“Yunanıstan Azərbaycanla
birbaşa əməkdaşlıqda maraqlıdır”
Yunanıstan Respublikası Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Bu ölkə Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür. Ölkə yunan dilində “Hellas”, Avropa dillərində “Grek”, “Greece” və s. şəklində, “İliada”da isə “Axeylərin ölkəsi” olaraq adlandırılır.
Bu qədim
ölkə ilə Azərbaycan arasında diplomatik münasibətlər
var. 1992-ci ildə əsası qoyulmuş bu münasibətlər
hazırda inkişaf etməkdədir. Yunanıstan da digər
Avropa ölkələri kimi, Azərbaycan qazından pay almaq
istəyir. Bu istiqamətdə iki ölkə arasında
yüksək səviyyəli danışıqlar davam etməkdədir.
Yunanıstanın
ölkəmizdəki səfiri İoannis Metaksas ilə iki
ölkə arasındakı münasibətlərin dünənindən
və bu günündən danışdıq. O,
qarşılıqlı münasibətlərin perspektivindən
olduqca ümidlidir.
- Cənab səfir, Yunanıstanın
Bakıdakı səfirliyi ölkəmizdə fəaliyyət
göstərən ilk xarici nümayəndəliklərdəndir.
Səfirliyin tarixçəsi barədə məlumat verməyinizi
xahiş edirik.
- Azərbaycanla
Yunanıstan arasındakı ikitərəfli diplomatik
münasibətlərin əsası 1992-ci ildə qoyulub. Gələn
il bizim buradakı fəaliyyətimizin 20-ci ili tamam olacaq.
Bakıdakı Yunanıstan səfirliyi öz fəaliyyətinə
1993-cü ildə başlayıb. Mən burada
çalışan 5-ci səfirəm.
- Bu yaxınlarda Yunanıstan Prezidenti
Azərbaycana rəsmi səfərə gəlmişdi. Səfər
necə keçdi və ümumiyyətlə, iki ölkə
arasındakı əlaqələrin hazırkı səviyyəsi
necədir?
- Hər
iki ölkə eyni coğrafi sahədə, geniş Qara dəniz
hövzəsində yerləşir. Bu yaxınlıq ortaq
maraqlar əmələ gətirir. Bu ortaq maraqlar da dövlətlərimizi
və xalqlarımızı daha da yaxınlaşdırır.
İkitərəfli münasibətlər hazırda çox
yaxşıdır. Xüsusilə, son illərdə Azərbaycan
və Yunanıstan arasında yüksək səviyyəli
siyasi dialoq kursu inkişaf etməkdədir.
Qarşılıqlı olaraq prezidentlərin və müxtəlif
nazirlərin səfərləri bu dialoq kursunun inkişaf edib
qorunmasında çox önəmli bir amil olmuşdur. Aprel
ayında Yunanıstan Prezidenti Dr. Karolos Papuliasın Azərbaycana
rəsmi səfəri çox məhsuldar oldu və əlaqələrimizin
möhkəmlənməsinə çox böyük töhfə
verdi. Mən əminəm ki, xalqlarımızın mənafeyi
naminə bu əməkdaşlıq gələcəkdə
daha da inkişaf edəcək. Neft və qaz sahəsi ilə əlaqəli
olaraq vurğulamaq istərdim ki, 2007-ci ildə hər iki
dövlətin adıçəkilən sahələr üzrə
imzaladığı əməkdaşlıq memorandumu
mühüm rol oynayır. Yunanıstan həmçinin bəyan
edib ki, o, Avropa Birliyi ölkələri içində ilk dəfə
olaraq, Azərbaycandan birbaşa qaz almaq istəyir. Bu arzu 2011-ci
ildə gerçəkləşə bilər. Ümumi olaraq əldə
edilmiş baza prinsiplərinə görə, Türkiyənin
BOTAŞ şirkəti ilə Yunanıstanın DEPA şirkəti
arasında imzalanmış və hazırda qüvvədə
olan müqavilədə göstərilmiş illik 0,75 milyard
kubmetr qaz satınalma öhdəlikləri Azərbaycan Dövlət
Neft Şirkətinə keçəcək.
Bundan əlavə,
Yunanıstan Azərbaycanla birbaşa əməkdaşlıqda
maraqlıdır və buna hazırdır. Çəkilə
biləcək yeni boru marşrutları - Türkiyə-Yunanıstan-İtaliya
və Yunanıstan-Bolqarıstan xətləri sayəsində
ölkəniz qazı birbaşa Avropaya ixrac edə bilər.
Bütün Cənub-Şərqi Avropa bazarının təbii
qaz ehtiyacı ildən-ilə artmaqdadır. Qeyd etdiyim layihələr
həyata keçərsə, Yunanıstanın və regionun
digər ölkələrinin tələbatının
böyük hissəsi qarşılanacaq. Eyni zamanda
vurğulamaq istərdim ki, Yunanıstanın enerji sahəsində
çox böyük sərmayə imkanları var. Ola bilsin ki,
bu, Azərbaycanı maraqlandıra bilər.
- Azərbaycanda yaşayan
Yunanıstan vətəndaşları əsasən nə
işlə məşğul olurlar?
- Səfirliyimizin
əməkdaşlarından başqa, burada çox az
sayıda Yunanıstan vətəndaşı fəaliyyət
göstərir. Onlar da əsasən beynəlxalq təşkilatların
tərkibində, beynəlxalq layihələrin gerçəkləşdirilməsində
və ya turizm sahəsində çalışırlar.
- İki ölkə arasında
qarşılıqlı tələbə mübadiləsi
proqramı varmı?
