Ağac da adam kimidir, yonulduqca gözəlləşir 

 

Firudin Məmmədvəliyev: “Mən bu işdə yorulanda da dincliyimi elə bu işdən alıram. Tamamladığın bir əsəri qarşıma qoyub beşcə dəqiqə ona baxanda aldığım ləzzəti heç nə ilə müqayisə edə bilmərəm. Bu iş mənim imzamdır. Əsl ustalar baxan kimi bilirlər ki, bu, kimin əlindən çıxıb. Yəni bu iş səndən 8 saatlıq iş rejimi tələb eləmir, hər şeyini, bütün duyğularını, düşüncələrini istəyir. Ona nə qədər çox şey verə bilsən, alacağın da o qədər çox olur. Bu iş mənim üçün şairlik, rəssamlıq, musiqi kimi bir şeydir”.

Firudin Məmmədvəliyevin 45 yaşı var. 22 ildir ki, az rastlanan bir sənətlə - ağac üzərində oyma sənəti ilə məşğuldur. Bu müddətdə 15 şagird yetişdirib. Yetirmələri müxtəlif rayonlarda çalışsalar da, Firudin usta ilə əlaqələrini kəsmirlər.

Üzərində işləyəcəyi ağacı qarşısına qoyub uzun müddət baxır, onunla danışmağa, “dil tapmağa” çalışır. Ağacı sevdiklərinin üzü kimi oxşayır, tumarlayır. İşləyəndə də elə bil, ağacı yonmur, oymur, incitmir, artıq-əskiyini nizamlayır, şəkildən-şəklə salır, gözəlləşdirir, daha yaraşıqlı, daha cazibəli hala gətirir.

 Firudin usta bu sənəti atası Seyfəddin müəllimdən öyrənib. Seyfəddin müəllimin sənəti təkcə Azərbaycanda deyil, Türkiyədə, İranda, Avropada, Rusiyada, bir sıra ərəb ölkələrində məşhurdur. 55 ildən artıq Əlyazmalar İnstitutunda çalışan Seyfəddin müəllimin işləri Avropanın, Amerikanın müzeylərində, şəxsi kolleksiyalarda sərgilənir. Ərəb əlifbası ilə ağac üzərinə müqəddəs kəlamlar, şeir parçaları, böyük mütəfəkkirlərin adlarını həkk edən Seyfəddinmüəllimin sənəti haqqında film çəkilib, adı bu sahədə dünyanın ən mötəbər imzalarından biri kimi qəbul edilir.

 Firudin usta ilə onun emalatxanasında görüşdük. Müxtəlif ölçülü isgənələrin birini götürüb o birini qoyur, qarşısında qucağa zorla sığan bir kötüyə “gül açırdı”. Söhbətimizə də elə gördüyümüzdən, yəni qəribə ölçülü alətlərdən başladıq:

 

 

Əlim yorulmur, beynim yorulur

 

- Usta, bu alətləri haradan alırsan belə?

- Bunlar dükan-bazarda tapılmaz. Hər alətin bir tarixi var. Bəzilərini xaricdən gətirdirik, bəziləri kimlərdənsə miras qalır, bəzilərini də özümüz düşünüb, frezerə sifariş edirik. Bu iki isgənəni də şair Məmməd Aslan verib. O da bir vaxtlar ağaclara naxış çəkməklə məşğul olub.

- Yorulursanmı?

- Doğrusunu deyim ki, əlim yorulmur, amma hərdən beynim yorulur. Bu işin qanunu belədir ki, əvvəlcə gərək qarşına qoyduğun kötükdə, ağacda arzu elədiyin layihəni görə biləsən. Yəni sən işləyə-işləyə təsəvvüründə formalaşdırdığın və kağıza köçürdüyün o mənzərəyə yaxınlaşırsan. Bəzən də elə olur ki, işin bir yerində fikrini dəyişirsən, hazır layihəyə nəsə əlavə edirsən, hansı fiqurunsa üzərində fərqli bir əməliyyat aparırsan. Əlin bəzən işləyir, bəzən dincəlir, beyninsə dayanmadan çalışır, götür-qoy edir, hansı məqamdansa ani bir dönüş edərək fərqli, təkrarsız əsər çıxarmaq üçün işləyir.

 

 

Hər ustanın öz imzası var

 

- Usta, heç şübhəsiz, bu işin də “avtoritet”ləri, rəy verən ustaları var və bizim bildiyimizə görə, həmin o “avtoritet”lərdən biri də sizsiniz. Bu sənətdə sənətkarın imzası olurmu? Yəni əsərə baxan kimi “bu filankasin əl işidir”- deyə bilirsinizmi?

