Babur - Türk-Hind imperatorluğunu quran dahi şəxsiyyət və türklərin Homeri (1)

 

Bu böyük insan kiçik bir ordu ilə özündən on dəfə böyük orduları məğlub edən komandan, ən böyük gücün ağıl olduğunu söyləyərək, tarixə düşən məharətli siyasətçi, Osmanlının ruhunu, mənəviyyatını, mədəniyyətini özünəməxsus şəkildə öz imperatorluğunda yaşadan dövlət xadimi, şair, tarixçi, elm adamı və bir sözlə, Türk-İslam tarixinin ən böyük simalarından olan Qazi Zahirəddin Məhəmməd Babur idi.

Onun haqqında tarixdə çox yazıb, çox danışıblar, həmişə də əzəməti və şöhrəti qarşısında baş əyiblər. Bir vaxtlar, demək olar ki, bütün Hindistan onun qurduğu böyük bir imperiyanın tərkibində idi. O,  məşhur sərkərdə, bacarıqlı dövlət xadimi, siyasətçi, həm də orta əsrlərin ən böyük şair və ədiblərindən biri idi. O, təkbaşına Türk-Hind imperatorluğunu qurdu və özündən sonra tarixdə “Baburnamə” adı ilə böyük bir ədəbi miras qoyub getdi. “Baburnamə” Qərbi bu gün də özünə heyran etməkdədir. Məhz “Baburnaməyə” görə onu Qərbdə hörmət və məhəbbətlə türklərin Homeri adlandırırlar.

 Bu böyük insan kiçik bir ordu ilə özündən on dəfə böyük orduları məğlub edən komandan, ən böyük gücün ağıl olduğunu söyləyərək, tarixə düşən məharətli siyasətçi, Osmanlının ruhunu, mənəviyyatını, mədəniyyətini özünəməxsus şəkildə öz imperatorluğunda yaşadan dövlət xadimi, şair, tarixçi, elm adamı və bir sözlə, Türk-İslam tarixinin ən böyük simalarından olan Qazi Zahirəddin Məhəmməd Babur idi. O, 1483-cü ildə indiki Özbəkistanın Əndican şəhərində anadan olub. Onun nəsil kökləri ata tərəfdən Türküstanın (Orta Asiyanın) böyük türk hökmdarı və dövlət xadimi Əmir Teymurun, ana tərəfdən isə Çingiz xanın soyuna qədər uzanıb gedir. Baburun atası  həmin dövrdə Fərqanə əmiri idi. Babur 11 yaşına çatanda atası haqqın rəhmətinə qovuşdu. Beləliklə, tale 11 yaşlı Babura Fərqanənin əmiri olmağı nəsib etdi. Amma Baburun gənc və təcrübəsiz olmasından istifadə edən qohumları - dayıları, əmiləri və digər yaxınları  hakimiyyət uğrunda mübarizəyə başladılar. Onların hər biri Fərqanəni özlərinin  idarə etməyə daha çox haqları olduğunu iddia edirdi. Babur çox gənc  olsa da, özünü müdafiə etmək üçün uzun müddət yaxınları ilə savaşdı. Bu savaşların bəzilərində məğlub oldu, bəzilərində isə qələbə çaldı. Amma aramsız savaşlar Baburun ətrafındakıları yormuşdu. Onlar bu müharibələrin sonsuzluğa qədər davam etməyəcəyindən və günlərin birində məğlub ola biləcəklərindən əndişə duymağa başlamışdılar. Digər tərəfdən  düşmənləri - Şeybani xanın adını daşıyan şeybanilər günü-gündən daha da qüvvətlənməkdə idilər. Ona görə də ətrafındakılar Babura qardaş qanı axıtmağa son qoymağı və qarşı tərəflə dil tapmağı, onlara hansısa güzəştə getməyi təklif edirdilər. Babur şeybanilərə güzəştə getməyin və ya onların qarşısında  ağ bayraq qaldırmağın nə ilə nəticələnəcəyini yaxşı anlayırdı. Bütün hallarda, hətta könüllü şəkildə əmirlikdən imtina etsə belə, qarşı tərəf onları bağışlamayacaqdı. O, yaxşı anlayırdı ki, Fərqanə əmiri olmaq uğrunda gedən savaşlar çox dərinə işləyib və ələ keçiriləcəyi təqdirdə, ondan və tərəfdarlarından gələ biləcək təhlükənin qarşısını almaq üçün onları edam edəcəklər. Amma tərəfdarları bir məsələdə haqlı idilər. Mənasız qardaş qırğınlarına son qoymaq hökmən lazım idi. Ona görə də Babur çıxış yolunu özünə sadiq qüvvələrlə Fərqanəni tərk etməkdə gördü. Vaxtilə əcdadları olan səlcuqlar (oğuzlar) hakimiyyət davası uğrunda gedən döyüşlərdə bölgəni tərk edərək, yeni torpaqlar tapmaq məqsədi ilə Anadoluya üz tutmuş və burada böyük bir türk imperatorluğu qurmuşdular. İndi də tarix təkrar olunurdu. Amma oğuz-səlcuk soyundan gələn bu qəhrəman özünə sadiq qüvvələrlə Hindistana üz tutdu.

