“Yeni
tikilən mədəniyyət sarayı şəhər əhalisinin
kinoya olan marağını artıracaq”
“Son illər
istehsal olunan filmlər sovet dövründəki kinolarla
müqayisədə o qədər də maraqlı deyil. Odur
ki, onları izləyənlərin sayı olduqca azdır. Zənnimcə,
elə bu səbəbdən hazırda cəmiyyətdə
sanki bir kino aclığı yaranıb”.
“Son illər istehsal olunan filmlər sovet dövründəki
kinolarla müqayisədə o qədər də maraqlı
deyil. Odur ki, onları izləyənlərin sayı olduqca
azdır. Zənnimcə, elə bu səbəbdən
hazırda cəmiyyətdə sanki bir kino aclığı
yaranıb”. Bu sözləri bizimlə söhbətində 50
il fasiləsiz mədəniyyət sahəsində rəhbər
vəzifədə çalışmış, 80 yaşlı
İdris Məmmədov dedi. Onun sözlərinə görə,
bir yandan da son illər ölkəmizdə kinoteatrların fəaliyyətlərini
dayandırmaları camaatı bu incəsənət
növündən kənarda qoyub.
1958-ci
ildə Mədəniyyət Nazirliyi tərəfindən Mingəçevirdəki
Kino Birliyi və Mədəniyyət Şöbəsinə
direktor təyin edildiyini vurğulayan İdris Məmmədov
söhbətə o illərdə kinoya olan maraqdan
başladı: “O dövrdə şəhərdə kino nümayiş
etdirmək üçün ayrıca məkan yox idi. Odur ki,
indiki filmləri dram teatrının binasında (M. Davudova
adına Mingəçevir Dövlət Dram Teatrında)
nümayiş etdirirdik. Amma o qədər tamaşaçı
olurdu ki, onları yerləşdirməkdə çətinlik
çəkirdik. Onu da deyim ki, həmin binada xalq teatrı, müxtəlif dərnəklər
də fəaliyyət göstərirdi”.
O
illərdə şəhərdə ayrıca kinoteatr
binasına ciddi ehtiyac duyulduğunu vurğulayan İdris Məmmədov
bu məsələ ilə bağlı müvafiq qurumlara
müraciət etdiyini bildirdi. Lakin onun təklifi heç də
birmənalı qarşılanmayıb. Bütün maneələrə
rəğmən, o, bu istəyini gerçəkləşdirə
bilib: “Beləcə, “Kosmos” deyilən kinoteatrın tikintisinə
başlanıldı. Bir müddətdən sonra isə onun
inşası dayandırıldı. Bu məsələ ilə
bağlı Vəli Axundova - Mərkəzi Komitəyə müraciət
etdim. Nə isə, uzun söz-söhbətlərdən sonra,
nəhayət, 1962-ci ildə kinoteatr tikilib istifadəyə
verildi. Yeri gəlmişkən, elə “Kosmos” adını da mən
verdim o kinoteatra. Bunun da özəl tarixi vardır. Belə ki,
binanın istifadəyə verilməsi Valentina Tereşkovanın
kosmosa uçduğu ilə təsadüf edirdi. Bu kinoteatrda
bir gündə orta hesabla 5-6 seans nümayiş etdirilirdi. Mingəçevirdə
kinoteatrlara 75-80 min tamaşaçı gəlirdi. Yəqin deyəcəksiniz
ki, axı o zaman bu şəhərdə heç o qədər
adam yaşamayıb? Yəni əhalisi 40-45 min idi axı... Elədir,
amma insanlar bir filmə dəfələrlə baxmağa
çalışırdılar. Çünki o zamanın filmləri
insanlara, sözün həqiqi mənasında, təsir edə
bilirdi. O zaman Azərbaycan filmlərinə də çox yer
verilirdi. Çünki onlar da baxımlı idi”.
Onun
sözlərinə görə, son vaxtlar kinoteatrlara münasibət
birdən-birə dəyişdi: “Mədəniyyət və
Turizm Nazirliyinin bu vacib sahəyə diqqəti azaldı: texniki
avadanlıqlar yenilənmədi, yeni filmlər gətirilmədi,
nəticədə kinoteatrlar yavaş-yavaş ləğv
olunmağa başladı. Bu boşluqdan telekanallar məharətlə
istifadə etdilər, yəni insanın beynini yoran müxtəlif
filmlər göstərməyə başladılar”.
Ötən
illəri bir daha xatırladan həmsöhbətimiz daha sonra o
dedi: “Bir zamanlar gözəl yay kinoteatrlarımız vardı.
İndi hanı onlar? Hamısı özəlləşdirilib,
qapılarından qıfıllar asılıb. İnanın, hər
dəfə yay kinoteatrının - “Bahar”ın yanından
keçəndə ayaq saxlayıb, dərin düşüncələrə
dalıram. Elə kövrəlirəm ki... Axı mənim gənclik
illərim bu şəhərin gözəlləşməsi
üçün, insanların mənalı istirahəti üçün
tikilən bu məkanlarda keçib. İndi onları belə fəaliyyətsiz
görəndə çəkdiyim əziyyətin hədər
getdiyini düşünürəm”.
Son
illər Mingəçevirdə aparılan abadlıq-quruculuq
işlərindən söz açan İdris müəllim bu
sahədə icra başçısı Mübariz Ağayevin
fəaliyyətini yüksək dəyərləndirdi: “Bir
faktı da qeyd edim. Neçə icra başçısına
dəfələrlə müraciət etdim ki, şəhərimizdə
ulu öndərin adını daşıyan bir mədəniyyət
sarayı tikilsin. Di gəl, onlardan heç biri mənim təklifimi
qəbul etmədi. Amma sağ olsun Mübariz müəllimi, o,
mənim bu təklifimi bəyəndi. Artıq “Kosmos”
kinoteatrı binasının yerində möhtəşəm mədəniyyət
sarayı tikilir. Tikinti işləri “Azərenerji”nin vəsaiti
hesabına aparılır. Əminəm ki, bu bina şəhər
əhalisinin kinoya olan marağının artmasına öz
töhfəsini verəcək. Unutmayaq ki, kino bu gün də
güclü təbliğat vasitəsi olaraq qalmaqdadır”.
Esmira Hidayətova,
Əsgər Hüseynov
Mingəçevir
Zaman.- 2011.- 31 mart-1 aprel.- S. 12.