“İkili standartlardan yanaşma
münaqişənin həlli yolunda ciddi maneəyə
çevrilib”
Ötən ayın
sonlarında Azərbaycan rəsmi şəkildə Bloklara
Qoşulmama Hərəkatının (BQH) sıralarına qəbul
edildi. Bu, istər ölkə
daxilində, istərsə də xaricdə müxtəlif reaksiyalar
doğurub. Bəs Azərbaycanın BQH-yə üzv olması ətrafında
qalxan bu ajiotaja səbəb nədir? Bu və digər suallara
cavab almaq üçün millət vəkili, Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadəyə
müraciət etdik.
- Aydın müəllim, Azərbaycanın BQH-yə üzv olması müxtəlif prizmalardan şərh olunur. Bəzi politoloqlar Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasını və təcavüzkar dövlətin hərbi bloka - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü nəzərə alaraq, ölkəmizin BQH-yə üzv olmasının düzgün olmadığını vurğulayırlar. Bu baxımdan, sizcə, BQH Azərbaycana nə verəcək?
- BQH dünyanın
nüfuzlu qurumlarından biridir və onun beynəlxalq aləmdə
baş verən hadisələrə münasibətdə obyektiv
mövqedən çıxış etmək, haqq və ədaləti
müdafiə etmək kimi zəngin bir ənənəsi var. Bu baxımdan Azərbaycanın belə bir mötəbər quruma üzv olması, zənnimizcə, xarici siyasət sahəsində son illərdə atılan ən uğurlu addımdır. Bu, eyni zamanda ölkəmizin beynəlxalq səviyyədə sülhsevər dövlət olmasının, bütün ölkələrlə dinc yanaşı yaşamaq siyasətini prioritet məsələyə çevirməsinin nümayişidir. Azərbaycan bununla da əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin indiki Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarazlaşdırıcı siyasətin yeni bir mərhələyə keçirildiyini praktiki şəkildə beynəlxalq aləmə sübut etmiş oldu. Azərbaycan BQH-yə üzv olmaqla bütün hərbi bloklardan uzaqlaşdığını, heç bir dövlətlə hər hansı konfrontasiyaya getməyəcəyini, bölgədə iqtisadi, siyasi və hərbi strateji maraqları olan super güclərə bir daha nümayiş etdirmiş oldu.
Digər tərəfdən, Azərbaycan BQH-yə üzv olmaqla Ermənistanın işğalçılıq siyasətini daha yüksək səviyyədə ifşa etmək üçün nüfuzlu bir tribuna əldə etmiş oldu. Ermənistan isə KTMT-nin üzvüdür və bu səbəbdən BQH-nin üzvü ola bilməz. Bu da ölkəmizə BQH-yə üzv olan
120-yə yaxın dövlət arasında haqq səsimizi, münaqişənin əsl səbəblərini
və erməni vəhşətini dünyaya çatdırmaq imkanı verəcək. Yəni kimlərinsə bu məsələni yanlış prizmalardan şərh etməsinin heç bir əsası yoxdur. Bir sözlə, Azərbaycanın BQH-yə üzv olması düzgündür, vaxtında atılan addımdır və olduqca uzaqgedən məqsədlərə xidmət edir.
- BQH-yə üzv olmağımız bizim NATO Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramında fəaliyyətimizi şübhə altına ala bilərmi?
- Xeyr.
Azərbaycanın BQH-yə üzv olması onun müxtəlif hərbi bloklarla, o cümlədən NATO və onun bir qolu olan SNT proqramında iştirak etməsinə mane olmayacaq. Biz əvvəlki kimi NATO ilə SNT çərçivəsində əməkdaşlığımızı davam etdirəcək, qurum daxilində keçirilən bütün tədbirlərdə iştirak edəcəyik. Bu, BQH-yə üzv olan digər ölkələrə də xas olan amildir.
- BQH-yə üzvlüyümüzün işğal altında olan ərazilərimizin azad edilməsi yolunda ciddi əngələ çevriləcəyi barədə müxtəlif ehtimallar səslənir.
- Bu ehtimalların
heç biri sağlam məntiqə əsaslanmır. Çünki Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və biz beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarımızı istənilən vasitəyə əl atmaqla azad etmək hüququnu özümüzdə saxlayırıq. Sadəcə olaraq, hazırda Azərbaycan münaqişənin həlli məsələsində sülh danışıqlarının uğur gətirəcəyinə ümid edir. Əgər Ermənistan bundan sonra da işğalçılıq siyasətini davam etdirsə və danışıqlarda konstruktiv mövqe nümayiş etdirməsə, onda işğal altında olan torpaqlarımızı azad etmək üçün hərbi gücə əl atmaqdan başqa çıxış yolumuz qalmayacaq.
