“Allahın bəndəsi olmaq ən gözəl nemətdir”

 

O, bu personajı ilə təkcə məmləkətimizdə deyil, onun hüdudlarında da tanınır. Bəhram Bağırzadənin belə tanınmasında hansı amillərin əsas rol oynadığının oxucularımız üçün maraqlı olacağını düşünərək, onu redaksiyamıza dəvət etdik

Bəhram Bağırzadəni məmləkətimizdə kiçiklər də yaxşı tanıyır, böyüklər də... Onu belə tanıdan, şübhəsiz, həmBakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasında, “Planet Parni iz BakuKVN Teatrında və “Hər şey yaxşılığa doğru”, “Yuxu”, “Milli bombafilmlərində oynadığı yaddaqalan rollar, həm də bir rəssam kimi çəkdiyi tablolardır. OnunBakılı Oğlanlardakı azərbaycanlı obrazı isə hər birimiz üçün doğmadır. O, bu personajı ilə təkcə məmləkətimizdə deyil, onun hüdudlarında da tanınır. Bəhram Bağırzadənin belə tanınmasında hansı amillərin əsas rol oynadığının oxucularımız üçün maraqlı olacağını düşünərək, onu redaksiyamıza dəvət etdik. Beləliklə, qəzetimizin “Bizim qonaq” rubrikasının qonağı

 

Bəhram Bağırzadədir.

 

- Bəhram bəy, maşallah, gümrahsınız. Belə gümrah olmağınızın sirri aktyorluğunuzda, rəssamlığınızda, yoxsa futbola fanatlığınızdadır?

- Deyərdim ki, Allaha sığınmağımda - ibadətə gəlməyimdə. 12 il bundan qabaq ibadətə başlamışam. 2001-ci ildə isə Həcc ziyarətində olmuşam. Allah hamıya nəsib etsin.

- Ailənizdə dindar olubmu?

- Atam, anam imanlı insanlar olsalar da, ibadət etməyiblər. Amma onların babaları ibadət əhli olublar. Hətta nənəmin atası Şamaxı məscidinin əfəndisi kimi fəaliyyət göstərib.

- Bəs birdən-birə sizin ibadətə üz tutmağınızı yaxın ətrafınız necə qarşıladı?

- Sözün düzü, ilk illər mənim üçün bir qədər çətin oldu. Amma bunu büruzə vermədim. Hətta haqqımda müxtəlif söhbətlər də uydurdular. Belə ki, bəziləri namaz əhli olmağımı dəblə ayaqlaşmağım kimi yozmağa çalışdılar. Amma sonradan gördülər ki, Allaha sığınmaq artıq Bəhramın həyat tərzinə, həyat çərçivəsinə çevrilib. Beləcə, söz-söhbətlər də getdikcə aradan qalxdı.

- İbadətə başlayandan sonra özünüzdə hansı dəyişikliklər hiss etdiniz?

- Düz 12 ildir ki, lüzumsuz işlərə baş qoşmuram. Siqaretdən, içkidən uzağam. Əgər baş qoşsaydım, başqa yolun yolçusu olardım. Bir sözlə, Allah-Təalanın Quranda buyurduğu qanunlara ciddi riayət etməyə çalışıram. Buna görə mən Yaradana borcluyam. Bir də, ən əsası bu ibadətdən elə rahatlıq tapdım ki... Hərdən düşünürəm ki, kaş 16-17 yaşımdan ibadətə başlayaydım. Əgər başlasaydım, daha çox uğurlara imza ata bilərdim. Vaxtımı boş şeylərə sərf etməzdim.

- Sizdən ibrət götürən olubmu?

- Onu deyə bilmərəm. Mən özümə cavabdehəm... Bu yolu mən özüm müəyyənləşdirmişəm. Bu, artıq mənim yolumdur. Güman edirəm ki, kimsəni bu yola çəkməyə ixtiyarım yoxdur.

 

“Səni Bormanın sürücüsünün gününə salaram a...”

 

- Bəhramın yetişməyində, onun belə tanınmağında atanız - rəhmətlik Arif kişinin əziyyətləri çox olub?

