İSMAYIL
İMANZADƏ:
Halal zəhmətimlə qazandığım
uğurlara sevinirəm
- Sizə görə həyatda ən asan və
ən çətin şey nədir?
- Mənim asanlıqla düzələn işim olmayıb. Elə buna görə də ən çətin məqamlarda
da yükümü özüm daşımalı
olmuşam.
- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı
necə çıxarardınız?
- Kənddə doğulduğumdan,
illər uzunu təbiətin qoynunda yaşadığımdan torpağın
dilini gözəl bilirəm. Yaxşı bağbanam - əkinçiyəm.
Torpaq onu sevənləri heç vaxt ac qoymaz, o cümlədən də məni.
- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə
sevinirsiniz?
-İzsiz-soraqsız ötüb
keçən günlərə
təəssüf hissi
ilə boylanıb, halal zəhmətimlə sənət aləmində
az-çox qazandığım
uğurlara sevinirəm.
- Valideyn və müəllimlərdən
başqa özünüzü
kimlərə borclu bilirsiniz?
- Andım-amalım, ilkim-sonum
olan ana vətən!
Dua etdim ulu tanrım
dadıma yetdi,
Əzəl yurdum nər biləkli oğul böyütdü.
Yadda saxla, babalardan qalan öyüddü-
Vətən ana, torpaq namus,
sevgi əmanət!
- Uğrunda hər şeydən keçə biləcəyiniz
varlığın adı...
- İllər öncəsi poeziya aləmində atdığım ilk addımlarımı
təqdir edən Mehdi Hüseyn, Əli Vəliyev, Hüseyn Arif, Məmməd Araz, Tofiq Mütəllibov və Çingiz Əlioğluya.
- Özünüzü
hansı peşədə
daha yaxşı ifadə edə bilərdiniz, indiki işinizdən razısınızmı?
- Bəlkə də, elm sahəsini seçsəydim
yaxşı alim olardım. Məncə, insan qismətinə düşən işin ürəyincə olub-olmadığının
fərqinə varmadan vicdanla çalışmalı,
çörəyini halallıqla
qazanmalıdır.
- Üzr istəmək sizə ağır gəlmir ki?
-Dünyanın isti-soyuğunu
anlayandan sonra elə addım atmağa çalışmışam
ki, kiminsə qarşısında gözükölgəli
olmayım. Günahım,
qəbahətim olubsa,
kimlərdənsə üzr
diləmək çətinliyi
yaşamamışam.
- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə
düşünürsünüz?
-Ağlayıb-sıtqamağın acizlik əlaməti olduğunu söyləyənlərə
haqq qazandırıram.
Ancaq yaxın dostunu, doğmasını
itirən kişi, heç olmasa bircə yol, özü də ürəkdən, ağlamırsa,
onu da düzgün
hesab etmirəm. Ağlamaq əzab deyil - göz yaşını silən olsa…
- Kaş ki, filan ölkədə
doğulaydım, filan
xalqın nümayəndəsi
olaydım, dediyiniz olurmu?
-Bəxtimizə Azərbaycanda
doğulmaq düşübsə,
özgə səmtə
boylanmağın nə
mənası. Şükürlər
olsun ki, Vətənimiz də, xalqımız da ürəyimcədir. Bir seirimdə dediyim kimi:
- Bilsəydim qürbətin belədir dadı,
- Doğma torpağımda ölüb qalardım.
- Evinizdə inciklik olurmu, olursa, birinci kim barışır?
- Hər bir ailədə
olduğu kimi bizdə də arabir umu-küsü olur. Ailə başçısı olaraq
bu problemi mən həll etməyə çalışıram.
- Özünüzü
kimin qarşısında
günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
-Gənclik illərimə xas olan bəzi
şeylərə görə
özümü təkcə
Allah qarşısında təqsirli
bilirəm. Haqqımı
tapdayanlardan başqa hamını bağışlamışam.
Paxıllar, ayağımdan
tutub dartanları da…
- Sizcə azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?
-İnsan daxilən azad olmalı, yeri gələndə dilini çeynəməməli,
başqasının ağzına
baxıb fikrini bildirməməlidir. Azadlıq
yaxşı şeydir,
ancaq bütün hallarda qanunlar onun fövqündə dayanmalıdır.
- Sevgi nədir, ümid, qorxu ya xoşbəxtlik?
-İnsanın sabaha uzanan yoludur sevgi. Sevgi adlı
bələdçin yoxdursa,
adam dözümdən,
təpərdən, həyat
eşqindən uzaqlaşır,
bir çox işlər onunçün
əlçatmaz olur.
- Ən çox nə zaman utanırsınız?
-Üz var utanmaqdan
ötrü - deyən
dədələrimiz hardasa
haqlıdır. İnsan
hansı yaşda olur-olsun öz-özünə
hesabat verməyi bacarmalıdır. Bəzən
gözləri ayağının
altını görməyən
birisinin ölçüyə
gəlməyən hərəkətlərinin
şahidi olanda utanır, qəlbən heyvanına şükür,
ilahi, deyirəm.
- Ölüm nədir?
-Bir filisof demişkən:
“Ölüm təsvir
edildiyi qədər də qorxulu deyil, sadəcə olaraq fanilikdən əbədiyyətə yollanmaqdır”.
