Mərakeş səfiri: “Azərbaycanlılar xoşrəftardırlar, amma gərək onların etimadını qazanasan”

 

“Zaman-Azərbaycan” və “Azernews” qəzetlərinin birgə layihəsi kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə müsahibə silsiləsinin növbəti qonağı Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hamidir. Bu ölkə ilə diplomatikmünasibətlərimizin kökü dərin olmasa da, perspektiv vəd edən əlaqələrə malikik. Cənab səfirlə söhbətimiz də məhz bu istiqamətdə oldu. Bu arada xüsusi vurğulamaq lazımdır ki, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasındadır.

- Cənab səfir, səfirliyiniz Azərbaycanda nə vaxtdan fəaliyyət göstərir?

- Səfirliyimiz 2008-ci ilin noyabr ayından fəaliyyət göstərir. Mən isə 2009-cu ilin mart ayından Bakıdayam. Burada çox gözəl şərait var. Yeri gəlmişkən, burada işlədiyim müddətdə mənə hər cür köməklik göstərən Azərbaycan hökumətinə dərin təşəkkürlərimi çatdırmaq istəyirəm. Azərbaycanın Mərakeşdəki səfirliyi isə 2006-cı ildə paytaxt Rabatda açılıb.

- Azərbaycan-Mərakeş münasibətləri hansı səviyyədədir?

- Ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Kral VI Məhəmməd və Prezident İlham Əliyevin səyləri nəticəsində münasibətlərimiz dərinləşməkdədir. Mərakeş və Azərbaycan bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz inanırıq ki, Mərakeşin Cənubi Saxara və Azərbaycanın Dağlıq Qarabağ problemləri ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Danışıqlar davam etdirilməlidir. Amma qarşı tərəf də başa düşməlidir ki, sülhə nail olmaq əbədi dondurulmuş münaqişələrdən daha dəyərlidir. Biz inanırıq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim ölkələrimiz eyni zamanda Avropanın ən yaxın tərəfdaşlarındandır. Azərbaycan Avropa üçün çox önəmlidir. Çünki Azərbaycan Avropanın ən böyük enerji təminatçılarındandır.

- Dağlıq Qarabağ probleminin həlli perspektivini necə görürsünüz?

- BMT-nin qətnamələri mütləq həyata keçirilməlidir. Amma bölgədə bir çox ölkələrin maraqları toqquşduğu üçün problemin həlli o qədər də asan deyil. Azərbaycan və Mərakeş bir-birini bu məsələlərdə dəstəkləyirlər. Biz Mərakeş olaraq inanırıq və bildiririk ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bunda heç bir şübhə yoxdur. Dünya gözləməsin ki,  Azərbaycan öz  torpaqlarının 20 faizinin itirilməsi ilə barışacaq. Onu da deyim ki, Dağlıq Qarabağ problemi ilk dəfə beynəlxalq arenada 1994-cü ildə Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatı zirvəsində dilə gətirilib. Azərbaycan ərazisinin dərhal işğaldan azad olunması tələb edilib. Azərbaycanın o zamankı lideri, rəhmətlik Heydər Əliyev də orada çıxış etmişdi.

- Azərbaycanın regiondakı siyasətini necə qiymətləndirirsiniz?

- Azərbaycan bölgədə balanslaşdırılmış xarici siyasət aparır. Ölkənin tutarlı diplomatik baxışı var. Qafqaz regionu çox mürəkkəb bir bölgədir. Bir çox maraqların toqquşduğu belə bir coğrafiyada Azərbaycan regional aktyor kimi əsas rol oynayır. Azərbaycanın lider ölkə olması üçün hər imkanı var.

- Regionun ən inkişaf etmiş və ən böyük şəhəri Bakıdır. Bakı haqqında düşüncələrinizi bilmək maraqlı olardı.

- Bakının yenidən qurulma forması xoşuma gəlir. Həqiqətən, bu, böyük nailiyyətdir. Köhnə Bakının yenidən qurulması, Fəvvarələr meydanı, Dənizkənarı bulvar hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Mən axşamlar bulvarda gəzməyi və təmiz hava almağı çox xoşlayıram. Boş vaxtlarımda sıx-sıx muzeyləri gəzirəm, sənət qalereyalarında və konsertlərdə iştirak edirəm. Şəhərdə ki, bu qədər nəhəng və sürətli dəyişikliklər və inkişaf məni sanki cavanlaşdırır. Dəqiq olan bir şey var ki, mən Bakını sevirəm.

