“Kaş bir
gün yuxularım çin olaydı...”
Bir vaxtlar
dövri mətbuatda onun adına mütəmadi rast gəlmək
olardı. Bir vaxtlar o, dövlət tədbirlərində
tez-tez görünərdi, lakin son illər sanki unudulub.
Söhbət sovet dönəmində respublikamızda yüksək
titula - Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülmüş Şərqiyyə Vəliyevadan gedir. Bu
günlərdə Bərdədə olarkən onunla da
görüşmək qərarına gəldik. “Xəzər”
televiziyasının Qarabağ üzrə bölgə
müxbiri Şamxal Cəliloğlu
qəhrəmanın rayonun Zümürxan kəndində məskunlaşdığını
dedi. Bizi qəhrəmanın oğlu qarşıladı.
Xoş-beşdən sonra hazırda qaçqınlıq həyatı
sürən qəhrəmana: “Şərqiyyə xanım, nə
var, nə yox? Necə yaşayırsınız?” kimi ənənəvi
sualla müraciət etməyimizi artıq hesab etdik. Odur ki, bu
ilin iyul ayının 7-də 75 yaşı tamam olacaq Şərqiyyə xanıma cansağlığı
arzulamaqla bu yubileyi necə qarşılayacağı ilə
maraqlandıq.
- Ümumiyyətlə,
məlum hadisələrlə əlaqədar Laçını - doğma ocağımı
tərk edəndən sonra ad günü-filan keçirmirəm.
Bir də, a bala, Laçınsız nə ad günü, nə
yubiley e?.. Nə vaxt Laçına qayıdarıq, bax onda
özümə bir yubiley təşkil edərəm... Bununla
da ömrümün ağrılı-açılı
günlərini unudaram... Bir də sizə bir şey deyim... Hər
il Laçının işğalı günü
xatırlananda ən azı yüz dəfə
ölüb-dirilirəm... Deyirəm, ay bala, bəs mənim bu
cənnət məkanım nə vaxt azad olacaq? Ancaq ümidimi
kəsməmişəm. İndi o yerləri ancaq yuxularımda
görürəm... Deyirəm, ay Allahım, kaş bir gün
yuxularım çin olaydı...
- Amin, ay Şərqiyyə
xanım... Laçın azad olunanda ilk üz
tutacağınız məkan hara olacaq?..
- Qəbiristanlıq,
a bala... Düz on səkkiz ildir ki, orada uyuyan
yaxınlarımı ziyarət edə bilmirəm. Heç
olmasa, qoy onlara deyim ki, vallah, elə bilməyin sizləri
unutmuşam. Allah evini yıxsın bizi sizdən, bu yerlərdən
ayıranların... Hərdən də düşünəndə
ki, mən öləndə boya-başa, ad-sana
çatdığım Laçında deyil, başqa yerdə
torpağa tapşırılacağam, inanın, gen dünya
başıma dar olur...
Söhbətinin
bu yerində kövrələn Şərqiyyə
xanımı başqa suallarla ovundurmağa
çalışdıq.
“Maral Rəhmanzadə portretimi çəkib”
- Şərqiyyə xanım, bəlkə
Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülməyinizin qısa tarixçəsindən söz
açasınız?
- Bala,
1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşəm. Onu da deyim ki, mən
Laçında belə yüksək ada layiq
görülmüş ilk və sonuncu qadınam. Özü də
mənə bu ad heyvandarlığı inkişaf etdirmək, məhsul
tədarükünü artırmaq sahəsində
qazandığım uğurlara görə verilib. Yəni mən
sağıcı olmuşam. Hər inəkdən il ərzində
4700 kiloqram süd sağırdım... Məskənimiz də
Qırxqız yaylağının ətəkləri idi. Bir
zamanlar o yerlərdə Sultan bəy oturardı. O Sultan bəy
ki, 1918-ci ildə ermənilərə, Andranikin dəstəsinə
qan uddurmuşdu... Heyif ki, indi o yerlərdə namərd ermənilər
meydan sulayırlar...
- Belə yüksək mükafata
layiq görüləcəyinizi gözləyirdinizmi?
- Yox,
yox... İnanın, heç xəyalıma da gətirmirdim. Adi
bir kolxozçunun belə bir mərtəbəyə
qalxması mənə yuxu kimi gəlirdi.
- Şərqiyyə xanım, əgər
belə demək mümkünsə, o zamanın qəhrəmanlarına
nəğmələr qoşmaq dəb idi. Nədənsə
sizin adınızla bağlı belə mahnı yoxdur...