- Azərbaycan
ilə Yunanıstan arasında 1997-ci ildə ikitərəfli təhsil
və mədəniyyət müqaviləsi imzalanıb. Bu
müqavilə əsasında elm, təhsil və mədəniyyət
sahələrində ikinci ikitərəfli proqram
hazırlanıb. 2011-2013-cü illəri əhatə edən
bu proqram hazırda qüvvədədir. Proqramın həyata
keçirilməsi yolunda biz hər il azərbaycanlı tələbələrə
Yunanıstanda təhsil ala bilmələri üçün təqaüd
təklif edirik. Ümid edirik ki, gələcəkdə Azərbaycan
da yunan tələbələrə təqaüd təklif edəcək.
- Bildiyiniz kimi, Dağlıq
Qarabağ problemi bizim üçün əsas məsələdir.
Sizin bu problemə münasibətiniz necədir?
-
Heç kim uzun müddət davam edən və Cənubi
Qafqazda sabitliyə və təhlükəsizliyə zərbə
vuran münaqişədən məmnun deyil. Biz ümid edirik
ki, problem Azərbaycan və Ermənistan arasında əldə
ediləcək razılaşma əsasında sülh yolu ilə
həll olunacaq. Biz beynəlxalq təşkilatları, ATƏT-in
Minsk Qrupunun səylərini dəstəkləyirik.
- Ölkələrimiz
arasındakı ticarətin həcmi nə qədərdir?
-
Yunanıstan Statistika Mərkəzinin məlumatına görə,
2010-cu ildə Azərbaycandan Yunanıstana 12,84 milyon ABŞ
dolları, Yunanıstandan Azərbaycana isə 13,21 milyon
ABŞ dolları həcmində mal ixrac edilib. Təəssüflər
olsun ki, bu rəqəmlər ölkələrimizin
potensialından çox aşağıdır. Bizim münasibətlərimiz
hər iki ölkənin mənafeyi üçün daha da
genişlənməlidir.
- Ticarətin hansı sahələrində
əməkdaşlıq daha genişdir?
- Bu
gün Yunanıstandan Azərbaycana əsasən ərzaq, xəzlər
və alüminium məhsulları gətirilir. Azərbaycandan
Yunanıstana isə təbii ki, əsasən xam neft və neft
məhsulları ixrac olunur. Əminəm ki, hər iki ölkə
ixracatını artıra bilər. Azərbaycan Yunanıstana
birbaşa olaraq qaz ixrac edə bilər, mənim ölkəm də
buraya müxtəlif növ ərzaq məhsulları, texniki və
elektron məhsullar, liftlər, tibbi avadanlıqlar, günəş
enerjisi üçün panellər və digər məhsullar
ixrac edə bilər.
- Çoxşaxəli fəaliyyəti
özündə cəmləyən diplomatiya sahəsinə
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı necə təsir edir? Nəzərə alaq ki,
diplomatlar yalnız siyasi məsələlərlə deyil, eyni
zamanda iqtisadi məsələlərlə də məşğuldurlar.
-
İqtisadi məsələlər hər zaman diplomatın
işinin bir hissəsi olub. Mənə elə gəlir ki,
diplomatların bu sahədə cəhdləri və səyləri
həyati önəm daşıyır. Bundan başqa,
informasiya texnologiyalarının inkişafı bir mənada
bizim işimizi asanlaşdırır. Ona görə də mən
bu inkişafı bir problem kimi görmürəm, əksinə,
bunun faydalı olduğuna inanıram.
- Bu il Azərbaycanda “Turizm ili” elan
olunub. Bu baxımdan ölkələrimiz arasında turizmi
inkişaf etdirmək üçün nə etmək olar?
-
Yunanıstan azərbaycanlı turistlər üçün
açıq ölkədir. Bizim ölkəmizdə turizm
üçün hər cür imkan var: yüksək səviyyəli
xidmət, ən gözəl otellər və s. Azərbaycan
xalqına Yunanıstandan bəhs etməyə ehtiyac yoxdur.
Onlar bizim ölkəni yaxşı tanıyırlar. Ötən
illərdə Azərbaycandan çox sayda turist ölkəmizə
səfər edib. Mən inanıram ki, bu daha da artmalı və
inkişaf etməlidir. Yunanıstanın Azərbaycandakı səfirliyi
Azərbaycan turistlərinin viza məsələsini çox
qısa vaxtda həll etməyə çalışır.
- Bakı ilə bağlı təəssüratlarınız
da oxucularımız üçün maraqlı olardı.
- Bakı
artıq Cənubi Qafqaz regionunun əhəmiyyətli
paytaxtıdır. Bir çox diplomatik fəaliyyətlər və
görüşlər burada baş tutur. Eyni zamanda Azərbaycanın
iqtisadiyyatı, siyasəti daxildə və xaricdə
inkişaf edir. Bakıda çalışan xarici diplomat kimi mənim
üçün hər gün çox maraqlı və həvəsləndiricidir.
- Azərbaycanın digər şəhərlərində
və bölgələrində olmusunuz?
- Bəli,
Gəncədə, Şamaxıda, Lənkəranda, Qubada və
Şəkidə oldum. Həmçinin Naxçıvana da
getmişəm. Getdiyim bütün yerlər, həqiqətən,
çox maraqlı idi. Ərazinizin kiçik olmasına
baxmayaraq, ölkənizin çox fərqli təbiəti və
iqlimi var.
ANAR QARAXANÇALLI
Zaman.- 2011.- 18-20 iyun.- S. 5.