- Azərbaycanda yaşayan və təhsil alan mərakeşlilər barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycanda yaşayan az sayda mərakeşli var. Bəziləri uzun müddətdir ki, burada yaşayırlar. Onlar Azərbaycan vətəndaşları ilə evləniblər. Belə ailələrin uşaqları iki fərqli mədəniyyətə sahib olsalar da, Allaha şükür, köklərimiz və inancımız eyni olduğu üçün çox xoşbəxtdirlər. Bir neçə mərakeşli tələbə də var idi. Amma onlar da universiteti bitirib, Mərakeşə qayıdıblar.

- Ölkələrimiz arasında turizmin inkişafı üçün nə etmək olar?

- Əvvəla, biz şablonlardan və stereotiplərdən qaçmalıyıq. Qarşılıqlı anlayış və hörmət çox vacib amildir. Turizm hər şeydən əvvəl qavrayış və uyğunlaşma mədəniyyətidir. Mərakeş və Azərbaycan arasında turizm və mədəniyyət sahəsində müqavilə imzalanıb. Biz indi o müqavilənin həyata keçməsi üçün var gücümüzlə çalışırıq. Əlaqələrimiz inkişaf edir. Mərakeşə getmək istəyən Azərbaycan vətəndaşlarının viza ala bilmələri üçün şərtlərimiz getdikcə daha da sadələşir. Eyni köməklik Azərbaycana gəlmək istəyən Mərakeş vətəndaşlarına da göstərilir. Azərbaycanda turizm sahəsi də çox sürətlə inkişaf edir. Qısa bir müddətdə çoxlu istirahət mərkəzləri açılıb. Bir ay əvvəl Qəbələdə oldum. Aman Allahım, orada necə də gözəl hotellər və yüksək xidmət var! Bakıda da 5 ulduzlu hotellərin sayı günbəgün artmaqdadır. Bu da turizmin inkişafına böyük dəstək verəcək.

- Azərbaycan musiqisi və mədəniyyəti barədə təəssüratlarınız necədir?

- Azərbaycan muğamı fantastik musiqidir. Həmçinin xalq mahnılarınız da mükəmməldir. Yeni nəsil musiqiçilər də gözəl işlər görürlər. Azərbaycan təmsilçiləri “Avroviziya” yarışmasında gözəl çıxış edirlər. Mən klassik musiqini çox sevirəm. Azərbaycan Filarmoniyasının orkestri dünyada məşhurdur. Hökumətiniz musiqinin inkişafı üçün çox böyük işlər görür. Biz buradakı təcrübədən Mərakeşdə istifadə edə bilərik.

Azərbaycan mədəniyyəti çoxşaxəli, zəngin, maraqlı və qeyri-adidir. Mədəniyyətiniz şəxsiyyətinizlə qafiyəlidir. Üç səmavi din mənsublarının, çox fərqli etnik qrupların belə nəhəng mədəniyyət mirasında birlikdə yaşamaları bütün dünya üçün nümunədir. Burada qısa vaxt ərzində mədəniyyətlə əlaqəli bir çox festivallar, konfranslar keçirildi. Bu, çox təqdirəlayiqdir.

- Mətbəximizlə aranız necədir?

- Buradakı meyvələr və tərəvəzlər çox ləzzətlidir. Sizin milli yeməyiniz olan plovu çox xoşlayıram, mənə Mərakeşdə məşhur olan “Siffa” adlı yeməyi xatırladır. Mətbəxiniz, həqiqətən, çox zəngindir. Şəkidə, Qəbələdə və Qubada çox gözəl yeməklər yedik. Eşitdiyimə görə, Gəncə və Lənkəranın da mətbəxi geniş və fərqlidir. İnşallah, oralara da gedəcəyəm.

- Təsəvvür edin ki, siz azərbaycanlısınız. Azərbaycanı bir mərakeşliyə necə təsvir edərdiniz?

- Mən deyərdim ki, insanları xoşrəftardırlar. Amma gərək onların etimadını qazanasan. Ehtiram göstərsən, artıqlaması ilə hörmət görərsən. Onlar iş həyatında çox qabiliyyətlidirlər. İş adamlarını inandırmaq üçün əmin olmalısan ki, sənin yaxşı təklif paketin var. Hər bir halda, onlar sənə yaxşı qonaqlıq verəcəklər. Onlar bunu ailə ruhu içərisində edirlər. Yaxşısı budur ki, ailələrin olduğu toy mərasimlərində, ziyafətlərdə danışdığın sözlərə fikir verəsən. Evliliklərdə həmrəyliyin oynadığı rol xoşuma gəlir.