- Mənim
haqqımda çox məqalələr yazılıb. Onlardan
“Qırxqızın qırxbirinci qızı” yazısı
indi də xatirimdədir. Səhv etmirəmsə, onu Üzeyir
Bayramov adlı bir jurnalist qələmə almışdı. Əli
Vəliyev isə “Durna qatarı” kitabında məndən
söz açıb. O ki qaldı mahnıya...
Görünür, elə şeylərə marağım
olmayıb. Lakin tanınmış rəssam Maral Rəhmanzadə
portretimi çəkib. Səhv etmirəmsə, o tablo bir sənət
əsəri kimi hansısa muzeyimizdə saxlanılır.
- Sovetlər Birliyi dağılandan
sonra əmək qəhrəmanlarına münasibət tamamilə
dəyişdi.
- Bəli,
o illərdə hətta unudulduq. Sovet titullarını alanlara
qarşı bir ögeylik yarandı. O illərdə heç də
bədbin olmadım. Amma nə gizlədim, həmin illərdə
mənə orden və medalları satmaq təkifləri də
gəldi. Dedim ki, onlar mənim zəhmətimin bəhrələridir.
Milyonlar təklif olunsa belə, yenə “Qızıl ulduz”dan
vaz keçmərəm. Hətta dedim ki, öləndə də
vəsiyyət edəcəyəm ki, onu muzeylərdən birinə
qoysunlar. Amma Heydər Əliyev yenidən hakimiyyətə gələrək,
əgər belə demək mümkünsə, bizim
bağlanmış kitabımızı açdı. Üstəlik,
İlham Əliyev diqqətini üzərimizdən çəkmədi.
Məhz onların sayələrində bu gün Şərqiyyə
xanım maddi sıxıntı çəkmir. Bu gün mən
də digər həmkarlarım kimi, Prezident təqaüdü
alıram. Əks halda, müəyyən problemlərlə
üzləşərdim.
- Heydər Əliyevlə nə vaxt
görüşmüsünüz?
- Səhv
etmirəmsə, 1971-ci ildə... Hətta mən onu
Laçına da dəvət etmişdim. Dedi ki, Şuşaya
gələndə gələrəm. O, Şuşaya gələndə
Laçına da təşrif buyurmaq istədi. Lakin hava elə
oldu ki, Laçına gələ bilmədi. Onun bilavasitə mənimlə
bağlı dedikləri indi də yadımdadır: o qədər
qoçaqsan ki, bu qədər də uşaq
böyüdürsən. Onu da deyim ki, mən həm də “Qəhrəman
ana” olmuşam, 11 uşaq ərsəyə gətirmişəm...
- Sonradan onunla görüşmək sizə nəsib
oldumu?
- Sizə
Heydər Əliyevlə bağlı bir maraqlı hadisəni də
danışım... İli dəqiq deyə bilmərəm.
Oğlanlarımdan biri İçərişəhərdə
keçirilən Novruz bayramında Heydər Əliyevlə mənim
şəklim olan bir portretlə dayanıb. Heydər Əliyev
həmin şəkli görən kimi: “Bu, Şərqiyyə
xanımdır” deyərək mənimlə maraqlanıb. Hətta
həmin tədbirə qatılmış nəvəmi də
öpüb. Lakin nə yazıq ki, Heydər Əliyev Bərdəyə
gələndə məni onunla görüşdürmədilər.
Onu da deyim ki, heç məni Bərdədə təşkil
olunan tədbirlərə də dəvət etmirlər.
İndi rayona yeni başçı təyin olunub.
İnanıram ki, gəlişilə Bərdədə
genişmiqyaslı abadlıq işlərinə start vermiş
yeni başçı məni diqqətdən kənarda
qoymayacaq.
“Mən o qədər işi
çatdıra bilməzdim ki...”
- 11 uşağın
qayğısı, üstəlik, gərgin iş... Bu işlərin
öhdəsindən necə gəlirdiniz? Yeri gəlmişkən,
indiki ailələr iki uşaqla kifayətlənirlər.
- Mehriban
ailəm olub... Əsas dayağım qayınanam Yetər
xanım olub. Mənimlə birgə işləyən həyat
yoldaşım Sabir də öz köməyini məndən əsirgəməyib.
