Azərbaycanın
bilinməyən tarixi:
Seyid Yəhya Bakuvi
“Alimin zilləti həlak edər.
Cahilin fəsadı özündən başqa heç kimə
zərər verməz. Alim elmi ilə hərəkət
etmiş olsa, bütün aləmə bərəkəti
yetişər. Alim (elmə) əməl etdiyi zaman onun sirləri
saflaşar” kimi hikmətli sözün sahibi S.Yəhya, bir
çox sufi kimi, elmi biliyi sadəcə təsəvvüfdə
əsas hesab etməmiş, digər dini elmlərə də dəyər
vermişdir.
Çar Rusiyasını əvəz edən
“Qırmızı İmperiya” işğal etdiyi dövlətlərin
ərazilərinə sahib olmaqla yanaşı, həm də həmin
dövlətlərin qədim mədəniyyət və
tarixini bir göz qırpımında silib, kommunizm
ideologiyasına uyğun formada yenidən yazırdı. Bu
qaranlıq oyundan Azərbaycan da öz nəsibini
almışdı. Zəngin, qədim tarixə sahib milli, mənəvi
irsimiz heç olmamış kimi silinərək yenidən
“qurulurdu”. Tariximizin bir çox məqamları ya dəyişdirilir,
ya da lazımsız bilib unutdurulurdu. Azərbaycanın dahi
şəxsiyyətləri kommunist ideologiyasının tərəfdarı
kimi qələmə verilirdi. Bu ateist ideologiya təmsilçiləri
İslam dininə cahillik, xurafat donu geyindirərək xalqı
“manqurtlaşdırmağa” çalışırdı. Minilliklərlə qazanılmış mədəniyyət
düz 70 il zindan həyatı sürməkdə idi.
Müstəqillik əldə olunduqdan sonra zəngin mənəvi
keçmişə sahib olan Azərbaycanın milli və mənəvi irsinin
düzgün şəkildə araşdırılaraq öyrənilməsi
üçün imkan yarandı. Bir çox tədqiqatçılar
həqiqi tariximiz barədə elmi araşdırmalar
aparmağa başladı. Çox təəssüf ki, bəziləri
sovet dövründə yazılmış kitabları heç
bir tarixi araşdırma, tədqiqat aparmadan, cüzi dəyişikliklər
etməklə və sadəcə latın qrafikasına
çevirməklə yenidən çap etdirərək
uğur əldə etməyə çalışdı. Bu tip
kitabları oxuduqda kommunizm idealarının hələ də
bu insanların şüurlarında
yaşadığını müşahidə etmək
mümkündür. Əlbəttə bütün bu
çatışmazlıqlara baxmayaraq tozlu rəflərdə
qalan həqiqi tariximiz əsl tədqiqatçılar tərəfindən
öyrənilməkdədir.
Azərbaycanın
ən az tədqiq olunan, ictimai-siyasi, mədəni tarixində
mühüm rol oynamış gerçəkliklərindən
biri də təsəvvüfdür. Təsəvvüf
İslamkı mənəvi həyatın və əxlaqi dəyərlərin
adıdır. Bu fəlsəfi-dini təlimdə insanın
öz nəfsini islah və tərbiyə etməsi, öz
varlığından və dünyadan keçərək
Allaha qovuşması məqsədi izlənilir. Azərbaycanın
təsəvvüf tarixini araşdıran tədqiqatçılardan
biri də Qafqaz Universitetinin Qafqaz Araşdırmalar
İnstitutunun rəhbəri ilahiyyatçı alim Mehmet
Rıhtımdır. Mehmet Rıhtım Azərbaycanda indiyədək
sufilik, o cümlədən Xəlvətiyyə təriqəti,
onun tarixi kökləri, nümayəndələri barədə
ən geniş araşdırma apararaq, milli,mədəni
irsimizin unudulmuş tarixini aşkara
çıxarmışdır. O, bir neçə il ərzində
şərqdə Xəlvətiyyə ədəbi-təsəvvüfi
görüşlərin təşəkkülü və Seyid
Yəhya Bakuvinin həyatı, mühiti, əlyazma irsi üzərində
tədqiqat aparmışdır. Mehmet Rıhtımın “Şərq
ədəbiyyatında Xəlvətiyyə sufi
görüşlərinin təşəkkülü və
Seyid Yəhya Bakuvi” adlı kitabı Azərbaycanın bu tarixi
dövrü haqqında aparılmış geniş tədqiqat
işidir.
Xəlvətilik
nədir? Kimdir Seyid Yəhya Bakuvi? Bu sualları Mehmet Rıhtımın adı
çəkilən kitabından istifadə edərək
cavablandırmağa çalışacağıq. Azərbaycan
təsəvvüf irsinin görkəmli nümyəndələrindən
biri olan Seyid Yəhya Bakuvinin yenidən təsis etdiyi və
inkişaf etdirdiyi Xəlvətiyyə təriqəti XV əsrdən
etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə
böyük təsirə malik olmuş və müsəlman aləmində
geniş şəkildə yayılmışdır. Xəlvəti
sözünün lüğəvi mənası “tənha yer”,
“tənha yerə çəkilmək”dir. Müridlər
insanlardan uzaqlaşaraq xəlvətxana adlanan tənha bir yerdə
40 gün ərzində davamlı olaraq Allaha ibadət edirdilər.
Xəlvətdən məqsəd qəlb evini nəfsani,
şeytani istəklərdən təmizləmək və
Haqqın nemətlərini düşünərək ona
şükr etməkdir. Mənbələr S.Yəhyanın
yanına gəlib dərs alan müridlərinin sayının
iyirmi minə yaxın olduğunu və bunlardan üç
yüz altmışının xəlvətiliyi təbliğ
etmək üçün xəlifə səviyyəsinə
nail olduğunu bildirir.
