Sınamışam, nədən qorxuramsa, başıma gəlir

 

Xüsusən bu  yaşda  orada ömür sürməyə  məcburiyyət yox, yalnız xoşbəxtliyim kimi baxardım. Vaxt gələcək adamlar şəhərin boğanaq və basırığından  doyub təbiətin azad qoynuna üz tutacaqlar.

 

Əlabbas Bakı Dövlət Universitetini bitirib, doqquz nəsr kitabının müəllifidir, “Qiyamçı” romanı ötən il keçirilən MKM müsabiqəsində xüsusi mükafata layiq görülüb. Əsərləri türk və rus dillərinə tərcümə olunub.

- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Yalan danışmaqdan asan, nadan və abırsız adamı başa salmaqdan çətin heç nə yoxdu.

- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Mən on altı yaşımda elə o ucqar kənddən gəlmişəm. Xüsusən bu  yaşda  orada ömür sürməyə  məcburiyyət yox, yalnız xoşbəxtliyim kimi baxardım. Vaxt gələcək adamlar şəhərin boğanaq və basırığından  doyub təbiətin azad qoynuna üz tutacaqlar. O ki qaldı dolanışığa, iyirmi yaşda  orada müəllim işləmişəm. Yəqin ki, elə o sənətlə də davam edərdim.

- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Vətəninin yarısı əldən gedənin, yəni bir başqa üzüntüsü də olur?  Bilməzdim, vaxt gələr ona sevinərəm ki,  hələ nə yaxşı  Şəki, Bakı getməyib; gedənlər gedəndə nə eləyə bildik ki, qalanlar da gedəndə nə edək?

- Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Məni iyirmi beş illik ağrılardan bıçaqla qurtarsa da, adlı-sanlı cərrah, professor Çərkəz Cəfərova əvəzi heç nə ilə ödənilməyən bir insanlıq borcum var.

- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Əgər bu sual əlli yaşımacan verilsəydi, bəlkə, konkret ad da çəkər və heç nədən ehtiyat da eləməzdim. Amma o sözü elə-belə deməmişdim ki, mən əlli yaşı altı-yeddi bal gücündə zəlzələnin titrəyişi kimi hiss etdim. İndi isə uzaqbaşı onu deyə billəm ki, o varlıq mənim yazılarıma Qaratel adı ilə düşüb. Bir kitabımın adı da belədi: “Mən Qarateli sevirdim”. 2010-cu ildə işıq üzü görən “Qaraqovaq çölləri” adlı kitabımın “redaktoru” da otuz ildən çox tanışlığımız olan həmin qızdı.

- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Niyəsə həyat elə qurulub ki, hər  kəsə elə gəlir, o, başqa işdə daha çox xeyir verə bilərdi. Hərdən mən də o cür düşünürəm. Səhv etmirəmsə, Əziz Nesinin sözüdü ki, əgər mən yazıçı olmasaydım, yəqin ki, cani olardım. Amma mən əksinə, nə də olsaydım, bircə cani ola bilməzdim. Bəzi istisna və tərəddüdləri nəzərə almasaq, neçə illərdi o fikirdəyəm ki, mən nəyi edə bilərdimsə, elə o işlə də məşğulam.

- Üzr istəmək sizə ağır gəlmir ki?

- Qətiyyən. Bağışlamağı və bir-birinə güzəştə getməyi bacaran insanlara həmişə hörmətim olub. Daha “Məmurun ölümü”ndəki kimi də yox…

- Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

- O baxır ağlamaq sözünü hansı mənada işlədirsən. Kişi Vətən üçün ağlayırsa, o, necə qeyrətsiz ola bilər? Kişi müxənnətlərin, nakəslərin  ucbatından torpağını itirib, canında təpəri, qolunda qüvvəti ola-ola geri qayıda bilməyib qolubağlı qul kimi dədə-baba ocağı üçün gecə-gündüz sıtqayırsa,  bunun gerçək adı, doğrudanmı, qeyrətsizlikdi? Kişi bu gün onu adam yerinə qoymayanların davada itirdiyi  oğlanlarının hesabına sağ qalan əclaflar olduğunu bilib göz yaşı tökürsə, qeyrətsizlikdən, yəni doğrudan, söhbət gedə bilər? Mən bilən, böyük Sabir o sözü “ağlamaq yox, çarpışmaq lazımdı” mənasında işlədib.

