Elxan Elatlı: “Detektiv
janrda yazılan kitablar insan fantaziyasını gücləndirir”
O, son illərdə yazdığı
detektiv romanları ilə ədəbiyyatımıza yeni bir xəfiyyə
surətini - azdanışan,
gücdən və silahdan istifadə etməyi sevməyən,
daha çox təfəkkürünə arxalanan qara eynəkli
Qanbay Qasımlını gətirdi... O həm də Azərbaycan oğullarının
Qarabağda göstərdikləri igidlikləri peşəkarcasına
qələmə aldı. Söhbət Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”
mükafatı laureatı, “Qan ləkəsi”, “Bakıdan gələn
xəfiyyə”, “Cəhənnəmdən gələn səs”
və digər detektiv romanların müəllifi Elxan
Elatlıdan gedir. Bu günlərdə yazıçı ilə
görüşüb söhbət etdik. Elxan müəllim
detektiv janrda yazdığı əsərlərindən, o
cümlədən Milli Qəhrəman Mübariz İbrahimov
haqqında qələmə aldığı roman barəsində
maraqlı faktlar danışdı.
- Elxan müəllim, detektiv janrda
çox incə detallar nəzərə alınır. Bu
cür əsərlər yazanlar xəfiyyəlik sənətindən
də xəbərdar olmalıdırlar. Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmisiniz. Bu
cür peşəkar, detektiv əsərlər
yazmağınızın sirri nədədir?
- Ola
bilsin, bu, bir istedaddır. Mən hələ 10-15
yaşlarımda detektivə böyük maraq göstərirdim.
Həmin vaxtlar kiçik cinayət hadisələri
hazırlayır, sonra onları qardaşımla
açırdım. Bu janra həvəsimin yaranmasında
tanınmış ingilis yazıçısı Artur Konan
Doylun kitablarının da təsiri olub. Əsasən də
onun qəhrəmanlarından olan Şerlok Holmsun vurğunu
idim.
Qanbay Qasımlı...
- “Dilənçi qadının
sirri”, “Bakıdan gələn xəfiyyə” və digər əsərlərinizin
qəhrəmanı Qanbay Qasımlıdır. Niyə məhz
bu addan mütəmadi istifadə edirsiniz?
- Ad barədə
çox düşündüm. İstəyirdim ki, Azərbaycanın
Şerlok Holmsunu yaradım. Nəhayət, qərar aldım ki,
bu qəhrəman türk olsun. Ona görə də əsərimin
baş qəhrəmanına Qanbay
- qədim türk adı verdim. Soyad kimi isə azərbaycanlılara
məxsus Qasımlını götürdüm.
- Qanbay Qasımlı ilə Şerlok
Holmsun hansı oxşarlıqları var?
- Qanbay
Qasımlı da Şerlok Holms kimi gücdən və silahdan
istifadə etməyi sevmir. Daha çox məntiqlə işləməyə
üstünlük verir. Etiraf edim ki, ilk hekayələrimdə
Şerlok Holmsu bir az yamsılamışam. Ancaq “Pəncərədə
görünən kölgə” romanından başlayaraq,
sırf öz qəhrəmanımı tapdım.
- Hansı xasiyyətləriniz Qanbay
Qasımlı ilə eyni, hansılar fərqlidir?
- Mən
də onun kimi az danışır, çox
düşünür, çox kofe içirəm. Qanbay
Qasımlı hadisələrə məntiqi yanaşır, məntiqsizliyi
tez tutur. O həm də insanlarla çox ünsiyyətdə
olmur. Onun bu xasiyyətləri də mənimlə eynidir. Lakin
məndən fərqli olaraq, o, qadınlara qarşı
laqeyddir. Mənim isə qadınlara böyük hörmətim
var.
“Hadisəni prokuror dostum
danışıb”
- Başqa detektiv
yazıçılara nisbətən kitablarınızda ailə
problemləri və xəyanət məsələlərinə
daha çox toxunursunuz. Bu nədən irəli gəlir?
