“Yeniliksiz
yaşaya bilmirəm”
O, həm musiqiçidir, həm
iqtisadçıdır. Həm də fəlsəfənin,
estetikanın gözəl bilicisidir. O, bu sahələrüzrə
artıq öz sözünü deyib. Neçə ildir ki, gənclərə
də bu sahələri öyrədir. O yorulmaq nə
olduğunu bilmir. Əksinə, dediyinə görə, bir
iş rejimindən digərinə keçəndə dincəlir.
Bu barədə söhbət düşəndə o, sadəcə,
belə deyir: “Mən bu keyfiyyəti özümdə tərbiyə
etmişəm. Artıq başqa cür yaşaya bilmirəm”.
Bütün bunlara rəğmən, ona dünya şöhrəti
gətirmiş fleytanın onun həyat salnaməsində
xüsusi yeri var. Beləliklə, həmsöhbətimiz Əməkdar
incəsənət xadimi, fəlsəfə elmləri doktoru,
Ü. Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının musiqi menecmenti və müasir musiqi
texnologiyaları kafedrasının müdiri Telman
Hacıyevdir. Onunla iş
gününün sonunda Bakı Musiqi Akademiyasında
görüşdük. Qızı - sənətşünaslıq
doktoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü Mina xanımla birgə yeni
işıq üzü görmüş albomunu və 4
diskini nəzərdən
keçirirdi. Elə söhbətə də onun bu son işləri
ilə körpü saldıq.
- Bu disklərdə
fleytada ifa etdiyim dünya
şöhrətli 40 bəstəkarın
əsərləri
toplanıb. Məqsədim
onları müasir
formada həm
ölkəmizin, həm
də dünyanın
musiqisevərlərinə
təqdim etməkdir. Məncə,
bu, kiçik
iş deyil. Obrazlı şəkildə desək, bunlar
mənim dünyanın
hər bir
“oxucusu” tərəfindən
başa düşülən - musiqiyə
tərcümə
lazım deyil
ki - kitablarımdır.
- Telman müəllim,
kitabınızda
hansı bəstəkarlarımızın
əsərlərinə
geniş yer vermisiniz?
-
Mənim zənnimcə, dünya musiqisini bizim musiqisiz -
Üzeyir Hacıbəylisiz, Qara Qarayevsiz, Fikrət Əmirovsuz,
Niyazisiz, Arif Məlikovsuz, Tofiq Bakıxanovsuz təsəvvür etmək
mümkün deyil. Sadəcə, dünya
miqyasında onların təbliğini daha da gücləndirməliyik.
Mənim zənnimcə, bu günün gəncliyi
bu sahədə daha fəal olmalıdır. Allaha şükür buna imkan da var. Ölkə
başçısı gənclərimizin dünyaya
çıxmaları üçün hər cür şərait
də yaradıb. Obrazlı şəkildə desək, əgər
I Pyotr Avropaya pəncərə açmışdısa, bizim
Prezident qapı açıb e... Hətta ucqar
rayon kimi tanınan Qəbələ artıq respublikamızın
mədəniyyət mərkəzinə çevrilib. Burada artıq fortepiano da istehsal olunur. Mən hələ Prezidentimizin xanımı Mehriban Əliyevanın
musiqimizin təbliğində sayagəlməz əməli
işlərini demirəm.
Maraq tütəkdən başlayıb
-
Telman müəllim, siz ölkəmizdə mahir fleyta
ifaçısı kimi tanınırsınız? Bu alətə könül verməyiniz necə
olub?
-
Nə qədər qəribə olsa da, musiqiyə
marağım tütəkdən başlayıb... O zaman biz
“Beşmərtəbə”nin
yanındakı binaların birində yaşayırdıq. Yaxınlığımızda bir musiqi alətləri
ustasının - adını unutmuşam- kiçik bir
otağı var idi. Mən onun yanına tez-tez baş çəkərdim.
Günlərin bir günü o, mənim alətlərə
olan həvəsimi görüb, onlardan birini - tütəyi mənə
verib dedi: “Al, çal”. Tütəkdən çıxan səs
mənə elə ləzzət elədi ki... Başladım
onu yavaş-yavaş ram etməyə... Təbii ki, çətinlik çəkirdim. Hətta qonşular adımı zurnaçalan
qoymuşdular. Amma elə ki, bir-iki ildən
sonra konsertim oldu, onların mənə münasibətləri
tamam dəyişdi. Fleyta ilə ilk
tanışlığım isə atamla birgə Opera və
Balet Teatrına gedəndə oldu. O gün indiki kimi
yadımdadır. Fasilə zamanı mən
orkestrə yanaşıb, musiqiçiləri bir-bir gözdən
keçirdim. Birdən tütəyəbənzər
(amma ifaçı onu yanakı tutub çalırdı) bir
musiqi aləti, yəni fleyta diqqətimi daha çox cəlb
etdi. İlk dəfə idi ki, belə musiqi
aləti görürdüm. Onu ifa edən
Pyotr Abramoviç Zilberman idi. O mənə
yaxınlaşıb dedi: “Bu alətdən xoşun gəlir?” Dedim, bəli. Dedi ki, onda gələrsən 1
saylı musiqi məktəbinə... O da “Beşmərtəbə”nin yanında idi. Onu da deyim ki, sonradan Ü.
Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında təhsilimi davam etdirmişəm.
- Siz Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının aspiranturasında
oxuyarkan orada qalıb fəaliyyətinizi davam etdirmək istəmisiniz.
Bəs Azərbaycana qayıtmağınız
necə olub?
-
Məni bura gətirən o zaman Moskvada yaşayan dünya
şöhrətli sənətkarımız Qara Qarayev olub. O mənə
dedi ki, burada fleyta ifaçıları çoxdur. Ölkəmizdə
isə bu sahə üzrə, demək olar ki, mahir sənətkar
yoxdur, qayıt, öz fleytanla Azərbaycanına xidmət et!
-
Yeri gəlmişkən, sonradan yaşanan o çətin illərdə
ölkəmizi tərk etmək fikrinə düşməmisiniz?
-
Heç vaxt... Mənim Qara müəllimin ruhunu
narahat etməyə haqqım yoxdur. Sənətkar elə
vətənində də sənətkardır... Hə, bir də, mən çox xarici ölkələrdə
olmuşam, çoxlu konsertlər vermişəm. Halbuki o illərdə belə səfərlər hər
sənətkara nəsib olmurdu. Mən
repertuarımı da tez-tez dəyişərdim. Onu da deyim ki, F. Pulenkin, İ. Feldi, S. Prokofyevin əsərlərini
ilk dəfə sənətsevərlərimizə təqdim etmək
də mənə nəsib olub.
-
Bir halda ki, söhbət Qara müəllimdən
düşdü, onunla bağlı xatirələriniz
varmı?
-
1979-cu ildə mənim ilk valım
çıxmışdı. O zaman üçün bu,
böyük bir uğur, hətta fəxr sayılırdı. Moskvada evlərinə gedib, həmin qramplastinkanı
utana-utana ona bağışladım. O məni Azərbaycanın
mədəni sərvəti adlandırdı və dedi ki, bu
valı ən əziz bir hədiyyə kimi saxlayacağam. Onu
da deyim ki, Qara müəllimlə hər dəfə ünsiyyətdə
olanda elə bilirdim ki, bir ali məktəb
qurtarıram. Odur ki, Qara müəllimdən həmişə
söhbət düşəndə onu musiqi
dünyamızın fəxri vətəndaşı kimi
xarakterizə edirəm.
“Mənim qismətimə düşdü”
-
Yenə də solo konsertlər təşkil etmək fikriniz
varmı?
-
Yox... Hər şeyin öz vaxtı, zamanı
var. Lakin bu o demək deyil ki, mən bu sahə üzrə
missiyamı bitirmişəm.
-
Fleytanın ölkəmizdə sevilməsinin səbəbkarı
siz olmusunuz?
-
Heç bir alət özü-özünü tanıtmır.
O alətin mahir ifaçısı olmalıdır. Kamançanı Habil tanıtmadımı? Bu mənada fleytanı tanıtmaq isə mənim qismətimə
düşdü.
-
Fleyta üçün darıxdığınız olur?
-
Fleyta həmişə yanımda olur da... Hara
gedirəmsə, onu özümlə aparıram.
-
Mənim üçün maraqlıdır. İfa
zamanı bir musiqiçi kimi nə
düşünürsünüz?
-
Fleytada çalanda ruhum sanki pərvazlanır. Bilmirəm
həyatda varam, yoxam. Bəzən deyirlər
ki, niyə gözlərini yumursan? Deyirəm ki, mən
onsuz da ifa zamanı auditoriyanı görmürəm ki... Elə bilirəm, təbiətin qoynundayam,
gül-çiçəklə danışıram,
bülbüllərin səsinə səs verirəm.
-
Heç hirslənib fleytanı qırmısınızmı?
-
Onu mən canımdan çox istəyirəm. Canından
çox istədiyinə isə kimsə xələl gətirməz.
-
Təbii ki, bizdə fleyta istehsal olunmur, Avropadan gətirilir. Əgər sirr deyilsə, bir fleytanın qiyməti
neçəyədir?
-
500-ə də var. Hazırda istifadə etdiyim fleyta mənə
dövlət tərəfindən verilib. Bahadır.
O alət tək gümüşdən yox, ağ
qızıldan ibarətdir. Qiyməti
materialından asılı olaraq dəyişir. .
- Ən çox hansı bəstəkarla işləməkdən
xüsusi ləzzət alırsınız?
-
Hər bəstəkarın öz yeri var. Amma mənim
yaradıcılığımda Tofiq Bakıxanovun əsərlərinin
xüsusi çəkisi var. Bilirsinizmi niyə? Onun
əsərləri muğam üstündədir. Muğam onun əsərlərinin
ruhundadır. Yeri gəlmişkən, onu da deyim ki, o mənə
konsert və sonatalar
həsr edib. Dünya şöhrətli
bəstəkarımız Arif Məlikovun fleyta konsertini Nazim
Rzayevin kamera orkestri ilə ifa etmişəm.
