Eldar Qəribov:
“Azərbaycan maliyyə
bazarının investisiya
potensialı təcrübədə
təsdiqini tapdı”
“Unibank”
Kommersiya Bankı Müşahidə
Şurasının və “AXA-MBASK” sığorta şirkətinin
prezidenti Eldar Qəribov özəl biznesdə seçilən
şəxslərdən biridir. O həm bankir, həm də bir
ekspert kimi zəngintəcrübəyə malikdir. E.Qəribov
söhbət zamanı müxtəlif mövzulara toxundu və
Azərbaycan maliyyə bazarında baş verən proseslərə
aydınlıq gətirdi.
-
Eldar müəllim, bilirik ki, ötən il dünyanın ən
iri sığorta qruplarından biri olan “AXA” şirkəti “AXA
Seguros Generales, S.A.” vasitəsilə “MBASK”ın səhmlərinin
51%-ni əldə edib. Müqavilə
iştirakçılarından və “MBASK”ın səhmdarlarından
biri kimi, bu sövdələşməni necə dəyərləndirirsiniz?
- Suala cavab vermək
üçün, əvvəlcə, dərk etmək
lazımdır ki, söhbət təkcə müstəqillik
dövründə deyil, yəqin ki, bütün Azərbaycan
tarixində ilk dəfə qlobal şirkətlərdən biri
tərəfindən qeyri-neft sektorunda fəaliyyətdə olan
yerli şirkətin alınmasından gedir. Əgər siz bu
sövdələşmənin qlobal böhrandan sonrakı
dövrdə və şirkətlərin birləşmə
bazarında investisiya fəallığının, demək
olar ki, sıfıra bərabər olduğu bir şəraitdə
baş tutduğunu, eləcə də Azərbaycan
bazarının bu sektorunun qlobal maliyyə qrupları
üçün yeniliyini nəzərə alsanız, hadisənin
qeyri-adiliyi aşkar görünər. Onu da deyək ki, belə
bir sövdələşmənin baş tutacağı
ehtimalına həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda çox az mütəxəssis
inanırdı. Ancaq sövdələşmənin baş
tutması, hətta bizim özümüz üçün də
Azərbaycan maliyyə bazarında nəyin mümkün
olması, nəyin isə mümkünsüzlüyü ilə
bağlı bir çox stereotipləri alt-üst etdi. “AXA” -
“MBASK” sövdələşməsi Azərbaycanın qlobal
iqtisadi sisteminə inteqrasiya etməyə hazır olduğunu
göstərdi. Bu əqd qeyri-dövlət sektorunda ciddi
investisiya potensialının təcrübədə təsdiqini
tapması üçün bir sınaq idi və biz bu
sınaqdan uğurla çıxdıq.
Əminəm
ki, dünyanın ən iri şirkətlərindən birinin
(redaktorun qeydi - “AXA Group” 2010-cu ildə toplanmış
sığorta mükafatlarının həcminə görə
dünyada və Avropa şirkətləri arasında aktivlərin
həcminə görə ikinci yeri tutur) Azərbaycana gəlməsi
nəinki ölkəmizin maliyyə bazarına, ümumilikdə
özəl sektora marağı artıracaq. Fəxr edirəm
ki, buna nail olduq və ilk növbədə, bizi bu layihədə
dəstəkləmiş Maliyyə Nazirliyinə minnətdarlığımı
bildirmək istəyirəm.
- Bəs bu əməkdaşlıq
“AXA- MBASK” şirkətinə nə verəcək?
-
“AXA” ilə imzalanmış
sazişə yalnız
yerli şirkətin xarici maliyyə qurumuna satılması kimi baxmaq olmaz. Bu, əslində lokal sığorta biznesinin dünyanın iri maliyyə qrupunun bir hissəsinə
çevrilməsidir. Şəxsən mən bir səhmdar
və Direktorlar Şurasının sədri
kimi, bu addımı artıq
“AXA-MBASK” şirkəti üçün
sığorta və təkrar sığorta xidmətləri bazarının
genişləndirilməsi üçün
bir şans kimi qiymətləndirirəm.
Bizim yerli bazar barədə
biliklərimizin və
qlobal biznes aparılması təcrübəsinin
birləşdirilməsi bunu
mümkün edəcək.