- Bu
artıq mənim yolumdur. İlk hekayələrimi
çıxmaq şərti ilə romanlarım sırf detektiv
janrda deyil. Məsələn, “Görünməyən izlər”
romanında, hər şeydən öncə, bir qızın
taleyi yada düşür. Sonra narkomaniyanın bir ailəni necə
bədbəxt etməsi ortaya çıxır. Nəhayət,
Qanbay Qasımlının hadisəni necə açmasından
bəhs olunur. Bu mənada mənim romanlarım bu gün
detektiv janrda yazılanlardan kəskin fərqlənir.
Çünki məndən fərqli olaraq, onlar sırf detektiv
yazırlar. Onu da deyim ki, sırf detektiv yazmağın bir asan
cəhəti var. Belə ki, hər hansı bir cinayət əsasında
sujet qurub, onu rahatca yazmaq olur. Ancaq mən fərqli surətlər
və onların talelərindən söz açıram. Bu
qayda ilə çox əsər yazmaq mümkün deyil.
İstər-istəməz mövzu kasadlığı
yaranır.
- Əsərləriniz real həyatda
baş verən hadisələrin, yoxsa öz
fantaziyanızın, təxəyyülünüzün məhsuludur?
- “Cəhənnəmdən
gələn səs” romanını yazarkən tarixçi Nəsiman
Yaqublunun “Xocalı faciəsi” kitabını bir daha oxudum.
Bundan başqa, Xocalı ilə bağlı digər mənbələrdən
də istifadə etdim. Çalışdım ki, Xocalıda
ermənilərin törətdikləri vəhşilikləri
şişirtməyim. Ancaq həmin romanımda öz əksini
tapmış erməni vəhşilikləri faktdır. “Pəncərədə
görünən kölgə” romanında da həyatdan
götürülmüş faktlar var. Romanda qeyd olunur ki,
baş verən hadisəni prokuror dostum danışıb. Əslində
hadisə tam romandakı kimi deyil, ona oxşardır. Belə
hadisələr oxucularda daha çox maraq oyadır.
“Mübariz qeyri-adi şəkildə
bütün xalqı silkələdi”
- Siz
Qarabağ haqqında yazdığınız romanlarla daha
çox tanınırsınız...
-
Oxucularım məndən bu mövzuda yazmağı tələb
edirlər. Deyirlər ki, Qarabağ mövzusu sizdə
yaxşı alınır. Yeri gəlmişkən, inanıram
ki, bir gün Qarabağ alınacaq. Bəzən xəyallarımda
Azərbaycanın işğal olunmuş torpaqlarını geri
alıram. Mənim ən böyük arzum isə türk
dövlətlərinin birliyinin yaranmasıdır. İstərdim,
bütün türk dövlətləri birləşsin və
xəyallarımızdakı Turan gerçək olsun.
- Mübariz İbrahimov haqqında
“Qisas gecəsi” adlı roman yazmısınız. Necə oldu
ki, bu qəhrəman haqqında kitab yazmaq qərarına gəldiniz?
- Hamı
kimi, mən də onun qəhrəmanlığından təsirləndim.
Mübariz öz qəhrəmanlığı ilə qeyri-adi
şəkildə bütün xalqı silkələdi. Etiraf
edək ki, başımız məişət problemlərinə,
şoulara çox qarışmışdı. Ancaq Mübariz
hamını ayıltdı. Bütün bunları
düşünəndə onun haqqında əsər yazmaq istədim,
amma nədənsə tərəddüd etdim. Elə mən bu
fikirlərdə ikən oxucularım məndən onun
haqqında roman yazmağı xahiş etdilər. Mübarizin
atası ilə görüşəndən sonra “Qisas gecəsi”nə
başladım.
- “Qisas gecəsi”ndə Mübarizin
düşmən tərəfinə keçərək
onların hərbi maşınını partlatması kimi faktlar
var. Bu faktları necə əldə etmisiniz?
-
Mübarizin qəhrəmanlığı ilə bağlı məndə
faktlar var idi. Ancaq Mübarizin düşmən tərəfə
keçməsi, orada hərbi maşını partlatması və
kəndə necə girməsi barədə məlumatları mənə
Moskvadakı tanışlarım verdilər. Yəqin bunlar Ermənistan
tərəfindən sızan məlumatlar idi. Onu da qeyd edim ki,
həmin məlumatlar əsərin tamamlanmasına bir həftə
qalmış mənə çatdırılmışdı.
“Hüquq-mühafizə orqanları
ilə heç bir əməkdaşlığım yoxdur”
- Əsər yazarkən
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq
edirsiniz?
