Babur - Türk-Hind imperatorluğunu quran dahi şəxsiyyət və türklərin Homeri (2)

 

Məşhur ingilis alimi və tədqiqatçısı, “Baburnamə”ni ingilis dilinə tərcümə edən Annet Susanna Beveric: “Bu əsər Qibbon və Nyutonun kəşfləri qədər əhəmiyyətlidir”,-deyə yazırdı.

İbrahim Lodi həm əsgərlərinə, həm də döyüş fillərinə çox güvənir və Baburu asanlıqla məğlub edəcəyinə inanırdı. O, Baburun azsaylı ordu ilə döyüşə çıxmasından xəbərdar idi və hətta öncədən döyüş bitən kimi çalacağı qələbə ilə bağlı möhtəşəm bir mərasim keçirməyi qərara almış və bu məqsədlə xüsusi hazırlıqlar da gördürmüşdü. Amma həmin gün xoşbəxtlik sanki İbrahim Lodidən üz döndərmişdi və o bilmirdi ki, bu savaş onun üçün sonuncu olacaq...

Babur düşmən üzərinə azsaylı qüvvə ilə getdiyini və savaşın onlar üçün olduqca ağır keçəcəyini yaxşı anlayırdı.  Lakin Baburun damarlarında axan türk qanı, varlığından süzülüb gələn türk döyüşkənliyi onu cəsarətlə düşmən üzərinə getməyə sövq edirdi. Eyni zamanda o da aydın idi ki, düşmənin döyüş filləri qarşısında tab gətirmək heç də asan olmayacaq.

 Döyüşdən əvvəl Babur əsgərlərinin önünə çıxaraq:

- Bu döyüş bizim üçün asan olmayacaq, ancaq biz dəfələrlə  məğlubedilməzliyimizi dünyaya nümayiş etdirdik, biz zəfər əsgərləriyik və bu ağır döyüşdə mən də sizinlə ön sıralarda olacağam,- dedi.

Döyüş başlayan kimi İbrahim Lodi özünün əsas silahını, filləri meydana buraxdı. Mindən artıq fil bir andaca Baburun ön sıralarda vuruşan əsgərlərinin üzərinə cumdu. Baburun əsgərləri filləri ox atəşinə tutsalar da, onlar heç nəyə baxmadan irəliləyərək  qabaqlarındakı bütün canlıları əzib məhv etdilər. Baburun əsgərləri təlaş içində geri çəkilirdilər. Artıq elə güman edilirdi ki, qızmış fillərin qarşısını heç nə ala bilməyəcək və döyüşün taleyi İbrahim Lodinin xeyrinə həll olunub. Amma Baburun da sərəncamında düşmənin gözləmədiyi və ağlına belə gətirmədiyi bir silah vardı. Bu silah o dövr üçün yeni hesab edilən toplar idi. Fillərin hücumunun qarşısını yalnız top atəşləri ilə almaq olardı. Baburun ordusunda Osmanlı türklərindən olan və Osmanlı ordusunda təcrübə keçən Mustafa Ruminin komandanlığı altında topçu birliyi də  vardı.

Baburun əmri ilə topçular dərhal fillər üzərinə atəş açmağa başladılar. Top səslərindən, həmçinin ətrafı  bürüyən alov və tüstüdən fillər ürkərək geriyə döndülər. Onlar qarşılarına çıxan öz əsgərlərini belə, ayaqları altına alaraq qaçırdılar. Bu da İbrahim Lodinin əsgərləri arasında çaşqınlığa gətirib çıxardı və onların döyüş səfləri pozuldu. Bundan istifadə edən Baburun əsgərləri düşmən üzərinə atıldılar. Qızğın döyüşdə düşmən ordunun komandanı və dövlət başçısı İbrahim Lodi öldürüldü. Beləliklə, 1526-cı il, aprel ayının 29-da Babur ona dünya şöhrəti gətirəcək  bir qələbə qazandı. Bu qələbənin sorağı bütün türk-islam dünyasında sevgi və coşqu ilə qarşılandı. Məşhur şair Şeyx Zeyn Hafi isə Baburun qələbəsinə həsr edilən “Zəfərnamə” əsərini qələmə aldı. Bu əsər bütün türk-islam hökmdarlarına göndərildi. 