Seyid Yəhya
Bakuvi Şirvanşahlar dövlətinin mühüm elmi, siyasi
mərkəzi sayılan Şamaxı şəhərində
anadan olub. O, Bakı şəhərinə gələrək
irşad fəaliyyətinə başladığı tarixdən
vəfatına qədər Şirvanşahlar hökmdarı I
Xəlilullah xanla çox yaxın olmuşdur. Mənbələr
Şirvanşah hökmdarının ona böyük hörmət
etdiyini və yardım göstərdiyini qeyd edir. S.Yəhya
müridlərinə uzun ömür verməsi
üçün Allaha dua edərkən “Xəlil bəyə
dua edin, çünki mənim ömrüm onun həyatıdır”
- demişdir. Həqiqətən də, Şirvanşah I Xəlilullah
xan öldükdən doqquz ay sonra Seyid Yəhya Bakuvi vəfat
etmişdir.
S.Yəhyanın
Bakıda yaşadığı, xanəgahının və qəbrinin
də burada olması barədə bir çox tarixi dəlillər
mövcuddur. Abbasqulu Ağa Bakıxanov Bakı şəhərində
S.Yəhyaya mənsub olan məscidin yanında onun mədrəsəsi
və qəbri olduğunu bildirir. Bu məkan Bakıda, bu
gün “İçərişəhər” adlandırılan
yerdədir. Keyqubad məscidinin qiblə divarına bitişik
olan qəbrin üzərinə, səkkiz guşəli klassik Səlcuqlu
memarlıq tərzində sadə bir günbəz
tikilmişdir. Bu türbə istər SSRİ dövründə,
istərsə də müstəqillik dövründə bir
neçə dəfə təmir edilmişdir. Yeri gəlmişkən
onu da qeyd edim ki, restavrasiya edənlər türbənin üst
hissəsinə əsassız bir əlavə də etməyi
unutmayıblar. Heç bir tarixi əsası olmayan nizə
ucluğunu xatırladan kiçik bir daş parçası
türbənin ən uc yerinə yerləşdirilib. Görünür
tarixi abidələrin restavrasiyası zamanı əlavə
müdaxilənin yol verilməz olduğundan xəbərsiz olan
müasir “ustalarımız” XV əsrin memarlıq abidəsinə
yenilik gətirmək fikrinə düşüblər.
Dini-təsəvvüfi
məzmunlu əsərlərin sayı və siyahısı tam
olaraq bilinməyən S.Yəhya
bir çox mənzum və mənsur əsərlər
yazmışdır. O, mənsur əsərlərini ərəb,
fars və türk dillərində, mənzum əsərlərini
isə fars dilində qələmə almışdır. Şeirlərini
“Seyid” təxəllüsü ilə yazmışdır. Mehmet
Rıhtım “Şərq ədəbiyyatında Xəlvətiyyə
sufi görüşlərinin təşəkkülü və
Seyid Yəhya Bakuvi” adlı kitabında Türkiyə və Azərbaycan
kitabxanalarında 100-ə qədər S. Yəhyaya məxsus əlyazma
nüsxəsinin olmasını qeyd edir. Müəllif
apardığı araşdırmalar sayəsində aşkara
çıxardığı bu əlyazmaların bir qisminin məcmuə,
başqa bir qisminin isə ayrıca kitab şəklində
olduğunu yazır.
S.Yəhyanın
türk dilində yazdığı yeganə əsəri
“Şəfaül-əsrar”dır. Əsərdə təsəvvüf
yolunu izləyənlər üçün elmin vacib olduğu
tez-tez vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin
xüsusiyyətləri açıqlanaraq həqiqi şeyxə
tabe olmadan bu yolda getmənin mümkün ola bilməyəcəyi
bildirilir, ibadətlərin mənaları, zikrin növləri
və hikmətləri şərh olunur. Əsərdə Quran
ayələri, hədislər və bir sıra sufilərin
sözlərinə müraciət edilmişdir. Qeyd edək ki,
bu yaxınlarda Mehmet
Rıhtım “Şəfaül-əsrar” əsərini həm
müasir Azərbaycan, həm də müasir Türkiyə
türkcəsinə uyğunlaşdırmaqla nəşr
etdirmişdir.
Seyid Yəhya
Bakuvinin əsərlərinin dil, ədəbi xüsusiyyətləri
və məzmun zənginliyi müəllifin dərin təffəkür
sahibi olmasından xəbər verir. İyirmidən çox əsər
müəllifi olması, həm nəzm, həm nəsr əsərləri
yazması xüsusilə diqqəti cəlb edir. Belə ki, xəlvəti
şeyxləri arasında bu sayda və çeşiddə əsər
yazan başqa bir kimsə yoxdur. Əsərlərindəki
mövzuları çox vaxt Qurani-Kərim ayələri və
Hz. Məhəmmədin (s.ə.v.) hədisləri ilə əsaslandırması
Seyid Yəhya Bakuvinin Quran və hədis biliyinin dərinliyindən
xəbər verir. “Alimin zilləti həlak edər. Cahilin fəsadı
özündən başqa heç kimə zərər verməz.
Alim elmi ilə hərəkət etmiş olsa, bütün aləmə
bərəkəti yetişər. Alim (elmə) əməl
etdiyi zaman onun sirləri saflaşar” kimi hikmətli
sözün sahibi S.Yəhya, bir çox sufi kimi, elmi biliyi sadəcə
təsəvvüfdə əsas hesab etməmiş, digər
dini elmlərə də dəyər vermişdir.
BƏYLƏR
MƏCİDOV
Zaman.-2011.-25-28
iyun.- S.4.