 

Kabili özünə paytaxt elan etdi

 

Baburun Hindistana yönəlməsi onun ordusuna çoxlu sayda gənc qüvvələrin axınına səbəb oldu. Onların arasında Türküstan çöllərində köçəri həyat sürən çoxlu sayda türk və monqol vardı. Bu da Baburun ordusunun qısa müddətdə xeyli güclənməsinə gətirib çıxardı. Amma Hindistana yürüş yolu üzərində Əfqanıstan dayanırdı. Bu ölkəni ələ keçirmədən Hindistana girmək mümkün deyildi. Bunu yaxşı başa düşən  21 yaşlı gənc sərkərdə ordusu ilə Hindiquş dağlarını aşaraq, 1504-cü ildə qəfildən Əfqanıstana daxil oldı və sürətli hücumla oranı ələ keçirdi. Əfqanıstanı nəzarəti altına alan  Babur Kabil şəhərini öz dövlətinin paytaxtı elan etdi. Bu onun həyatında qazandığı ilk və ən böyük uğurlardan biri idi. Lakin qələbədən başı məst olan ordu xalqla kobud davranmağa və onlarla münasibətdə özlərini qəddarcasına aparmağa başladı. Bu da tezliklə əfqanların Babura qarşı üsyan qaldırmasına gətirib çıxardı. Üsyanın səbəblərini öyrənən Babur dərhal xalqı incidən və onlarla qəddarcasına rəftar edən əsgərlərin hamısını cəzalandırdı. Baburun bu ədaləti qarşısında yerli xalq üsyanı dayandıraraq onun ətrafında sıx birləşməyə başladı. Babur da, öz növbəsində, Əfqanıstanı idarə edən məmurlarına yerli xalqla ədalətlə davranmağı tapşırdı. Buna əməl etməyənləri ən ağır şəkildə cəzalandıracağı barədə onlara sərt şəkildə xəbərdarlıq etdi. Bundan sonra Baburun Əfqanıstanda qurduğu ədalətli dövlətin sorağı hər yerə yayılmağa başladı. Babur yerli xalqın dəstəyindən istifadə edərək, Şeybani xanın üzərinə  yürüş etməyi qərara aldı. O, əfqanların yardımı ilə  Şeybani xanı məğlub etdi və dövlətinin ərazilərini Türküstana qədər genişlətdi. 1511-ci idə Babur qızğın savaşlardan sonra Səmərqənd və Buxaranı da ələ keçirdi. Artıq o xeyli güclənmişdi, nə Türküstanda, nə də Çin və Hindistanda qarşısına çıxa biləcək bir qüvvə  yox idi.

 

Hindistana yürüş

 

Son qələbələrdən sonra Babur Hindistana hərbi səfərin vaxtının gəlib çatdığını anlamağa başlamışdı. Çünki o, arxadan, Türküstandakı düşmənlərindən gələ biləcək təhlükəni aradan qaldırmış, həm də ordusunu xeyli gücləndirə bilmişdi. Ona görə də Babur çoxdankı arzularını həyata keçirmək məqsədi ilə Əfqanıstan dövlətini qurandan 15 il sonra - 1519-cu ildə Hindistana hərbi səfərə çıxdı. Həmin il, fevral ayının 4-də Baburun ordusu sallarla Sind çayını keçdi. Ordu ilk hücumda Pəncab və onun ətrafındakı əraziləri tutdu. Pəncabı ələ keçirəndən sonra Babur burada möhkəm qanun-qayda yaratdı və ədalətlə bölgəni idarə etməyə başladı. Bu da  tezliklə yerli xalqın ona rəğbətlə yanaşmasına və dəstəkləməsinə gətirib çıxardı. Babur Pəncabın işğalından sonra  bir müddət ordusuna istirahət verdi və yalnız bölgədə tam möhkəmləndiyinə əmin olduqdan sonra Hindistanın digər əraziləri üzərinə də yürüşə çıxdı. Ümumiyyətlə, Babur Hindistan üzərinə 5 dəfə hərbi yürüş edib. Bu yürüşlər zamanı o, Hindistanın böyük hissəsini öz nəzarəti altına almışdı. Onun sonuncu, 5-ci hərbi səfəri Dehli üzərinə oldu. Həmin dövrdə Dehlidə İbrahim Lodi hökmdarlıq edirdi. İbrahim Lodi Baburdan gələn təhlükəni aradan qaldırmaq və onu birdəfəlik Hindistan torpaqlarından qovmaq məqsədilə o dövr üçün olduqca böyük hesab edilən bir ordu toplamışdı. Bu ordu 130 min nəfərdən çox idi. Bundan əlavə, İbrahim Lodinin ordusunda 1000-dən artıq döyüş fili vardı. Babur isə güclü düşmən qarşısında cəmisi 13 min nəfər əsgərə malik idi. Bəlkə də başqa sərkərdə olsaydı, özündən azı 10 dəfə çox olan düşmənlə döyüşə girməyə cəsarət etməzdi. Çünki bu, bilə-bilə özünü ölümün qucağına atmaq  demək idi. Ancaq Babur düşməndən qorxan və çəkinən sərkərdələrdən deyildi. Bir vaxtlar əcdadı Alparslan Malazgirt ətrafında özündən 10 dəfə çox olan 200 min nəfərlik Bizans ordusunu yenərək, Anadolunu əbədi olaraq türk yurdu etmişdi. İndi də Babur onun bu qəhrəmanlığını Dehli ətrafında davam etdirmək niyyətində idi.

 

 

Əziz Mustafa

 

Zaman.- 2011.- 3-4 mart.- S.13.