Naxçıvan elə
bir məkandır ki...
Bu zaman tanınmış şair Məmməd
Rahimin bu misraları yadıma düşür: “Qubanı,
Göygölü görməmisənsə, demə ki,
görmüşəm Azərbaycanı”. Bəs görəsən
o, Naxçıvanı niyə unudub? Bu sualıma cavab tapmaqda
çətinlik çəkirəm. Odur ki, onun şeirinə
özlüyümdə əl gəzdirirəm: “Qubanı,
Göygölü, Naxçıvanı görməmisənsə,
demə ki, görmüşəm Azərbaycanı...”
“Naxçıvanın
uğurlu inkişafı məni xüsusilə sevindirir. Mən
Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini
xüsusi qeyd etmək istəyirəm. O, öz fəaliyyəti
ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu
Naxçıvanda davam etdirir. Bu, çox
böyük nailiyyətdir”.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti.
Əcəmi, Hinduşah Naxçıvani,
Cəmşid Naxçıvanski, Yusif Məmmədəliyev, Cəlil
Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn
Cavid, Bəhruz Kəngərli, Heydər Əliyev... Mən
Naxçıvanı ölkəmizin tarixində, mədəniyyət,
elm, siyasət aləmində əhəmiyyətli yer tutan bu
şəxslərlə tanıyırdım. Mən
Naxçıvanı onun “Sirab”ı, “Badamlı”sı,
Batabatı ilə tanıyırdım. Mən bu qədim
diyarı Möminə xatın türbəsi ilə
tanıyırdım. Bunlardan başqa, o yurdu mənə
tanıdacaq başqa bir atribut tanımırdım.
Çünki Naxçıvanda - Nəqşicahanda, Nuh
çıxanda olmamışdım. Onun seyrinə
dalmamışdım. Sən demə, elə şeylər var
ki, yalnız onunla təmasda olanda, onun qoynunda xəyallara
dalanda çox sirlərdən agah olursan.
Ölkəmizin
əksər bölgələrini, demək olar ki, gəzmişəm,
onların sosial-iqtisadi inkişafları ilə bağlı
öz təəssüratlarımı bu və ya digər
şəkildə qələmə almışam. Bircə
baş çəkmədiyim məkan Naxçıvan idi ki,
onun inkişafını öz gözlərimlə görməmiş,
elə bu səbəbdən ondan söz
açmamışdım. Doğrudur, ekran vasitəsilə, qəzet-jurnallarla
onun inkişafından xəbərdar idim. Lakin bütün
bunları öz gözlərimlə görmədən bir
yazı yazmaq istəmirdim. Bu günlərdə, necə deyərlər,
tilsimi qıra bildim və çoxdan həsrətində
olduğum bu məkana üz tutdum.
İlk
təəssüratın sevinci
Paytaxtdan Naxçıvana gedib-qayıdan həmkarlarımızdan
həmişə bu sözləri eşitmişəm: “Təyyarədən
Naxçıvana enəndə elə bil başqa bir aləmə
düşürsən”. Elə bu yaxınlarda
Naxçıvanda olmuş qəzetimizin redaktoru Ürfan Məmmədli
də ona ünvanladığım suala təxminən bu səpkidə
cavab vermişdi. Mən də oradan qayıtdıqdan sonra səfərimlə
maraqlananlara belə cavab verməklə yanaşı, bu kəlmələri
də əlavə etdim: “Naxçıvan elə bir məkandır
ki, onu yalnız sözlə təsvir etmək mümkün
deyil. Gərək görəsən...”
Naxçıvanla ilk
tanışlığım, təbii ki, onun hava limanından
başladı. Liman qarşısında eyni uniformada
dayanmış insanları görəndə, sözün
düzü, təəccübləndim. Məni bu təəccübdən
onlardan bir neçəsinin: “Sizi hara aparmaq lazımdır?”
sözləri xilas etdi. Sən demə, onlar müştəri
gözləyən taksi sürücüləri imiş.
