Azadlıq vicdanlı qanunlara tabe olmaqdır

 

 Firuz Mustafa,

Yazıçı, filosof

 

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Yəqin ki, ümumiyyətlə, həyatda hər kəs üçün ən asan və ən çətin şey elə həyatın özüdür.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Mən dolanışıq üşün indiki halda mövcud olan işimdən savayı bir şey təsəvvür etmirəm. Yaradıcılıqla məşğulam, müəllimlik edirəm. Yəqin ki, elə ucqar bir kənddə də məhz bu işlə məşğul olardım. Əgər sakit bir guşəyə çəkilib işləsəydim, çox güman ki, məhsuldarlıq bir az da artıq olardı. Yeri gəlmişkən, son vaxtlar tez-tez fikirləşirəm  ki, bəlkə, elə gedib kənddə yaşasam hər şey daha yaxşı  ola bilər? Amma hələlik kənddə mənim “sənətimə” uyğun bir iş yoxdur; axi mən burada fəlsəfə üzrə mühazirə oxuyuram, universitetin professoruyam, teatrlar da daha yaxındadır.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Üzülürəm ona görə ki, elm və yaradıcılıq yolunu seçmişəm. Elə həm də eyni şeyə görə sevinirəm.

- Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

- Özümü təkcə kimlərə deyil, həm də çoxlu nələrə görə də borclu bilirəm. Yəni sizin adını çəkdiyiniz əvəzsiz insanlarla yanaşı, mən özümü həm də udduğum havaya, gəzib-dolaşdığım yerlərə, baxdığım səmaya, suyunu içdiyim bulaqlara, qoxuladığım güllərə, oxuduğum kitablara, dinlədiyim musiqilərə, yaşadığım anlara da borclu bilirəm.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Mənim üçün bu dünyada belə müqəddəs varlıq və fenomenlər çoxdur. Mənə elə gəlir ki, insan Vətəndən tutmuş onun bir zərrə qumuna qədər çox şey uğrunda canından keçə bilər. Deyəsən, bir az mücərrəd çıxdı, hə? Şəxsən mənim üçün ən böyük nəsnə ləyaqətdir və ləyaqətsiz olmaqdansa ölüm daha xoşdur. Bu, bir az gurultulu çıxsa da, məncə, səmimi qəbul edilə bilər: hər bir insan öz ləyaqəti uğrunda canından keçməyə hazır olmalıdır.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Mən həmişə özündən narazı olan adamam. Xüsusən, öz iş qabiliyyətimdən: baxmayaraq ki, teatrlarda otuzdan çox pyesimə quruluş verilib, onlarca elmi və bədii kitabım nəşr olunub, yenə də mənə elə gəlir ki, az işləyirəm, az yazıram, tənbəl adamam.

Məncə, indiki işimdə özümü əsasən ifadə edirəm.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Əlbəttə, kimdənsə üzr istəmək çox ağır məsələdir. Mən çalışıram ki, həyatda utanc gətirən qəbahətə yol verməyim, səmimi olum. Mənim həyatımda 1-2 dəfə belə hadisə baş verib və bu cür üzrxahlığın obyekti vəzifəcə mənim tabe olduğum adam yox, əksinə, mənim özümə tabe adamlar olub. Səhv üçün üzr istəmək lazımdır. Səhvsiz insan olmaz. Əsas odur ki, günah etməyəsən.

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- Baxır kim ağlayır və kim üçün (nə üçün) ağlayır? Ağlamaq insana xas cəhətdir. Sabirin başqa bir şeiri də var, orada isə ömründə ağlamayan adamlar haqqında belə deyilir: “Bu daşqəlbli insanları neylərdin, ilahi?..”

- “Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

- İnsan dini, dili, əqidəni, ideyanı, idealı seçə bilər. Amma ana və Vətən seçilmir. Eləcə də millət və xalq. Əlbəttə, mən hesab edirəm ki, bu dünyada xoşbəxt və bədbəxt adamlar olduğu kimi, xoşbəxt və bədbəxt millətlər də olur; hərçənd ki, bu anlayışların (yəni xoşbəxtlik  bədbəxtliyin) özü də müəyyən qədər nisbi səciyyə daşıyır. Bu mənada mən başqa bir yerdə doğulmağımın virtual xiffətini çəkmirəm. Doğulduğum yer mənə əzizdir.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Hələ indiyəcən hansısa “qlobal  bir inciklik, narazılıq baş verməyib. Mən bir az emosionalam, amma uşaqların anası daha təmkinlidir. İndi özünüz nəticə çıxarın, birinci kim barışar?

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

- Mən hər gün öz qarşısında imtahan verən, özüylə  iclas keçirən”, özünü ittiham edən adamlardanam. Həyatda mənə pislik edən adamlar olub. Mən bunu onların üzünə vurmamışam və yeri düşəndə, imkanım olanda onlara gözləmədikləri yaxşılığı etmişəm; nəticədə onlar çox çıxılmaz vəziyyətə düşüblər. Beləliklə, mən onlardan bu cür “intiqam” almışam. Amma həyat qəribədir, müəmma və sirlərlə doludur, bəlkə mən də heç özüm bilmədən kiməsə pislik etmişəm? Hər halda, kiməsə bilərəkdən pislik etdiyimi xatırlamıram.

- Sizcə azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Azadlıq nə istədiyini etməkdir, nə də istəmədiyini. Azadlıq vicdan qanununa və yazılan vicdanlı qanunlara tabe olmaqdır.

- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Mənim “Buz üstə yazılmış sətirlər” adlı kitabım var, orada zarafatyana dediyim fikirlər toplanıb. Bəzilərini sizə deyə bilərəm:

 Sevmək elə bəladır ki, eqoistlərdən başqa hamının başına gələ bilər.

 Sevginin qabarma və çəkilmələrinə hər adam tab gətirə bilmir; o, zəifləri sahilə atır, güclüləri burulğana çəkir.

 Hamı Romeo kimi sevə bilər, amma Otello kimi hərəkət etmək hər oğulun işi deyil.

 Sevgi - bəladır. Biz hamımız öz bəlamızın quluyuq.

 Sevgi ruhun bayramıdır. Sən öz ruhunu çox sevirsən, yoxsa öz bədənini?

 Sevməyə başlayanda özünü çəkisizlikdə hiss edirdi, evlənəndən sonra bataqlığa düşdü.

 Sevməyə hamı sevir; amma kimi ürəyi, kimi də... mədəsiylə.

 Əlbəttə, bütün bunlar bir zarafatdır. Sevgi elə insanlığın özü deməkdir.

- Ən çox nə zaman utanırsınız?

- Ən çox təriflənəndə.

- Ölüm nədir?

- Buyurun, bu da mənim həmin silsilədən ölüm haqda “düşüncələrim”, yəni zarafatyana deyimlərim:

 Ölən ulduzlar göydə dəfn olunur. Yer günahla doludur.

 Ölüm - etibarsızlar üçün ən etibarlı sığınacaq.

 Ölüm - adamların içində yaşayan ərköyün kabusdur. Mülayim, qılıqlı adamlar bir müddət onunla dil tapıb bu dünyada yaşaya bilir, ətiacılar isə o söz...

 Ölüm- əsl dahiliyi təsdiq edən yeganə meyar.

Amma orasını da bilirəm ki, ölüm haqda zarafatyana danışmaq da təhlükəli bir işdir.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Düzü, heç bilmirəm onu hara qoyar, hara xərclərdim? Amma hər halda, yəqin ki, ilk növbədə hələ çap olunmayan kitablarımın qeydinə qalardım. Ehtiyacı olanlara əl tutmaq da yaxşı cəhətdir, yəqin ki, kasıb dost-tanışı da unutmazdım.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

- Bu düşüncə hər nəyi ifadə edirsə, birtərəflidir. Bu, təxminən elə “məndən ötdü qardaşıma dəydi” və ya “dünyada əvəzolunmaz insan yoxdur” məsəli qədər cəfəngdir. Hər insan bir planetdir.

- Həyatda ən böyük təsəlliniz?

- Həyatın özü. Və həyatımın özü.

- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Belə bir mövzu yoxdur. Məncə insan bütün mövzular haqqında düşünə və danışa bilər.

- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

- Sıxılıram, kədərlənirəm. Axı gələn hər il yaxşı heç nə vəd etmir.

- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

- Adam olduğunuzu unutmayın!

- Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?

- Ən yaxşı cəhət- düzlük, ən pis isə yaltaqlıqdır.

- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran ya da aşiq olmusunuzmu?

- Çox nadir hallarda. Mən ən çox klassikləri və klassik musiqini sevirəm.

- Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

- Heç nə. Susardım.

- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

- Sevdiyim söz: sevirəm. Sevmədiyim söz: sevmirəm.

- Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

- Məni doğulduğum yerdə dəfn edin.

- Ən çox nədən qorxursunuz?

 - Həyatdan.

  - Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

  - Ömrüm.

  - Sizin kimlərə və nə kimi xeyriniz var?

    - Məncə, ətrafımdakılara xeyrim dəyir və ya dəyə bilər. Hə, bir də ki, quşlara və heyvanlara. Axı mən “Dəniz köçü” əsərində bu dilsiz-ağızsızların “hüququnu” qorumaq istəmişəm. Yeri gəlmişkən, həmin əsər dörd dilə tərcümə edilib, səkkiz dəfə nəşr olunub.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

- Deyərdim: “Dünya, xoş gəlmisən bu dünyaya.”

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Əlbəttə. Olub. Mən uzun illər tələbə və aspirantlara fəlsəfə dərsi keçmişəm. Bəzən mənə “hörmət” etmək istəyənlər olub, mən imtina etmişəm.  Mən həmişə belə hesab etmişəm ki, müəllim tələbəyə, böyük-kiçiyə əl tutmalı, hörmət etməlidir.

- Gənclik hansı yaşda bitir?

- Baxır kimə. Yaş nisbi anlayışdır. Amma, hər halda, ağıl hissi, mühakimə duyğunu üstələyəndə qocalıq başlayır.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Deyə bilmərəm çoxdur ya az, çünki hələ “çox”un və “az”ın dəqiq hüdudu müəyyən edilməyib.

Baxır kim kiminlə nə üçün dost olur. Adətən, insanlar zümrəyə, məsləkə və ideyaya görə dost olurlar. Zahiri, yalançı, saxta “dostluq” da olur.

Təkcə onu deyə bilərəm ki, mən özümə dost bildiyim adamlardan razıyam. Mənə “dost” deyən adamların mənimlə bağlı ürəyindən keçənlər barədəsə heç nə deyə bilmərəm.

 

 

  Zaman.- 2011.-30 iyun.-1 iyul.- S.12