- Amma Ermənistan Rusiyanın
əlaltı qurumu kimi çıxış edən KTMT-nin
üzvüdür və yenidən müharibə başlayacağı
təqdirdə,
- Ermənistan KTMT-dən o vaxt hərbi və canlı qüvvə ilə yardım ala bilər ki, Azərbaycan ona hücum etsin. Lazım gələcəyi və qaçılmaz zərurət yaranacağı təqdirdə, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etməsi üçün hərbi gücə əl atacaq. Ancaq bu, onun Ermənistan ərazisinə hücum etməsi demək olmayacaq. Ona görə də münaqişə bölgəsində müharibə yenidən başlayacağı təqdirdə, Ermənistanın KTMT-nin yardımına ümid etməsi özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər hansı bir hərbi blokun yardımına ehtiyacı yoxdur və işğal altında olan ərazilərini azad etmək üçün kifayət qədər hərbi gücə malikdir.
- Azərbaycan İslam Konfransı Təşkilatının
(İKT) üzvüdür və bu qurum öz toplantılarında
dəfələrlə Ermənistanın təcavüzkarlıq
siyasətini pisləyən, Azərbaycan ərazilərinin dərhal
azad edilməsini tələb edən sənəd qəbul edib.
Buna baxmayaraq, İKT-nin bəzi üzvləri bu sənədlərə məhəl qoymadan təcavüzkar dövlətlə ən yüksək səviyyədə əməkdaşlıq edirlər.
Sizcə, analoji hadisələr BQH-da təkrar olunmayacaq ki?
- Əlbəttə, İKT nəinki İslam dünyasının, həm də
beynəlxalq aləmin ən nüfuzlu təşkilatlarından biridir. İKT bütün toplantılarında Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən, işğalçı
qüvvələrin dərhal torpaqlarımızı azad etməsi barədə sənədlər qəbul edib, sərt bəyanatlar verib. Təəssüflər olsun ki, İKT-yə üzv bəzi müsəlman ölkələri qurumun qəbul etdiyi sənədlərə məhəl qoymadan Ermənistanla müxtəlif səviyyələrdə əməkdaşlıq edirlər. Xatırladım ki, Ermənistan Prezidenti Serj Sərkisyan bir müddət əvvəl xaricdə fəaliyyət göstərən səfirləri ilə görüşündə ərəb ölkələri ilə sıx münasibətlər qurulması istiqamətində işləri gücləndirməyi tapşırıb. Amma bu gün Ermənistanla əməkdaşlıq edən bəzi müsəlman ölkələri də bunun yanlış siyasət olduğunu anlamağa başlayıblar. Çünki təcavüzkar dövlətlə əməkdaşlıq etmək və Ermənistanın təcavüzkarlığı ilə bağlı İKT-də qəbul edilən sənədlərə məhəl qoymamaq həmin dövlətlərin İslam ölkələrindəki nüfuzlarına kölgə salmaqdadır və bu amil onların müsəlman aləmindən təcrid edilməsinə aparır.
- “G-8” ölkələrinin Fransanın Dovil şəhərində keçirilən son toplantısında ABŞ, Fransa və Rusiya prezidentlərinin münaqişənin həlli ilə bağlı verdikləri bəyanat həm Ermənistan, həm də Azərbaycan tərəfindən məmnunluqla qarşılanıb. Bununla əlaqədar sizə elə gəlmirmi ki, tərəflərin məsələyə münasibətində nə isə bir anormallıq hiss olunur?
- Bilirsiniz,
Dovildə
üç ölkə
prezidentləri tərəfindən qəbul edilən sənəddə münaqişənin qısa müddətdə və həmsədrlər tərəfindən irəli sürülən nizamlama variantı əsasında həlli xüsusi vurğulanıb. Ona görə
də Azərbaycan ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən verilən bəyanatın münaqişənin həllində irəliləyişə nail olacağına ümid edir və bu səbəbdən sənədə müsbət münasibət bildirib. Ermənistanda da bu bəyanatın Azərbaycanın maraqlarına xidmət etdiyini yaxşı başa düşürlər. Buna baxmayaraq, Ermənistan dünyanın üç aparıcı dövlətinin iradəsinə qarşı çıxa bilməyərək, sənədin guya onların maraqları ilə üst-üstə düşdüyü barədə açıqlama vermək məcburiyyəti qarşısında qalıb.
- Amma bəyanatda yenə də işğalçı
və təcavüzkar Ermənistan öz adı ilə çağırılmayıb,
ondan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal
azad etməsi tələb edilməyib. Əvəzində isə bəyanatda münaqişənin dinc danışıqlar və sülh yolu ilə həll edilməsi məsələsi xüsusi vurğulanıb.
- Çox təəssüflər olsun ki, beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə ikili standartlardan yanaşma davam etməkdədir. Dovil bəyanatında təcavüzkarın öz adı ilə çağırılmaması da bu ikili standartların nəticəsidir. Yenə də çox təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ABŞ, Fransa və Rusiya tərəfindən belə ikili standartlardan yanaşılması təcavüzkar Ermənistanı münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirməyə şirnikləndirib və problemin həlli yolunda ciddi maneəyə çevrilib.
- Rusiya Prezidenti
Dmitri Medvedevin təşəbbüsü ilə bu ayın 25-də
Kazan şəhərində Azərbaycan və Ermənistan
dövlət başçıları növbəti dəfə
bir araya gələcəklər. Siz bu görüşdən nə
gözləyirsiniz?
- Ümid
edirik ki, prezidentlərin
ƏZİZ MUSTAFA
Zaman.- 2011.-14 iyun.-S.11.