“Hindistanın ən məşhur şairləri
Nizami Gəncəvinin təsiri ilə yazıblar”
Hindistanın Azərbaycandakı səfirliyi
nə vaxtdan fəaliyyət göstərir?
-Hindistanın Bakıdakı səfirliyi rəsmi olaraq
1999-cu ilin oktyabr ayından fəaliyyət göstərir. Əslində
ilk olaraq 1999-cu ilin mart ayında İçərişəhərdə
nümayəndəlik açılıb. Yəni
biz 12 ildən artıqdır ki, burada fəaliyyət göstəririk.
Daha sonra səfirliyimiz indiki yerimizə
köçüb. Mən burada fəaliyyət
göstərən dördüncü hindistanlı səfirəm.
-Ölkələrimiz
arasındakı əlaqələrin mövcud vəziyyəti
hansı səviyyədədir?
-Bizim Azərbaycanla çox isti və yaxın münasibətlərimiz
var. Əlbəttə, bu münasibətlərin çox qədim
tarixi var. Orta əsrlərdə, keçmişdə bizim əlaqələrimiz
çox geniş və hərtərəfli olub. Sonra Sovet İttifaqı
dövründə münasibətlər daha çox Moskva
vasitəsilə həyata keçdiyinə görə, bir az zəiflədi. O illərdə Bakı ilə
birbaşa əlaqə saxlaya bilmirdik. 1991-ci ildə
Azərbaycan müstəqilliyini qazandı. Səfirlik açılana kimi əlaqələr
yavaş inkişaf edirdi. Amma səfirlik fəaliyyətə
başlayandan sonra iqtisadi, mədəni münasibətlərin
həcmi daha sürətlə artmağa başladı.
-Hindistanda azərbaycanlı tələbə
varmı?
-Bəli,
burada hindistanlı tələbələr var, orada da azərbaycanlı
tələbələr var. Hal-hazırda biz hər il iki azərbaycanlı tələbəyə
Hindistanda oxuması üçün təqaüd
ayırırıq. Keçən ilin oktyabr
ayından başlayaraq Azərbaycan Dillər Universitetində
hind dili bölməsi açıldı. Orada
Hindistandan gəlmiş bir professor da dərs deyir. Dünən də Azərbaycan Dillər Universitetinin
qonağı kimi Dehlidən gələn nümayəndə
heyəti bir sıra görüşlər keçirdi. Burada Azərbaycan-Hindistan Araşdırma mərkəzinin
qurulması planlaşdırılır. Bu
sahədə işlər davam etdirilir.
-Cənab səfir, dünyanın bir
çox ölkəsində olmusunuz. Azərbaycan,
Bakı ilə bağlı düşüncələriniz necədir?
-Azərbaycan
həqiqətən çox gözəl ölkədir. Bakı müasir bir şəhərdir. Burada
gedən inkişafı hər an hiss edə
bilərsiniz. Ölkənizin çox gözəl
coğrafiyası, təbiəti var. Demək olar ki, Azərbaycanda
hər şey var: dağlar, gözəl meşələr, dəniz,
müxtəlif iqlim qurşaqları və s. insanları
çox mehribandır. Biz özümüzü çox rahat
hiss edirik.
-Ölkələrimiz
arasındakı ticarət dövriyyəsi nə qədərdir?
-Təəssüflər
olsun ki, ticarət həcmi istənilən səviyyədə
deyil. Babalarımız daha geniş əlaqələrə
malik idi. Amma bu sahədə də
böyük işlər görürük. Son iki ildə ticarət həcmi illik 300 milyon dollara
çatıb. Burada da əsas yeri Hindistan
Neft Şirkəti tutur. Şirkət Azərbaycandan
neft məhsulları almağa başlayıb. Əgər uyğun razılaşmalar olarsa, bizim
şirkətlər daha çox neft almaq arzusundadırlar.
Hindistan tərəfi olaraq biz də buraya tibbi
preparatlar, qara çay, geyim ixrac edirik. Son
zamanlarda elektron avadanlıqlar da ixrac etməyə
başlamışıq. Bu il az
sayıda olsa da Hindistandan Azərbaycana avtomobil ixracı oldu.
-Qarşılıqlı turizmi
inkişaf etdirmək üçün hansı işlər
görülə bilər?
-Azərbaycanın
da, Hindistanın da böyük turizm potensialı var. Son illər
bu sahədə də böyük işlər görülməkdədir.
