağa çalışırıq: keçmişimiz, bu günümüz və gələcəyimiz. Qəzeti ancaq tarixi yazılara həsr etməklə bir şey əldə etmək olmur. Biz keçmiş, indi və gələcək arasında körpü qururuq: Kim olmuşuq? Haradan gəlmişik? Bugünkü vəziyyətimiz nədir? Gələcək üçün nələr etmək lazımdır?

- Yazılarınızdan görünür ki, ölkələrin daxili siyasətlərinə müdaxilə xarakterli yazılar vermirsiniz. Seçdiyiniz mövzularda daha çox hansı məsələlərə üstünlük verirsiniz?

- “Türküstan” deyəndə türk dünyası və türk mədəni coğrafiyasını nəzərdə tuturuq. Belə bir müqəddəs adı daxili siyasətlərə xərcləmək istəmirik. Adımıza uyğun yöndə işlər görməyə çalışırıq. Ona görə də daxili siyasətlərdə tərəf tutma mövqeyindən çıxış etmirik. Biz hər bir xalqın seçiminə hörmətlə yanaşmalıyıq. Məsələn, iyunun 12-də Türkiyədə seçkilər keçiriləcək. Xalq kimi iqtidara gətirsə, biz bu seçimə hörmətlə yanaşacağıq. Hesab edirik ki, ölkədaxili iqtidar-müxalifət məsələlərinə qarışmaqla qarşımıza qoyduğumuz böyük hədəfdən yayına bilərik.

- Digər türk respublikalarındakı oxucularınızla necə əlaqə saxlayırsınız?

- Bir şeyi etiraf edə bilərəm ki, bizi xaricdə daha çox tanıyırlar. Məsələn, Avropada yaşayan türk soylu toplumların diasporlarının nümayəndələri, həmçinin Türkiyədə, Orta Asiya ölkələrində, Güney Azərbaycanda bizim barəmizdə daha çox məlumatlıdırlar. Əslində bu bizim fəaliyyətimizin spesifik xüsusiyyətindən irəli gəlir. Çünki bizim xitab etdiyimiz coğrafiya daha genişdir.

Qəzetin çatdırılma məsələsinə gəlincə, biz qəzetimizi müntəzəm olaraq çap formasında türk dövlətlərindəki oxucularımıza çatdıra bilmirik. Buna ancaq internet vasitəsilə nail ola bilirik. Amma türk dünyası ilə bağlı tədbirlərə qəzetimizin nümunələrini aparmağa çalışırıq.

- Müşahidələriniz necədir: türkdilli ölkələr arasında mövcud informasiya körpüsü qaneedici səviyyədədirmi? İnformasiya körpülərini çoxaltmaq üçün nə etmək lazımdır?

- Mediada informasiyaya münasibətdə iki yanaşma var. Bir qisim jurnalistlər hesab edirlər ki, xəbərin milli mövqeyi olmamalıdır, sonradan hansı fəsad doğuracağından asılı olmayaraq, o, ictimaiyyətə çatdırılmalıdır. Bir qisim jurnalistlər isə deyirlər ki, hər şeyi xəbərə qurban vermək olmaz. Yəni xəbərçilikdə milli məsuliyyət olmalıdır.

Biz milli maraqlara əsaslanan medianın tərəfində olan insanlardanıq və düşünürük ki, ümummilli maraqlara zərər verə biləcək informasiyanı - həqiqət olsa belə - topluma duyurmaq olmaz. Biz bunu bütövlükdə türk dünyası üçün düşünürük. Azərbaycanın maraqları qədər digər türk cümhuriyyətlərinin və toplumlarının da maraqlarını nəzərə alırıq.

Digər tərəfdən, düşünürəm ki, türk dünyasının ortaq səsini dünyaya çatdıran vahid informasiya agentliyi qurmalıyıq. Bu agentliyin transmilli təşkilata çevrilməsinə nail olmalıyıq. Bu bizə imkan verəcək ki, vahid informasiya siyasətimiz olsun. Biz özümüz barədə məlumatları başqa agentliklərdən almamalıyıq. Çünki əcnəbi agentlik yaydığı məlumatları təmsil etdiyi ölkənin prizmasından təqdim edir.