Azərbaycanda artıq yaxşı tanınmış
“MBASK” brendimizin nəhəng
dünya sığorta
şirkətinin brendi
ilə birləşməsi
həmçinin “AXA” texnoloji
innovasiyaları ekspertizasının
təcrübədə tətbiqinə
imkan verir. Bu da sığorta
xidmətlərini daha
rəqabət qabiliyyətli
və müştərilər
üçün cəlbedici
edəcək. Eyni zamanda
“AXA-MBASK”da təkrar sığorta üçün
potensial artacaq, bizim portfelimiz və potensial müştəri dairəsi
isə genişlənəcək.
Bütün bunlardan
başqa, mən tam əminəm ki, “AXA”nın Azərbaycan
şirkətinə sahib olması,
ölkədə sığorta
bazarında sağlam rəqabətin inkişafına
şərait yaradır.
Sağlam rəqabət isə
ölkənin bütün
vətəndaşları üçün
fayda və qazanc deməkdir.
- Eldar müəllim, Azərbaycanın
bank bazarında hansı
tendensiyalar “hökmranlıq”
edir? Dünya böhranının nəticələrini necə
qiymətləndirirsiniz, bazarın
artımını təmin
edən əsas amil hansıdır və əksinə, bu inkişaf hansı səbəbdən
ləngiyir?
- Azərbaycanın
bank sektoru dünya
bank sisteminin yolunu eynilə keçir. İki il
öncə bizdə olduğu kimi, likvidlik böhranından hazırda mövcud olan iqtisadiyyatın real sektoruna verilmiş kredit portfelinin vaxtının ötməsi
probleminə qədər.
Əlbəttə ki, bu hallar ölçüyə
gəlməyəcək kiçik
miqyasda və çox qısa vaxt fərqi ilə baş verir. Heç şübhəsiz ki, mümkün itkilər üzrə adekvat ehtiyatların yaradılması bank sistemində
müvəqqəti itkilərə
gətirəcək. Bununla yanaşı,
hesab edirəm ki, ciddi narahatlıq
üçün əsas
yoxdur. Xüsusilə də, hazırda
bazarda müşahidə
etdiyimiz müsbət tendensiyaları nəzərə
alsaq. Bu kontekstdə Azərbaycan Mərkəzi Bankının
qlobal böhranın nəticələrinin neytrallaşdırılması
ilə bağlı operativ və səriştəli, ölkə
hökuməti tərəfindən
dəstəklənmiş addımlarının
vacib rol oynadığını qeyd
etməyə bilmərəm.
Pozitiv tendensiyalara mən,
ilk növbədə, böhranın
əhali və işgüzar dairələrə
göstərdiyi təsirin
psixoloji nəticələrinin
aradan qaldırılmasını
aid edirəm.
Belə ki, bazarda kredit
tələbləri və
istehlak ləng olsa da əvvəlki
səviyyəyə qayıdır.
İnsanları artıq
qeyri-müəyyənlik narahat
etmir; gələn il iqtisadi
vəziyyət necə
olacaq, əmək haqqı, manatın məzənnəsi nə cür dəyişəcək
kimi və bank sistemi ilə bağlı suallar daha qorxutmur. Bu isə bazar
iqtisadiyyatının inkişafının
hərəkətverici qüvvəsi
olan istehlak sektorunu stimullaşdırır.
Nəticədə bankların fəallığı
bərpa olunur. Əhalinin fərdi əmanətlərinin
artım dinamikasını
da yaxşı göstərici hesab etmək olar. Bank sisteminin inkişaf
vektoru da dəyişib. Həcmin nəyin
bahasına olursa-olsun artırılması uğrunda
mübarizə gəlirlilik
və risklərin idarə olunması üzərində diqqətin
cəmlənməsi ilə
əvəz olunub.
Bu da bank sisteminin
məhdud artımına
gətirsə də, əslində inkişaf istiqamətimizin düzgün
korreksiyasıdır.
Neqativ amillərdən danışsaq,
ilk növbədə, daşınmaz
əmlak bazarında aktivliyin əvvəlki kimi aşağı səviyyədə olmasını
qeyd etməliyik. Sözsüz ki, məhkəmə
qərarlarının icrasında
qeyri-mükəmməl proseduralar,
girova qoyulmuş əmlakın satılması
üzrə hərraclarda
məsrəflərin yüksək
olması və ilk növbədə, həyata
keçirilən fiskal
siyasətdə bəzi
çatışmazlıqlar orta və kiçik
biznesin işgüzar fəallığına mənfi
təsir göstərir.
