Səsin sirli aləmi  

 

Fizikada səs tezliklərinin yaratdığı enerji dalğalarının hərəsinin bir rəngə çalması bir aksiomdur. 

Bunu insan psixologiyası və daxili aləminin mənəvi vəziyyətinə tətbiq etdikdə eşitdiyimiz səslərin hamısının rənglərdən, gördüyümüz rənglərin isə başdan-ayağa səslərdən ibarət olduğu qənaətinə gələrik. Dünyaca məşhur azərbaycanlı alim Rafiq ƏliyevinSegahı görürəmadlı elmi-riyazi konsepsiyası və eyni adlı kitabı, həmçinin görkəmli mineroloq-kristolloqraf Xudu Məmmədovun xalçadakı naxış və ilmələrin, kiçik minerallardakı harmonik rənglərinin insanla danışa bilmək qabiliyyətində olması qənaəti bizi bu iki prinsip haqqında daha müfəssəl düşünməyə məcbur edir. Həyat fəlsəfəsini ən dərin qatlarına kimi əks etdirən muğamda  şöbələrin rəngadlandırılması və saylarının yeddi olması, həmçinin həyatı özündə  təcəssüm etdirən əsas rənglərin də yeddi olma faktı səs-rəng sintezini insanlara mükəmməl şəkildə çatdırır. İnsanın mənəvi inkişaf təbəqələri kimi, musiqidə notların sayının da yeddi olması faktı buna əyani sübutdur. Göylərin yeddi qatı məsələsi isə, bu  sintezin sonunda insanın səmalara yüksəlmək bacarığını təsdiqləyir.

 

Hazırda Azərbaycanda elə ifaçılar var ki, onlar da insanı səmalara qaldırmaq gücündədirlər. Məlahətli, incə səsinin mahiyyətindəki ənginlik, sonsuzluq, irrassionallıq  haqqında  danışacağımız qəhrəmanın əsl simasını özündə əks etdirir. Yəni, onun portretini çəkməkdən ötrü həyat yoluna nəzər salmaq, nələri sevdiyini vurğulamaq, hazırda nə ilə məşğul olmasını xatırlamaq deyil, məhz, o səsin dərinliyinə varmaq lazımdır. Çünki, Mənsum İbrahimovun heç kimə görünməyən tərəfi, daxili aləminin sirli qatı, insanlara çatdırmaq istədiyi fəryad məhz bu səsdə cəmlənib. Azərbaycan opera səhnəsində Məcnun rolunu hələ ki, ən çox ifa edən Mənsum İbrahimov xalq və bəstəkar musiqilərinin, həmçinin də muğamların səsləndirilməsində özünəməxsus iz qoya bilib. Böyük Füzulinin  Məcnun obrazı özünün kamil qəhrəman və içində illuiziv bir personaj gəzdirə bilmək qabiliyyətinə malik oluğundan onu ifa edən sənətkar da bu kimi keyfiyyətləri özündə əks etdirməlidir. 1993-cü ildən bəri bu rolu ifa edən xanəndə Məcnunun bəzi kamil xüsusiyyətlərini əxz edib. Bu özünü insanlara yanaşmada, həyata, hadisələrə baxışda, dünyanı dərk etmədə tam olaraq göstərir. Füzulinin göstərdiyi kamil obraz səviyyəsinə çatmaq absurd görünsə də, onun işartılarını çağdaş dövr insanına təqdim etməyin özü böyük bir nailiyyətdir. Qəhrəmanın ifasındakı həzinlik, harmoniyasındakı tamlıq səs-rəng aspektində birincinin ikincinin yaşıl növü ilə uyğunluğunu göstərir. Yaşıl rəng isə gözəlləşmə, inkişaf etmə və ən nəhayət, dirilmə amilini əks etdirir. Demək, biz xanəndənin ifasını dinləyərkən özümüzdə məhz bu kimi halların yaşandığını hiss edirik. Mənsum İbrahimovunBayatı-Şiraz”ındakı saflıq, təmizlik dinləyicini bir növ vicdanı ilə üzbəüz qoyur və onun daxilini  almış qaranlıqları işığa çevirir ki, bu da, əvvəldə dediyimiz kimi, səsin enerji dalğasının yaratdığı rəng konsepsiyasını tam olaraq təsdiq edir. Qara rəngi işığa çevirmək isə xanəndənin böyüklüyünün göstəricisidir. Qəhrəmanı fərqləndirən  daha bir cəhət isə böyüyüb başa çatdığı Ağdam torpağı, Qarabağ diyarıdır. Gözünü açandan gördüyü gözəlliklər, estetik təbiət onun səsinə hopduğundan, o ifa bizə bu qədər doğma gəlir. Yəni, Mənsum İbrahimovun səsində bir növ Qarabağın rəngləri əks olunub. O rənglərdə, doğrudan da, insan fəryadını eşidir, nisgilini hiss edirik. Qarabağdan uzaq olmaq xanəndəni müsbət enerji dalğalarından bir növ, çox uzaq salıb. Mənsum İbrahimovu mən də dinləyirəm. Amma o ifaya Qarabağın özündə qulaq asmaq istərdim. Onda, o ifa daha canlı, daha rəngli olardı. O səsdə biz Qarabağı indiki kimi qara yox, başdan-ayağa əlvan görərdik. Axı səs tezlikləri əmələ gəldiyi şəraitin rəngini özündə əks etdirir!     

Səsiniz daha da rəngli olsun, Mənsum İbrahimov!

 

 

ELMİN NURİZADƏ,

BDU-NUN IV KURS TƏLƏBƏSI

 

Zaman.-2011.-25-28may.- S.3.