Bölgə müxbirimiz Mazlum Atik az sonra məlumat verdi ki,
Naxçıvanda, ümumiyyətlə, ictimai nəqliyyat diqqət
mərkəzindədir. Səliqə ilə geyinmiş
sürücülər peşə geyimlərində
(uniformada) əhaliyə qulluq edirlər. Az sonra avtobuslarda da
belə sürücülərlə salamlaşmaq mənə
nəsib oldu. Yeri gəlmişkən, onu da deyim ki, orada
olduğum müddətdə nə arxasınca tüstü
buraxan, nə də qulaqbatırıcı siqnallarla
şütüyən bir avtomobilə belə rast gəlmədim.
Halbuki nəinki paytaxtda, hətta əksər bölgələrimizdə
belələri kifayət qədərdir.
Rahat
yollar, gözoxşayan yaşıllıqlar...
Naxçıvanda 2010-cu ildə yol
infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli
tədbirlər həyata keçirilib, 277 kilometr uzunluğunda
yeni yollar salınıb. İstifadəyə verilmiş
yolların 167 kilometri magistral, 110 kilometri isə yerli əhəmiyyətli
yollardır. Bu yolların rahatlığına, yol boyu uzanan
yaşıllıqların insana gətirdiyi yeni nəfəsə
söz ola bilməz. Naxçıvandan Şərura gedərkən
bu rahatlığın şahidi olduq. Başqa bölgələrimizdən
fərqli olaraq, naxçıvanlılar yalnız hərəyə
bir ağac əkməklə kifayətlənməyiblər.
Onlar əkdikləri meyvə ağaclarının boya-başa
çatdırılmasına da səylə
çalışıblar. Hətta əkilmiş minlərlə
ağacın hər biri damcı üsulu ilə
suvarılır. Həmin yolun 15-20 kilometrliyində
maşından düşüb ərikdən, alçadan
dadmaq bizə də nəsib oldu. Sürücünün
sözlərindən bəlli oldu ki, yollar boyu meyvə ağacları iməciliklər
yolu ilə müxtəlif dövlət, eləcə də digər
təşkilat və qurumlar tərəfindən əkilib və
onlara xüsusi qulluq göstərilir. Bir sözlə,
Naxçıvanın bütün yollarında belə
könülaçan mənzərələrlə
qarşılaşmaq mümkündür. Hətta müalicəvi
məkana - Duzdağa gedən yolun kənarlarında
ardıcıllıqla və eyni məsafədə əkilmiş
10 minlərlə ağac hesabına meşə zolağı
yaranıb. Halbuki bəzi mütəxəssislər burada
ağac yetişdirməyin qeyri-mümkünlüyünü
söyləyirmişlər. Lakin Naxçıvanın hər
bir bucağını yaşıllığa qərq etməyi
də qarşısına məqsəd qoymuş
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin qətiyyəti
bu yolu da yaşıllıqlara qərq edib. Təbii ki,
bütün bunlar Duzdağ ərazisini turizm zonasına çevirmək
istiqamətində atılan addımlardan biridir.
Turizmdən söz düşmüşkən,
Naxçıvan Muxtar Respublikası mədəniyyət və
turizm nazirinin müavini Məhəmməd Həsənovla
söhbətdən aydın oldu ki, ötən il
Naxçıvana 288 min turist gəlib ki, onların da 246 min
246-sı xarici ölkə vətəndaşları olub. Onun
sözlərinə görə, Muxtar Respublikada turizmin
inkişaf etməsini əngəlləyən amillər də
var. Birincisi, Naxçıvanın blokada şəraitində
yaşamasıdır. Belə ki, Muxtar Respublikadan Azərbaycanın
digər bölgələrinə gediş-gəliş ən
bahalı nəqliyyat vasitəsi - təyyarə ilə həyata
keçirilir. Avtobusların İran ərazisindən keçmələri
isə turistləri ikinci bir dövlətin ərazisindən səfər
etmək kimi bir çətinliyə salır. İkinci amil isə
keçmiş sovet dönəmində İran və Türkiyə
kimi ölkələrlə həmsərhəd olduğuna
görə Naxçıvanda turizm inkişafına imkan verilməməsidir.
O dövrdə bu diyarda bir dənə də olsun turizm
bazası olmayıb. Yəni müstəqillik illərində
Naxçıvanda turizmin inkişafına sıfırdan
başlanılıb. Hazırda isə təkcə bir faktı
xatırlatmaq kifayətdir: Naxçıvanda 22 mehmanxana fəaliyyət
göstərir.
