Bizə “can kardeş” deyilən məmləkətdə il
dəyərində beş
gün
ALLAHVERDİ CƏFƏROV
Türkiyə növbəti - IX dəfə
Beynəlxalq Türk Dili Olimpiadasına ev sahibliyi edir. İyun
ayının 30-dək davam edəcək Türk Dili
Olimpiadasında iştirak etmək üçün dünyanın
130 ölkəsindən minə yaxın məktəbli
qardaş ölkəyə təşrif gtirib. Onlar mahnı,
şeir, rəqs kimi 20 müxtəlif kateqoriyada öz qabiliyyətlərini
nümayiş etdirirlər. Bu olimpiadanın keçirilməsi
təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda
dünyanın dörd bir yanında yaşayan insanlar
arasında sülhin, dostluğun və sevginin
artırılmasına xidmət edir. Təsadüfi deyil ki,
Yunus Əmrənin məşhur “Gəlin tanış olaq” ifadəsi
builki olimpiadaya şüar olaraq seçilib. Bir məlumatı
da qeyd edim ki, olduqca yüksək səviyyədə təşkil
olunan IX Beynəlxalq Türk Dili Olimpiadasının Türkiyədə
keçirilən final mərhələsində iştirak edə
bilmək üçün fərqli dinlərə və irqlərə
məxsus 15 minə yaxın şagird öz ölkələrində
olduqca çətin seçim prosesindən geçib. Bu
olimpiada türk dilinin, sevginin və qardaşlığın təbliği
baxımdan bir də ona görə əhəmiyyətlidir ki,
burada təkcə əsas iştirakçılar - şagirdlər
deyil, həm də 130 ölkədən gələn müəllimlər,
valideyinlər, sənət adamları, rəsmi şəxslər
və çoxsaylı media təmsilçişləri iştirak
edir.
***
Qeyd etdiyim
kimi, IX Beynəlxalq Türk Dili Olimpiadasını
işıqlandırmaq üçün dünyanın müxtəlif
ölkələrindən yüzlərlə media təmsilçisi
Türkiyəyə təşrif gətirib. Ötən həftə
Türk Dili Olimpiadasının həyacanını yaşamaq
üçün digər mətbuat işçiləri ilə
birlikdə mən də Türkiyəyə səfər
etmişdim. Mənimlə bərabər qardaş ölkəyə
onlarla azərbaycanlı jurnalist də yollanmışdır.
Türkiyə səfərimiz iyun ayının 18-də
qardaş ölkənin paytaxtı Ankaradan başladı. Qeyd
edim ki, bəzi həmkarlarım kimi mən də Ankarada ilk dəfə
olurdum.
Səfərimizin ilk günü
Ankaranın məşhur “Altın Park” (“Qızıl Park”)
istirahət mərkəzində təşkil olunan sərgidə
iştirak etdik. Sərgidə Türk Dili Olimpiadasında iştirak
edən ölkələrin milli stendləri nümayiş
olunurdu. Olimpiada iştirakçıları sərgiyə gələn
ziyarətçilərə öz ölkələrini
tanıdırdılar. Mübağiləsiz deyə bilərəm
ki, sərginin ən böyük stendi Azərbaycana məxsus
idi. Milli geyimlərimizin, milli mətbəximizin nümayiş
olunduğu sərgidə həm də adət-ənənələrimiz
və tariximiz barədə ziyarətçilərə məlumatlar
verilirdi. Sərgini daha maraqlı və canlı olması
üçün azərbaycanlı məktəblilər burada
milli mahnılarımızı ifa edirdilər.
***
İyunun 19-da “Altın Park”da Azərbaycana
həsr olunan xüsusi proqram təşkil olundu. Azərbaycanlı
məktəblilər Türkiyənin paytaxtına gələn
qonaqlar və ankaralılar üçün milli müsiqilərimizin
səsləndirildiyi konsert proqramı təqdim etdilər.