- “Kaş ki ..... ölkədə doğulaydım, ..... xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

- Heç vaxt. Hətta yanımda belə o fikri səsləndirənlər olursa, dərhal mübahisəmiz düşür. Sübut etmək istəyirəm ki, “danlarsan dana olar, sonalarsan sona” kəlamı heçdən-puçdan yaranmayıb.  Bir ovuc  nadana, burnundan uzağı görməyənə görə durub vətən dəyişərlər? Hər şeydən biryolluq bezib, usanıb, cana doyanda mən uzaq başı kəndimizə gedə billəm.

- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

- Hansı evdə olmur ki, inciklik? Kim küsürsə, o. Doğrusu, günah məndə olmayanda da barışıq üçün ilk addımı özüm atmışam ki, həm balalarım məndən qiyas götürsünlər, həm də bilsinlər ki, ailədə belə şeyə yol vermək olmaz. Hərçənd insanlar var ki, onunla yola getməyin yeganə yolu küsülü qalmaqdı. Təbii ki, ailədə yox.

- Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

- Yuxarıda haqqında bəhs etdyim Qaratel məhz həmin qadının prototipidi. O vaxt, yəni 78-ci ildə, iyirmi yaşımda kənddə müəllim işləyəndə bir yersiz inadıma görə könlünü qırdığım o insanın qarşısında özümü hələ də günahkar bilir və aradan otuz ildən çox keçəndən sonra hələ də o sualı özümə verirəm ki, görəsən, o vaxt o “günah”ı eləmiş olmasaydım, nə indiki kimi olmazdı?

  Mövlud Süleymanlıdan başqa, hamının …

- Sizcə, azadlıq, istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Desəm ki, heç birini, bilmirəm düz çıxar, ya yox?

 - Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevginin birinci iki sözə, ümumiyyətlə, dəxli yoxdu. Mən bilən, o, yəni, sevgi elə bir söz kimi də xoşbəxtliklə yan-yana olanda, birgə işlənəndə nəsə çox yapışıqlı və bütöv görünür.

 - Ən çox nə zaman utanırsınız?

- Mən elə adamam ki, nərddə də uduzanda xəcalət çəkirəm.

- Ölüm nədir?

- Hər halda tək əbədi yoxluq deyil.

- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- İşdi, elə bir şey olmuş olsa, qızlarıma ev alacağım daha realdı, nəinki hərbi təyyarə almağım. Qorxuram, aparıb yenə öz mövqelərimizi (Füzuli rayonu gethagetdəki faciəvi hadisələri xatırlayaq) bombalayıb, sonra da deyələr ki, pilot koordinatı düz götürməyib. Bir bombardmançının az olmağı hər halda işimizin xeyrinə olar.

- “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

- Zənnimcə, közü öz qabağına çəkmək istəyi var burda.

- Həyatda ən böyük təsəlliniz?

- Bu, cavabı zaman-zaman dəyişilən suallardandı. Məsələn, orta məktəb illərində elə bilirdim, tələbə olsam, dərdim olmaz. Sonra məlum oldu ki, bu, heç də belə deyil. İrəlidə diplom almaq kimi daha böyük bir xoşbəxtlik var. Zaman gəldi şəhərə qayıdıb iş tapmaq arzusu hər şeyi üstələdi. Sonra ailə qurmaq, kitab sevdası, ev-eşik yiyəsi olmaq… Onların da hələ mən deyən olmadıgı yalnız əlim onlara yetəndən sonra aydın oldu.  Bu gün son ana qədər dəyişməyən yeganə təsəllim varsa, o da hələlik şəhərdə ev almağımdı. Mən onun yolunu hər şeydən çox, düz iyirmi il - 1973-dən 1993-ə qədər, əsəblərim tam tarıma çəkilənəcən gözləmişəm.

  - Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- Yəqin ki, qıcıqlandırıcı sualı heç kim eşitmək istəməz.

- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

- Çox naqolay. Dörd il əvvəl, əlli yaşımın tamamında da heç kimə əziyyət vermədim. Ailə üzvlərimlə çox sadə, özümüzəxas, ənənəvi bir ad günü keçirdik. Əgər ömür vəfa eləsə, yəqin ki, növbəti yubileylərim də heç nəyi ilə fərqlənməyəcək. Çünki körpəlikdən təntənə və dəbdəbə sevən olmamışam.

  - Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

- İradəli və inadkar olun! Yalnız bu halda nəsə qazana bilərsiniz!

- Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?

- Döyüşkən, əzmkar, mübariz, sona qədər çarpışmaq fərdin bir insan kimi formalaşmasında qiymətləndirdiyim ən xarakterik cəhətlərdi. Əksi isə ikiüzlü olmaq.

- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq   olmusunuzmu?

- Aşiq olmaq yox, Nəzakət Məmmədovanı heyran-heyran dinləmişəm. Orijinal oxusu ilə Mehriban Zəki də ürəyimdən olan sənətçidi. Təəssüf ki, çoxdandı  efirdə görünmür. Mən bilən, onun qəsdi heyranlarını səsinə həsrət qoymaqdı.

- Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

- Onları elə tərbiyə eləməmişəm ki, sonda nə isə deməli olum. Mən onlarla indi ata-bala yox, bir dostam. Son vaxtlar  sıramıza ailəmizin təzə üzvü, çoxbilmiş nəvəm Məhəmməd də qoşulub. O, dil açandan biz kino-teatrın, konsert zalının yolunu yaddan çıxartmışıq.

- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

- Söz yazıçının silahı olduğundan onun bəzən ən dəyərsizi də yerinə düşəndə çox gərəkli olur. Yaltaq obrazın xarakterini onun öz nitqi  ilə açırsansa, istifadə etdiyin dil materialı necə sevmədiyin söz ola bilər? Yazıçının arsenalı onlarsız təsəvvürə gəlmir.

- Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

- Bu haqda düşünməmişəm. Görünür, onun da öz vaxtı, vədəsi  var.

- Ən çox nədən qorxursunuz?

- Tərs kimi, nədən qorxuramsa, o da başıma gəlir, dəfələrlə sınamışam. İndi qorxduğum şeyin özündən də çox, onu dilə gətirməkdən  qorxuram.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Dediyim kimi, o yalnız bircə halda mümkündü. Haqqında danışmaq istəmədiyim qorxunu dəf edə bilsəm... Sağlıq olsun, bəlkə də, zaman gəldi “Zaman-Azərbaycan”a bu barədə danışdım.

- Sizin kimlərə və nə kimi xeyriniz var?

- Belə baxıram ki, ailə üzvlərimdən başqa, heç kimə. Yaşa dolduqca ən doğma sirdaşlar belə uzaqlaşır.

- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

- Bəlkə də, mən deyəcəyim sözü demək yaşıma görə bir qədər tezdi. Gözləyək görək axırı nə olur?

- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- Dəyərli dostum, gözəl şair Eldar Baxış “Səs” qəzetindən gedəndən sonra mənə baş redaktorluq təklif olundu. Mən də imtina etdim.

- Gənclik hansı yaşda bitir?

- Bu, çox fərdi xarakterdə olan bir şeydi. Adam tanıyıram ki, yetmiş yaşı var, hər şeyi əsl gənclik şövqü ilə eləyir. Adam da var ki, otuz yaşda sanki hər şey onunçün bitib.

- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Etibarsızları həə. Mənə görə, dostluq təmənnasız adamların (iki və daha çox) ittifaqıdı. Fikir vermisinizsə, insan yaşlandıqca dostları da azalır.  

 

 

Zaman.- 2011.- 3-4 mart.-S.8.