Yas
məclislərində təmtəraqa son qoyulub
Şərurda vətəndaşlarla
söhbət zamanı məlum oldu ki, Naxçıvanda
keçirilən yas məclislərində təmtəraqa son
qoyulub: “Ümumiyyətlə, bu gün Naxçıvanda,
sözün həqiqi mənasında, bir qayda-qanun hökm
sürür”, - deyirlər həmsöhbət olduğumuz
sakinlər. Naxçıvanda aparılan abadlıq və
quruculuq işlərinin özündə də bir özünəməxsusluq
var. Muxtar Respublikada tikintilərin səkiləri, az qala
küçələri zəbt eləməsi halları yoxdur,
inşa olunan bütün obyektlər elə bil zərgər dəqiqliyi
ilə ölçülüb-biçilib. Heç yeni tikililəri
demirəm, Sovet dönəmində inşa olunmuş binalara elə
görkəm verilib ki, onların hər birini sənət əsəri
sanmamaq mümkün deyil. Yeri gəlmişkən, onu da deyim
ki, heç Bakıda belə görkəmdə binalar yoxdur,
yenidən qurulanlar da, sadəcə, bir-birilərinin eynidir.
Naxçıvanın küçələri elə təmizdir
ki... Burada təmtəraqlı şadlıq sarayları da
gözümə dəymədi.
Naxçıvan
sənayesi 239 adda məhsul
istehsal edir
Muxtar Respublikada sənaye sektorunda ciddi
artım müşahidə olunmaqdadır. Belə ki, əgər
1989-cu ilədək Muxtar Respublikada 40 sənaye müəssisəsi
mövcud idisə, hazırda onların sayı 423-ə
çatıb, 239 adda məhsulun istehsalı təmin olunub. Bu
gün Naxçıvanda istehsal edilən bir çox məhsullar
İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya və başqa
dövlətlərə ixrac olunur. Bu gün bu diyar artıq
enerji ixrac edir. Hətta xarici ölkələrin vətəndaşları
onun müəssisələrində çalışmağa
can atırlar. Bir il öncə fəaliyyətə
başlamış “Bellissa” Mebel və Dekorasiya Fabrikinin
direktoru Turan Koroğlu da bizimlə söhbətində bu
nüanslardan söz açdı. Yeri gəlmişkən, onu
da qeyd edim ki, bu fabrik, sözün həqiqi mənasında,
insana rahatlıq gətirəcək mebelləri ilə
dünyaya səs salmaq niyyətindədir.
Sirli
və şəfalı məkan
Səfər çərçivəsində
“Duzdağ” Fizioterapiya Mərkəzində də olduq. Bura, həqiqətən
də, sirli bir məkandır. Dağın içərisində
tuneldə irəlilədikcə baş həkim Ruslan
Süleymanov bu məkan barədə ətraflı məlumat
verir. Deyir ki, yeraltı şöbə duz mədənində
II əsas dağ sexində, girişdən 300 metr məsafədə,
110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir.
Onun sözlərinə görə, bu müalicə
ocağına dünyanın hər yerindən bronxial astma və
astmatik komponentli digər xəstələr gəlirlər.
Müalicə kursları qəbul edib, xəstəlikdən
qurtulurlar: “Yeraltı hissədə - duz mədəni şaxtasında
gecə və gündüz havanın temperaturu 18-20 dərəcəyə
yaxın olur. Burada duz qatının qalınlığı 8,2
metrə çatır. Elə xəstələrə şəfa
verən əsas amil də mikroiqlimdir. Yəni havanın tərkibində
olan yüksək dispersli natrium-xlor ionlarının
olmasıdır. Müalicə kursu böyüklər
üçün 16-20, uşaqlar üçün 10-15
seansdır. Xəstələr axşam saat 6-dan səhər
8-dək şaxtada olurlar. Burada ilin hər bir fəslində
şəfa tapmaq mümkündür. Xəstələrlə
həmsöhbət olarkən onlar məhz buraya üz tutduqdan
sonra yaşadıqları problemlərdən azad
olduqlarını dilə gətirdilər. Mərkəzin
yaxınlığında müasir standartlara cavab verən
“Duzdağ” oteli də fəaliyyət göstərir.