Ölkəmizin Türkiyədəki səfiri Faiq
Bağırovun da iştirak etdiyi konsert proqramı
sözün həqiqi mənasında anşlaq oldu. Konsertdən
bir qədər əvvəl bütün
tamaşaçılara Azərbaycan bayrağı
paylandığı üçün “Altın Park”
başdan-başa mavi, qırmızı və yaşıla
boyanmışdır. Etiraf edim ki, Azərbaycanda azərbaycanlı
olmaq bəzi zamanlarda bizim üçün bir məna ifadə
etmir. Ancaq xarici ölkələrdə, xüsilədə
qardaş Türkiyədə azərbaycanlı olmaq olduqca
qürurvericidir. Addımbaşı sənə “can kardeş”
deyilən bir məmləkətdə olmaq insanda xoş hisslər
oyadır.
Təşkilatçılığın
yüksək səviyyədə olduğu IX Türk Dili
Olimpiadasında Azərbaycan xüsusilə seçilirdi.
İstər sərgidə nümayiş olunan milli stendimiz, istərsə
də konsert proqramı ən yüksək səviyyədə
təşkil olunmuşdu. Hər yerdə Azərbaycanın
adı və onun bayrağı var idi. Fürsətdən
istifadə edib, ölkəmizi dünyanın 130 ölkəsindən
gələn minlərlə insana və ankaralılara yüksək səviyyədə
tanıdan bütün təşkilatçılara və
şagirdələri bu olimpiadaya hazırlaşdıran müəllimlərə
öz təşəkkürümü bildirirəm. Onlar
artıq 9-cu dəfədir Azərbaycanı bu cür möhtəşəm
tədbirdə layiqincə təmsil edirlər. Ancaq çox təəssüf
ki, bir çoxumuz bu əzmkar insanların adlarını belə
bilmirik. Bəzən quru təşəkkürümüzü
belə onlardan əsirgəyirik.
***
Ankarada
olduğumuz müddətdə daha bir azərbaycansevərlə
qarşılaşdıq və ölkəmiz üçün
etdiklərinə görə bu insana da təşəkkür edirəm. Digər
peşə sahibləri tanımasa da həmkarlarım
Türkiyənin ölkəmizdəki səfirliyinin
keçmiş mətbuat müşaviri Həbib bəyi (Həbib
Kaya - red.) yaxşı tanıyırlar. Həbib bəy
vaxtı ilə Türkiyəni ölkəmizdə təmsil
etdiyi kimi indi də ölkəmizi Türkiyədə layiqincə
təmsil edir. Həbib bəy hazırda Türkiyə Nazirlər
Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində
çalışır. Bazar günü olmasına baxmayaraq azərbaycanlı
jurnalistləri Mətbuat və İnformasiya Baş İdarəsinə
dəvət etdi və burada İdarənin rəhbəri Murad
Karakaya ilə görüşdürdü. Bizə sonradan məlum
oldu ki, Murad bəy önəmli bir iş üçün
İstanbula getsə də, Azərbaycandan gələn mətbuat
işçilərilə görüşmək
üçün işini yarıda qoyaraq Ankaraya geri
qayıdıb. Mətbuat və İnformasiya Baş İdarəsinin
işçiləri dedilər ki, Murad bəy bizimlə
görüşdükdən sonra yenidən İstanbula geri
dönəcək.
***
Türkiyənin paytaxtında mənim
diqqətimi cəlb edən əsas məqam bu şəhərin
sadəliyi oldu. Paytaxtlarda müşahidə edilən dəbdəbəyə
burada rast gəlmədim. Şəhərin mərkəzi
rayonlarında hündür binalar, demək olar ki, yoxdur.
Yaşayış binalarının əsasən 4-6 mərtəblidir.
Söhbət etdiyimiz insanların dediyinə görə,
çoxmərtəbəli binalar Ankarada son zamanlar inşa
olunmağa başlayıb. Onlar da daha çox şəhərin
kənar məhəllələrində tikilir. Türkiyənin
digər şəhərlərində olduğu kimi, Ankarada da
yaşayış binalarının böyük əksəriyyəti
dövlət qurumları tərəfindən inşa olunur. Mənzillər
növbədə olan evsiz vətəndaşlara verilir.
