“Süd bir çox xəstəliklərin sağalmasında mühüm rol oynayır” 

 

Dünyaya göz açan hər bir körpənin ilk qidası süddür. Allahın bəxş etdiyi bu nemət insan orqanizminin inkişafında və sağlam qalmasında əvəzsiz bir qidadır. 

 

Minerallarla zəngin, bolvitaminli və kalsium mənbəyi olan süddən istifadə edənlər bir çox xəstəliklərə tutulmurlar. Lakin tərkibinə kimyəvi maddələr qatılan süd və süd məhsulları orqanizmdə müxtəlif xəstəliklər yaradır. Ümumilikdə südün orqanizmə xeyri, bu məhsulun qarşısını aldığı xəstəliklər və süd alarkən diqqət edilməsi vacib olan məsələlər barədə həkim Hüseyn Məmmədov və ekspert Eyyub Hüseynovla söhbətləşdik. 

 

H. Məmmədov bildirdi ki, süd kalsium, fosfor və minerallarla zəngindir. İnsan orqanizminin formalaşmasında mühüm rol oynayan südün tərkibində həmçinin B, D, E, K vitaminləri var. Ägər orqanizmdə bu vitaminlərdən hansısa çatmırsa, süd içilməsi məsləhət görülür. Südün tərkibində kalsium çoxluq təşkil edir. Ona görə bu nemət insan boyunun artmasında mühüm rol oynayır. Süd həmçinin əzələ və sümük sistemlərinə, ürək fəaliyyətinin normallaşmasına da kömək edir. Hüseyn həkimin sözlərinə görə, süd dişlər üçün də xeyirlidir. Ona görə bu qidadan istifadə edən insanın dişlərində çürümə prosesi zəifləyir. Mütəxəssislərin fikrincə, insan gün ərzində yarım litrə qədər süd içməlidir. Daha sonra həkim südün müalicəvi əhəmiyyətindən danışdı. O: “Yağı azaldılmış süd təzyiqi normallaşdırır. Bu baxımdan təzyiqi olan şəxslərin bu cür süddən istifadəsi məsləhətdir”,-deyə vurğuladı.

 

“Siqaretdə olan ziyanlı maddələrə əks-təsir göstərir”

 

Süd həmçinin bədəndə olan yaraların tez sağalmasına da kömək edir. Hüseyn Məmmədov dedi ki, süd mədə-bağırsaq xəstəliklərinin qarşısını alır. Son zamanların araşdırmalarına əsasən, süddən istifadə edən şəxslərin etməyənlərə nisbətdə, mədə-bağırsaq xəstəliklərinə daha az tutulduqları aşkar olunub. Həkim siqaret çəkən şəxslərin süddən daha çox istifadə etmələrini məsləhət gördü. O bildirdi ki, süd siqaretdə olan ziyanlı maddələrə əks-təsir göstərir və orqanizmi zəhərli maddələrdən qoruyur.

 

Duzlaşmanın qarşısını alır

 

Həkimin sözlərinə görə, südə əlavə olunan su və digər mayelərin orqanizmə heç bir ziyanı yoxdur. Ancaq əlavə olunan qatqılar südün tərkibindəki vitaminlərin və mineralların təsirini azaldır. Süd həm də dərinin cavan qalmasına kömək edir. Bəzən insanlar kökəldikləri üçün süddən istifadə etmədiklərini deyirlər. Ancaq H. Məmmədov südün kökəlməyə kömək etmədiyini bildirdi. Orqanizmində kalsium mübadiləsi pozulduğuna görə osteoxondroz (duzlaşma) və digər xəstəliklər əmələ gəlir. Həkim belə xəstəliyə tutulanların  da süddən istifadə etmələrini məsləhət gördü. H. Məmmədov həmçinin saçı tökülən insanlara da süddən istifadə etmələrinin vacib olduğunu bildirdi. Çünki saç tökülməsi də kalsium çatışmazlığından ola bilər və süd bu prosesi lazımınca tənzimləyir.

 

Yaddaşı möhkəmləndirir

 

Südü günün bütün saatlarında içmək olar. Həkim qeyd etdi ki, süddə yağlılıq çoxdur, ona görə axşamlar qəbul edildikdə insana yuxu gətirir. Bu qida həm də yaddaşın möhkəmlənməsində mühüm rol oynayır. Tərkibindəki kalsium, vitaminlər və minerallar, sinir toxumalarını inkişaf etdirir və zehni möhkəmləndirir. H. Məmmədov süddən alınan digər məhsulların xeyrindən də danışdı. O dedi ki, belə məhsulların tərkibi bir az fərqlidir, ancaq onların da orqanizmə özünəməxsus xeyri var. Məsələn, qatıq mədədə turş mühit yaradır, ona görə də xəstəlik törədən mikrobların fəaliyyətini ləngidir. Həkim pendirdə də kalsiumun çox olduğunu və həzmin yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirdi.

 

Süd alarkən nəyə diqqət etmək lazımdır?

 

Ekspert Eyyub Hüseynovun sözlərinə görə, satışda olan südlərin 70 faizi təbii deyil. Onların çox hissəsi quru süddən hazırlanır. Belə südlər vaxtından çox saxlanılır. Bu isə sağlamlıq üçün zərərlidir. E. Hüseynov dedi ki, mağazalarda satılan kərə yağlarının da çox hissəsi təbii deyil. Onların üzərinə marqarin və müxtəlif bitki yağları vurulur və məhsul öz təbiiliyini itirir. Daha sonra ekspert xamanı misal göstərərək dedi ki, onun saxlanma müddəti üç aydır. Ancaq mağazalarda bu süd məhsulunu aylarla saxlayırlar. Hətta onun tərkibinə elə kimyəvi maddələr qatılır ki, vaxtının keçməsinə baxmayaraq, dadını itirmir. Şübhəsiz, belə məhsullar insan orqanizmi üçün zərərlidir və istifadəsi məsləhət görülmür. Südün tərkibinə qatılan kimyəvi maddələr onun tərkibində olan vitaminləri və orqanizm üçün xeyirli olan digər maddələri məhv edir. Həm də kimyəvi maddə qatılan süd məhsulları insanda mədə-bağırsaq xəstəlikləri yaradır. Ekspert dedi ki, süd və süd məhsulları alarkən üzərindəki istifadə tarixinə diqqət etmək lazımdır. Üzərində son istifadə tarixi olmayan məhsulların istifadəsi məsləhət görülmür. E. Hüseynov həmçinin dedi ki, üzərinə istifadə tarixi sonradan yapışdırılmış məhsullar da sağlamlıq üçün zərərli ola bilər. 

 

 

Zaman.-2011.-9-10 iyun.- S.8.