- Bəri başdan deyim ki, atam polis polkovniki idi. Siyasi şöbədə fəaliyyət göstərib. Onun da yazmağa, şəkil çəkməyə marağı böyük olub. Bir neçə kitabı çap olunub, mənimlə birgə sərgiləri keçirilib. Aktyor kimi 6 filmə çəkilib. Sərbəst güləş üzrə SSRİ çempionatında üçüncü yeri tutub. Hətta o, Rəssamlar İttifaqının, Yazıçılar Birliyinin üzvü olub. O ki qaldı konkret suala... Bəli, atamın mənim üzərimdə əziyyəti çox olub. Üstəlik, anamın da... Bunu faizlə göstərsək, deyə bilərəm ki, Bəhram kimi yetişməyimdə anamın 70%, atamın 30% əziyyəti olub.

- Bölgü ədalətsiz olmadımı?

- Yox… Atam 100% şərait yaradıb ki, anam mənim tərbiyəmlə ciddi məşğul ola bilib də... Yəni anam məni o dərnəkdən bu dərnəyə, bu dərnəkdən o dərnəyə aparıb... O vaxtlar çox dərnəklərə gedərdim: üzgüçülük, rəqs, musiqi, basketbol, həndbol...

- Uşaqlıqda dəcəl olmusunuz?

- Hə, çox dəcəl olmuşam. Milisə də düşəndə deyirdim ki, nə istəyirsiniz edin, 15 sutka verin, amma məni atamın əlinə verməyin. Onu da bildirim ki, atam həmişə mənə acıqlananda deyərdi ki, səni “Baharın 17 anı” filmindəki Bormanın sürücüsünün gününə salaram a... Amma heç vaxt atam tərəfindən döyülməmişəm. Onun elə baxışı var idi ki... O, baxışları ilə məni döyərdi. Bir xoşagəlməz hərəkət etmək istəyəndə də onun həmin baxışları gəlib dururdu gözlərim önündə... Hərdən indi  bir iş görəndə düşünürəm: görəsən atam buna necə reaksiya verərdi?

- İndi Bəhram Bağırzadə də uşaqlarını baxışları ilə cəzalandırır?

- Yox, uşaqların təlim-tərbiyəsi ilə xanımım məşğul olur. Yəni xanımım evdə elə şərait yaradıb ki, mənim baxışlarıma daha ehtiyac qalmayıb. Yeri gəlmişkən, iki övladım var. Ötən il 8 yaşlı qızım Tahirə Sankt-Peterburqda 10 yaşlılar arasında keçirilən dama üzrə dünya çempionatında 8-ci yeri tutdu. Hətta ilk yerlərdən birini tutmadığına görə bir qədər təəssüfləndi də. Dedim, qızım, Allah qoysa gələn il udarsan... Qızım həm də rəssamlıqla məşğuldur. Babası kimi solaxaydır. 7 yaşlı oğlum Cavid isə rəqslə məşğuldur.

- Onlardan bir övlad kimi umacağınız nədir?

- Onlardan dünya şöhrətli rəssam, rəqqas, yaxud akademik olmalarını tələb etmirəm. İstəyirəm ki, onlar, ilk növbədə, insan olsunlar. İkinci növbədə, öz işlərində peşəkar olsunlar və nəhayət, əsl vətəndaş kimi yetişsinlər. Zənnimcə, bu və ya digər şəxsdə bu keyfiyyətlər olmalıdır ki, sabah millətinə, vətəninə bir xeyir verə bilsinlər də...

- Uşaqlığınızla bağlı hansı kadrlar yaddaşınızda əbədi həkk olunub?

- 1988-ci il idi. O vaxt da “Nizami” kinoteatrında Vaqif Mustafayevin çəkdiyi “Yaramaz” filmi nümayiş olunurdu. Mən də o filmə baxmaq fikrinə düşdüm, lakin bilet tapa bilmədim. Sonradan eşitdim ki, bəs “Kubinka”nın uşaqları biletin birini 10 manata satırlar. Məndə isə cəmi 6 manat var idi. Dedim, bəs mən necə edim? Çox fikirləşmədən öz halal zəhmətimlə aldığım velosipedimi “Kubinka”da satıb, həmin filmə bilet aldım. Sözün düzü, məhz həmin film sonradan mənim həyat yolumun müəyyənləşməsinə, daha doğrusu, rejissorluq fakültəsinə daxil olmağıma təkan verdi.

- Amma nədənsə Bəhram bəy sonradan bu sahədə özünü sınamadı…

- Niyə ki? Sınamışam. İndiyədək sənədli filmlər, kliplər çəkmişəm.

