“Səyahətnamə”də Azərbaycan sufiliyi

   

Övliya Çələbi dünyanın bir çox yerlərini gəzən XVII əsrdə yaşamış məşhur türk səyyahıdır. Çələbi bütün səyahətləriniSəyahətnamə” adı ilə qələmə almışdır. On cilddən ibarət olan bu əsər dövrün mühüm tarixi məlumatları ilə zəngindir. 

  Böyük türk səyyahı Övliya Çələbinin reallaşdırdığı səyahətlər əsnasında gördüyü, aşkarladığı, yaşadığı və dinlədiyi tarix, ədəbiyyat, folklor kimi bu bölgələrin mədəniyyət tarixi haqqında verdiyi məlumatlar misilsizdir. Məşhur səyyahın gəzdiyi ölkələr arasında Azərbaycan da var. 1646-1647 və 1654-cü illərdə Azərbaycan torpaqlarına reallaşdırdığı səyahətlər əsnasında bir çox hadisənin şahidi olmuş Çələbi Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir.

Qafqaz Araşdırmalar İnstitutunun rəhbəri Mehmet Rıhtım yazır: “Uzun illərdir Azərbaycanda bölgənin təsəvvüf tarixini və mədəniyyətini tədqiq edən bir alim olaraq bunu deyə bilərəm ki, Övliya Çələbi mənim üçün yalnız bir səyyah deyil, həm də bir müəllimdir. Ondan əldə etdiyimiz məlumatların çoxu heç bir qaynaqda yoxdur. Onun təsbit etdiyi yerlərin bir qismini görmək və araşdırmaq imkanım olub. Bu yerlərin bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. Təəssüf ki, bir çox yerlərin bu gün izi belə qalmamışdır. XVIII və XIX əsrlərdə yaşanan acı məğlubiyyətlər, dağıntılar və təxribatlar mədəniyyətimizindən bir çox şeyi almışdır, məhv etmişdir. Keçmişimizə aid mədəniyyət xəzinələrimizin çox cüzi bir hissəsini bu gün ancaq muzeylərdə görə bilərik.”

Tarixi mədəniyyətimizə aid bir çox əlyazmaların, kitabların günümüzə qədər gəlib çatmaması, keçmişimizin bir çox dövrünün siyasi, mədəni vəziyyəti, tarixi haqqında tədqiqatçıların məlumat kasadlığı yaşamasına səbəb olur. Bu səbəbdən Övliya Çələbinin XVII əsr Azərbaycanın dini, mədəni, siyasi vəziyyəti haqqında verdiyi məlumatlar çox əhəmiyyətlidir. Mehmet Rıhtım qeyd edir ki, regional tarix yazma ənənəmizin, xatirə yazmaq adətinin olmaması, yazılanların əksəriyyətinin isə ya yox olması ya da oxunmaz hala gəlməsi kimi səbəblərdən  tariximizi yazmaqda çətinlik çəkirik: “Bundan başqa tarix dedikdə yalnız siyasi tarix başa düşüldüyü üçün mədəniyyət tariximizə qarşı laqeydlik edilmiş, kifayət qədər araşdırma aparılmamışdır. Bu böyük boşluğu aradan qaldırmaq üçün türk mədəniyyət tarixi araşdırmalarının yenidən dəyərləndirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan daSəyahətnamə”nin ayrı bir dəyəri vardır. Övliya Çələbi sanki bir mədəniyyət tarixçisi, bir folklor araşdırmacısı kimi olduğu yerlərin mədəni vəziyyəti, ənənə və adətləri, zövqləri, rəngləri, yedikləri-içdikləri, hətta dilləri ilə əlaqədar əhəmiyyətli məlumatlar verib. Çələbi dini inanclar, məzhəblər, təriqətlər, ibadətlər haqqında qiymətləndirmələr edərək müasir araşdırmacılara örnək bir metodologiya miras qoymuşdur”.

Azərbaycana ikinci səyahəti zamanı Çələbi Naxçıvanın Qarabağlar bölgəsindən bəhs edir. O, burada erməni və yunanların olmadığını, ancaq yəhudi, şiə, Teberrei, Kurayinin çox olduğunu deyir. Burada Cəfəriiələrlə birlikdə Qədəri və Hürufi və Zəminilərin kifayət qədər çox olduğunu ifadə edər. Naxçıvandan bəhs edərkən burada qırx böyük və yetmiş kiçik məscidin olduğunu söyləyərək məscidlərin, xüsusilə də, Osmanlı məscidilərinin adlarını verər. Ancaq buradakı türbələrdən və təkyələrdən bəhs etməmişdir. 

Çələbi Təbriz haqqında danışarkən burada 160 təkyənin olduğunu yazır. Bunlardan Şəmsi Təbrizi təkyəsi, Tapdıq xan təkyəsi, Zeynəb ağam təkyəsi, Ukayl təkyəsi, Mir Heydər təkyəsi və Dərvəzə-i Rik (Azərik) məhəlləsindəki Bektaşi təkyəsi barədə məlumat verir.

Təbrizdə olan alim, şair və sufilər haqqında məlumat verən Övliya Çələbi indi Təbrizin mərkəzində yerləşən və şairlər qəbirisitanlığı (məqbərətü’ş-Şuara) olaraq bilinən “Sürhab”da qəbiri olan sufilər ilə “Çərəndab”, “Geçilab”, “Dolyanı-Kuh” və “Məzaristanı Həyəcan”da yatan sufilərdən bəzilərinin adlarını verir. Bunlar: Həzrəti İmam Hafedane, Şeyx İbrahim Küvanan, Şeyx Şükr Xan, Ata Fərrux, Ata Həsən Meyməndi, Şeyx Şüca, Şeyx Maliyyəni Təbrizi, Həsən Bulğari, Şeyx Bədrəddini Kirmani və Şeyx Nurəddini Bimaristanidir. Ağşəmsəddinin oğulu Şeyx Nəsrullahın da qəbrinin Təbrizdə olduğunu yazan Çələbi burada minlərlə alim və sufinin qəbirlərinin olduğunu, ancaq bunların hamısını qeyd etməsinin mümkün olmadığı qeyd edir.

 

 

BƏYLƏR MƏCİDOV,

 

MƏRDAN QURBANOV

 

Zaman.- 2011.- 25-28 iyun.-S.2.