- Çoxlu pulunuz olsa, hara
xərclərdiniz?
-Qarın dolusu çörək üçün
tanrıya əl açanlara. Minlərlə
insan fayda gətirəcək bir işə. Və bir də klassik
və çağdaş
ədəbiyyatımızın təbliğinə.
- “Mən almasam, bir başqası
alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi
nəyi ifadə edir?
-İnsan bütün hallarda başqasına yaxşı mənada nümunə olmalı, qarşısına nə çıxarsa onu əldə etməyə çalışmamalıdır. Bu dünya dolu bir xırmandır - onda qarışqanın, çəyirtkənin,
boz sərçənin
də payı var.
- Həyatda ən böyük təsəlliniz...
-Ata ocağımdan perik düşəndən sonra
nə vaxtsa oraya təzədən qayıdacağıma özümü
inandıra bilməyim.
- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
-Həyat çeşidli suallarla dolu olsa da, bu
suallara cavab vermək gücündəyəm.
- Yubiley və ad günlərində
özünüzü necə
hiss edirsiniz?
-Cəbrayıldan - doğma
kəndim Böyük
Mərcanlıdan ayrı
düşəndən sonra
dostlarımdan, ailə
üzvlərimdən təklif
alsam da, yubiley, ad günü keçirmək istəyində
olmamışam. Sağlıq
olsun, bu məsələ barədə
bir də Qarabağa qayıdanda düşünüb, götür-qoy
edərik.
- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik
nəsihət yazmağı
xahiş etsələr,
nə yazardınız?
-İnsanlar, Uca Tanrının bizə əvəzsiz olaraq bəxş etdiyi ana təbiəti kor qoymayın.
- Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?
-Yaltaqlıq, riyakarlıq, acgözlük və qorxaqlıq bütün hallarda adamı səfalətə sürükləyir.
Sadəlik, səmimiyyət,
sözünə sahib durmaq
halallığın şah
damarıdır.
- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə
heyran ya da aşiq olmusunuzmu?
-Bülbül, Nəzakət
Məmmədova, Yaqub Məmmədov, Şövkət
Ələkbərova və
Qədir Rüstəmovun
ifasını dinləməkdən
yorulmamışam.
- Övladlarınız
sizi atsalar, onlara nə deyərdiniz?
-Övladlarımın - hər
iki qızımın nə vaxtsa məndən üz döndərəcəklərini ağlıma belə gətirmirəm. Valideynlərimə
qarşı bu addımı atmadığımdan
uşaqlarımın da
mənə vəfalı
olacağına inanıram.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər...
- “Xoş gördük”, “Həmişə siz gələsiniz”, “Allah amanında”
kimi insanda xoş ovqat yaradan sözlər deməyi və eşitməyi mən də xoşlayıram. “Baxarıq”, “Sonra gələrsən”, “İmkanım
olsa, bir şey fikirləşərəm”
deyilməsini isə bəyənmirəm.
- Fürsət olsa, ölümqabağı
nə vəsiyyət edəcəksiniz?
- Əcəl mələyi imkan versə, son nəfəsimdə: “Yaxşı
adamları qoruyun, onlar olmasa, dünyanız
dağılar”-, deyərdim.
- Ən çox nədən qorxursunuz?
- Hansısa bədbəxt hadisə nəticəsində
ağlımı itirib,
illər uzunu damla-damla yığdığım
xətir-hörməti itirməkdən.
- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
- Qırx ildən artıq havasını udub, suyunu içdiyim
ata ocağım, doğma el-obam.
- Sizin kimlərə və nə kimi xeyriniz
var?
- Kiməsə, azacıq da olsa, arxa-dayaq
olanda özümü
çox rahat hiss edirəm. İstedadlı gənc yazarlara, qələm dostlarıma yardımçı olmağı
savab iş hesab edirəm.
- Bu dünya bir insan şəkilində
qarşınızda dursa,
ona nə deyərdiniz?
Dərd əzəldən yetim deyil,
Hicran ölüm-itim deyil,
Özün ki, yaxşı bilirsən,
Qəlb qırmaq adətim deyil,
Bəlkə yumşalasan, Dünya.
- Həyatınızda
sizə təklif edilmiş nədənsə
imtina etmisinizmi?
- Ayrı-ayrı illərdə,
xüsusi ilə də 25-40 yaşlarımda,
ədəbi yaradıcılığıma
kölgə salacağını
düşündüyümdən bir neçə dəfə təklif olunan məsul vəzifələrdən boyun
qaçırmışam.
- Gənclik hansı yaşda bitir?
- Viktor Hüqo demişkən, “Əlli yaş qocalığın gəncliyidir”.
İnsan hansı yaşda olursa-olsun, qəlbində həyat eşqini qoruyub saxlaya bilibsə, demək o, hələ gənclikdən çox da uzaq düşməyib.
- Dostlarınız
çoxdurmu, insanlar niyə dost olurlar?
- İnsanlar tənhalıqdan
qorxduqları üçün
ünsiyyətə meyilli
olurlar. Ancaq hər yetəni dost hesab edənlər sonda yanıldıqlarını
başa düşürlər.
İsmayıl,
pir yaxşıdır,
Arazla Kür yaxşıdır,
Qoy var olsun tanışlar,
Dost elə bir yaxşıdır.
Zaman.- 2011.- 25-28 iyun.- S.9.