 

“Milyonçu olsaydım…”

 

- Bəhram bəyin Bakıya, özü də, necə deyərlər, köhnə Bakıya xüsusi simpatiyası var... Bu onun verdiyi müsahibələrdə də özünü açıq-aydın göstərir.

- Bu, belə olmalıdır da... Mən Bakıda doğulmuşam. Şəhərimi sevməliyəm də...

- Elə köhnə Bakının fotolarını toplamağınız da bu sevgidən irəli gəlir?

- Bəli, məndə Bakının qədimliyini özündə əks etdirən çoxlu fotolar var. O fotolar da XIX əsrin tanınmış dünya fotoqrafları tərəfindən çəkilib. O vaxt bizim milyonçular dünyanın ən güclü fotoqraflarını Bakıya dəvət edərdilər ki, şəhərin şəkillərini çəksinlər. Yermakov da belə dəvətlə gəlib. Mişon gəlib Bakıya, filmlər çəkib və s. Sovet vaxtı Breqvadze dəvət olunmuşdu. Sonra İsay Rubençik, Lev Şvarts... Bakını çəkiblər. Onu da deyim ki, Bakının ilk fotosu fotoaparatın ixtirasından 12 il sonra, yəni 1861-ci ildə çəkilib. 1849-cu ildə isə fotoaparat çıxıb. Nə yazıq ki, bugünkü Bakı peşəkar fotoqraflar tərəfindən çəkilmir. Halbuki bu gün də bu şəhərə dünyanın müxtəlif ölkələrindən fotoqraflar dəvət olunmalıdırlar. Milyonçu olsaydım, dünyanın peşəkar fotoqraflarını məmnuniyyətlə Bakıya dəvət edərdim.

- Əgər sirr deyilsə, həmin fotoları necə əldə etmisiniz?

- Kolleksionerlərdən almışam. Gələcəkdə bir arzum var - Bakıda Foto muzeyi açmaq və orada həmin ağ-qara fotoları sərgiləmək.

- Bir halda ki, söhbət bu istiqamətə yan aldı, bəlkə Bəhramın yaxın aylardakı planları ilə də tanış olaq?

- Əvvəla, onu deyim ki, bu ilin mayında ilk fərdi sərgimi təşkil edəcəyəm (Məlumat üçün bildirim ki, indiyədək atamla birgə bir neçə sərgi təşkil etmişik). Bu sərgidə təxminən 80-ə yaxın karikatur janrında çəkdiyim işlərim nümayiş olunacaq. Elə həmin sərgi çərçivəsində yeni nəşr olunacaq “İ snova salam” kitabının təqdimatı da keçiriləcək. Bu sərgim İçərişəhərdə açıq səma altında reallaşacaq. Bir də, aprel ayında Heydər Əliyev adına sarayda “Planet Parni iz Baku” KVN Teatrının 10, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Komandasının isə 20 illiyinə həsr olunmuş konsert proqramında iştirak edəcəyəm. O konsert proqramında bu dəfə tam bir fərqli rolda- mədəniyyət işçisi rolunda görünəcəyəm. Bunlardan başqa “Azərbaycan yeməkləri” kitabının istehsalına da başlamışam.

- Deyəsən, karikatur aləmində də öz sözünüzü deməkdə israrlısınız?

- Məqsədim dünyanın 100 karikaturçusundan biri olmaqdır.

- Kitabınızın rus dilində nəşr olunacağını söylədiniz? “Qorod moy molodosti” (“Gəncliyimin şəhəri”) kitabınız da rus dilindədir...

- İmkanım olsaydı, həmin kitabı türk, ingilis və dünyanın digər dillərində də nəşr etdirərdim ki, daha çox adam oxusun. Məncə, bu, məmləkətimizi tanıtmaqda da mühüm rol oynayır. Bir də, fikrim informasiya blokadasını yarmaqda yardımçı olmaqdır.

- Bəs hansısa filmə çəkiləcəksiniz?

- Ötən il Ülviyyə Könülün “Vəkil əhvalatları” filmində cangüdən rolunda çəkilmişəm. Bu yaxınlarda onun premyerası olacaq. Güman edirəm ki, o filmdə oynadığım rol da tamaşaçıların ürəyincə olacaq. Bu il Vaqif Mustafayev Avropanın hansısa ölkəsinin sifarişi ilə bir film çəkəcək. Məni də dəvət edib. Demişəm ki, bir kiçik rol bəsimdir. Çünki vaxtım yoxdur.