  Məğlub olan İbrahim Lodinin idarə etdiyi əraziləri də öz dövlətinin tərkibinə daxil edən Babur bunun ardınca Dehli üzərinə yürüş edərək, oranı ələ keçirdi, sonra isə o, Aqra şəhəri üzərində nəzarəti ələ aldı. Artıq bu məşhur türk sərkərdəsi 3-4 milyon kvadratkilometrə çatan böyük bir ərazini ələ keçirmişdi. Dehli və Aqranı da nəzarəti altına alandan sonra Babur Türk-Hind imperatorluğunun yaradıldığını elan etdi. O, artıq əsas məqsədinə çatmış və indiki Hindistanın böyük hissəsini öz imperiyası tərkibinə daxil etmişdi. Babur bundan sonra dinc dövlət quruculuğunu həyata keçirmək niyyətində idi. Bu məqsədlə o, bütün diqqətini Osmanlı sultanları kimi, ələ keçirdiyi ərazilərdə haqq və ədalətin bərpa edilməsinə, ölkənin indiki terminlərlə desək hüquqi yollarla idarə olunmasına yönəltdi. Çünki əks halda, düşmənləri əhalini ondan narazı salmağa və onun əleyhinə üsyanlar qaldırmağa sövq edəcəkdilər. İlk vaxtlar bu olduqca çətin idi və bəzi yerli keçmiş tayfa başçıları və əmirlər hər vasitə ilə xalqı Baburun əleyhinə qaldırmağa çalışır və ona dinc dövlət quruculuğunu həyata keçirməyə imkan vermirdilər. Belə bir vəziyyətdə orduda və sarayda da Baburun əleyhinə narazılıqlar artmışdı. Ordu uzun və çətin səfərlərdən yorulmuşdu və onlar israrla geriyə dönməyi Baburdan tələb edirdilər. Bunu görən Babur geriyə dönmək istəyən əsgərləri qarşısına çıxaraq:

 

- Sizinlə uzun yollar gəldik, heç kimə nəsib olmayan qələbələr qazandıq, siz mənə, mən də sizə inandım. İndi isə siz geri dönmək istəyirsiniz. Amma bunu da bilin ki, siz geri dönsəniz belə, mən təkbaşına bu torpaqlarda qalacağam və sona kimi də düşmənlə savaşacağam,-dedi.

Onun bu sözlərindən sonra əsgərlər geri dönmək fikirlərindən vaz keçməli oldular. Baburun  nəzarət altına aldığı ərazilərdəki əhali ilə olduqca isti münasibətlər qurması xalq arasında ona rəğbətin artmasına gətirib çıxardı. Lakin düşmən də yatmamışdı. Baburla döyüşdə məğlub olmalarını həzm etməyən bəzi yerli hind racələri ona qarşı üsyan qaldırdılar. Bu üsyanlardan ən təhlükəlisi Racput xanlığını ələ keçirən Rana Sanqanın qaldırdığı qiyam idi. Bunu anlayan Babur böyük bir qüvvə ilə Sanqa üzərinə yürüdü. O, 1527-ci il, mart ayının 27-də Kavna ətrafında baş verən döyüşdə Sanqanın qaldırdığı üsyanı yatırdı. Bundan sonra heç kim Babura qarşı üsyan qaldırmağa cəsarət etmədi. Bu da Babura ölkədə sabitliyi bərpa etməyə imkan verdi.

 

 “Baburnamə” türklərin “İliada və Odisseya”sı olur

 

Baburu digər sərkərdə və dövlət xadimlərindən fərqləndirən onun həm də mahir bir şair və tarixçi olması idi. Cağatay türkcəsində yazdığı şeirlər xalq arasında Babura daha bir böyük şöhrət gətirmişdi. Türküstan çöllərindən başlamış, Hindistana qədər uzanan böyük bir ərazidə Baburun yazdığı şeirlər xalq arasında dillər əzbəri idi. Babur klassik şeirin, demək olar ki, bütün növlərində yazıb. Onun qələmə aldığı qəzəllər, rubailər, o cümlədən sadə xalq türkcəsində yazdığı lirik şeirlər insanı valeh edir.

Babur həmin dövrdə Əlişir Nəvaidən sonra Orta Asiya türklərinin ən sevimli şairi idi. Ümumiyyətlə, Baburun şeirləri Anadoluya qədər gəlib çatmış və o, Osmanlıda yaşayan bütün insanların sevimlisinə çevrilmişdi.  Babur şeirlərini həm doğma olan türk dilində, həm də o dövrün adət-ənənələrinə uyğun olaraq farsca yazıb. Baburun ədəbi yaradıcılığında “Baburnamə” əsəri xüsusi yer tutur. O, bu əsərində gəzdiyi, gördüyü yerlərin təsvirini vermiş, bununla əlaqədar öz xatirələrini şirin dillə qələmə almışdı. Təsadüfi deyil ki, “Baburnamə” əsəri bu böyük türk sərkərdəsi, dövlət xadimi və ədəbiyyatçısına qılıncı ilə qazandığı qələbələrdən daha çox şöhrət gətirdi. “Baburnamə”də Orta Asiya xalqlarının, Əfqanıstanın və Hindistanın tarixi öz əksini tapıb. Xüsusilə, XV-XVI əsr Orta Asiya, Əfqanıstan və Hindistan tarixini öyrənmək baxımından bu əsər əvəzsiz tarixi sənəd hesab edilir. “Baburnamə”nin dünya şöhrəti qazanmasını bu əsərin dünyanın, demək olar ki, bütün dillərinə tərcümə edilməsi və hər yerdə böyük rəğbətlə qarşılanması da sübut edir.