Məsələn, keçən ay Bakıda
keçirilən turizm sərgisində Hindistandan da çoxlu
nümayəndələr iştirak etdilər. Orada çox maraqlı görüşlər
keçirildi. Artıq Azərbaycandan bir
neçə turist qrupu Hindistanda olub. Hindistandan
buraya turist gətirmək üçün bəzi məsələləri
həll etmək lazımdır; vizaların sadələşdirilməsi,
birbaşa aviareysin açılması və ən önəmlisi
ölkə haqqında daha çox məlumat
çatdırılması. Biz ölkələrimiz
arasında əlaqələri inkişaf etdirmək
üçün buradan Hindistana jurnalist qrupları da
aparırıq. Sizin bir
yazıçınız Hindistan haqqında kitab yazıb.
Biz kitabın hər iki ölkədə
yayılması üçün müxtəlif tədbirlər
keçiririk. Bu yaxınlarda Xəzər
TV öz əməkdaşlarını Hindistana göndərdi.
Onlar orada çəkilişlər edəcəkdilər.
Biz də hər cür köməklik göstərdik.
-Bu yaxınlarda İngiltərə
Baş naziri D. Kameron mətbuata belə açıqlama verdi ki, Kəşmir probleminin səbəbkarı
bizik. Siz də belə
düşünürsünüz?
-Mən
başqa ölkənin diplomatının sözünə
şərh vermək istəmirəm. Amma Kəşmir
məsələsi barədə bunu deyə bilərəm ki,
problem ilə əlaqəli
-Azərbaycanın
Dağlıq Qarabağ probleminin həllini necə
görürsünüz?
-Hindistanın
bu məsələdə sabit bir görüşü var. Məsələ
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir. Biz bilirik ki, Qarabağ problemi çox mürəkkəb
bir məsələdir. Ancaq ümid edirik
ki, münaqişə sülh yolu ilə həll ediləcək.
-Bu bazar Bakıda Hindistan yeməkləri
festivalı keçiriləcək. Belə tədbirlər
tez-tez keçirilir?
-Bəli,
biz ölkəmizi, mədəniyyətimizi, mətbəximizi
tanıtmaq üçün belə tədbirlər
keçiririk. Burada az sayda hindistanlı
var. Onların sayı təxminən 300-400 nəfərdir. Amma onlar çox fəaldırlar. Öz
aralarında qurduqları bir təşkilat var: Hindistan Azərbaycan
Assosiyasiyası. Bu bazar günü keçiriləcək
yemək festivalını da həmin qurum təşkil edir.
Tədbir Avropa otelində bazar günü saat 11:30-da
başlayacaq. Orada Hindistan mətbəxinin
müxtəlif təamları qonaqlara göstəriləcək.
Eyni zamanda milli rəqslər də olacaq. Biz bütün azərbaycanlı
dostlarımızı oraya dəvət edirik.
- “Ərəb baharı” sizcə həqiqətən
bahardır yoxsa..?
-Mən əvvəlcə
onu bildirim ki, arzum ən qısa vaxtda bölgədə
sabitliyin bərqərar olmasıdır. Təkcə Yaxın
Şərqdə deyil, bütün dünyada insanların iki
şeyə ehtiyacı var: sülhə və firavan həyata. Dünyanın hər yerində yaşayan insanlar
sakit, mehriban, əmin-amanlıq şəraitində və maddi
tələblərinin qarşılandığı bir məkanda
yaşasınlar. Bu da təbiidir. Bizim ölkəmizdə də hökumət bu
yöndə çalışmaqdadır.
-Hindistanda
insan hüquqlarının qorunması üzrə fəallardan
Anna Hazare ölkədə rüşvətxorluq əleyhinə
aparılan mübarizəni ikinci azadlıq hərəkatı
kimi qiymətləndirib. Hindistanda nə baş
verir? (Birincisi Qandi hərəkatı hesab olunur)
-Az
öncə də dediyim kimi, insanlar sülh və firavanlıq
istəyirlər, eləcə də hindistanlılar. Rüşvət, korrupsiya kimi neqativ hallar da əhalinin
firavan yaşamasına əngəl olur. Bir-iki
ay əvvəl qeyri-hökumət təşkilatları,
korrupsiya əleyhinə fəaliyyət göstərən
şəxslərin iştirakı ilə hökumət iclaslar,
görüşlər keçirməyə başladı.
Orada ehtiyac olan yeni qanunlar, mövcud qanunların həyata
keçrilməsi yönündəki əngəllər və
s. məsələlər görüşülür. Bütün bunların hamısının məqsədi
ölkədəki korrusiya kimi neqativ bir halı minimuma endirməkdir.
-Azərbaycana,
Bakıya gəlmədən əvvəl ölkəmiz
haqqında təsəvvürünüz necə idi?