 

İmansızlıq...

 

- Bəhram bəy, sizi ən çox narahat edən nələrdir?

- İnsanların Allahsızlığı... imansızlığı... İmansızdan nə istəsən gözləmək olar. İnsanların savadsızlığı... Savadsızlıq bizi uçuruma apara bilər. Bizim cavanlar Avropada oxumalıdırlar. Sonradan orada öyrəndiklərini məmləkətimizdə tətbiq etməlidirlər. Avropadan bura müəllim gətirməklə heç nəyə nail ola bilmərik. Yəni işi iş yerində öyrənmək daha yaxşıdır. Ruslar bunu 200 il əvvəl - I Pyotrun dövründə etdilər və faydasını da gördülər. Məncə, məhz belə təhsilli, üstəlik, imanlı insanlar yaşanan problemləri çözə bilərlər. Bir də, məni narahat edən hələ də ermənilərin tapdağı altında olan torpaqlarımızın taleyidir. Nə vaxtsa o torpaqlar qaytarılmalıdır e... Bu, belə qala bilməz. İstərdim ki, bu məsələ tez həll olunsun. Gələcəkdə övladım deməsin ki, atam o vaxt bu məsələni qoydu bizim çiynimizə... Bu, bizim vaxtımızda baş verib və onu biz həll etməliyik. Hansı yolla? Bunu deyə bilmərəm: danışıqlar yolu ilə, yoxsa hərbi yolla? Zənn edirəm ki, bunu həll etmək üçün də iman və savad vacibdir. Hansı yolla həllindən asılı olmayaraq, mən Bəhram Bağırzdə bu prosesin ön sıralarında olacağam.

- Deputat Natiq... sizin “Planet Parni iz Baku” KVN Teatrında oynadığınız personajlarınızdan biridir. Bəs Bəhram Bağırzadənin deputat olmaq fikri varmı?

- Heç bu barədə düşünmürəm də... Söz vermişəm ki, heç vaxt dövlət işində işləməyim.

- Niyə?

- İşləyənləri gördüm də... Vəzifələrindən çıxarılanda onlarla heç əməlli-başlı sağollaşmadılar da... Mənim aləmimdə rəsmi titulların da bir anlamı yoxdur. Allahın bəndəsi olmaq ən gözəl nemətdir.

“Allah haqqı yoxumdur!”

- Pul ilə aranız necədir? Şirkətiniz, dükanınız varmı?

- Heç nəyim yoxdur. Allah mənə ağıl verib onunla hərəkət edirəm.

- Amma deyirlər var axı...

- İnanmayın. Allah haqqı yoxdur. Nə vaxtsa ola bilər, o da Basqalda... Orada -təbiətin qoynunda “Bəhramın qonaqları” adlı kafe açmaq niyyətim var.

- Bəs dolanacağınızı nədən çıxarırsınız?

- Sənətdən...

- Getdiyiniz toylarda, yəqin iki, sizi tost deməyə dəvət edirlər? Tostla, yaxud tamadalıqla aranız necədir?

- Tamada olmamışam. Heç tost da demirəm.

- Darıxanda kimə, nəyə, hara üz tutursan?

- Son vaxtlar darıxmağa vaxtım olur ki?

- İndiyədək ən böyük mükafatınız nə olub?

- Həcc ziyarətinə getməyim.

- Ruzi və bərəkətlə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Allah hər adama- imanlıya da, imansıza da ruzi göndərir. Amma hər adama bərəkət göndərmir, imanlıya göndərir. Adam var, milyonları var, amma bərəkəti yoxdur. Mən hər gün Allaha dua edirəm. Hər gün deyirəm ki, Allahım, heç bir kişini işsiz qoyma. Qoy 10-15 manat qazansın, öz yoldaşının, uşaqlarının yanında heç bir kişini pərt eləmə.

- Sizin sənətiniz qarşısında baş əyənlərə münasibətiniz?

- Belə şeyləri qəbul etmirəm.

- Sənətinizi kimlərə isə öyrədirsiniz?

- Müraciət edənlər olanda, təbii ki...

- Əgər dünyanın rəsmini çəkmiş olsanız, ən önəmli detal kimi nəyi ön plana çəkərdiniz?

- La ilahə illəllahı...

