15 iyun - Milli Qurtuluş Günüdür 

 

1993-cü ildə Azərbaycan olum ya ölüm dilemması qarşısında qalmışdı. Həmin dövrdə Azərbaycan torpaqlarının işğalını addım-addım həyata keçirən ermənilər və üsyan qaldıran daxili qüvvələrlə üz-üzə qalmışdı. 

 

       Azərbaycan xalqı öz tarixində dəfələrlə keşməkeşli günlər yaşayıb. Bu baxımdan 1993-cü ildə Azərbaycan olum və ya ölüm dilemması qarşısında qalmışdı. Həmin dövrdə müstəqilliyini əldə edən gənc respublikamız Azərbaycan torpaqlarının işğalını addım-addım həyata keçirən erməni işğalçı gücləri və müstəqilliyimizi həzm edə bilməyərək üsyan qaldıran daxili qüvvələrlə üz-üzə qalmışdı. Faktiki olaraq Azərbaycanın başı üzərini qara buludlar almış, müstəqilliyimizin hər an itirilməsi təhlükəsi yaranmışdı. 1993-cü ilin iyun ayının 4-də Gəncədə polkovnik Surət Hüseynov hakimiyyətdə olan güclərə qarşı üsyan qaldırmışdı. Surət Hüseynov Prezidentin, Milli Məclis sədrinin və digərlərinin istefasını tələb edir və əks halda Bakı üzərinə yürüşlə hədələyirdi. Belə bir vəziyyətdə hakimiyyət daxilində baş verən mənasız çəkişmələr də ölkəni xaosa sürükləməkdə idi. Ölkəni idarə edənlərin bəziləri qiyamçı polkovnikə qarşı sərt addımların atılmasını tələb edirdilər. Bəziləri isə bunun əleyhinə gedərək qardaş qırğınına qarşı çıxırdılar. Nəticədə ölkə idarəedilməz vəziyyətə gəlmişdi. Bundan istifadə edərək ermənilər cəbhəboyu hücuma başlamışdılar. Necə deyərlər, Azərbaycanın taleyi bir tükdən asılı idi. Buna paralel olaraq ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyilləri baş qaldırmış, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması fikri yaranmışdı. Qardaş qırğınına yol verməmək məqsədi ilə hökumət Surət Hüseynovun yanına nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndə heyəti qiyamçılar tərəfindən girov götürüldü və daxildə vəziyyət daha da gərginləşdi.

Artıq vətəndaş müharibəsinin ilk işartıları vardı. Surət Hüseynovun qiyamçı dəstələri ilə toqquşmalarda ilk ölənlər və yaralananlar  olmuşdu. Belə bir vəziyyətdə hakimiyyətdə olan güclər qardaş qırğınına yol verməmək məqsədi və xalqın tələbi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev Bakıya qayıdandan sonra parlamentdəki ilk çıxışında vəziyyətin təhlükəli olduğunu söylədi. O, vəziyyəti sabitləşdirmək məqsədi ilə Gəncəyə səfər etdi və qiyamçı polkovniklə görüşərək onu Bakı üzərinə yürüş etməkdən və qardaş qanı tökməkdən çəkindirə bildi. Lakin Surət Hüseynov hakimiyyətdə olan güclərin istefasını tələb edirdi. Vəziyyətin çıxılmaz olduğunu görən İsa Qəmbər parlamentin sədri vəzifəsindən istefa verməyə məcbur oldu. Sentyabrın 15-də Heydər Əliyev parlamentin iclasında Milli Məclisin sədri seçildi. Bu da Azərbaycanın qurtuluşu yolunda atılan ən uğurlu addımlardan oldu. Bunun ardınca Prezident Əbülfəz Elçibəy də Bakını tərk edərək Kələkiyə doğma kəndinə getdi. Heydər Əliyev parlamentin sədri seçiləndən sonra qısa müddətdə Azərbyacanın təhlükəsizliyini təmin edən addımlar atdı və beləliklə, ölkəmiz müstəqillik yolunda inamla addımlamağa başladı.

Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun Milli Qurtuluş günü elan edildi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

 

 

Zaman.- 2011.- 15-17.-S.3.