-Düzünü
demək lazımsa, mən Bakıya gəlmədən əvvəl
buranı kiçik bir şəhər təsəvvür
edirdim. Hindistanda əhalisi çox olan
böyük şəhərlərdə yaşayırıq.
Bakıdan əvvəl Çində, Honq-Konqda
işləmişəm. Oralarda əhalinin
sayı çox, şəhərlər də
böyükdür. Ona görə də,
kiçik bir şəhərə gələcəyimi təsəvvür
edirdim. Amma Bakını gördükdən
sonra buranın təsəvvürümdəkindən qat-qat
böyük olduğunu anladım. Hətta
son iki ildə Bakıda gedən analoqu olmayan inkişaf
adamı heyrətə salır. Tikintilər,
yollar, yenidən qurulan infrastrukturlar hər yerdə hiss olunur.
Bu inkişaf Bakını daha da cəlbedici edir.
Müasir həyat yaşamaq üçün hər
bir şey burada var. Azərbaycanın bölgələrindən
belə insanlar Bakıya gəlirlər. Həmçinin
regionun da ən cəlbedici şəhəri Bakıdır.
Bakıda sürətli inkişaf var. Mən əvvəllər
bir müddət Avropada da işləmişəm. Bakı bir yönüylə də mənə
Avropanı xatırladır. Azərbaycanın
digər bölgələrində də olmuşam. Məsələn,
Naxçıvan, Gəncə, Lənkəran, Quba və s.
Şəxsən mənim üçün Azərbaycanın
digər şəhərləri də çox gözəldir.
Ən azından ona görə ki, orada az
maşın var, az hay-küy var.
-Azərbaycanda hind filmləri həmişə
çox sevilib. Mədəniyyətlərimiz,
xalqlarımız arasında hansı oxşarlıqlar var?
-Bəli,
bizim mədəniyyətlərimiz yaxındır. Biz burada
özümüzü çox yaxşı hiss edirik. Bizim dillərimizdə, musuqimizdə
yaxınlıqlar çoxdur. Cəmiyyətin
əsası kimi ailə birliyimiz, evlilik ənənələrimiz
də oxşardır. Hətta dillərimiz
belə yaxındır. Məsələn,
mən azərbaycan dilini demək olar ki, yaxşı bilmirəm.
Amma hind dilində də olan ən az 300-ə
yaxın oxşar və ya eyni kəlimə tapdım. Məsələn, məhəbbət, xalça,
dünya, mədəniyyət və s. Bilirsiniz ki, Hindistanda
hakimiyyətdə türk əsilli qruplar da olub. Ola bilsin ki, o vaxtdan bu sözlər bizim dilimizə
keçib. Digər bir misal olaraq, sizin
dünya şöhrətli şairiniz Nizami Gəncəvini
göstərmək istərdim. O bir çox əsərini
fars dilində yazıb. Bizdə onun təsiriylə
yazan bir
çox tarixi məşhur şairlər və
yazıçılar olub.
-Hindistan dünyada əhalisinə
görə ikinci, ərazisinə görə yeddinci,
iqtisadiyyatına görə də onuncu böyük dövlətdir.
Amma sanki xarici siyasəti bir az zəifdir. Regionda o qədər də fəal deyil.
Razısınızmı
-Təəssüflər
olsun ki, düzdür. Amma bizim çox
böyük problemlərimiz var. Əhalimizin 30 faizi aclıq vəziyyətində
yaşayırlar. Bu da 300 milyon insan deməkdir.
Bu insanların vəziyyətini
yaxşılaşdırmaq bizim əsas hədəfimizdir.
Amma xarici siyasətdəki fəallığımız
da gündən-günə artmaqdadır. Biz
artıq beynəlxalq məsələlərdə daha aktiv hərəkət
edirik. Xarici siyasət idarəsinin büdcəsi
ildən-ilə artır.
-Təqaüdə
çıxdıqdan sonra hansı planlarınız var?
-Mən
35 ildən artıqdır ki, bu işdəyəm. Yəqin ki,
5-6 il daha işləyərəm. Birinci arzum bütün bu işlərdən
uzaqlaşmaqdır. Bir çox insan bizim
işə həsəd aparır, işimizi çox cəzbedici
görünür. Amma iş çox ağırdır. Arzum ailəmlə birlikdə ömrümü
sürməkdir. Mənim oğlum Kanadada
yaşayır. Həyat yoldaşım
Hindistanda bir universitetdə çalışır. İstərdim ki, təcrübəmlə ölkəmin
problemlərinin həllində iştirak edim.
Qaraxançalı
Anar,
Abbasova Günel
Zaman.- 2011.- 11-13iyun.- S.3.