- İndi “satışdan çıxarılır”, təkrar emala göndərilir, “yandırılıb” kimi ifadələrə tez-tez rast gəlmək olur. Səlahiyyət sahibi olsaydınız, mədəniyyət aləmimizdən nələri, kimləri çıxarardınız?

- Bizim bir müəllim var idi. Ona mürəkkəb sual verən kimi deyərdi ki, bala, bu suala cavab verə bilsəydim, Nobel mükafatı alardım ki... Yəqin ki, bu misalla sualınızı cavablandırmış oldum.

- Bəhram Bağırzadə kimi tanınmağınızda aktyorluğunuz, rəssamlığınız mühüm rol oynayıb. Bəs belə populyarlığınızda bunlardan hansının rolu çox olub?

- İstedadlı insanlar var, amma onlar onu ortaya çıxara bilmirlər. Yaxud onu üzə çıxarmağa tənbəllik edirlər. Mənə elə gəlir ki, hər uğurun başında zəhmət dayanır. Bu mənada istər rəssam ol, istər bəstəkar, əsas məsələ zəhmətdədir e... Yaradan da görür ki, bəndəsi zəhmətə qatlaşır, ona ürəyincə verir.

 

“Bəlkə, bundan sonra nəsə etdim”

 

- Bəhram bu gün deyə bilərmi ki, həyatda nəsə edib?

- Doğrudur, tamaşaçıların yaddaşlarında qalmışam. Ancaq bu gün 39 yaşlı Bəhramın həmin yaşda olan bəzi soydaşları ilə müqayisədə nə iş görməsini götür-qoy edəndə, sözün düzü, “nəsə edib” deməyə dilim gəlmir. Elə götürək 22 yaşında bu millətin yolunda canından keçmiş Milli Qəhrəmanımız Mübariz İbrahimovu. Belə misalların sayını da artırmaq olar. Yəni belə insanlarla müqayisədə, demək olar ki, mən heç nə etməmişəm. Bəlkə, bundan sonra nəsə etdim.

- Mənim fikrimcə, yaddaşlarda qalmağınızın əsas faktorlarından biri sizin oynadığınız rollarda Azərbaycan sözlərindən istifadə etməyiniz olub.

- Hər şeydən əvvəl, mən azərbaycanlıyam. Oynadığım bütün obrazlarımda respublikamızla qürur duyduğumu qabartmağa çalışmışam. Yarışlara gedərkən obrazlarımla, zarafatlarımla “Bakılı Oğlanlar”ın azərbaycanlı etiketini daşımağa çalışmışam. Başımda kepka, azərbaycansayağı hərəkətlərlə etdiyim zarafatlarda əksər hallarda Azərbaycan dilində sözlər işlədirdim. Bununla da kim olduğumuzu göstərirdim. Demək istəyirdim ki, bəli, mən rus səhnəsində rus dilində danışmağıma baxmayaraq, Azərbaycan mədəniyyətini təbliğ edirəm, azərbaycanlı balası kimi düşünürəm. İndi də bu missiyanı yerinə yetirirəm. Onu da deyim ki, KVN-ə ilk dəfə belə yeniliyi, yəni öz zarafatlarımıza Azərbaycan dilində əlavələr etməyi mən gətirmişəm. Mənə qədər belə şey olmayıb. Məlumat üçün onu da deyim ki, KVN-nin aparıcısı Aleksandr Vasilyeviç Maslyakov hər il məni MDB yığmasına dəvət edir və mən də bir azərbaycanlı kimi ölkəmizi o yığmada təmsil edirəm.

- “Başımda kepka” dediniz. O kepkanın bir özəlliyi varmı?

- O kepka 1957-ci ildə tikilib. Özü də o, şəkili bir dostumun atasının idi. Onu indi də ən qiymətli hədiyyə kimi qoruyuram.

- Bu və ya digər tənqidlərə görə sonradan başınız ağrımayıb ki?

- KVN heç kimi təhqir etmir, həqiqəti göstərir. Heç kimin əleyhinə çıxmırıq, demirik ki, bu, pisdir, bu, yaxşıdır, biz bunu göstəririk. Deyirik ki, belə bir problem var da…

 

“Mən hara düşmüşəm?”

 

- Siz həm də futbol azarkeşisiniz. Futbolla bağlı xatirələrinizi də bizimlə bölüşərdiniz... İlk dəfə futbolu meydançadan nə vaxt izləmisiniz?