- Əlbəttə, tanıyırıq. Rəssamlar tablonun nəzərə çarpmayan bir yerinə öz imzalarını qoyurlar. Bizdə elə deyil. Hər ustanın işi onun xarakterinin, dünyagörüşünün, səliqəsinin, şəxsi fantaziyasının ifadəsidir. Yəni biz əsərə baxanda əslində ustanın imzası ilə yanaşı onun dünyagörüşünü, fantaziyasını da oxumağı bacarırıq.

- Firudin ustanın bu sənətə gətirdiyi hansısa bir yenilik varmı?

- Bəli, var. Əvvəllər demək olar ki, bütün kompozisiyaların sonunda ovalvari, yəni yumurta kimi bir sonluq olurdu. Mən çox diqqət elədim və gördüm ki, həmin fiqur işıq-kölgə effektini pozur. Yəni o fiqurun kölgəsi olmadığı üçün kənardan baxanda müəyyən qədər simmetrik pozuntu diqqəti çəkirdi. Xeyli düşündüm və bir işimdə həmin o fiqurun başını kəsdim, baxdım ki, kölgə effekti tamamlandı. Atama göstərdim, başqa ustalarla məsləhətləşdim, hamı bəyəndi. Artıq son zamanlar ustaların çoxu həmin fiquru mənim kimi kəsirlər.

 

 

Bəzən yuxum qaçır...

 

- Gündə təxminən neçə saat işləyirsiniz?

- Əlim 10-12 saat işləyir, başım isə təxminən 20 saat. İnanırsınızmı, bəzən yediyim yeməyin içində hansısa fiqurları görürəm. Yatağa girib gözlərimi yumandan sonra bir müddət başımda-beynimdə ornamentlər dolaşır. Bəzən yuxularımda da fərqli şeylər görürəm, amma yadımda qalmır.

- Gündəlik iş planı kimi bir anlayışınız varmı? Yəni “bu gün bu işi tamamlamadan evə getməyəcəm” dediyiniz olurmu?

- Bu iş insanın ovqatı ilə birbaşa bağlıdır. Bəzən elə olur ki, hər şeyi beynində ildırım sürəti ilə həll edirsən və ötürürsən əllərinə, bəzən də nə düşünə bilirsən, nə də işləyə. Hərdən belə hallar olur. Amma birdən də elə olur ki, evə gedirsən, amma görürsən ki, evdə deyilsən e, işləyirsən. Televizoru yandırıb oturursan qabağında, amma nə ekranı görürsən, nə səsini eşidirsən. Məndə çox olub: yatağa girmişəm, görmüşəm ki, yata bilmərəm, durub geyinib gəlmişəm işə, gecənin yarısı işığı yandırıb başlamışam işləməyə.

Sizə gülməli gəlməsin, birdən elə olur ki, adamlarla ağaclar təsəvvürümdə eyniləşir. Ölçüyə-biçiyə sığmayan, danışığının yerini bilməyən, böyük-kiçik tanımayan birisini görəndə ağaca bənzədirəm: bax burasını yonub bu şəklə salardım, burasını kəsib atardım, burasına bir ornament yaraşır... Yəni ağac da adam kimidir, yonulduqca gözəlləşir

 

 

Sirr içindən sirr çıxır

 

- Bu sənətin sirri çoxdurmu?

- Sirr içindən sirr çıxır. Elə şey var ki, eşidib öyrənirsən, elə şey də var ki, özün işləməsən, görməsən, bir-iki dəfə ufuldamasan, öyrənə bilməzsən. Fiqurun içini, çölünü oymaq əməlli-başlı təcrübə istəyir ki, hər şeyi xarab eləməyəsən. Hərdən bərk ağacla işləməli olursan. Onda həmin ağacı irəlicədən solyarka ilə isladıb bir tərəfdə saxlayırsan ki, yumşalsın. Material solyarkanı canına çəkdikcə yumşalır və ustanın əlində daha rahat yonulur.

 Bir şeyi deyim ki, bu sənətdə düşünmək, fantaziya yürütmək çox mühüm məsələdir. Bir dəfə evdə televizorun qarşısında kresloya yıxılıb baxa-baxa düşünürdüm. Birdən qayadan-qayaya sıçrayan dağ keçisinin gərilmiş ayaqları ani olaraq gözlərim önündən keçdi və mən o saat yerimdən qalxıb karandaşla onun eskizini çəkdim. Sonra da gördüyünüz bu mebel ayaqları ortaya çıxdı. İnanın ki, bu ayaq digərlərindən daha möhkəm, daha etibarlıdır.

 

 

Qədim işlər primitivdir

 

- Əsərləriniz haralarda nümayiş etdirilir?