Yəni mənim uğurum əslində ailəmin uğuru
olub. Əks halda, mən o qədər işi çatdıra
bilməzdim ki... Sizə bir maraqlı məlumat da verim: mənim
qayınanam Yetər xanım Sultan bəy üçün
xalı, gəbə toxuyardı. Hətta rəhmətlik
qayınanam tanınmış şairə, xeyirxah insan Natəvan
xanımın sifarişi ilə iki xalı toxuduğunu da
danışardı. Sualınızın ikinci hissəsinə
gəldikdə isə... İndi əksər ailələr iki
uşaqla kifayətlənirlər. Onları da qınamıram
e... İnandırım sizi, mən Bakıda olanda ürəyim
sıxılır. Dörd divar arasında uşaq
saxlanılar?..
- Həyat yoldaşınızla
tanışlığınız necə olub?
- Onunla
bir məktəbdə oxumuşam. Sonradan da həyat elə gətirdi
ki, bir yerdə çalışmalı olduq. Qəhrəman
adına layiq görülməmişdən bir müddət
öncə ailə həyatı qurmuşuq. Onu da deyim ki, o,
haqqımda yüzlərlə bənd şeir yazıb (Söhbətin
bu yerində Sabir kişi ona həsr etdiyi şeirlərindən
bir neçəsini söyləyir). Hə, övladlarım da
sağ olsunlar... Ata-analarına layiq oldular. İndi hərəsi
bir bölgədə yaşayır. Üçüncü
övladım Füzuli təyyarəçi idi. O, Qarabağ
müharibəsində gedən döyüşlərdə iki
dəfə yaralandı. “Krokodil” tipli təyyarə ilə 256
dəfə hava uçuşu keçirən həmin oğlum
1994-cü ildə iş başında - Qala Aeroportunda
dünyasını dəyişdi.
- Şərqiyyə xanım, bəs
sonradan nə əcəb bir sahibkar kimi fəaliyyətinizi
davam etdirmək fikrinə düşmədiniz?
- Bala,
köçkünlük həyatı məni elə
sındırdı ki... Bir də... dağ adamının arana
uyğunlaşması çox çətindir.
İnandırım sizi, mən hələ də bu mühitə
uyğunlaşa bilməmişəm. Mənimki qışda
aran olub, yayda yaylaq.
“Gedin probleminizi “hökumət” həll
etsin”
- Şərqiyyə
xanım, bəs indi niyə elə məhsuldarlığa nail
olmaq olmur?
-
Heyvandarlığın inkişafı aran və yaylaq amillərinə
çox bağlıdır. İndi yaylaq varmı? Biz o zaman kəndimizin,
Piçənisi deyirəm, 11 kilometrliyindəki yaylaqda
olardıq... Orada qurduğumuz çadırı - onu mənə
Özbəkistandan gətirmişdilər- indi də unuda bilmirəm.
O elə yaylaqda qurulu qaldı... Hə, heyvanları sağarkən
onların əzizlənməsi də önəmlidir. Neçə
ildir bu yerlərdəyəm, amma hələ ki inəyi
sağarkən onu oxşayana, tumarlayana rast gəlməmişəm.
İnsan gərək heyvandan da məhəbbətini, sevgisini əsirgəməsin.
Bir də sahibkarların təcrübəmdən yararlanmaq istəməmələri
də mənə bir qədər qəribə gəlir.
- Bəs Bərdəyə gəlib
çıxmağınızın bir özəlliyi varmı?
- Hələ
sovet dönəmində Bərdəyə, Yevlaxa gəlib-gedərdim,
bura pendir gətirərdik. O vaxtlardan bu yerlər mənə tanış
idi. Odur ki, o hadisələrdən sonra heç
düşünmədən bu yerlərə yolumu saldım və
Zümürxandakı bir qarajda məskunlaşdıq.
- Şərqiyyə xanım,
uşaqlarınızın adları da şairanədir... Pənah,
Füzuli, Vidadi, Xaqani, Nizami... Kim verib onlara o adları?
- Həyat
yoldaşım... Dedim axı o, poeziya, üstəlik, saz həvəskarıdır.
Qızım isə “Aşıq Pəri” məclisinin
üzvüdür.
Onlarla
görüşüb-ayrılandan sonra bizi yola salan oğlu
Vidadiyə belə bir sualla müraciət etdim:
- Bu və ya digər problemlə
üzləşəndə atana, yoxsa anana müraciət edirsən?
- Təbii
ki, anama. Bilirsinizmi niyə? Çünki atam həmişə
deyir ki, mən adi adamam, belə şeylərdən
başım çıxmaz. Gedin probleminizi hökumət, yəni
ananız həll etsin. Axı necə olsa da hökumət
hökumətdir də...
QVAMİ MƏHƏBBƏTOĞLU
Zaman.-2011.-21-22
iyun.- S.14.