“Hüquq və
gömrük sahələri kimi, hərbi sahəyə də
meyil olmalıdır”
Müharibə şəraitində
yaşayan Azərbaycanda gənclərin hərbi vətənpərvərlik
ruhunda formalaşması olduqca vacibdir. Dağlıq Qarabağ
da daxil olmaqla, ərazilərimizin 20 faizinin hələ ki
düşmən tapdağı altında olması gənclərin
hərbi sahəyə marağının
artırılmasını zəruri edir. Hərbi ekspert,
ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovla bu
mövzuda söhbət etdik.
- Üzeyir bəy, nəzərə
alsaq ki, Dağlıq Qarabağ
geri alınmayıb, deməli, müharibə hələ
bitməyib. Ona görə də gənclərin
hərbi vətənpərvərlik ruhunda böyüməsi
önəmlidir. Bu baxımdan gənclərin hərbi xidmətə
marağını artırmaq üçün medianın
rolunu necə qiymətləndirirsiniz?
- Mən istərdim ki, torpaqlarının
20 faizi işğal altında olan bir dövlətdə
yaşayan hər bir gəncin hərbi xidmətə
marağı yüksək səviyyədə olsun. Bu
marağın formalaşmasında medianın rolu
böyükdür. Təəssüflər olsun ki, biz bu
gün Azərbaycanda yayımlanan televiziya kanallarında bunu
müşahidə edə bilmirik. Səhərdən axşama
kimi çal-çağır, seriallar və digər mənasız
verilişlər gənclərin formalaşmasına mənfi təsir
edir. Təbliğat işi yalnız media ilə bitməməlidir.
Mən hesab edirəm ki, bu gün Bakı küçələrində
asılan plakatların əksəriyyəti hərbi vətənpərvərlik
ruhunda olmalıdır. Bu plakatlarda hər cür müğənninin
reklamı var, ancaq işğal olunmuş torpaqlarımızla
bağlı heç bir məlumat yoxdur.
- Sizcə, Azərbaycanda hərbçilərə,
Vətən uğrunda canından keçmiş Mübariz
İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlara istər
cəmiyyət, istərsə də dövlət tərəfindən
göstərilən münasibət qaneedici səviyyədədirmi?
- Mübariz İbrahimov, Fərid Əhmədov
və digərləri son vaxtların qəhrəmanlarıdır.
Əslinə qalsa, müasir Azərbaycanın müharibənin
ilk illərində canlarından keçmiş xeyli sayda qəhrəmanları
var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə
görüləcək xeyli iş var. Qanunvericilik bazası təkmilləşdirilməlidir.
Vətən uğrunda canını fəda etmiş gəncin
dəfni yüksək səviyyədə təşkil
olunmalıdır. Əsgər itirmək nə qədər
acı olsa da, bu, reallıqdır ki, torpaqlarımız
işğal altındadır, xidməti borcunu yerinə yetirərkən
şəhid olan əsgərlərimiz də,
çavuşlarımız da, zabitlərimiz də olacaq.
Dövlət çalışmalıdır ki, gənclərə
stimul versin. Onların mənzil və digər sosial problemlərinin
həlli prioritet təşkil etməlidir. Hərbçiyə
təkcə bir şəxsiyyət kimi yox, dövlətin
qoruyucusu kimi münasibət bəslənilməlidir. Hərbçi
dövlətin dayağı və bel sütunudur. Onlara hər
cür qayğı göstərilməlidir ki, digər gənclərdə
də bu sahəyə həvəs oyansın.
- Hazırda könüllü olaraq müddətdən
artıq hərbi xidmət keçənlər var.
Müşahidələrinizə görə, son zamanlar bu
cür hərbi xidmət keçmək istəyənlərin
sayında hansısa dəyişiklik varmı?
- Hər bir sahəyə həvəs
ürəkdən gəlməlidir. İstər həkim, istər
polis, istərsə də hərbçi ol, peşəni sevməlisən.
Hərbinin öz tələbləri var. Orada yatmaq, durmaq, təlim
keçmək rejimlədir. Ola bilər ki, müəyyən
tapşırıqla bağlı sutkanın 24 saatını
xidmətdə keçirəsən. Belə hallara tab gətirmək
lazımdır. Gənclərimizdə həvəs var, amma bu
sahəyə daha çox həvəs göstərilməlidir.
Hüquq, tibb, gömrük və vergi sahələrinə həvəs
göstərildiyi kimi, hərbi sahəyə də meyil
olmalıdır.
