Elmi kitabxanaya maraq artıb

 

Ümummilli lider Heydər Əliyev kitabxana işinə həmişə yüksək qiymət verib, kitabxanaları bilik və zəka mənbəyi, mənəviyyat ocağı adlandırıb. Hazırda Naxçıvan Muxtar Respublikasında bir çox kitabxanalar var ki, onların arasında elmi kitabxanalar xüsusi yer tutur. Belə kitabxanalardan biri də AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərir.

AMEA Naxçıvan Bölməsinin elmi kitabxanasının direktoru Nuridə Kəngərlinin sözlərinə görə, rəhbərlik etdiyi bu kitabxana 1972-ci ildə Azərbaycan  Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının filialı kimi Naxçıvan Elm Mərkəzinin nəzdində fəaliyyətə başlayıb;  2002-ci ildən isə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təşkil olunan AMEA Naxçıvan Bölməsinin tərkibində fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, bu kitabxana 52798 ədəd çap məhsulları kataloq-kartoteka sistemi vasitəsilə oxucuların xidmətindədir. Son illər buraya 32108 nüsxə Azərbaycan və rus dillərində kitab daxil olub ki, onların da 9030 ədədi ölkə başçısının sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş kitabdır. Kitabxana fondlarının komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən, müxtəlif şəxslər və müəlliflər tərəfindən hədiyyə edilmiş və pul ilə alınmış ədəbiyyatlar vasitəsilə də həyata keçirilir. Elmi kitabxanada xarici ədəbiyyat şöbəsi də fəaliyyət göstərir ki, burada Qərbi Avropa və Şərq dillərində ədəbiyyatlar sistemləşdirilib. Bu gün kitabxanada ümumi həcmi 3209 nüsxə təşkil edən ingilis, türk, ərəb və fars dillərində kitab və jurnallar oxucuların xidmətindədir. Ümumi jurnal fondu isə 17645 nüsxədir.

Oxuculara xidmət işində informasiya-biblioqrafiya elmi kitabxanada mühüm rol oynayır. Öyrəndik ki, oxuculara 24 adda kataloq-kartoteka sistemi xidmət göstərir. Burada kitabxana fondlarını özündə əks etdirən bütün çap məhsullarının biblioqrafik təsvirləri verilib. Elmi kitabxanada informasiya təminatı məqsədilə müxtəlif mövzularla bağlı kartotekalar təşkil olunub. Belə kartotekalardan biri də ümummilli lider Heydər Əliyevin hamımız üçün örnək olan həyat və çoxcəhətli siyasi fəaliyyətinin öyrənilməsini əks etdirən kartotekadır. Bu kartotekada bir çox rubrikalar açılıb. Elmi kitabxananın oxucuları həm də  fondlara daxil olan yeni ədəbiyyatlarla vaxtaşırı tanış edilir. Bu məqsədlə burada sərgilər təşkil olunur. Həmçinin kitabxanada yubiley, tarixi, əlamətdar günlərə və müxtəlif mövzulara aid kitab sərgiləri də təşkil olunur.

N.Kəngərli onu da bildirdi ki, kitabxanada ölkəmizdə müdafiə olunmuş bütün namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarının, həmçinin də dissertasiyaların sistemli kataloqu təşkil olunub. Elmi kitabxanada 2005-ci ildən kitabların elektron kataloqlaşdırılması işləri aparılır. Hazırda 10230 nüsxə kitab kataloqlaşdırılıb.

Oxucuların sayının əvvəlki illərlə müqayisədə xeyli artdığını vurğulayan direktor onu da bildirdi ki, kitabxana muxtar respublikada çalışan qeyri-akademik müəssisələrdə çalışan mütəxəssislərə də nümunəvi xidmət göstərir.

 

 

Mazlum Atik

 

Zaman.- 2011.- 8-9 mart.-S.7.