Naxçıvanda Açıq Səma
altında muzeyin nəzdindəki Möminə xatın türbəsini,
Hüseyn Cavid məqbərəsini, Naxçıvan Dövlət
Xalça Muzeyini, “Xan sarayı” Dövlət Tarix-Memarlıq
Muzeyini.... ziyarət etdim. Və mən deyərdim ki, bu kimi
ziyarətgahlarda tarixi anlar yaşadım. Hə, bir də...
Naxçıvan Türk Liseylərinin bu diyarda xususi çəkisi
var. Artıq bu təhsil ocağının xoş sədaları
dünyanın hər yerindən gəlir. Deyəsən,
gördüklərimin hamısından söz açsam, bir
kitablıq təəssürat alınacaq.
“Nəqşi-cahan”dakı axşam yeməyinin
də alayı ləzzəti oldu. Belə ki, ofisiantın: “Nə
buyuracaqsınız?”sualına “Naxçıvanla bağlı
hər şey” cavabını verdik. Az sonra süfrəyə Naxçıvan
pendiri, Naxçıvan çörəyi, bir də Ordubad
kababı gətirildi. Doğrusu, yamanca acmışdım. Bir
yandan da yeməklərin tamı...
Çoxları
təmsilçimiz Süleyman bəyi
naxçıvanlı bilir
Bütün bunlardan sonra təmsilçimiz
Süleyman Okumuşdan danışmamaq günah olardı. Odur
ki, yazımın sonunda ondan da bir neçə kəlmə
söz açmaq istəyirəm. O, həqiqətən də,
“Zaman-Azərbaycan”ın Naxçıvandakı dəyərli
təmsilçisidir. Mənə elə gəlir ki, “Zaman”ı
Naxçıvanda sevdirən onun həm də insani keyfiyyətləridir.
14 il bu bölgədə yaşayan Süleyman bəyi artıq
yerli sakinlər naxçıvanlı kimi tanıyırlar. Belə etimadı
isə hər adam qazana bilmir.
Demə ki...
Bakıya
qayıdıram. Təyyarə səmaya qalxanda buradan
ayrılmağın məni nə qədər
üzdüyünü dilə gətirməkdə çətinlik
çəkirəm.
Yol boyu qədim və müasir
Naxçıvanın gözəllikləri, bu yurdun zəhmətkeş
insanları kino lenti kimi gözlərim önündən
keçir. Bu
zaman tanınmış şair Məmməd Rahimin bu
misraları yadıma düşür: “Qubanı,
Göygölü görməmisənsə, demə ki,
görmüşəm Azərbaycanı”. Bəs görəsən
o, Naxçıvanı niyə unudub? Bu sualıma cavab tapmaqda
çətinlik çəkirəm. Odur ki, onun şeirinə
özlüyümdə əl gəzdirirəm: “Qubanı,
Göygölü, Naxçıvanı görməmisənsə,
demə ki, görmüşəm Azərbaycanı...”
...
Bakıya çatan kimi qızım zəng etdi. İlk təəssüratlarımı
onunla bölüşdüm. Bir neçə dəqiqəlik
söhbətdən sonra o, bu yay
Naxçıvana səfər edəcəyini söylədi.
Elə digər tanışlarım da oranı görmək
üçün bir fürsət axtardıqlarını dilə
gətirdilər.
Və sonda bir lətifə
İki
qardaş gecəni səhərə kimi yatmayıb, lampa
işığında kəndin ən varlı adamının
pulunu hesablayır. Onlar səhər açılan kimi həmin
varlının qarşısını kəsərək onu
qorxutmaq üçün deyirlər ki, gecə yatmayıb sənin
bütün gəlir-çıxarını
hesablamışıq və bununla bağlı filan yerə
şikayət edəcəyik. Varlı da gülə-gülə
deyir: “Elə ona görə kasıbsınız. Bir lampa
nöyütünüzü də zay eləyibsiniz”.
Naxçıvanda olanda nədənsə
bu lətifə də yadıma düşdü. Doğrudan da, son
illər bəziləri bu diyar haqqında elə şeylər
yazırlar ki, nəticədə yalnız öz nöyütləri
zay olur.
Qvami
Məhəbbətoğlu
Zaman.-
2011.- 14-16 may.- S. 13.