- Hərbidə təcrübəli həkimlərlə
yanaşı, peşəkar psixoloqlara da ehtiyac duyulması barədə
fikirlər səsləndirilir. Bu məsələyə
münasibətinizi bilmək istərdik.
- Çox böyük ehtiyac var. Bu məsələ
yaralı yerlərimizdən biridir. Bizdə sovetdənqalma
“zampalit” sistemi var. Əgər hərbi xidmətdə hərbi
hissə komandiri əsgərin atasıdırsa, psixoloqlar, tərbiyəvi
işlərlə məşğul olanlar onların
analarıdır. Hərbidə yalnız psixoloqların deyil,
din xadimlərinin də xidmətindən istifadə etməliyik.
90-cı illərin əvvəlində hərbi hissələrdə
dinlə məşğul olan mütəxəssislər
vardı, amma bu gün orduda belə mütəxəssislər
yoxdur. Silah olan yerdə son dərəcə diqqətli olmaq
lazımdır. Təsəvvür edin ki, dövlət
dünyasını dəyişmiş hərbi qulluqçuya
11 min manat təzminat ödəyir. Amma bir psixoloqun
saxlanmasına ildə heç 11 min manatın yarısı da
xərclənməz. Bununla yanaşı, bir əsgər
öldükdə ordunun nüfuzuna da xələl gəlir.
- Ali və orta məktəblərdə hərbi
dərslərin keçirilməsinə münasibətinizi
bilmək istərdik.
- Biz müharibə şəraitində
olan bir dövlətik. Bu baxımdan, şübhəsiz, ali məktəblərdə
hərbi kafedraların ləğvi mənfi haldır. Tələbələrin
hərbi hazırlığının olması müharibə
şəraitində olan bir dövlət üçün
üstünlükdür. Belə gənclər gələcək
üçün potensialdır. Hazırda təkcə Tibb
Universitetinin hərbi kafedrası qalıb. Orta məktəblərdə
ibtidai hərbi hazırlıq dərsləri keçilirdi.
İndi isə bu dərslər “Gənclərin
çağırışaqədərki
hazırlığı” adlanır. Ancaq bu dərslərdə
silahlar əyani vəsait kimi uşaqlara göstərilmir.
Şübhəsiz, hərbi kafedralarda
neqativ hallar olub. Zabit olmaq istəməyənlərə,
yaxşı oxumayanlara da qiymətlər yazılırdı,
onlara rütbələr verilirdi. Əlbəttə, bu, yolverilməzdir.
Ümumilikdə götürəndə isə, hərbi
kafedraların olması hərbi kadrların
hazırlanmasına müsbət təsir edirdi.
- Gənclərin hərbi xidmətə həm
psixoloji, həm də fiziki cəhətdən hazır vəziyyətdə
getmələri üçün hansı tədbirlər
görülməlidir?
- Tələbələr 50-100 nəfərlik
qruplar halında hərbi hissələrə aparıla və onlara
əsgərlərlə bərabər təlimlər
keçirilə bilər. Azərbaycanın hərbi sahədə
hər cür imkanları var. Sadəcə, bu işləri təşkil
etmək lazımdır. Bu, xarici ölkələrdə təşkil
olunur. Hərbi hissə komandırlərinin də
marağındadır ki, gənclərə vətənpərvərlik
ruhu aşılansın. Biz bu işləri görsək, bu,
dövlətimizə çox böyük uğur və xeyir gətirər.
- Sizcə, hərb elmi Azərbaycan
xalqına nə qədər doğmadır?
- Məhəmməd Peyğəmbərin
belə bir hədisi var: “Beşikdən qəbrə kimi elm
öyrən”. Bu
kəlam hərb elmi üçün də keçərlidir.
Azərbaycanda kifayət qədər hərbi məktəblər
var: Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Təyyarəçilik
Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi. Biz
öz gənclərimizi müasir tələblərə cavab
verə bilən kadrlar kimi hazırlamalıyıq. Azərbaycanın
tarixində Mehmandarov, Vəkilov kimi dahi sərkərdələr
olub. İkinci Dünya müharibəsində Həzi Aslanov,
Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız olub. Demək
ki, Azərbaycan xalqı döyüşkən xalqdır və
əsgərlərimizin hərbi hazırlığı da daha
peşəkar səviyyədə olmalıdır.
Zaman.- 2011.- 3-4 may.- S. 9.