Kiçik və orta müəssisələr bütün
ölkələrdə “müqəddəs
inək” rolunu oynayırlar. Belə ki,
məhz bu müəssisələr əhalinin
əsas məşğulluğunu
və büdcəyə
vergi daxilolmalarını
təmin edirlər.
Ölkə başçısı dəfələrlə bu müəssisələrin fəaliyyət
şəraitinin yaxşılaşdırılması
üçün zəruri
tədbirlərin görülməsini
qeyd edib və hökumətə bu barədə tapşırıqlar verib.
Bir çox işlər artıq görülüb.
Kim nə deyirsə-desin,
bu, hiss olunur və aydın görünür. Məsələn,
Dövlət Sahibkarlığa
Kömək Milli Fondunun yaradılması, lisenziyalı fəaliyyət
növlərinin xeyli azaldılması, müəssisələrin
yaradılması və
onların fəaliyyətinə
nəzarət üçün
“vahid pəncərə”
sisteminin tətbiqi, əsassız yoxlamaların
aparılmasına qoyulan
qadağa və bir sıra başqa
tədbirlər. Mənfi amillərə
əhalinin maliyyə savadlılığının aşağı
səviyyədə olmasını
da aid etmək olar.
- Necə düşünürsünüz, əhalinin maliyyə savadlılığını necə
artırmaq olar və bu, banklar
üçün nə
dərəcədə faydalıdır?
- İlk
növbədə, hesab
edirəm ki, əhalinin maliyyə savadlılığı tədricən,
məhz təkamül
prosesi nəticəsində
artacaq. Yeri gəlmişkən, nə qədər qəribə səslənsə
də, böhran hadisələri bunu sürətləndirir. Məlumdur ki,
əhalinin iqtisadiyyatda
baş verənləri
dərk etmək arzusu kütləvi informasiya vasitələrində
çoxlu sayda yazıların dərc edilməsinə səbəb
olur. Bu isə,
öz növbəsində,
vətəndaşların bilik
səviyyəsini yüksəldir.
Ümumiyyətlə, bank xidmətlərindən
istifadə edən əmanətçilər və
borcalanların davranışı
bank biznesinin davamlılığına
kifayət qədər
təsir göstərir. Biz istəyirik ki, həm vəsaitlərin
yerləşdirilməsi, həm
də onların kredit şəklində cəlbi ilə bağlı qərarlar şüurlu surətdə
qəbul olunsun. Xüsusilə də, kreditləşmədə
öz-özünə əmələ
gələn bir qərar olmasın, ölçülüb-biçilmiş olsun. Maliyyə savadlılığı banklar və müştərilər arasında
münasibətləri xeyli
dərəcədə sadələşdirə
və eyni zamanda daha şəffaf
edə bilər.
- Sizcə, Azərbaycan bank sistemi yüksək rəqabət
üzündən və
gəlirlərin azalması
şəraitində fəal
konsolidasiya dövrünə
daxil olmağa hazırdırmı? Rəqibləriniz tərəfindən biznes aktiv surətdə iriləşərsə, “Unibank”ın
strategiyası necə
olacaq?
- Ölkəmizin
bank sektorunda rəqabət,
doğrudan da, çox yüksəkdir. Bazarda çoxlu sayda kiçik bankların olmasını, yeni xarici və yeni sahiblərin əlinə keçmiş
köhnə bankların
təcavüzkar ekspansiyasını,
özəl depozitlərin
artımını və
yaxşı müştərilərin
məhdudluğunu müşahidə
etmək olar. Bütün bunlar bank bazarında rəqabəti artıran amillərdir. Və bu
rəqabətin getdikcə
daha da artacağı
tendensiyası var. Lakin
bank sektorunun kredit təsisatların birləşməsi
hesabına möhkəmlənməsi
barədə danışmaq
hələ tezdir.
Zənnimcə, burada əsas
amil psixoloji faktordur. Bu, əsas
sahibkarların tərəfdaşlıq
şəraitində işləməyə
hazır olmamasıdır.
Bildiyiniz
kimi, bazarda hələ ki ən uğurlu konsolidasiya nümunəsi
“Unibank”ın yaradılmasıdır.
Lakin bizim bazar üçün
unikal təcrübəmizin
olmasına baxmayaraq,
biz də inkişafın
bu cür variantını nəzərdən
keçirmirik. Hazırda daha
çox filial şəbəkəmizin
genişlənməsinə və bazarın bizim üçün yeni olan seqmentlərinin
mənimsənilməsinə ümid edirik.
Tural Rüstəmli
Zaman.-2011.- 29-30 mart.- S.12.