- Özümüzü eyni ailənin üzvləri hesab etsək də, bir-birimizi çox yaxından tanımırıq. Daha doğrusu qarşılıqlı tanınma istənilən səviyyədə deyil. Sizcə, bu istiqamətdə neyləmək olar?

- İkili təmasları, yəni ikili əlaqələrin qurulmasını daha effektli hesab edirəm. Bu məsələdə medianın da üzərinə müəyyən yük düşür. Məsələn, bütün türk toplumlarından informasiyaların rahatlıqla axdığı ortaq informasiya portalı qura bilərik. Beləliklə, özümüz barədə məlumatı özümüzdən alarıq. ZAMAN qəzetinin simasında bunun başqa bir formasını görürük. Qəzetinizin həm türk cümhuriyyətlərində, həm də digər ölkələrdə nəşrləri var. Buna bənzər ortaq media orqanı da təşkil etmək olar, məncə.

Bir faktı da deyim. Azərbaycanda olduğu kimi, Türkmənistan və Özbəkistanda da “Türküstan” adlı qəzet çıxır. Bu, eyni tələbatın hər üç ölkədə hiss olunmasından qaynaqlanır. Demək ki, bu tələbatın ödənmə formasını daha da təkmilləşdirə bilərik.

- Ortaq türk dili və əlifbası ilə bağlı müzakirələr uzun müddətdir aparılır. Bu istiqamətdə niyyətlər bəyan edilsə də, konkret iş görülməyib. Türk cümhuriyyətləri və toplumları ilə bağlı məlumat yayan bir media orqanının rəhbəri kimi, bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Bu məsələlərin sürətlənməsi üçün siyasi iradəyə ehtiyac var. Toplumları idarə edənlər siyasi qərar verməlidirlər. Bu baxımdan Azərbaycanda heç vaxt problem olmayıb. Türkçülüklə bağlı məsələlərdə Azərbaycan tarixən ideya qaynağı olub. Hətta ötən əsrin əvvəllərində azərbaycanlı ziyalılar Türkiyəyə müəyyən ideyalar veriblər. Türkiyədə də bu baxımdan problemin olmadığını düşünürəm. Ancaq ortaq qərar vermək üçün bütün ölkələr eyni addımı atmalıdırlar. Qərar verilsə, bu məsələlər qısa müddətdə həll olunar.

- “Türküstan” qəzetinin planları nədən ibarətdir?

- Qəzetin ilk növbədə oxucusu olmalıdır. Bir qəzetin oxucusu yoxdursa - onun təchizatı nə qədər əla olursa olsun, heç bir əhəmiyyəti yoxdur. Bizim fəaliyyətimizdə ana xətt yeni oxucular cəlb etməkdir. Amma biz oxucu deyəndə kütləviliyi nəzərdə tutmuruq. Biz istəmirik ki, bir anda qəzetimizə böyük oxucu axını olsun və bir anda da yoxa çıxsın. Bizə daimi oxucu lazımdır. Ona görə biz həmişə sensasiyadan uzaq olmuşuq. Şüurlu olaraq bu qəzeti seçən insanları axtarmaq niyyətindəyik. Bu gün elə oxucularımız var ki, qəzetimizin hər bir sayını evində nömrə-nömrə yığıb saxlayırlar. Biz belə oxucuları axtarıb tapmaq istəyirik. O insanlar hər zaman bizimlə olacaqlar.

Bizdə hər həftənin çərşənbə axşamı oxucu günüdür. Hər ikinci gün, saat 2-dən başlayaraq, oxucular gəlirlər, bizə irad və təkliflərini bildirirlər. Demək olar ki, biz oxucuların əksəriyyəri ilə şəxsən tanışıq. Məqsədimiz daha çox oxucu qazanmaqdır. Oxucuların sayı artdıqca yeni ideyalar ortaya çıxır.

 

 

Camal Aqil

 

Zaman.- 2011.- 11-13 iyun.- S. 13.