- Günümüzdə informasiya texnologiyalarının bu qədər inkişafı diplomatın işinə necə təsir edir?

- Diplomat hər şeydən əvvəl şahiddir. Bəziləri deyə bilər ki, diplomat müəyyən tapşırığı olan müşahidəçidir. İndiyə kimi o özünü elə yetişdirirdi ki, qarşısına çıxa biləcək maneələri dəf edib, işini düzgün bir formada yerinə yetirə bilsin. İnformasiya texnologiyalarının bu şəkildə inkişafı oyunun qaydalarını dəyişdirdi. Məlumatlar çox sürətlə yayılır. Diplomat da artıq “sprinter” olmalıdır. Eyni zamanda o, çox diqqətli olmalıdır ki, yanlış və təsdiqlənmiş bir məlumatla özünü çərçivəyə salmasın. Diplomatiya sensasiyalı xəbərlərlə hədəfə gedə bilməz. Hətta birinci qaynaqdan alınan xəbər belə qılınc kimi ikitərəfli təsirə malikdir.

- Cənab səfir, son vaxtlar ərəb dünyası beynəlxalq ictimaiyyətin gündəmindən düşmür. Sizcə, ərəb dünyasında nə baş verir?

- Mən bu suala cavab vermək istəməzdim. Amma Mərakeşdə olan hadisələr barədə danışa bilərəm. Ümumiyyətlə, dünyada bir demokratikləşmə prosesi gedir. Biz Mərakeş olaraq, insanların sərbəst şəkildə islahat tələb etmələrini normal qarşılayırıq. Bu, onların hüququdur. Hökumətlər də bu tələblərə mümkün olduğu qədər cavab verməlidirlər. Bu mənada Mərakeşdə bir problem yoxdur. Biz 40 ildir ki, demokratikləşmə yolunda bir çox addımlar atmışıq. Bizim hökumətimiz demokratiyanın, demokratikləşmə prosesinin mərhələli şəkildə gerçəkləşə biləcəyini düşünür. Çünki bu, bir anda ola biləcək məsələ deyil. Bölgə ölkələrindən bəziləri bir anda hər şeyin düzəlməsini istəyirlər. Amma dəyişiklik üçün insanlara vaxt vermək lazımdır. İnsanların öz tələb və istəklərini dilə gətirmələri üçün onlara şans vermək lazımdır. Eyni zamanda əlaqədar şəxslər də başa düşməlidirlər ki, artıq yeni nəsil yetişir, yeni ehtiyaclar yaranır, yeni mühit formalaşır. Onlar buna uyğunlaşmalıdırlar. Amma bu, bir prosesdir. Elə bir resept yoxdur ki, bir anda hər şeyi düzəltsin. Dünyada ideal mənada xoşbəxt cəmiyyət yoxdur. Hər kəsin hər şeydən razı olduğu bir yer tanımıram.

Mərakeşdə, dediyim kimi, bu proseslər uzun zamandır ki, gedir. Biz keçmiş illərdə, xüsusilə 60-90-cı illərdə pozulmuş insan hüquqlarını araşdırmaq üçün bir komissiya qurduq. Komissiyanın araşdırmaları hər kəsə açıq idi. İnsanlar sərbəst şəkildə öz tələblərini dilə gətirdilər. Hökumət də keçmişdə yol verdiyi qanun pozuntularını, insan hüquqlarının tapdanmasını qəbul etdi. İnsanlara dəymiş zərəri ödəmək üçün bunun qarşılığında maddi kömək göstərildi. Xüsusilə yeni kralımız bu sahədə çox böyük işlər gördü. Müxalifətin, qeyri-hökumət təşkilatlarının fikirləri əsas alınır. Demokratikləşmə uğurla davam edir.

- Təqaüdə çıxdıqdan sonra nə edəcəksiniz?

- Mən eyni zamanda yazıçıyam. İndiyə kimi ərəbcə 5 novellam, siyasət haqqında fransızca 2 kitabım və ərəb dili haqqında da 2 kitabım çap olunub. İndi ingilis dilində bir novella üzərində işləyirəm. Əsərin personajlarından biri Qafqaz ilə Skandinaviya arasındakı oxşar kökləri araşdıran azərbaycanlı qadındır. İnşallah, təqaüdə çıxdıqdan sonra vaxtımı daha çox yazmağa, səyahət etməyə və öyrənməyə ayıracağam.

 

 

Anar Qaraxançallı

 

Günel Abbasova

 

Zaman.- 2011.- 30 aprel.- 2 may.- S. 4.