- Hələ 1991-ci ildə o vaxtkı İslam Mədrəsəsinə iki qapı düzəltmişdim. Həqiqətən də gözəl alınmışdı. İndi o binanın yerində olub-olmadığını bilmirəm, qapıların taleyindən də xəbərsizəm.

 Nizami Muzeyində, Əlyazmalar İnstitutunda əl işlərim mühafizə olunur. Türkiyədə şəxsi kolleksiyalarda əsərlərim var. Açığı, özümü ora-bura vurmağı xoşlamıram, amma yaxınlarımın təkidi ilə bir neçə sərgiyə qatılmışam, hamısında da qalib olmuşam.

- Ölkəmizdə çox qədim oymalı qapılar, məişət əşyaları var. Necə düşünürsünüz, əski işlər yaxşıdır, yoxsa indikilər?

- Qədim işlər çox primitivdir. Bunun da çox səbələri var. Əvvəla, texniki imkanlar çox məhdud olub. Bu iş belədir ki, nəsil-nəsil püxtələşir, hər nəsil öncəkinin təcrübəsinin üstünə nəsə əlavə edib, gələcəyə ötürür. Amma indi də bir bəla ortaya çıxıb ki, bəzi ustalar bir çox işləri dəzgahda kopyalamağa başlayıblar. Bu da işin gözəlliyini, təravətini qaçırır.

 

 

Hobbim musiqidir

 

- Yorğunluğunuzu necə çıxarırsınız, yəni boş vaxtınızda nə ilə məşğul olursunuz?

- Mən bu işdə yorulanda da dincliyimi elə bu işdən alıram. Tamamladığın bir əsəri qarşıma qoyub beşcə dəqiqə ona baxanda aldığım ləzzəti heç nə ilə müqayisə edə bilmərəm. Bu iş mənim imzamdır. Əsl ustalar baxan kimi bilirlər ki, bu kimin əlindən çıxıb. Yəni bu iş səndən 8 saatlıq iş rejimi tələb eləmir, hər şeyini, bütün duyğularını, düşüncələrini istəyir. Ona nə qədər çox şey verə bilsən, alacağın da o qədər çox olur. Bu iş mənim üçün şairlik, rəssamlıq, musiqi kimi bir şeydir. Yeri gəlmişkən, onu da deyim ki, mənim  musiqi təhsilim də var. Klavişli alətləri çox sevirəm, xüsusilə də pianonu. (gülür) Bilirsinizmi, bir dəfə necə oldusa, bir restoranda pianonun arxasına keçdim, ağlıma nə gəldisə, necə gəldisə çaldım, restoran müdiri mənə yüksək məbləğdə maaş təklif elədi ki, orda işləyim. Qəbul eləmədim. Kim nə qədər pul verir-versin, mən bu işimdən aldığım zövqü başqa heç bir şeydən ala bilmərəm.

 

 

Təkrarçılıq xəyanətdir

 

- Olurmu ki, eyni layihəni iki dəfə işlədəsən?

- Əsla. Bizim sənətdə təkrarçılıq xəyanətdir. Hər işdən bir dənə olmalıdır. Özü də mən kifayət qədər ciddi, tanınmış, ziyalı müştərilərlə işləyirəm. Özünə hörmət edən usta işin özü ilə birlikdə onun planını da sahibinə verir. Bu, o deməkdir ki, bu əsəri başqa bir yerdə görsən, demək mənim xəyanətimi tutmuş olursan. Biz belə işlərə getmirik.

- Bu işdə dolanışıq varmı?

- Hər sənətlərdə dolanışıq var, amma gərək sənətkar olasan. Bizim müştərilər yaxşını pisdən ayıra bilirlər. Təkcə sənətkarlıq da kifayət deyil, gərək müştəriyə qarşı dürüst olasan. Bir yanlış addım sənin bütün nüfuzünü, hörmətini silib-süpürər.

 

 

Müştərilərimin adını anonim saxlayıram

 

- Kimlərdi müştərilərin?

- Mən müştərilərimin adını anonim saxlayıram. Yəni anlaşmamız belədir.

- Olurmu ki, pulunuzu kəssinlər, ya heç verməsinlər?

- Olur. Amma adını gizli saxladığım müştərilərim bu barədə heç vaxt problem çıxarmırlar.

- Hansı ağaclarla işləyirsən?

- Qoz, şabalıd, fısdıq, cökə, göyrüş... Yəni sifariş necə olsa.

- Materialları haradan alırsınız?

- Gətirib bizə satanlar da var. Bəzilərini də özümüz tapırıq.

 

 

 Əli Çərkəzoğlu 

 

Zaman.- 18-20 iyun.-2011.-S.13.