- Yox,
hüquq-mühafizə orqanları ilə heç bir əməkdaşlığım
yoxdur. Bircə onu deyə bilərəm ki, polis əməkdaşları
da kitablarımı oxuyurlar. Bu yaxınlarda keçirdiyim
görüşlərin birində hətta yüksəkrütbəli
zabitlərimizin mənim kitabalarımı oxuduqları və
Qanbay Qasımlını sevdikləri barədə məlumat
aldım. Ancaq müəyyən səbəblərə görə,
bu və ya digər əsərim üzərində işləyərkən
onlardan yardım istəməmişəm. Amma
hüquq-mühafizə orqanları ilə əlaqə yaratmaq
fikrim var. Hətta təkliflər də almışam. Hələlik,
bu barədə düşünürəm.
“İstəmərəm ki...”
- Bəlkə söhbətimizi ailə həyatınızla
davam etdirək?
- Həyat
yoldaşım Sevda xanım müəllimədir. Yeganə
qız övladım var. Türkiyənin Hacəttəpə
Universitetinin Tibb fakültəsində təhsil alır. Beyin cərrahı
olmaq niyyətindədir.
- Övladınızın
yazıçı olmasını istərdinizmi?
- Yox. Əvvəllər
peşəkar yazıçılar deyəndə ki, ailə
üzvlərimin yazıçı olmasını istəmərəm,
mənə qəribə gəlirdi. Ancaq son illər mən
onları başa düşməyə başladım.
Bilirsinizmi, yazıçılıq çox qəribə sənətdir.
Gecə-gündüz yatmadan çalışarsan, əsər yazarsan, ancaq yenə də
oxucuların sevgisini qazana bilməzsən. Uzun illər yazanlar
var ki, oxucular onları qəbul eləmir. Bu mənada bir
neçə yazıçını çıxmaq şərti
ilə yazıçıları xoşbəxt saymıram. Ona
görə də nəinki övladımın, heç
sevdiyim birisinin bu işə baş qoşmasını istəmərəm.
- Bəzi yazıçılar deyirlər
ki, detektiv əsər yazmaq daha asandır. Bu fikrə sizin
münasibətiniz necədir?
- Mən
bu fikrin əleyhinəyəm. Detektiv janrda yazmaq
üçün insanda yazıçılıq istedadı ilə
yanaşı, detektivlik qabiliyyəti də olmalıdır. Həmin
fikri deyənlər ona əsaslanırlar ki, detektiv yazanlar bir
sujet xəttindən kənara çıxmırlar. Yəni
cinayət baş verir, cinayətkar tapılır və roman
başa çatır. Ancaq bu belə deyil. Mənim kitablarımda
süjet çoxşaxəlidir. Bayaq
“Görünməyən izlər” romanını qeyd
etdim. Orada üç süjet xətti var və yalnız
üçüncüsü detektivdir. Ona görə də mən
detektiv janrı heç də asan saymıram.
“Detektiv oxuyanlar axtarışa meyilli
olurlar”
- Əsərləriniz xarici dillərə
tərcümə olunubmu?
- Bu
yaxınlarda Türkiyədə “Dilənçi qadının
sirri” romanım bəyənilib. Hətta onu çap etmək də
istəyirlər. İrandakı
vətənpərvər ziyalılarımız da
kitablarımı çap etdirmək niyyətindədirlər.
Moskvada yaşayan soydaşlarımız da əsərlərimə
maraq göstərirlər. Belə ki, onlar Moskvada
çıxan “Millətin qəzeti” vasitəsilə əsərlərimi
izləyirlər.
- Gənclərə, əsasən də
detektiv janrda əsərlər oxuyan gənclərə nə
tövsiyə edərdiniz?
- Detektivdə
insanı düşündürən məqamlar çoxdur.
Belə kitablar oxuyanlar həmişə düşünməyə,
axtarışa meyilli olurlar. Bir də, müşahidələrimə
əsasən onu deyim ki, detektiv janrda yazılan kitablar
insanın fantaziyasını gücləndirir. Odur ki, gənclərə belə əsərləri
oxumalarını məsləhət görürəm.
RUSLAN ÇİNGİZOĞLU
Zaman.-2011.- 23-24
iyun.- S.12.