-
Eşitdiyimə görə, Tofiq müəllim sizin
ifanızdan ruhlanaraq fleyta üçün əsərlər
yazmağa başlayıb?
-
Elədir, bunu özü də etiraf edir.
Musiqiçi Telmanla iqtisadçı Telman
-
Sizin yaradıcılığınızda musiqi estetikası da
öz yerini tapıb.
-
Musiqinin insana təsiri və o təsirdən insanın
varlığını dəyişməsi problemi məni
çoxdan maraqlandırırdı. Odur ki, musiqi estetikası
ilə də yaxından
-
Bəs iqtisadiyyat hara, siz hara?
-
Alim ailəsındə dünyaya göz açmışam. Atam psixoloq, anam bioloq olub. Evimizdə
həmişə musiqi eşitmişəm. Atam tarda çalırdı, həm də
yaxşı oxuyurdu. Anam da qarmonda
çalırdı. Yəni atam sənəti
çox sevib. Bu mənada mən ana bətnində
musiqi ilə nəfəs almışam desəm, yanılmaram.
Bəs mən elmə necə gəldim?
İqtisadiyyata, sonra fəlsəfəyə... Dedim axı,
valideynlərim elm adamları olublar. Yəni, necə deyərlər,
xəmirim musiqi ilə yoğurulubsa, mayası elmdən olub
da... Evdə atamın, anamın çoxlu
kitablarını görmüşəm. O zaman siyasi iqtisadla bağlı
kitabımız da var idi, onları başa düşməsəm
də oxuyurdum. Ürəyimə yatırdı,
amma nədən, bilmirəm. Dedim,
bununla da məşğul olacağam e... Və oldum da....
-
Musiqi, iqtisadçı, fəlsəfə sahələrində
eyni zamanda öz sözünü demiş ikinci bir sənətkar
tanımıram...
-
Sözün düzü, heç mən də
tanımıram. Tanınmış alim Ziyad Səmədzadə
iqtisadçıdır, həm də tar çalır. Amma o peşəkar musiqiçi deyil.
-
Elə isə musiqiçi Telmanla iqtisadçı Telman sizə
nə verib?
-
Musiqi emosionaldır, iqtisadiyyat rasionaldır. Onlar,
necə deyərlər, əl-ələ verib, məni fəlsəfəyə
gətiriblər. Musiqiçi Telmanla
iqtisadçı Telman filosof Telmanı da yetişdirib mükəmməl
bir Telman Hacıyevi formalaşdırıblar.
-
Telman müəllim, yeri gəlmişkən, telekanallarımızın
musiqi ilə bağlı bugünkü fəaliyyətləri
sizi qane edirmi?
-
Yox, qane etmir. Vaxt gələcək bu sahədə
də bir qayda-qanun yaranacaq. Buna görə
də kadrlar lazımdır. Bu gün meydan
sulayan şou-bizneslə heç nə edə bilmərik.
Milləti indiki şoudan azad etməliyik.
Şou ilə nəsil tərbiyə etmək olmaz e... Şou
ilə vətəndaş yetişdirmək olmaz e...
- İndi siz musiqi menecmenti və müasir musiqi
texnologiyaları kafedrasında
çalışırsınız.
Bəlkə, bu barədə də bir qədər
məlumat verəsiniz?
-
Mən, ümumiyyətlə, passivliyi qəbul etmirəm. Yəni yeniliksiz yaşaya bilmirəm. Musiqi menecmenti elminin 200 ildən çox yaşı
var. İnkişaf etmiş ölkələrin hər birində
bu sahə inkişaf etdirilir. Çalışdığım
musiqi ocağında da belə bir kafedranın
açılmasına zərurət duydum. Nə
isə, mənim fikrimcə, hər şey istehsal etmək olar.
Amma onun ixrac mexanizmi də lazımdır. İstedadlılarımız çoxdur. Onları dünyaya necə çıxarmaq? Bax bu da tədris olunmalıdır da. Görünür, bu da mənim qismətimə
düşüb. Amma son illər bütün ali məktəblərdə menecmentlik tədris
olunur. Amma bu iş ümumi xarakter daşıyır, yəni
ümumi menecment yetişdirilir. Halbukı hər
sahə üzrə fərdi menecment yetişdirilməlidir.
Elə akademiyanın rektoru, professor, Xalq artisti Fərhad
Bədəlbəyli də bu fikirdədir. Artıq
o, bu məsələ ilə bağlı müvafiq qurumlara da
müraciət edib.
-
Telman müəllim, siz hərdən şeir də
yazırsınız. Bu xobbinizdir, yoxsa...
-
Elə fikirlər var ki, onların lirik notlara daha çox
ehtiyacı var. Məsələn, mən bir şeirimdə
deyirəm ki, həyat bir dəryadır, insan
üzgüçü, ləpələr qoynunda biz
oyuncağıq, tufan olanda, dərya daşanda biz
batacağıq, biz batacağıq... Daimi deyil həyatda insan,
o gərək iz qoya öz qayığında...
Qvami Məhəbbətoğlu
Zaman.- 2011.- 11 mart.- S.
7.