Baburun həm tarixçi, həm ədəbiyyatçı, həm də şair kimi məşhur olmasını onun ədəbi irsinin ABŞ, Fransa, Almaniya, İtaliya, Türkiyə, Pakistan, Hindistan, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdə, bir sözlə, bütün ölkələrin şərqşünaslıq mərkəzlərində tədqiq edilməsi də bir daha sübut edir. Baburnamə bir neçə dəfə fransız dilinə tərcümə edilib. 1980-85-ci illərdə YUNESKO  tərəfindən Parisdə “Baburnamə” ən nəfis şəkildə yenidən nəşr edildi. Məşhur fransız şərqşünası Lui Bazen 1980-ci ildə Parisdə fransız dilində nəşr edilən “Baburnamə”yə yazdığı ön sözünə belə başlamışdı: “Baburun bu əsəri ( “Baburnamə”) daha çox şəxsi tərcümeyi-halını əks etdirsə də, o, islam ədəbi dünyasının ən dəyərli və nadir nümunələrindən biridir”

Baburun Kabildə dəfn edildiyi bağ hazırda Baq-i Babur (Babur bağı) adı ilə məşhurdur. Ümumiyyətlə, “Baburnamə” üç hissədən ibarətdir. Birinci hissədə Mavərrünəhrdə XV əsrdə baş verən hadisələr qələmə alınıb.  İkinci hissədə Əfqanıstanda baş verən hadisələr, üçüncü hissədə isə Şimali Hindistan, onun əhalisi, təbiəti barədə olduqca maraqlı məlumatlar verilib. Babur bu əsərində böyük şair Əlişir Nəvai və onun yaradıcılığı haqqında da məhəbbətlə bəhs edib və onun dühası qarşısında baş əydiyini bildirib. Babur öz xalqını çox sevirdi. O həmişə doğma vətənə, indiki Özbəkistana - ata yurduna qayıtmaq həsrəti ilə yanırdı. Onun ən böyük xidmətlərindən biri də məhz özbək ədəbiyyatının və poeziyasının inkişafına əvəzsiz töhfələr verməsidir. Hindistanın məşhur dövlət xadimi Nehru Babur haqqında belə yazırdı: “Babur insana xoş təsir bağışlayan intibah dövrünün ən cəsarətli  şəxsiyyətlərindən biridir. O, incəsənəti, ədəbiyyatı sevir və bundan böyük bir zövq alırdı”.

Məşhur ingilis alimi və tədqiqatçısı, “Baburnamə”ni ingilis dilinə tərcümə edən Annet Susanna Beveric: “Bu əsər Qibbon və Nyutonun kəşfləri qədər əhəmiyyətlidir”,-deyə yazırdı.

Digər ingilis şərqşünası, Baburun şeirlərini ingilis dilində dərc etdirən E. Denisson Ross yazırdı : “Baburun memuarları bütün ədəbi dövrlərin ən dəyərli, cəlbedici və romantik əsərlərindəndir. O, bu əsəri özünün ana - türk dilinin müxtəlif ədəbi janrlarında yazıb”.

 Ümumiyyətlə, Qərb şərqşünasları “Baburnamə”ni Homerin məşhur “İliada və Odisseya”sı bərabər tuturlar. Baburun özünü isə dünya ədəbiyyatında yalnız Homerlə müqayisə edirlər.

Dünya şöhrətli dövlət xadimi, sərkərdə və ədəbiyyatçı olan  Babur 1530-cu il, dekabr ayının 25-də Aqra şəhərində Haqqın rəhmətinə qovuşdu.  Son nəfəsində dediyi isə bu sözlər oldu: “Məni çox sevdiyim Kabilə aparın və orada dəfn edin”.

Ancaq bu böyük türk sərkərdəsi və dövlət xadimi özündən sonra əbədiyyətə qədər davam edəcək əvəzsiz bir ədəbi irs və qəhrəmanlıq məktəbi qoyub getdi. O, vəfat edəndə cəmisi 47 yaşı vardı və necə deyərlər, hələ ömrünün ən çiçəklənən müdrik dövrünə qədəm qoymuşdu. Bəlkə də, əcəl ona imkan versəydi, Babur hələ daha çox zəfərlər əldə edəcək, ədəbi aləmi valeh edən şeirlər, əsərlər, yeni baburnamələr yazacaqdı. Baburun xatirəsi bu gün də milyonlarla türkün qəlbində yaşamaqdadır. Onun ana vətəni Özbəkistanda xatirəsi əbədiləşdirilib, bir neçə şəhərdə heykəlləri qoyulub və hər il doğum günü doğma vətənində xüsusi mərasimlə qeyd edilir.

 

 

Əziz Mustafa

 

Zaman.- 2011.-5-7 mart.-S.7.