Neft, neft məhsulları
və təbii qaz ixracın 95%-ni təşkil edir
Ölkəmizdə
ixracın həcmi idxalı dəfələrlə üstələyir.
Dövlət Statistika Komitəsinin
açıqladığı sonuncu hesabatında göstərilir
ki, xaricə satdığımız məhsulların dəyəri
aldığımız məhsulların dəyərindən
2,9 dəfə çoxdur. Belə ki, cari ilin yanvar-aprel
ayları ərzində dünyanın müxtəlif ölkələrinə
8 milyard dollar dəyərində məhsul satılıb. Xarici
ölkələrdən isə 2,7 milyard dollar dəyərində
məhsul alınıb.
Neft və qazdan sonra xarici ölkələrə
ən çox yağ satmışıq
Əvvəlki
illərdə olduğu kimi, cari ildə də xarici ölkələrə
ən çox neft və neft məhsulları, həmçinin
təbii qaz satılıb. Dövlət Gömrük Komitəsinin
açıqladığı statistik məlumatlara istinadən
apardığımız hesablamalar göstərir ki, 2011-ci
ilin ilk 4 ayı ərzində xarici ölkələrə 6,9
milyard dollar dəyərində xam neft satılıb ki, bu da
ümumi ixracın 86,2%-ni təşkil edir. Xaricə
satılan neft məhsullarının dəyəri isə 458,1
milyon dollar (5,6%) təşkil edib. Neft və neft məhsullarından
sonra xarici ölkələrə ən çox təbii qaz
ixrac edilib ki, onun da dəyəri 257,3 milyon dollara (3,1%) bərabər
olub. İxrac olunan məhsulların sıralamasında neft və
qazdan sonra bitki və heyvan mənşəli yağlar gəlir.
Cari ilin 4 ayı ərzində xarici ölkələrə 74,7
milyon dollarlıq yağ satılıb. Bundan başqa, ixrac edilən
məhsullar arasında qara metallar (58,1 milyon dollar), kimya sənayesi
məhsulları (23,8 milyon dollar), elektrik enerjisi (9,1 milyon
dollar) və digər məhsullar üstünlük təşkil
edib.
Dörd ay ərzində xaricdən
45,9 milyon dollar dəyərində dərman və digər əczaçılıq
məhsulları idxal olunub
Cari ilin
ilk dörd ayı ərzində xarici dövlətlərdən
ölkəmizə ən çox maşın, mexanizm, elektrik
aparatları, avadanlıqlar və onların hissələri gətirilib.
Satın aldığımız bu məhsulların ümumi dəyəri
isə 805,6 milyon dollar təşkil edib. Bu, ümumi idxalın
30%-nə bərabərdir. Eyni zamanda ilk 4 ay ərzində 494,8
milyon dollar (18,1%) dəyərində nəqliyyat vasitələri
və onların hissələri idxal edilib. Qara metallar və
onlardan hazırlanan məmulatlar (341,7 milyon dollar və ya 12,6%)
idxal malları arasında üçüncü sırada yer
alıb. 2011-ci ilin yanvar-aprel aylarında 384,6 milyon dollar dəyərində
ərzaq məhsulları gətirilib ki, bunun 118,9 milyon
dolları taxılın, 49,1 milyon dolları şəkərin,
47,8 milyon dolları isə yağların payına
düşüb. Eyni zamanda əczaçılıq məhsulları
da ən çox satın alınan məhsullar sırasında
olub. Bu məhsulların ölkəmizə gətirilməsi
üçün 45,9 milyon dollar ödənilib.
İxracın 36,2%-i İtaliyanın
payına düşür
2011-ci ilin ilk 4 ayı ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-aprel ayları ərzində bu ölkəyə 2,8 milyard dollar dəyərində məhsul (neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 36,2%-i İtaliyanın payına düşüb. Bundan başqa, Fransaya 1,2 milyard, ABŞ-a 561 milyon, Rusiyaya isə 398 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Belarus (363 milyon dollar), Ukrayna (331 milyon dollar), Malayziya (321 milyon dollar) və digər dövlətlər gəlirlər. Cari ilin yanvar-aprel ayları ərzində ən çox məhsul Rusiyadan alınıb. Bu ölkədən alınan məhsulların dəyəri 488,5 milyon dollar təşkil edib. Rusiyadan sonra ən çox Türkiyədən və ABŞ-dan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq, 323 milyon və 278 milyon dollarlıq məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Çin (197 milyon dollar), Ukrayna (185 milyon dollar), Fransa (136 milyon dollar) və digər dövlətlər tuturlar.
Zaman.-2011.- 23-24
iyun.-S.4.