- 1979-cu ildə. O zaman 7 yaşım hələ tamam olmamışdı. Atamla birgə “Neftçi”nin oyununa baxdım. O gün heç yadımdan çıxmır. Hətta əyləşdiyim sektor da xatirimdədir. Milislərlə bir cərgədə oturmuşdum. Atam milis işçisi idi də. Hə, rəqibin qapısının qarşısında gərgin vəziyyətlər yarananda mən də yerimdən qalxırdım. Qazon, yamyaşıl meydança mənə qəribə gəlirdi. Öz-özümə deyirdim ki, mən hara düşmüşəm? Meydançaya ikinci gedişim anamla şəhərə çıxanda olub. Onda da 11-12 yaşım olardı. Metronun “Gənclik” stansiyasından keçəndə anam mənə 30-40 qəpik pul verdi. Dedi ki, mən evə lazım olan şeyləri almağa gedirəm, səni də 90 dəqiqədən sonra burada gözləyəcəyəm. Getdim e... Səhv etmirəmsə “Neftçi” Kutaisinin “Torpedo” komandası ilə oynayırdı. Həmin oyunda top tablonun arxasına düşdü. Onu götürmək mənə nəsib oldu. Düz on il o topu özümdə saxladım.

          - Bəs nə vaxtdan əsl azarkeş oldunuz?

- Elə o illərdə azarkeşə çevrildim. Sonradan Bakıda “Fanklub” təşkil olundu. Hətta 1985-ci ildə gənclər arasında keçirilən dünya çempionatı da yadımdadır. Bakı qrupunda Meksika qalib gəlib, növbəti mərhələyə çıxdı.  Minsk qrupunun qalibi olan Nigeriya Bakıda Meksika ilə oynadı. O vaxt rəsmi şəkildə Bakıya fanta içkisi gətirmişdilər: bir avtobusda satılırdı. Özü də 30 qəpiyə... Halbuki “Kubinka”da həmin içkini bir manata satırdılar. Bu xırda detalı niyə xatırladım? Ona görə ki, o zaman fanta içə-içə futbola baxmağın sanki mənim üçün özgə bir anlamı vardı. Qapalı sistemdə yaşayan biz uşaqlara bu bir qədər qəribə gəlirdi e... Hə, yadıma düşmüşkən, hətta stadiondakı tablonun quraşdırılması da yadımdadır. Səhv etmirəmsə, o tablonu Macarıstandan gətirmişdilər. O zaman həmin tablodan Yerevana, Kiyevə, Tiflisə, Moskvaya da gətirilmişdi...

 

“İçimdə yanıram”

 

- O illərin xatirələrini unutmayan Bəhram, son illər stadionlarda az görünür...

- Bəli, mən bugünkü futbolumuza azarkeşlik eləmirəm, futbola baxmıram, futbola getmirəm... Amma milli komandamız oynayanda, görəndə ki, 11 nəfər azərbaycanlı uşaq meydançada nəsə eləmək istəyir, onda azarkeşlik edirəm. O ki qaldı klublara, komandalara... Mən onlara artıq azarkeşlik etmirəm. Əcnəbilər gəlib oynayırlar klublarımızda, özləri üçün para qazanırlar. Allah başlarından töksün! Amma yenə deyirəm, mən artıq onlara azarkeşlik eləmirəm. Mənə maraqlı deyil ki, hansısa futbolçu Anqoladan, yaxud başqa ölkədən gəlsin, “Neftçi”də, yaxud başqa klubumuzda oynasın...

- Belə çıxır ki, komandalara legionerlərin alınması sizi futboldan soyutdu?

- Bəli, soyutdu... Balam, legioner olar bir nəfər, iki nəfər, 3 nəfər, daha 11 oyunçunun 9-u yox da... Deyəndə ki, kubok sahibi olmuşuq, bir qədər gülməli çıxır da... 7 nəfər əcnəbi futbolçu oynayır orada... Biz də sevinirik ki, qalib gəldik.

- “Qarabağ” futbol komandası azərbaycanlılardan təşkil olunub...

- Bəli, buna sevinirəm. Sevinirəm ki, Rəşad Sadıqov da qayıtdı yenidən o kluba.

- Bəs bayaqdan deyirdiniz daha azarkeşlik etmirəm?

