Şəki Xan Sarayı - hamını heyrətləndirən məkan

 

Şəkiyə ayaq basan istər yerli, istərsə əcnəbi qonaqların ziyarət etdikləri ilk məkan Şəki Xan Sarayıdır.

Şəkiyə ayaq basan istər yerli, istərsə əcnəbi qonaqların ziyarət etdikləri ilk məkan Şəki Xan Sarayıdır. 1762-ci ilin yadigarı sayılan bu memarlıq incisi Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamandaMüştaqitəxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu sarayMüştaqi imarətikimi qeyd olunur. Bu barədə bizə Yuxarı Baş Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verdi. Qoruq ərazisində bir ədəd dünya (Şəki Xan Sarayı), həmçinin 10 ədəd ölkə, 14 ədəd yerli əhəmiyyətli abidə olduğunu vurğulayan həmsöhbətimiz dedi ki, bu abidələrln qorunmasında yerli camaat fəallıq göstərib: “Sovetlər dönəmində bu abidələrə göstərilən yabançı münasibət nəticəsində onların bir çoxu uçmaq təhlükəsi isə üzləşmişdi. Müstəqillik illərində bu abidələrə, necə deyərlər, sanki ikinci həyat verildi”.

Onun sözlərinə görə, qoruğun şah damarı adlandırılan Xan sarayı həm tarixi-memarlıq, həm əsl rəssamlıq abidəsidir: “Bu memarlıq abidəsinin dünyada belə, analoqu yoxdur. İkimərtəbəli abidənin altı otağı, dörd dəhlizi, iki güzgülü eyvanı var. Tərkiblərində gümüş olan həmin güzgülər xanın dövründə ipəklə mübadilə yolu ilə əldə edilərək İsveçrədən gətirilib. Abidədə ölkəmizin ən qədim sənət növlərindən istifadə edilib. Sarayın memarı Abbasqulu adlı şəxs olub. O həm sarayın rəsm işlərini həyata keçirib. Nəqqaşlıq işləri isə Nəbi adlı bir nəqqaşa məxsusdur”. Təranə xanım rəsm əsərlərinin xüsusi təbii boyalarla işlənilidiyini vurğuladı.

 

Abdullah Gül Şəki Xan Sarayı barədə deyib ki...

 

Sarayın birinci mərtəbəsinin divanxana otağındakı tavanın 5524 ədəd taxta parçasından həndəsi fiqur şəklində düzəldildiyini qeyd edən Təranə xanım bildirdi ki, onların birləşdirilməsində yapışqandan, ki mismardan istifadə olunub: “Bu barədə turistlərə məlumat verəndə onlar heyrətlərini gizlədə bilmirlər. Yeri gəlmişkən, bir maraqlı faktı da deyim: “1851-55-ci illərdə Xan sarayında olmuş məşhur fransız yazıçısı Aleksandr Düma bu mötəbər sarayı görəndə deyib: “Allahdan diləyim budur ki, bu sarayı bədxah insanlardan qorusun. 1952-ci ildə M.F.Axundovun 140 illik yubiley tədbirinə qatılan görkəmli türk yazarı Nazim Hikmət sarayla bağlı təəssüratlarını bu cümlələrlə bildirib: “Əgər Azərbaycanda ayrı bir tikili olmasaydı, təkcə Xan sarayını bütün dünyaya göstərmək kifayət edərdi”. 2010-cu ilin avqust ayının 17-də Xan sarayında olmuş Türkiyə Prezidenti Abdullah Gül isə xatirə kitabına bu sözləri yazıb: “Təbii gözəllikləri tarixi ilə Bursanı xatırladan Şəki şəhərində olmaqdan məmnun oldum. Şəki Xan Sarayını ziyarətimdə Azərbaycanın daha bir tarixi mədəniyyət abidəsi ilə tanış olmaq fürsəti qazandım. Bu gözəllikləri ərsəyə gətirənlərə olduğu kimi yaşadanların hər birinə təşəkkür edirəm”. 2002-2004-cu ildə Azərbaycan hökuməti ilə Almaniyanın bir şirkəti ilə imzalanan müqaviləyə əsasən, “Mədəni irsin qorunmasılayihəsi çərçivəsində saray təmir bərpa olunub.  Onu da qeyd edim ki, saray dünya üzrə 70 abidədən biri hesab olunur”.

 Hasarla əhatəyə alınmış sarayın həyətindəki iki möhtəşəm çinarın yaşı isə bu abidənin yaşından çoxdur. Həmsöhbətimizin sözlərinə görə, sarayın bu formada qalmasında onların rolu çox olub. Belə ki, çinarlar sarayı küləkdən, yağışdan, istidən qoruyur.

 

Təranə xanımın təklifi

 

Təranə xanım daha sonra dedi: “Bu sarayda çoxlu eksponatlar olub. Lakin 1819-cu ildə bu bölgənin rusların nəzarəti altına keçməsi nəticəsində onların hamısı mənimsənilib. Bundan başqa, əldə etdiyim məlumata görə, qoruğun ərazisində Xan sarayından da gözəl 40 ədəd bina olub həmin dövrdə onların hamısı dağıdılib. Odur ki, təklif edərdim ki, bu ərazidə geniş miqyaslı arxeoloji-qazıntı işləri aparılsın. İnanıram ki, həmin binaların, heç olmasa, bünövrələrini üzə çıxarmaq mümkün olacaq”. O daha bir arzusunu da dilə gətirdi: “Çox istərdim ki, Şəkinin girəcəyində Çələbi xanın heykəli ucaldılsın”. Onun sözlərinə görə, gələn il Xan sarayının 250 yaşı tamam olur. Qeyd edək ki, Təranə Abdullayeva hazırda qorugun 2011-2015-ci illər inkişaf strategiyasını hazırlayır.

 

 

Sabir Əmrahov

 

Zaman.-2011.-8-9 mart.-S.3.