İnsanlar aldıqları evin dəyərini sonradan dövlətə
ödəyirlər. Ancaq ipoteka kreditindən fərqli olaraq,
burada vətəndaş heç bir bir maliyə qurumunun
qarşısında borclu vəziyyətə
düşmür. Eyni zamanda insanlar əlavə faiz də
ödəmirlər. Üstəlik aylıq ödənişlərin
məbləği olduqca aşağı olur. Belə ki, bəzən
ayda 100-150 lirə (bizm pulla təxminən 50-70 manat) ödəmləkə
mənzil sahibi olmaq mümkündür. Yeri gəlmişkən
bu sahədə Türkiyə təcrübəsini öyrənmək
və ölkəmizdə bənzər sistemi tətbiq etmək
olduqca vacibdir.
***
Ankara Türkiyənin digər şəhərlərindən
təkcə binalarının sadəliyi ilə seçilmir.
Bu şəhərin insanları da olduqca sadə və səmimidilər.
Ankara paytaxt olmasına baxmayaraq, çox sakit və səssiz
şəhərdir. Bu məqam həmkarlarımın da diqqətindən
qaçmadı. Çox nadir hallarda küçələrdə
siqnal səsi eşitmək olar. Burada heç kim
hündürdən danışmır. Bəlkə də
Ankara IX Türk Dili Olimpiadasının keçirildiyi ərəfədə
özünün ən səsli-küylü günlərini
yaşayırdı. Hətta Türkiyənin
tanınmış aktyoru Şahan Gökbakarın filmlərdə
oynadığı “Receb İvedik” obrazına bənzətdiyimiz
sürücümüz belə bizdən çox-çox sakit
danışırdı.
***
Məlumdur ki, Türkiyə tarixi yerləri,
qədim abidələri, dini mərkəzləri və gözəl
təbiətilə məşhurdur. Lakin bu
sadaladıqlarımdan Ankaranın payına düşənlər
azdır. Ankarada İstanbuldakı qədər tarixi məkanlar,
Şanlurfa və Konyadakı qədər dini mərkəzlər,
Antaliya, Bodrum və Qaradəniz sahillərinəki qədər
gözəl təbiət yoxdur. Bu baxımdan Türkiyənin
digər şəhərləri ilə müqayisədə
Ankaraya daha az turist gəldiyini söyləmək olar.
Ankaranın, bəlkə də, tək üstünlüyü
Türkiyənin paytaxtı olmasındadır. Türkiyənin,
daha doğrusu Anadolunun qədimliyi qarşısında heyrətlənməmək
mümkün deyil. Turistlər Ankaraya çox güman ki, bu qədər
zəngin və böyük mədəniyyətə sahib bir
dövlətin hansı mərkəzdən idarə
olunduğunu görmək üçün gəlirlər.
Ankaranın ən çox ziyarət olunan məkanları
arasında Türkiyənin ilk prezidenti Mustafa Kamal
Atatürkün dəfn olunduğu “Anıtkabir” kompleksi ilk
sırada dayanır. Bura həm də muzey kimi fəaliyyət
göstərir. Atatürkə məxsus əşyalarla bərabər
İstiqlal müharibəsinə (Türkiyənin
işğalçılara qarşı apardığı
müharibə) həsr olunan rəsmlər və digər eksponatlar
da “Anıtkabir”də yerləşir.
***
IX Beynəlxalq
Türk Dili Olimpiadasını izləmək üçün
Ankaraya səfər edən həmkarlarımızdan bəziləri
proqrama uyğun olaraq (onlar bazar ertəsi işdə olmalı
idilər-A.C.) ayın 20-də Bakıya qayıtmalı oldular.
Mən isə digər jurnalist həmkarlarımla bərabər
Olimpiadanın növbəti mərhələsini izləmək
üçün İstanbula yola düşdüm.
Ardı var
Zaman.-2011.-
25-28 iyun.- S.5.