- Alə, deməyimə baxma, içimdə yanıram... “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova hər ay mesaj göndərirəm, uğurlarına sevinirəm, “Neftçi”də də 7-8 azərbaycanlı oynayır, bunları görəndə təzədən azarkeş oluram.

 

“Mənə desələr ki…”

 

- 2003-cü ildən futbolun inkişafı bizdə yeni mərhələyə daxil oldu. Bu inkişaf sizi qane edir?

- Edir! Amma bu sahədə görüləsi işlər çoxdur.

- Bəlkə, fikirlərinizi bir qədər açıqlayasınız?

- Mən belə düşünürəm ki, hər bir futbol klubunun öz uşaq məktəbi olmalıdır. Əks halda, Azərbaycanda futbol olmayacaq. Bəli, işə uşaq futbol məktəblərindən başlamaq lazımdır. Özü də belə futbol məktəblərini hər rayonda açmağa lüzum yoxdur. Məsələn, mənim əslim-köküm şamaxılıdır. Mənə desələr ki, orada futbol məktəbi açaq? Mən deyərəm ki, yox. Niyə? Çünki şamaxılılar futbol oynaya bilmirlər. Onlarınkı güləşdir də... Yəni orada uşaqlar üçün güləş məktəbi açmaq daha doğru olardı. Amma Gəncədə futbol məktəbi olmalıdır. Gəncə uşaqları futbol oynamağı, mən deyərdim ki, braziliyalılar kimi bacarırlar. Maşallah Əhmədov, Sergey Kramarenko və digər futbolçularımız məgər Gəncədən çıxmayıblar? Bilmirəm bu nə ilə bağlıdır? Suyundanmı, havasındanmı? Lənkəran, Şəmkir, Tovuz zonalarından da yaxşı futbolçular çıxa bilər. Ona görə oralarda regional futbol məktəblərinə ehtiyac var. Məktəb olmasa, futbolumuzda inkişaf olmaz e...

 

“Problem Foqtsda deyil”

 

- Sizcə, millimizin baş məşqçisi Berti Foqts futbolumuza nəsə qazandıra biləcək?

- Problem Foqtsda deyil e.. Problem o 22 nəfərdədir ki, Foqtsu başa düşmürlər. Yəqin deyəcəksiniz necə? Mən Moskvaya gedəndə Maslyakov Aleksandr Vasilyeviç mənə “cexov” deyəndə deyirəm: “Anton”. “Puşkin” deyəndə deyirəm: “Aleksandr Sergeyeviç”. O da deyir ki, Bəhram azərbaycanlı ola-ola predmetimizi bilir. Berti Foqts “Bismark” deyəndə bizim futbolçular deyirlər ki, bu Bismark kimdir axı? Yaxud “Van Qoq” deyəndə deyirlər ki, o kimdir?

Bir də onu deyim ki, o insan uğur qazanır ki, ətrafı uğurlu olsun. Nə demək istəyirəm. “Barselona”dan gəzintiyə çıxan futbolçu ispan arxitekturası ilə, ispan incəsənəti ilə nəfəs alır. O ən azı 90 dəqiqəyə qazandığı 30 min pulun məsuliyyətini anlayır. O bilir ki, min bir əziyyətlə pul qazananlar 30-40 avro verib, bilet alırlar. Alırlar ki, gəlib Puyolun, Messinin oyununa baxsınlar, zövq alsınlar, istirahət etsinlər. Odur ki, futbolçular da onların ümidlərini doğrultmağa çalışırlar. Yeri gəlmişkən, mən Messinin deyil, Puyolun oyunundan ləzzət alıram. Puyol elədiyi şeyi heç kim indi eləmir e... Bu adam meydanda “paxat” eləyir e... Bir sözlə, futbolçu təkcə futbola bağlanmalı deyil. Heç olmasa, onlar teatrlarımıza getsinlər, konsertlərə, baletlərə baxsınlar, muzeylərimizdə görünsünlər. Yenə deyirəm, bu məsələdə Foqtsda günah axtarmaq lazım deyil. Günahı o 22 nəfərdə axtarmaq lazımdır. Gərək öncə futbolumuz Foqtsun səviyyəsinə uyğunlaşsın ki, sonra ondan nəsə istəyə bilək. Mən dediyim məktəblər olsa... Təbii ki, buna zaman lazımdır.

 

 

QVAMİ MƏHƏBBƏTOĞLU

 

Zaman.-2011.-5-7 mart.-S.4-5.